Sim-sim.az

Orxan İsmayıl – Ən uyğun cəza

qaz-1-320x320

 

Keçmişindən elə məmnunluqla yapışmışdı ki, əgər bu ürəkbulandıran vərdiş və gələcək aqibətini keçmişin ideallarına təslim etmə nagümanlığı onu sədəqə güdən fağıra çevirsəydi belə, özünü və yaşam tərzini suçlamazdı. Onun bu sarsılmaz qətiyyəti başqalarında ikrah hissi yaratsa da, – hərçənd "pəzəvəng əclaf çox dözümlüdür", "onun qolları tab gətirmək, ayaqlarısa dayanmamaq üçün yaradılıb" deyənlər də vardı – dəyişməzdi.

Bəzən elə düşünürdü ki, onun əqidəsi başqaları ilə müqayisədə çayla qəhvə kimi fərqlidir. Alnındakı, dirsəklərindəki qırışlar sanki dünyadakı bütün nahamarlıqların cizgilərini əks etdiridi.

Hərdən də bədənində ağır, isti bir məxluqun yeridiyinə inanacaq qədər halsızlaşırdı. "Yəqin o, daxili orqanlarımın şəklini çəkən fotoqraf hörümçəkdir".

 

***   ***   ***   ***   ***   ***   ***

 

Günəşin qaynar dilləri canlı və cansız, xoşbəxt və narazı, böyüməkdə olan və qocalmaqdan bezən nə varsa, yalayırdı. Ucları qarsılmış yaşıl otlar həyatın əslində ən sadə düsturunu – şuxluqdan tör-töküntüyə, lovğalıqdan mübhəm kədərə çevrilməyi nümayiş etdirirdi. İldaşın qəzəbdən ağırlaşıb böyüyən gözləri dəmir məhəccərəli iri, büllur şüşələri taybatay açıq pəncərəyə zilləndi. Bura sevmədiyi kənd sakinlərinin toplaşdığı aşxana idi. Boynuna sərdiyi nəm dəsmalı qurdalayıb bir anlıq dayandı. İçəridən qırıq-qırıq səslər eşidilirdi. Etiraz, qəhqəhə, sifariş, qışqırıq… Bağırıb özünə əl qatan qonşularını dildə olmasa da, ürəyində belə çağırırdı – səfehlər! "Onlar düşünmə qabiliyyətsizliklərinin sükutunda cənnətin keçidlərini ard-arda arxada qoyaraq, ikinci bir cənnətin mövcud olmadığını vecə almadan əməllərindən qalmırlar".

Birdən kimsə qolundan yapışdı. Aşxananın qulluqçusu bəstəboy, 13-14 yaşlarında olan oğlan idi.

– İldaş əmi, içəridə səni gözləyirlər. – Əli ilə aşxananın qapısını göstərdi.

İti addımlarla içəri daxil oldu. Onun gəlişi ilə içəridə qəribə sükut yarandı. Dəyirmi otaqdakı bir neçə cüt göz üzərində gəzişdi. İldaş bu sükutda gözucu ətrafdakılara nəzər saldı. Zorla sezilən simalarında inamsızlığı, səadətə aclığı, məsumluğu oxumaq olardı. Onlar lənətlənmiş kəndin müti sakinləriydilər. Qalaq-qalaq kədərin, ehtiyacların, məzmunsuzluğun, pisaqibətliliyin girdabında zorlanmışdılar. Məmnunluq tamarzısında ola-ola qocalırdılar.

Ətrafda yarım dövrə vurub başı ilə naməlum tərəfə təzim etdi. Güclü qolları ilə özünə ən yaxın masada dirsəklənib fikrə getdi. Heç kim danışmırdı. Gözlərsə ac birələr kimi üzərinə daraşmışdı. Ağızlar əyilmiş, qulaqlar şeşələnmişdi. "Qudurğan insanlar da bax beləcə məkanın hansı olmağı, havanın günəşli yaxud rütubətli keçməsinə məhəl qoymayıb şar balonları kimi çəkisizlikdə uçurlar. Elə gün yetişir ki, tale onlara gözlərini açıb önə, arxaya, yuxarı, aşağı baxmağı məsləhət görür. Razılaşmadıqda, onları himayə edən yenilməzlik gözü əbədi yumulur".

Təndirə yapılmış kündə kimi yupyumuru və qırmızı sifəti olan kişi kobus səsi ilə sükutu pozdu.

– Yəqin səni niyə çağırdığımızı bilirsən.

Bu an otaqda mızıltılı səslər artmağa başladı. İldaşdan savayı hamı nəsə deyirdi, ancaq heç kim açıq danışmağa tələsmirdi. Tavanın köhnəlmiş tirlərinin üzərində bir pişik digərini qovurdu. "Tuta bilməyəcək" ehtimalı ilə İldaş solğun və sürətli kölgələri təqib edirdi. Nəhayət pişiklər uzaqlaşdı və otaqdakı mızıltı açıq-aydın eşidilməyə başladı. Qarşı masadakı sısqa, donqar kişi ayağa qalxıb hamının diqqətinin ona yönələcəyinə əmin tərzdə əlini yellədi.

– Bizi nə sən, nə də qonşu kəndin azğın şeşəbığları aldada bilməz.

İri pensnesini əli ilə dartışdıran qoca donqarın sözünü ağzında qoydu.

– Örüşlərimizi birləşdirmərik. – Udqunub stəxandakı çaydan acgözlüklə udum aldı. – Hələ utanmaz-utanmaz bizə onları nümunə gətirirdin. Tfu…

İldaş qocanı süzüb bir kəlmə də dinmədi. Boynundakı dəsmalı götürüb qatını açdı. Buradakı adamların özü ilə müqayisədə hansı imtiyazlara sahib olduqları haqda düşündü. Onlara qarşı etinasız olsa da, nəhayətsiz qəzəblə  baxışlarına soxulub həyatı onların nəzərlərilə marıtlamağa özündə məcburiyyət yaratdı. Hər şey aydın idi. Kəndlilər otlaqlarını qonşu  kəndinkiylə birləşdirmək istəmirdi. Su üstündə yaranan mübahisələr bunu mütləq etsə də, digər kənddən fərqli olaraq İldaşgilinki razılaşmırdı. Buna səbəb qonşu kəndlə olan qan davası idi. İllərdir davam edən düşmənçilik, qız alıb-verməmək adəti dərin və silinməsi çətin iz salmışdı. Digər kənd bu bədovqatlılıqdan nəhayət ki, sovuşub məhrəm münasibət yaratmaq istəsə də, qəhrəmanımızın kəndinin sakinləri qərarlarının tam və dəyişilməzliyinə qəti əmin idilər.

– O kənddə son dəfə nə vaxt olmusunuz?

Bu sual gözlənilməz olduğu qədər də cavab almaq üçün verilənə oxşamırdı. Buna baxmayaraq, içəridəkilər donquldamağa başladı.

– 15 il əvvəl… rəhmətlik Cəfər kişi…

– Allah rəhmət eləsin. Yazığı heç nəyin üstündə… – Sağ tərəfdəki masanın ətrafında əyləşən qonur köynəkli kişi də sözünü tamamlamadı.

– Cəfəri niyə öldürmüşdülər?

İldaş yenə cavabını bildiyi sualı səsləndirdi. Baxışları işıq seli kimi kimə çarpırdısa, o dəqiqə gözlərini qamaşdırırdı. İndi o otaqdakılar üçün pəncərədən əda ilə içəri soxulan həyasız günəş şüası idi.

– Mizənin ikinci arvaddan olan yetimçəsinə göz qoyduğuna görə.

– Elə buna görə?

– Hə də, bayaqdan…

– Qıza nəsə eləmişdi?

– Özü tövləyə çağırıbmış.

Hər sualına bir başqası cavab verirdi. İldaş bu zavallı insanların kinlə inamsızlığı, qəzəblə göstərməyə can atılmayan etimadı səhv saldıqlarına şübhə etmirdi.

– Cəfər qızdan çox yaşlı idi?

– 6-7 yaş ola-olmaya.

– Bəs, Bahar xala səndən nə qədər balacadır? – Üzünü pensnli qocaya tutdu.

– Mm, 14…yox, 16 yaş.

– Biz də onlardan Yaqubu qoyun oğurladığına görə öldürmüşk də?

– Qoyun bəhanə idi, qisasımızı almaqdan ötrü.

– Deməli tövləyə kef çəkmək üçün də, oğurluq üçün də gələni öldürürlər.

– Malı-mala qatma.

İndi nə deyəcəyinə elə əmin idi ki, höccələyən qonşusunun üzünə azacıq gülümsünüb sözə başladı.

– Qulaq asın. Hər iki tərəfə öz ölüsü doğmadır. Amma bir şeyə heç kim diqqət etmir. 15 il əvvəl Cəfərin və 3 il bundan qabaq qoyun oğrusunun öldürülməsi arasında böyük fərq var. Cəfəri öldürənə qədər kiminsə qohumu-qızı oğlana qoşulub qaçmışdı? Belə xəbər eşitmişdiniz? Deyəcəksiniz yox. Bəs 15 il əvvəlki heyvan oğurluğu ilə indikinin arasında fərq varmı? İndi də var deyəcəksiniz.

– Bunun məsələyə nə dəxli? – Yerində qurcalanan kök kişi bağırdı.

– 3 gün əvvəl mənim itimi öldürmüsən deyə, 3 gün sonra sənin pişiyini torbaya qoyub suda boğsam günahın çoxu məndə olacaq. Ona görə ki, biz olanlara həmən cavab vermirik və çox gec ayılırıq. Tədbir gördükdə isə acısını ömrümüz boyu çəkirik. Necə ki, qocaldıqca allahın bizə verdiyi cəzalar – xəstəlik, yorğunluq dəyişir, başqalaşır, bizim bir-birimizə verəcəyimiz cəzalar da dəyişməlidir. Vaxtın gedişatına uyğun vird olunmalıdır. Rəhmətlik Cəfər bilsəydi ki, vəziyyətə bu vədə alacaq o qızın tövləsinə getməzdi. Qoyun oğrusu isə həyatı ilə cəzalandırılacağını ağlına da gətirməzdi. Beləliklə, biraz savadlı-savadlı düşünsək, savadlı da nəticə çıxararıq.

 

***   ***   ***   *** ***

 

Örüşləri suvaran 4 suçudan ikisi bir, ikisi isə digər kənddən qoyulmuşdu. Suçulardan biri isə İldaş idi. Heç kim 3 gün əvvəl bunun olacağını təxmin etməzdi. Kəndlilərin isə İldaşa münasibəti heç dəyişməmidi. O mənada ki, o həqiqətən də tab gətirmək və dayanmamaq üçün yaranmışdı.