Sim-sim.az

POLTİ” layihəsinin “ETİRAF”ları

heyecan-nasil-yenilir_646x340

Sim-sim.az  gəncləri yazmağa həvəsləndirmək və hekayə janrını aktuallaşdırmaq məqsədilə Polti”  adlı layihəyə elan edib. Layihənin ilk mövzusu "Etiraf"dır.  Bu mövzuyla bağlı iki hekayəni təqdim edirik.

 

 

Nahid Hacıyevin hekayəsi

 

Üç "Karol" +1

Bu yaxınlarda “Hörmətli Nahid bəy, hekayəmi oxuyub münasibət bildirin”deyə e-mail aldım.

Mesajın alt hissəsində “Üç karol +1” adlı faylla bir müddət baxışdıq. Mausun ekrandakı ox işarəsini faylın üzərində dövr etdirərək “doxdibi doxdibi dox” deyib sağ düyməni sıxdım…

 

Hekayə

–  … Mətləb kişi deputat Fazilin “Hər şey yaxşı olacaq” sözünü çərçivəyə salaraq televizorun üstünədəki islam ayəli “suvener”in yerinə qoymuşdu. “Kopay uşağı, əliniz dəyməsin” deyib arvad-uşağı da hədələmişdi.

 

Bu kəntdə hər şeyi bir tərəfə, toyun özünə məxsus qaydaları vardı. Ən əsası gürcü Lətif. Toy edən bəy, qız evindən gəlini, gürcü Lətifin “3110”-da gətirməsəydi o toyun bərəkəti olmazdı. Topal Tapdıq mağarın harda qurulmasını işarə verməyənə qədər, mağar qurulmazdı. Vahid dananı kəsməsəydi kartın qutusu açılmazdı.

İndi bu kəndin qabaqkı nəşəsi qalmayıb. Son baharı da bütün kəndlərdəki son bahar oxşayır. Yarpaqlar tökülür vəssalam. Deputat Fazilin yerinə Vasif gəlib. O da “Yaxşı olacaq hər şey” deyib. Hələ üstəlik, ondan sonra Vidadi də gəlib. O da, “Olacaq hər şey yaxşı “ deyib. İndi sarı Mətləbin evinə qonaq getsən, çərçivəyə salınmış onlarla belə söz görərsən. Mağar qurub toy eləyən də yoxdu. Şadlıq sarayları… bir sürü. Lətifin “3110”-nu çoxdan pas atıb. Təkərlərinə qədər söküb satıblar. Topal Tapdıq işarət barmağını tərbiyəsiz barmağı ilə əvəzləyib. Göstərmək üçün söhbət axtarır.

Hər nə olsa da, dövran dəyişsə də, xatirələr ölmür.

Danışım qulaq as.

 

“Keçmişdə, tayı-bərabəri olmayan toylarımızın birində, Vahid adəti üzrə dana kəsdikdən sonra qumara işarə verib. Hər kəs mağara toplaşıb  qazanmaq eşqiylə masa araxasına keçib. Zakir bütün pulunu uduzub deyinə-deyinə yerindən qalxanda, keçəl Həsən keçib onun yerində oturub. Adil kartını sıxıb masaya iki yüz manat tullayanda, Həsənin canına üşütmə düşüb. Olan-qalan pulunu da uduzacağından qorxub. Mirzədən sonra növbə ona çatanda qorxa-qorxa kartı masadan götürüb möhkəmcə sıxıb. Üstəki “karol”un arxasından bir dənə də “Karol” görsənib. Nəfəsini dərib, üçüncü kartı da sıxıb. Əlavə iki dənə “Karol”u görəndə gözləri yekəlib. Bəxtin üzünə güldüyü an, “Məndə dörd karol var” deyərək oyunu qatmaq ağlından belə keçməyib. Kartı ovcunda sıxaraq “Oyə! Zahid! Ordan mənə çörəyin arasında kolbasa gətir” –  deyib.  Zahid çörək arasında kalbasa gətirib Həsənə verəndə, Həsən heç kim şübhələnmədən dördüncü karolu masanın altında çörəyin arasına qoyub. Mirzə hələ də “xod” edib etməyəcəyi haqqda fikirləşənə qədər, Həsən kolbasaçörəyi yarı eləyib. “Karol”u mədəyə ötürdükdən sonra üstəlik, “Ə, Mirzə, tezeledana tay”da deyib. Mirzə “Pas” deyəndə Həsən bazarda satdığı kartofdan qalan bütün pulu masanın üstünə atıb. Adil əlindəki  iki tuzu göstərib masadakı bütün pulu qomarlamağa çalışanda, Həsən “Karol”ları masaya düzüb.  Adil necə əsəbləşibsə, oyunda fırıldaq olduğunu,  bildirərək kartı saymağa başlayıb. Nə qədər sayıblar kart otuz beş gəlib. Kartı götürənə hər cür söyüş söyüblər. Mağarda olanların hamısının üstünü axtarıblar. Kart tapılmayıb”

Həmin hadisədənin üstü 20 ildən sonra açıldı. Həsən bacısı oğlu Mahirin toyunda o qədər içdi ki, arağın təsirindən mikrafonu tamadadan alaraq “Oyə! Ay camaat! O vaxtı mən üç “Karol”la Adili udmuşdum ha, bax onda əlimdə dörd dənə “Karol” varıydı. Ancaq o “Karol”un birini qaqa kolbasaçörəklə yemişdi” deyərək hiyləsini etiraf etdi.

Hekayəni oxuyub bitirdikdən sonra e-mailin “Cavabla” bölməsinə daxil olub;
 

Hekayənizə münasibətim;       – qeyd etdim.

 

 

Cavab gecikmədi: 

 

 

Bəhrəm Bəhrəmlinin hekayəsi

 

Sonun  Başlanğıcı

 Həmin gün səhər saatlarından etibarən gözlənilməzliklər və qəribəliklər bir-birini izləməyə başlamışdı. Öncə nə baş verdiyini anlamasam da sonra zaman keçdikcə hər şey mənə aydın oldu.İşə getməli olduğumdan erkəndən qalxıb hazırlaşmalı idim. Üstəlik mağazadakı işlərlə bərabər hazırlamalı olduğum başqa şeylər də var idi. Axı o gün Xatirə ilə bizim ailə qurmağımızın 3-cü ili tamam olurdu. Doğrudur,bu elə də əlamətdar rəqəm olmasa da mənimçün fərqi yox idi. Çünki dəyər verirsənsə bu kimi şeylərin əhəmiyyəti yoxdur. Vanna otağında üzümü qırxmağa yenicə başlamışdım ki,qapı döyüldü. Mən tərpənib qapıya gedənə qədər Xatirə artıq qapını açmışdı. Qəribə və bəlli etməməyə çalışdığı əsəbi səslə kiminləsə danışdığını eşitdim. Eyni tərzdə də qapını örtüb,deyinməyə başladı.

– Nə olub ?

– Heç nə! Əşi səhərin gözü açılmamış da evə məktub gətirərlər? Poçtalyonun da elə bil evi eşiyi yoxdur. Səhər demir,axşam demir! Ay balam hansı dövrdür indi? Məktub vaxtıdır? SMS var,e-mail var nə bilim o qədər elektron vasitə var. Məktub göndərərlər indi?

Doğrusu onu çox nadir hallarda belə əsəbi görürdüm.

– Yaxşı əsəbləşmə. Ayxan oyansa məktub zad yalan olacaq. Kimdəndir?

– Bilmirəm. Göndərən Azər yazılıb üstündə.Yəqin sənə gələr də.İşdən,vergidən nə bilim. Bu dövrdə sən nadir şəxsiyyətlərdənsən ki, hələ də məktubdan istifadə edirsən. İş də belə olsaydı….

Haqlı idi. Texnologiyanın bu qədər inkşaf etməsinə rəğmən hələ də iş çalışmalarımda elektron vasitələrə öyrəşə bilməmişdim.

Mən işimi bitirmək üçün vanna otağına qayıtdım. Onun zəif səsini eşitdim.

– Bunu hara qoyum?

– Nə bilim.Qoy oralara bir yerə çıxanda baxaram.

Çıxandan sonra məktuba baxmaq heç yadıma da düşmədi. Tələsik yeməyimi yeyib,əynimi geyinib evdən çıxdım. Əslində bu səhər özümü həmişəkindən fərqli olaraq ona qarşı laqeyd göstərməyə çalışırdım. Hətta günün tarixini bilərəkdən hallandırmır, onun da yadına düşmədiyini düşünərək bu haqda heç nə demir, ayın 5-i olduğunu xatırlatmırdım. Axı bu gün üçün  öncədən özəl hazırlıqlar görmüşdüm. Və ona xüsusi bir sürpriz də hazırlamışdım. Bunları tam olaraq gerçəkləşdirmək üçünsə rəfiqəsi Ayseldən kömək etməsini istəmişdim.

  Gün boyu bu hazırlıqları görərkən ağlıma qəribə-qəribə fikirlər gəlirdi. Daha öncə də ağlıma gələn amma hər dəfəsində qaçdığım fikirlər. Düşünməyə başlamışdım: Sonra necə oldu ki,mən onu bu qədər sevməyə başladım? Axı biz evlənərkən məndə ona qarşı səmimi hisslər bu səviyyədə deyildi. Düzdür,ondakı həddindən artıq müsbət keyfiyyətləri  çox yüksək qiymətləndirirdim və düşünürdüm ki, bu insan mənim keçmişdə iz buraxan yaralarıma məlhəm olmağa qadir insandır. Belə də oldu. Biz bu illər ərzində çox mehriban,səmimi münasibətlər əsasında gözəl ailə ola bilmişdik. Evliliyimizin birinci ilində bizə qoşulan Ayxan ailə ortamımızı biraz da şənləndirmişdi. Və bütün bunların fonunda açığını deyim ki,mehribanlığımız, səmimiiyimiz, xoşbəxtliyimiz məni o qədər qane edirdi ki,onunla aramızda daha əvvəldən olmayan sevgi hissinin indi olub olmadığını da sorğulamırdım. Amma etiraf edim ki,bu barədə son zamanlarda düşünməyə başlamışdım. Əslində mənə görə bunu düşünməyə səbəb belə yox idi. Axı biz çox xoşbəxt idik.

 Gün boyu bunları düşünməklə bərabər hazırlıqlarımı da görürdüm. Planıma əsasən günorta Aysel Xatirəni bir bəhanə ilə harasa aparmalı və o evə qayıdanda mənim hazırladığım sürprizlə qarşılaşmalı idi. Evə gələrkən demək olar ki,hər şey hazır idi. Nəhayət qapı döyüldü, mən elektrik lampalarını söndürüb şam işıqlarının  müşayəti ilə qapını açdım və Xatirə bütün bunlara əhəmiyyət verməyən buz kimi soyuq baxışlarla məni süzə-süzə içəri daxi oldu.

– Nə olub ?

– Necəsən,Orxan ?

O, sanki ətrafındakıları görmürdü və özünü həddindən artıq soyuqqanlı aparırdı.

– Çox sağ ol, əzizim.Bugün evliiyimizin 3-cü ili tamam olur.Axı … (sözümü yarımçıq kəsdi)

-Bilirəm.

– Bilirsən ?

– Hə. Bugün başqa şeylərin də neçə ilisə tamam olur deyəsən.

– Anlamadım

Səhər gələn və unutduğum məktubu düz önümə, ayaqlarımın altına atdı.

– Oxu! Anlayarsan ! Hisslərini dəqiqləşdirəndə bir də söhbət edərik ! –

deyib, qapını  çırparaq getdi. Və mən üzərində Azər yazılmış, amma  başqa birindən gəlmiş məktubu  yerdən qaldırıb oxumağa başladım:

  "Salam, Orxan. Bu məktubu sənin bu şəkildə, həm də ayrıldığımızın düz beşinci ilində almağın səbəbsiz deyil. Axı biz bütün texnoloji imkanlara baxmayaraq köhnə dövrlərdəki kimi məktublaşmağı  sevirdik. Ayrılarkən həyatda səndən daha dəyərli şeylərin olduğunu və sənsiz daha xoşbəxt olacağımı söyləmişdim. Zahirən hər şey belə görsənsə də, daxilən çox fərqlidir hər şey.Səndə necə oldu bilmədim, amma mən sənsiz xoşbəxt ola bilmədim. Həyatımda hər şey var idi, amma bir tək sən və səndə tapdığım sevgi yox idi. Yoxluğunu zamanla bir boşluq kimi hiss etdim həyatımda. Nəysə. Məqsədim sənə həyatında mane olmaq, problem çıxarmaq və nələrisə yadına salıb səni kədərləndirmək deyil.Sadəcə olaraq istədim ki, gec də olsa, zamanı geri qaytara bilməsək də, hər ikimiz həqiqəti anlayaq ən azından. Bir ömür həyatımza hakim bu boşluğun adını fikirləşməyək.. Sənə geçikmiş bir etiraf qaldı bir tək məndən."

                                                                                                                 

 Məryəm….

 

Haqlı idi.İstəmədən mənim ən sevincli olmasına çalışdığım günümü ən bədbin günümə çevirsə də, ona əsəbləşə bilmədim. Bəli,o,haqlı idi. Çünki illərdir cavabını axtardığım sualları bir neçə sətrdə izah eləmişdi mənə.İtirilmiş sevginin yarasını unudub xoşbəxt ola bilərsən, əlbəttə.Hətta buna görə ciddi səbəblərin də olar. Amma o boşluğu heç nə doldura bilməz və həyatın boyu dərin bir yara səni izləyər.

 Bir əlimdə çiçək, bir əlimdə məktub. Güzgüdə özümü gördüm və bütün olanları xatırlayıb halıma gülümmü, ağlayımmı bilmədim….