Sim-sim.az

Pəncərə

Günün günorta çağı hər şeyin adidən də adi olacağını son dərəcə etinasızlıqla gözlədiyi bir vaxt ətraf, elə bil, onun bu etinasızlığına cavab verdi. Qəflətən gözəgörünməz elektrik cərəyanları bir-birinə sarmaşıb-qarışdı, onun və heç kimin görmədiyi rəngbərəng, əyri-üyrü şimşək xətləri işıqlı havada səssizcə parıldadı və BU baş verdi.

O, iş yerinə tələsirdi. Baksovetin yanında küçəni keçib üzüaşağı Nizami muzeyinə tərəf getməliydi. Küçəni keçib nədənsə, heç özü də bilmədi, niyə arxaya boylandı. Adilik çərçivəsinə sığmayan nə idisə, bunun adını «nəsə» qoyaq, birdən-birə məhz burada onun diqqətini özünə çəkdi. Bu, çox sürətlə baş verdi. Burun pərlərinin tərpənişini, burnunun içindəki tüklərin oyanışını, bir-birinə sarmaşmasını, bu halın az qala asqırmağa gətirməsini, bir an sonra bədənindən vicvicə keçməsini, ürək döyüntülərinin tezləşməsini, gözünün önünə rəngbərəng göyqurşağına bənzər zolaqların gəlməsini o, beyninin ən dərin qırışlarının birində belə izah etdi: «Nə isə həmişəki kimi deyil. Bir an bundan əvvəl nəsə baş verdi.»

Duyduğu bu dəyişmədən sonra ona elə gəldi ki, ağacların yarpaqları ancaq ona nə isə demək üçün xışıltı saldı, yoldan keçən maşınların, avtobusların onu həmişə əsəbiləşdirən səsləri eşidilmədi, o özünü quş lələyi kimi yumşaq və yüngül hiss elədi. Eyni zamanda hiss elədi ki, ətrafdakı hər şey dağlar qədər güclü, dənizlər qədər əngindir. Onun özü də, yanından keçib gedən bu adamlar da, deyəsən, Apollon kimi gözəl və Zevs kimi möhtəşəm olmuş­dular. Bu hiss ona tanış deyildi. Nə isə baş vermiş­di, yüz faiz bu «nə isə» artıq baş vermişdi.

…Beləliklə, o, özü də səbəbini bilmədən arxaya boylandı. Baksovetin yanında küçənin artıq onun keçib gəldiyi o biri tərəfində gözünə nə dəydisə, diqqəti ondan xəbərsiz yay kimi tarıma çəkildi. Bu, bir atlı idi, üzüaşağı dördnala çapıb getdi. Amma… Dayan, dayan!.. İlahi, bu ki… Çapıb gedən, axı, atlı deyildi. Ata minmiş atlıya oxşayırdı, amma atlı de­yildi. Nəfəsi təngidi, udqundu. Qorxa-qorxa özü­özünə etiraf etdi. Bəli, çapıb gedən… kentavr idi. Qara, şəvə saçları şəlalə kimi çiyninə tökülmüş ken­tavr küçəni burulub gözdən itməmiş böyüyən göz­lərilə ona tərəf təəccüblə baxaraq böyük bir şövqlə, bəlkə əzabla, inanılmaz sevinclə, bəlkə kədərlə, coş­qun həvəslə, bəlkə heysiz bir halda kişnədimi, qış­qırdımı, nərəmi çəkdi – bunu demək çətindi. Ma­şınların əhatəsində Ellada meşələrinin içində ağac­ların arasıyla çapan kimi bu maşınların heç birinə toxunmadan, sağa, sola əyilib-burulub gözdən itdi. Elə bil, min il maşınların arasıyla bu cürə çaparaq qaçmışdı.

«Bir şey deyil, əlbəttə ki, bu mənim gözümə gö­ründü.» Beynindən gəlib bu sözlər keçmişdi ki, nə gördüsə, az qaldı ağzı açıq qalsın. Kentavrın buru­lub Səadət sarayına tərəf çapdığı küçədən dörd şir qoşulmuş günəş kimi işıqlı bir arabada sərvlər sərvi kimi boylu-buxunlu, gözlərindən az qala od çıxan, amma çöhrəsindən nur və işıq yağan, qızılsaçlı gö­zəl bir gənc gəlib keçdi. Bir çiynində bu gəncin ağzı­nacan dolu ox qabı və yay, o biri çiynində isə arfa var idi. Şübhəyə yer yoxdu. Bu, Apollonun özü idi.  Artıq o əmin idi ki, yuxu görür. Məsələni izah et­məyin ən asan yolu da bu deyilmiydi?! Amma, yax­şılığamı bunu yozaq, pisliyəmi bunu yozaq, hər necə olsa da, bunu biz deməliyik: o, yuxu görmürdü. O, həqiqətin düz içində ilişib qalmışdı, başqa yerdə de­yildi. Özü də vurnuxa-vurnuxa ilişib qalmışdı. Göz­lərini bir neçə dəfə bərk-bərk yumub açdı, ətrafında nə vardısa, hər şeyi yenə də həmin qəribəlik çərçivə­sində görəndən sonra özü də böyük bir kədər və təəccüb içində istəməyə-istəməyə bunu anladı.

«Bəs bu adamlar??? Onların niyə bəs gözünə mə­nim gördüklərim görünmür?» Bu sualın özünə görə məntiqi vardı və o bu məntiqin sirrini açmağa son dəfə cəhd göstərdi. Nəticə isə belə oldu. Diqqətlə göz yetirib gördü ki, ətrafdakı adamlar kentavrlara da, Apollonun arabasına da xeyli alışqanlıqla baxır­lar. Bu, onlar üçün adi bir mənzərədir. Hətta ken­tavrların çoxalmasına baxmayaraq (onlar isə get-ge­də çoxalıb eynən birinci kentavr kimi belədən-belə, elədən-elə dördnala çapıb gedirdilər) adamlar üçün onlar adi, tanış məxluqlar kimi idilər. Onlar üçün bu günorta çağı qəribə heç nə baş vermirdi. «Bu da sua­lın məntiqi.» O acı-acı gülümsündü.

Nəfəs dərmədən İstiqlal küçəsi ilə üzüaşağı, işinə tərəf getməyə başladı. Ürəyinə dammışdı ki, kentavr­larla və Apollonla başlayan bu qəribəliklər zənciri be­lə tez və asanlıqla bitməyəcək. Sabirin heykəlinin ya­nından ötərkən onu sözün əsl mənasında, elə bil, ildı­rım vurdu. İki səbəbə görə. Əvvəla, bu heykəlin yerin­də həmən pyedestalda başında şlyapa, ədəb-ərkanla Puşkin əyləşmişdi. İkinci də, küçənin sonunda bir qə- dər solda yeniyetmə və utancaq qız kimi sinəsinə sıx­dığı bir-birindən küskün yazıçı heykəlləri ilə bir yerdə Nizami muzeyinin özü adəti üzrə durub ucaldığı yerdən yerli-dibli yox olmuşdu. Yox idi bu muzey. Al­lah, Allah!.. Nizami muzeyi yox idi, vəssəlam.  Amma ən qəribəsi bəlkə də bu deyildi, ən qəribə­si o idi ki, muzeyin yerində indiyənə qədər ancaq ki­no və şəkillərdə gördüyü müdhiş və əzəmətli Paris Notr Dam kilsəsi ucalmaqdaydı. Kilsənin üstündəki qaramtıl buludlar isə bu yerlərin buludlarına oxşa­mırdı, elə bil, kilsənin möhtəşəm qüllələrinə ilişib Fransadan buracan yol gəlmişdilər. Kilsənin ətrafında iki-bir, üç-bir uzun, çəhrayı baldaxon geyinmiş qəribə qiyafəli rahiblər dolaşırdı. Yenədəmi yuxu görürdü?! Maddım-maddım baxıb gözlərini çəkə bilmədiyi Notr Dam kilsəsi yavaş-yavaş böyük, özü boyda bir əcayib Kvazimodaya çevrilərək ona göz vurub «sən hələ üzünü çöndər, dənizə tərəf bax!» dedi.

Qəlbinə əvvəlcədən dolan iyrənc bir vahimə için­də üzünü çöndərib dənizə tərəf baxmadımı, baxdı. Baxışları dənizə gedib çatmadı heç. Uşaqlığından alı­şıb-bildiyi «Azərbaycan» kino-teatrı öz yerində yox idi, elə bil, o da uçub harasa getmişdi. Yerində isə na­xışlı, sahman-səliqəli Şəki xan sarayı vardı. Xan sara­yı, adama elə gəlirdi ki, özü də bura necə gəlib düş­düyündən xəbərsizdir və nədənsə, kiməsə, ya nəyəsə əzilib-büzülür. Onun qabağında kələğayısı başından sürüşüb düşmüş Natəvan, adam gərək düzünü de­yə, öz həmişəki yerində oturmuşdu. Bu heykəlin bir­cə üzünün ifadəsi dəyişmişdi. Yanından keçən adam­lara baxır və üzündə lal bir təəccüb «siz bilmirsiniz, bu tərəflərdə nə baş verir?» soruşurdu.

Sağ-sol hurilər və çiyni qanadlı mələklərlə dolu idi. Adi adamların arasıyla heç nə olmayıbmış kimi keçib gedirdilər. Adi adamlar da özlərini elə aparır­dılar ki, sanki min illərdi həyat elə bu cür gəlib keçib və onlar elə həmişə bu mələklərlə bir yerdə, mehri­ban bir ailədə yaşayan kimi yaşayıb durublar. Bu fi­kir pisinə gəldi. Elə bu vaxt o özünə söz verdi ki, bun­dan sonra nə görsə daha təəccüblənməyəcək. “Su üzü mübarəkdir” – düşündü, – “Dənizə, dənizə tərəf gedim” deyə qərar verdi.

Şəki Xan sarayının yanından ötüb üzü dənizə tə­rəf yol aldı və dəniz bulvarını şəhərdən ayıran yeral­tı keçidə çatanda hələ heç nə baş verməmiş qəlbini qəflətən naməlum bir kədər bürüdü. Bir an sonra bu kədər naməlumluq niqabını çıxardı və o qorxa-qorxa, hələ keçidə girməmiş üzünü dənizə sarı tutdu. Na­haqdan qorxmamışdı. Xəzər dənizi öz həmişəki ye­rindən qeyb olmuşdu, dəniz keçidin o biri tərəfində yox idi. «Ah» çəkib dizləri titrəyə-titrəyə keçidə en­məyə başladı. Çıxanda nə görsə, yaxşıdır. Dəniz gö­yəmi uçmuşdu, yerəmi girmışdi – yerində ucsuz-bu­caqsız bir səhra uzanır, səhrada isə Misir ehramları bir-birindən qarşılıqlı hörmət məsafəsində aralı, am­ma ləyaqətlə durub üzü şəhərə baxırdı. Lap irəlidəki ehramın qarşısında isə haman o məşhur başı adam başı, bədəni şir bədəni Sfinks necə ki tarix kitabların­da rəsmi verilir, eynilə o cür qarnı üstə sərələnib qal­mışdı. Özü də, Sfinks daşdan deyildi, canlı idi, hər­dən yerindən dəbərir, başını sağa sola çöndərirdi. Elə bu an Sfinksin lap qarşısından üzündən-gözündən işıqsaçan Apollon özünün ram edilmiş şirlər qoşulu arabasını bu dəfə aram-aram sürüb keçdi. Şəhəri gəz­məyə çıxmışdı, nədi?! Bu, Sfinksin xoşuna gəlmədi. Sfinks qaşqabağını tökdü.

Qəribəliklər həddindən artıq çox idi. O bu qəribə günortanın içində naçar qalıb bilmirdi ki, neyləsin. Şəhərdə kentavrlar cövlan edir, çiyni qanadlı mələk­lər belədən belə, elədən elə evində – cənnətdəymiş kimi gəzişir, ağacların arxasından orda, burda nimfa­lar, driadalar görünür, tezcə də xəfif qəhqələrlə qaçıb kimlərdənsə gizlənir, qədim Misir ehramlarının ətra­fında kahinlər dua edə-edə dövrə vururdu. «Bircə Ey­fel qülləsinin yeri əskikdir» deyə düşünmüşdü ki, elə bil, kimsə onu sağ böyründən dümsüklədi, «Başını qaldır, Dağüstü parka tərəf bax!» dedi. Başını qaldır­dı, Dağüstü parka tərəf baxdı. Teleqüllənin yerində əsl Eyfel qülləsi idi, şəstlə durmuşdu və günün gü­norta çağı olsa da, bu qüllə gecələr olduğu kimi baş­dan başa tez-tez rəngini dəyişən işığ selinə bürün­müşdü.

O daha heç nə barədə düşünmək istəmədi. Onun əvəzinə, ondan bir kəlmə belə soruşmadan hər şeyi düşünüb qərarlaşdırmışdılar. Onun düşünməyinə ehtiyac qalmamışdı. Baş verən nə idisə, çox möhtə­şəm bir başlanğıcdan, bəlkə də sonucdan xəbər ve­rirdi.

«İndi mən evə necə gedəcəyəm?» Elə bu beynin­dən keçmişdi ki, yolun kənarında, Kukla teatrının düz qabağında (adam öləcək, gərək yenə düzünü deyəsən, Kukla teatrı da olduğu kimi öz yerində idi) iki kürən at qoşulu gözəl bir kareta dayandı. Kareta­nı sürənin qalın bığlı sifəti ona tanış gəldi. Bu adam nəvaziş dolu, amma sərt bir səslə «brrr…» eləyib at­ların yüyənini elə çəkdi ki, atlar az qala şahə qalxıb sonra da ayaqları ilə yerə mıxlandılar. Karetanın qa­pısı açıldı və içəridən dirsəyinəcən ağ əlcək geyinmiş bir qadın əli gözəl əda ilə onu içəri dəvət etdi.

Qətiyyən ehtiyat etmədən o özünü karetanın içi­nə atdı. Və elə o an kiminsə yalın, yumşaq ovucu nə­vazişlə onun gözlərini qapadı, o, dodaqlarına kimin­sə incə dodaqlarının dəydiyini, və sonra da yapışdı­ğını hiss elədi. Öpüş o qədər dadlı idi ki, onu az qal­dı huş aparsın. Dodaqlarında gah çiyələk ətri, gah portağal ətri, gah da bal ətri hiss edirdi. Karetaya isə əsl bihuşdarı səpmişdilər, elə bil, yüzlərlə əlçatmaz dağ çiçəyinin ətrini bir yerə yığmışdılar və onun bu­run pərləri indi bu yüzlərlə çiçəyin hər birinin qoxu­sunu ayrı-ayrılıqda içinə çəkirdi…

Yaxşı olan hər şeyin sonu tez çatır. Nəhayət, ka­reta onun evinin qarşısında dayandı. Yenə qulağına həmən sərt, amma nəvaziş qatılmış «brrr…» səsi gəl­di. Bu səsdəki sərtlik «b»-nin, nəvaziş isə «r»-nin, da­ha doğrusu, «r»-lərin hesabına idi. Atlar bu nəvazişə cavab olaraq bir ağız həzin səslə kişnədilər. Bu za­man haman yumşaq ovuclar da onun gözlərini qa­pamaqdan vaz keçdi, üzünə bir-iki titrək sığal çəkdi, bu isə o demək idi ki, o, gözlərini aça bilər. O, gözlə­rini açdı. Sığal, əslində, «əlvida» imiş, karetanın için­də heç kəs yox idi.

Karetanı sürən şallağını atların başı üzərində şimşək kimi şaqqıldadanda o bu adamı tanıdı. Göz­lərinə inanmadı, ola bilməz, amma kim bilir… Özü­nə söz verdi ki, bu barədə heç kimə, heç bir vaxt, heç bir söz deməyəcək. Atlar yerindən götürüldü və bu adam üzündə bığlarına yaraşmayan, ürkək bir təbəs­süm ona son dəfə peşimançılıqla baxıb yox oldu.  Evinin qapısına qədər adətən haylı-küylü məhlə­də bu dəfə bir adam belə qarşısına çıxmadı ki, onun­la bu qəribə günortanın sirləri barədə qeybət etsin. Bayır qapını açıb mənzilinə daxil oldu. Nə qızları ev­də idi, nə də oğlanları. Arvadı da işdə idi, axşam gə­ləcəkdi. Görəsən, bütün bunlara onlar nə deyəcəkdi­lər?! Eyni görüntüləri onlardamı gördülər?! Bu şəhə­rə nə olmuşdu?! Bu sirri, nəhayət, bir çözən olacaq­dı, yoxsa olmayacaqdı?! Birdən-birə hiss elədi ki, bərk yorulub. Günün təəssüratı təkcə yeni deyildi, həm də əzici idi.

Gedib yerinə girdi və gözlərini yumdu. Elə bil, onu döymüşdülər, sümüklərinəcən canı ağrıyırdı. Hər şeyin əlacı yuxuda idi. Bircə o, tez gələydi. Tez gəldi. Asanlıqla yuxuya getdi. Nə gözəl yuxu idi bu yuxu…Yuxuda, nəhayət, ürəyi yerinə gəldi. Bu gö­zəl yuxuda o gördü və inandı ki, hər şey həmişəki ki­mi öz qaydasındadır, heç nə bu şəhərdə dəyişməyib və o müdhiş «nəsə» də baş verməyib. Nə kentavr, nə Apollon?! Mələklər belə çiyinlərindəki qanadlarını yığışdırıb harasa yox olmuşdular. Baksovetin yanın­da iki-üç nəfərlə birgə qadağan olunmuş yerdən kü­çəni tələsik keçib yavaş-yavaş Nizami muzeyinə tə­rəf yol aldı. Adamların yanından ötərkən ani də ol­sa, onların baxışlarını tutmaq istəyir, ona təəccüblə baxanlara günahkarmış kimi gülümsünürdü. Ürəyi sevinirdi. Sabir həmişəki məzlum görünüşü ilə Aka­demiyanın altındakı bağda özyerində qımıldanmadan oturub qalmışdı. Nizami muzeyi də heç hara itməmişdi, yerindəydi, «Azərbaycan» kino­teatrı da. Onun işlədiyi binanın üçüncü mərtəbəsinin dəhlizində bir köhnə, taxta çərçivəli pəncərə vardı, dənizə çıxırdı. Tez-tez bu pəncərənin qabağına yığı­şar, iş yoldaşları ilə bir yerdə siqaret çəkərdilər. Hərdən təmiz nəfəs almaq üçün pəncərəni açardılar. Yaşını unudub tələsə-tələsə, demək olar ki, birnəfəsə hündür pilləkənlərlə yuxarı qalxdı, hövlnak dəhliz- dəki pəncərəyə yanaşdı, xoşbəxtlikdən ətrafda heç kim görünmürdü, ürəyi həyəcandan ata-ata üzünü pəncərənin çatlamış şüşəsinə dayadı. Misir ehramlarından əsər-əlamət yox idi. Dənizin uzaqdakı dalğaları ağarmağa, yaxındakı dalğaları isə oynamağa başlamışdı. Bir azdan xəzri əsəcəkdi. – Aaa, buna nolub, bu niyə ağlayır?! – Yuxuda yanından keçən və ona təəccüblə baxan qızların xı­sın-xısın gülüşüb dediyi bu sözləri o, eşitmədi.