Sim-sim.az

Özgə eyvanlar, soyuq əllər – Ömər Xəyyam

qas-438x292

…qağayılar  salamlayır qanad-qanad dənizi, dimdik-dimdik öpür üzündən, dəniz də, sanasan, xumarlanır, qabarır dalğa-dalğa sinəsi,

Düzü, bu abzas başqa hekayənin əvvəlidir. Arzulardan yazmışdım. Ən böyük arzum üzü dənizə baxan, böyük pəncərəli evdə yaşamaq olub.

Maraqlıdı, adam görmədən, yaşamadan da yaza bilir. Sonra gördüm ki, düz yazmışam.

Bir vaxtlar elə bilirdim bütün varlı adamlar Bakıda yaşayır, hər səhər üzü dənizə oyanırlar: bir fincan qəhvə əllərində, sarıfiltir siqaret damaqlarında, xalatda,çəkələkdə eyvana çıxıb dənizi salama dururlar.

İndidən deyim, ömrümü özüm üçün hissələrə bölmüşəm, məsələn, 5-ci sinifə qədərki zaman “Allah göydə olan vaxtdı”. 

Birinci dəfə Şəhərə əmimgilə getmişdim, Yasamala. Dörddə oxuyurdum, onda Allah göydəydi. Əmirqaladan, Küpüc dağının ətəyindən şəhərə gələsən, kənddəki tualetimiz boyda otaqda gecələyəsən. Əmirqala ki var, balaca təpədi, yox, sonradan balacalaşdı, nazildi. Yoxsa, əlini uzat Allahın çiyninə sal, qol-boyun ol, ulduz-ulduz gəzin göy üzündə. Əmirqalanın üstündə səma əyilib yerlə birləşirdi. Dünyanın bir ucu bura, bir ucu da Rəşid kişinin çəpəriydi. Göyün bir ucu da o çəpərin dalında əyilirdi. Atam deyirdi, gündüz oldumu, ulduzlar Əmirqaladakı ağaclara enib istirahət edir, gecə yenə qalxırlar göyə. Ulduzlar yol göstərir – deyirdi atam, mən də o dedikcə, ulduzun necə ağaca enməyini,  ayaqlarını yuyub uzatdığını, uzanan kimi də yuxuladığını təsəvvür edirdim. Bir qaşıq dünya, bir dünya xoşbəxtlik. Kaş ki çıxmazdım Əmirqalaya. Heç bilmirəm necə oldu. Qoyunmu qaytarmağa çıxmışdım, yoxsa şəlmi gətirəcəkdim, qalxdım. Nəfəsimi dərdim, başımı qaldırdım ki, nə çəpər, nə dağ, Rəşidin evindən o yana bir kənd, ondan o tərəfə binalar, bu tərəfdə təzədən evlər. Dünya yekələndikcə, balacalaşdım.

Həqiqətlə üzbəüz qalanda kiçilir, nazilir, pərt olur adam.

Qayıdaq Yasamaldakı balaca, rütubətli, ağcaqanadlı kibrit qutusuna. Nə dəniz, nə də qağayı, səhər xlorsatan xalaların cır səsinə oyandım. Otaqdan çıxanda əmimi mətbəxdə gördüm: sağ çiyni deşik, kirli maykada idi. Nə xalat, nə də qəhvə, əlindəki çuqun aftafanı doldurub tualetə getdi.

Siqaret çəkmişdi tualetdə, içəri girəndə tüstüdən gözüm yaşardı.

Çoxdan unutmuşdum bu travmanı, dünən Nəcəfov xatırlatdı. Adını da bilirəm Nəcəfovun. Di gəl, Nəcəfov mahiyyətcə soyaddan ibarətdi. Siz elə fərz edin ki, Nəcəfov addır. Fikir vermişəm, adların enerjisi var. Adam adını yox, ad adamı formalaşdırır. Tale ada bağlıdır. Taleyə bax, ömrə bax, Nəcəfov adın yox, soyadın qurbanı olub.

Qonşudur. Daha doğrusu, evi yoxdu, eləcə köhnə vaqondan başına dam düzəldib, daldalanır, yaşayır. Yaşayır? Yox, qalır. Ya da yaşayır, yox, bilmirəm…

Bəlkə də önəmli deyil, amma deyim, mən adətən gecələr yazıram. Şam işığında. Şam işığında kölgə başqa olur axı. Söhbəti uzatmıram ha, elə indicə burnumun kölgəsi divardan gözümə girdi. Yazı-pozuyla həşir-nəşir oluram, birdən elə bilərsiz özümü yazıçılara oxşadıram, nə bilim, deyərsiz, filan obrazın təsiridir, saqqal saxlayır, doğrudan elə deyil, qırxıb tökərəm yerə, di gəl ki, üzümün dərisi xəstəhaldır, boğazımın altından yanaqlarıma kimi səpir, noxud-noxud sızanaqlar cərgələnir, deyərsən, yeniyetmə uşaq üzüdür, özümün də xoşum gəlir təmiz üzdən. Elə bil atamın üzünü götürüb yapışdırıblar üzümə, üst dodağım meyillidi bir az, saqqal əyriliyini örtür. Qəribə dərddi düşüb canıma, fürsət ola, qayıdasan keçmişə, anama imkan verməzdim atamla evlənsin. Düz dünyanı qoyub o göyçəklikdə, fındıqburun, nurüzlü qadın əyriburun birinə aşiq olub. Di gəl, 50 il əvvəlki nağıla qayıtmaq da nağıldır. Lap belə fürsət düşə, yenə eləyəmmərəm. Qamətim yaxşıdı, bu da kişidən keçib mənə, boydan yarımışam. Gedib bir balacaboya aşiq olardı anam, di gəl çək də bu yükü balaca boyla. Atam deyirdi, dizi yerə yaxın adamlar tez büdrəyir.

Uzunçuluq elədim, lütfən bağışlayın, Nəcəfov da beş abzas o yanda qaldı. Özümdən asılı deyil, bir söhbətə min xatirə oyanır. Xülaseyi-kəlam, bir qəribə adamdı Nəcəfov.

Elə bil, bir-birindən fərqli üç irqin üç adamını doğrayıb-biçib, üçünün ətindən, sümüyündən düzəldiblər onu.

Sifəti yastı, yanaqları qaramtıl, ərik tumuna bənzər gözləri ətli qapaqlarının altında sərxoş.

Danışanda sözdən çox dodaqlarının marçıltısı eşidilir. Dişlərini görməzsən, yoğun, bas səsi var, zəhmli olmaq üçün bir az da boğazında qaynadır.

Bir də böyük qarnı var ki, deyərsən, Hətəm kişinin əl işidi. Deyəcəksiz, yenə uzadır, amma Hətəm kişini tanımırsız axı. Ağdamlıdı. Mingəçevirdə yaşayır. Əvvələn evin eyvanını artırıb, yan-yörəsini yaxşıca hamarlayıb. Eyvandan bahalı mətbəx hazırlayıb. Sonra həmin mətbəxə eyvan artırıb. Bir payız bundan əvvəl getdim ki, mən görən eyvanı nəvəsi üçün yataq otağı eləyib. Bu yay haman yataq otağına təzədən eyvan artırdı.

Nəcəfovun əlinə qələm düşdümü, salfetka olsun, qəzet olsun, fərqi yoxdu, imzasını çəkir. Xətti o qədər də yaxşı deyil, bir gözünü qırpsan, cızma-qaranın altında “Nəcəfov”u oxuyarsan. Vəzifə psixozudur, bəlkə də sevgi…

Makler işləyir, bir dəfə dedi ki, heç vaxt mənim olmayacaq evləri tərifləməkdən bezmişəm. İçimdən qatar keçdi.

Nəcəfov rusun rus vaxtı yaxşı vəzifədə işləyib. Yaxşı da ailəsi olub. İki qızı, bir oğlu. Dəfələrlə ev növbəsinə durub, hər dəfə də adına ev düşüb. Hamısından imtina edib. Ona görə yox ki, ürəyiaçıqdır, dünya malında gözü yoxdu. Fikirləşib ki, bəlkə gələn dəfəki ev daha böyük olar, üzü dənizə, yaxşı bir yerdən.

Bir də gözünü onda açıb ki, qızları oğul-uşaq sahibidi, oğlu gedib Piterə. Həyat yoldaşı öləndən sonra oğul-uşaqla münasibət də soyuqlayıb, oğlan o gedəndi, qayıtmayıb. Qızları ayda-ildə bir dəfə görür. Yad kimi.

Hələ də makler işləyir.

Deyir, bir dəfə Sahil bağı tərəfdən ev düşdü, üzü pəncərəyə, böyük işıqlı zalı, geniş mətbəxi, pəncərərləri lay şüşə, balkondan dənizin ortasınacan görünürmüş. Qağayılar, gəmilər…

Çox müştəri gəlib, deyib, kirayə ev yoxdu.

Özüm vermirdim, deyir. Öz evim kimi. Açarı da özündə olub. Bir dəfə çaxır, ayın-oyun alıb gedib ora. Səhərə qədər içib. Elə divandaca yatıb.

Özü də necə, ev yiyəsinin kostyumunu geyibmiş, səhər də kofe dəmləyib, kişinin xalatını geyib çıxıb balkona. Bir siqaret yandırıb. Deyir, adamlar ordan elə balaca görünürdü ki…

 Sonrasını bilmirəm, bura qədər danışıb ağlamışdı.

Mənə elə gəlir, Nəcəfov qarnında arzuladığı evi gəzdirir; eyvanıyla, dəniziylə, qağayısıyla…

Bəzən olur, bir də görürsən arzuları adamın bir hissəsinə çevrilir.

Nənəm yayın ortasındaca öldü. 80 yaşında. Deyirdi, mənə Küpüc dağından qar gətirin, anam da soyuducudan buz götürüb qoyurdu ovcuna. Hər dəfə də atırdı yerə. Küpücün qarı deyə-deyə köçdü dünyadan nənəm, yayın ortasındaca. Əllərini tutdum, əlim dondu. Əlləri qar kimiydi, Küpücün qarı kimi…