Sim-sim.az

Qablaşdırma fabriki – Cəmilə Məmmədli

Shot-22

– Alo, qablaşdırma fabrikidir?
– …
– Aha, danışan AB23958 sıra nömrəli müştəri, Cəbrayılov Xəlildir.
– …
– Hə, hə, bilirəm. Yenə gecikmisiniz. Axı nə qədər olar? Hər il eyni şey!
– … 
– Yaxşı, üzrlərinizi özünüzə saxlayın. Tezliklə adamlarınızı göndərin.
– …
– Oldu, gözləyəcəm. Sağ olun.

*****
Kəsif qoxu burnunu qıdıqladı. Qoxu o qədər güclü idi ki, özünə gələ bilmək üçün başını əlləri arasına alıb oturdu. Səs-küy hələ də davam edirdi, gülüşmələri, qışqırıqları və fondakı zəhlətökən musiqini eşidirdi. Amma bunların nə olduğunu dərk edə bilmirdi. Sanki ətrafındakı hər şey dumana bürünmüşdü, yox, hər şey duman kimi yarışəffaf və havada idi. Real, canlı olan bir şey var idi – qoxu. O qədər canlı idi ki, varlığını hiss edə bilirdi, hətta görürdü. Hə, hər şeyi dumanlı edən bu qoxu idi. Əşyaların, insanların ətrafına dolanır, havada asılı qalan musiqiylə qarışır və onların hamısını görünməz edirdi. Qara lent kimi havada süzülən qoxunu gözləri ilə izlədi. Qoxu dumanlı insan fiqurlarının arasından keçib, balaca kafenin yerləşdiyi küçənin digər tərəfnə keçdi və yox oldu. Indi görə bildiyi tək şey uzaqdan ona baxan gözlər idi. Gözlərin sahibi geyimi və duruşu ilə nə qədər solğun olsa da, indiki dumanlı dünyasındakı ən canlı, parlaq və rəngbərəng görüntü idi. Bunun fərqinə varıb diksindi. Və dayandırılmış film yenidən başladı…
– Xəlil, nə olub?
Başını qaldırıb səsin sahibinə baxdı. Bayaqkı yarışəffaf dumanlardan biri indi insan formasını alıb maraqla ona baxırdı. Hardasa 10 saniyəlik baxışmadan sonra onun kim olduğunu anlaya bildi.
– Heç nə, həyatım, heç nə. Ordakı qıza baxırdı… – əli ilə işarə etdiyi yerdə heç kəsi görməyib susdu. 
Qız onun susduğunu görüb məzəmmətlə başını yellədi. öz yerindən durub, yanındakı stula oturub küsmüş kimi dodaqlarını salladı:
– Hansı qız? Sənin gözün məndən başqasını görür ki?
– Yox, yox, nə danışırsan?. Sadəcə… heç, elə belə.
– Yaxşı, bu dəfə keçirəm günahından. Həyatım, sən hələ bir bu mahnıya qulaq as. Gör, elə bil bizim üçün yazılıb, əladır hə?
Dinlədi. bayaq zəhlətökən adlandırdığı mahnı hələ də davam edirdi. Niyəsə indi zəhlətökən olmadığını düşündü. Musiqisi tanış gəlirdi, sözlərini isə başa düşməyə çətinlik çəkirdi. Amma yenə də pis demək olmazdı. Yanındakı qız ondan cavab gözləyirdi. Dodaqlarını araladı:
– Əladır!
“Əla” olduğunu düşünürdü.

*****

Sona qapının kilidinə açarı sala bilmədi. Bir daha, yenə cəhd etdi, amma hər dəfəsində titrəyən əlləri açarın balaca deşiyə girməsinə manə olur, əvəzində metal kilidin üzərində izlər qoyurdu. Barmaqlarına heç bir vəchlə söz keçirə bilməyəcəyini başa düşüb astaca yerə çökdü. Sağ əlindəki açarı bərk sıxıb, sakitləşməyini gözlədi. saniyələr keçdikcə həyəcanı, təşvişi azalmaq əvəzinə artırdı. Axı onu görmüşdülər! Hə, illərdir görünməz olan onu görmüşdülər! Hələ də buna inana bilmirdi. Amma bayaqkı hadisəni gözünün qabağına gətirəndə hər şey açıq-aydın görünürdü: o, ona baxırdı. Özü də diqqətlə. Əslində, fikirləşəndə ona baxan cəmi bir adam idi və o da cəmi 2-3 saniyəlik baxmışdı. Sona onun bir anlıq başqa tərəfə baxmasından istifadə edib qaçmışdı. Bəlkə də heç başa düşməyib? Ola bilər, hə? Həm əgər başa düşübsə, yox, onu görübsə bu o deməkdir ki…
Tək deyil.
Sona başını var gücü ilə yellədi; illərdir bu fikri, xəyalı, arzunu özündən uzaqlaşdırmaq üçün hər şeyi etmişdi. Indi bəlkə də adi bir təsadüfün onu yenə ümid və məyusluq döngüsünə qaytarmağına icazə verməyəcək. Bu fikir ona güc verdi və ayağa qalxıb açarı bir dəfəyə kilidə salıb burdu. Qapını açıb içəri keçdiyi andaca bütün qorxularını, həyacanını və ümidlərini unutdu. Balaca pişik balası ona yaxınlaşıb miyoldamağa başladı. Sona cəld mətbəxə keçib dolabdan pişik yemini çıxardı. Qablara döküb, xüsusi formada pişiklərini çağırdı. Digər gündəlik adi işlərini göməyə başlayanda bayaqkı hadisəni çoxdan unutmuşdu.

Zəngli saatın cingiltili səsi Xəlili gözlərini açmağa məcbur etdi . Özünü yorğun vəəzgin hiss edirdi, elə bil, bütün gecə yatmaq əvəzinə daş daşıyıb. əslində isə nəinki gecə, dünən gündüz belə heç nə etməmişdi. Dünəni xatırlayanda qaşlarını çatdı. Elə qəribə hadisə idi ki, heç cürə məntiqinə sığışdıra bilmirdi. Odur ki, həmin hadisənin gecə gördüyü yuxunun bir hissəsi olduğuna qərar verdi. Hansımız gecə qəribə yuxular görmürki? Hələ bu nədi ki, bəzən elə yuxular görür ki, guya çarxlarının çıkkıltısından qulaq tutulan fabrikdədir. Əslində isə ömründə bir dəfə də olsun bir fabrikin yanından keçməyib! Həmin hadisənin yuxu olduğunu lap yəqin edib yerindən qalxdı. tələm-tələsik yuyunub geyindi. Bu gün gecikməməli idi.

Çarxların cingiltili çıkkıltısı qulaqlarını daladı. Gözlərini açmamış burnuna dolan kəsif motor yağı iyindən üz-gözümü turşutdu. Hava o qədər ağır idi ki, üzərinə yapışqan maddə kimi yapışdığını hiss edirdi. Gözlərini açanda düşündüyü kimi qaranlıq və qapalı bir yerdə olduğunu anladı. Qara siluletlər, səslər və qoxu olduqca tanış idi, amma harada olduğunu dəqiq deyə bilmirdi. Bircə onu hiss edirdi ki, nə vaxtsa burda olub. Nə vaxt olduğunu yadına salmağa çalışaraq olduğu yerdə dayandı. Çox gözləməli olmadı; 5 dəqiqə keçməmiş tələsik, yüngül addım səsləri ona doğru yaxınlaşdı. Amma kök, yaxası açılmış bığlı kişini ancaq burnunun dibinə gələndə görə bildi. Heç təəccüblənməyə macal tapmamış tələsən adam üyüdüb-tökməyə başladı:
– Tələsin, cənab, tələsin. Axı bizim çox işimiz var. Ay aman, siz gərək daha tez gələydiniz, indi mən bilmirəm necə sizə növbədə yer eləmək olar. Vay-vay, yaman pis vaxtda gəldiniz, ilin bu vaxtı bizim ən məşğul olduğumuz vaxtdı. Tələsin, niyə durmusuz?!
Ağzını açmağa imkan tapmamış qolundan tutub sürüyən bığlı kişinin arxasıyca getdi. Öndə qaçan kişi çarx səsləri daha aydın eşidilməyə başlayanda yavaşıdı. Indi ətrafa baxmağa fürsəti vardı. Ilk nəzərinə çarpan sol tərəfində axıb gedən üstü şəffaf qatlanmış örtüklərlə dolu lenta oldu. Marağını boğa bilməyib, soruşdu:
– Bu nədir belə?
Kök adam mənasız suallar verən uşaqlara baxılan baxışla ona baxdı. Bu tip sualları eşitməkdən bezmiş adam kimi çiynini çəkib, candərdi dedi:
– Nə olacaq, əlbəttə ki, xammal.
– Xammal? Nəyin xammalı?
Adam onun qolundan dartıb addımlarını daha da yeyinlətdi. Tələm-tələsik cavab verdi:
– Görəcəksiz. İndi buna vaxtımız yoxdur, tələsməliyik. 
Doğurdan da çox getməmişdilər ki, lentanın sonunda örtükləri qaldırıb, istədiyi kimi kəsib-biçən robot qollar gördülər. Beynindən keçirdi ki, “Sən bir texnalogiyanın gücünə bax!” Qollar eynilə insan formasında biçirdilər – kök, arıq, uzun, qısa və hatta sarışın, qarabuğdayı, ağbəniz. Heyrətini gizlədə bilmədi:
– Görəsən bunlardan nə edirlər? Lap qiyamətdir! 
Hə, deyəsən, bu tərif kişinin ürəyinə yatmışdı. Addımlarını yavaşladıb xoşhallıqla dedi:
– Hə, əlbəttə. Bu hələ harasıdır ki! Əsil mənzərə qabaqdadır.
Çox keçməmiş adamın bəhs etdiyi mərhələ ilə rastlaşdılar. Burda artıq tək-tək robot qolların gətirdiyi fiqurlara üz çəkilirdi. Ən xırda detallarına qədər robot qolların incə fırçalarla çəkdiyi üzlər heyratəmiz dərəcədə əsil insan üzünə bənzəyirdi. Amma bir şey diqqətini çəkirdi – nə qədər baxsa o qədər çox bu üzlər arasında oxşarlıq sezirdi: hamısının ifadəsi bir qədər narazı, kobud və özündənrazı idi. Buna fikir verməməyi qərara aldı. Heç qabağında qaçan kişinin də vecinə deyildi. Artıq sifətləri olan fiqurların dalınca qaçıb başqa mərhələyə çatdılar. Burada fiqurlara paltar geydirir, rəngli saçlardan parik taxırdılar. Hər şey əvvəlki mərhələlərdə olduğu kimi olduqca detallı və ehtiyatla görülürdü. Amma dözülməzz bir səhv var idi. İndi bu fiqurların bir-birinə bənzədiyi o qədər açıq-aydın idi ki, etirazını ürəyində saxlaya bilmədi:
– Axı bunlar niyə bu qədər bir-birlərinə oxşayırlar? 
Kişi birdən-birə dayandı. Çevrilib, diqqətlə onu süzdü. Bu fürsətdən yararlanıb nəfəsini dərdi. Amma özü nə qədər təngnəfəs, qan-tər içində olsa da, qarşısındaki adam yaşına, çəkisinə baxmayaraq olduqca yaxşı vəziyyətdə idi. Nəinki, çətinliklə nəfəs alırdı, hətta sinəsi qalxıb-enmirdi də. Deyərdin, heç nəfəs almır. Bunu sorğulamağa macal tapmamış kişi heyrətlə çığırdı:
– Necə yəni, niyə bir-birlərinə oxşayırlar?! Cənab, sizin ağlınız qaçıb, nədir? Bunlar bir-birlərinə oxşamasa bilirsiniz nə olar? Fəlakət! Bütün əməklərimiz zay olar, müştərilər üstümüzə tökülüşər, canımızı qurtara bilmərik! Xahiş edirəm, belə axmaq suallarınızı başqa vaxta saxlayın. Axı, indi tələsməliyik…
Kişinin məzəmmətindən elə utandı ki, xəcalət tərləri tökdü. Doğurdan ha, belə axmaq suallar hardan ağlına gəlir. Bundan sonra susacaq və sakitcə adamın arxasıyca gedəcək. Belə də elədi. Yol boyunca dinmədən onun arxasınca getdi. Birdən kişi dayandı.
– Hə, şükür, vaxtında çatmışıq. Bir az da gözləmək lazımdır ki, sizinki gəlsin. Zəhmət olmasa, soyunun.
Cəld başını qaldırıb təəccüblə kişiyə baxdı. Onun sakitcə edilməsini gözləyədiyini görüb daha da hiddətləndi:
– Soyunum?! Bu nə axmaq zarafatdı! Niyə soyunmalıyam?!
– Cənab, hirslənməyin, axı siz də hazırlanmalısın. Odur, baxın sizin partiyada olan hər kəs hazırdı, bircə siz qalmısız – deyib, əli ilə əks tərəfdən gələn ikinci lentanı işarə etdi.
Üzünü çevirib kişinin göstərdiyi yerə baxdı. Lentanın üstündə heç nə görməyib, başını qaldırdı… Dəhşətdən üzü səyridi, gözləri hədəqəsindən çıxacaqmış kimi genişlədi: lentanın üzərindəki sıra-sıra qarmaqlara çılpaq insan bədənləri asılmışdı. Sallaqxanada doğranmağa hazırlanan leşlərə bənzəyirdilər – hamsının üzü ifadəsiz, ağappaq, gözləri qapalı və… cansız.
Dili topuq vura-vura dedi:
– Onlar-onlar ölüdülər? Bu-bura haradır belə?! 
– Cənab, ölü? Xahiş edirəm, bizi təhqir etməyəsəniz. Bu fabrik yarandığı gündən bir dəfə də olsun istifadəyə yararsız mal istehsal etməyib. Onlar sədəcə bütün sözəbaxan müştərilər kimi öz növbəsini gözləyirlər, – kök kişi axrıncı cümləni rişxəndlə deyib, onu süzdü. – Budur, sizinki də gəldi. Siz isə, öz sıranızda olmaq əvəzinə mənasız ittihamlar edirsiniz. 
Onun başı ilə göstərdiyi istiqamətə baxdı. Gələn sadəcə bir qrup yaxşıca geyindirilmiş, üzlərinə ifadələr çəkilmiş fiqurlar idi. Ancaq diqqətlə baxandan sonra seçə bildi ki, o fiqurlardan biri azacıq özünə bənzəyir. Bayaqdan buna heç fikir verməmişdi. Çevrilib adama baxdı, hələ də məzəmmətlə onu süzürdü. 
– Tələsin, cənab. – cibindən çıxartdığı dəftərçəni açıb, bir səhifəni ona göstərdi. – Baxın, burada yazılıb: filan çəkidə, filan boyda, filan markanı sevir, filan filmlərdən xoşlanır, filanı yeyir, filan din, filan irq, filan tip… Yazılanların hamısı hazırdır. Bircə qalıb sizin qəbul etməyiniz. 
Bir addım geriyə gedib var gücü ilə başını yellədi:
– Mən istəmirəm! İstəmirəm!
Beyni minlərlə sual arasında çabalayırdı, gözləri tez-tez öz fiqurlarına doğru aparılan “meyid”lərə sataşır, qorxusu daha da artırdı. Onun əksinə kişi olduqca sakit görünürdü. Çiynini çəkib, başını yellədi.
– Ax, min dəfə demişəm ki, bu tarixləri yaxşı yoxlasınlar. Nə etmək olar, burada belə işçilər tənbəlliyi sevir. Görünür, sizin köhnə örtüyünüzün vaxtı keçib. Baxın, baxın, hələ ayağınızın ucunda bir balaca yırtıq yaranıb. Bütün bu iyrənc fikirlər də oradan süzülüb gəlir. Fu, üfunətə bax! Gərək tələsək, yoxsa bu iyrənclik tamam çölə çıxacaq. Bir də görəcəyik ki, “Yox, bunu mən sifariş etməmişəm!” deyə qışqırmağa başlamısınız. 
Başını əyib ayağının ucuna baxdı. Həqiqətən də kiçik, qara dəlik var idi. Ona baxdıqca içində qaçmaq, buradan qurtulmaq fikri böyüməyə başladı. Lakin buna fürsət tapmamış dəmir qanca onun boynundan yapışıb, yuxarı qaldırdı. Çabalayıb, ondan qurtulmağa çalışdı. Bu isə daha çox ona ağrı verirdi. Tezliklə iki robot qol gəlib onu soymağa başladılar. Əli ilə onlara manə olmağa çalışanda dərk etdi ki, çıxardıqları paltarları deyil… Yox, onlar dərisinin üzərinə yapışmış nəyisə soyurdular. Ondan az kənarda dayanmış ölü baxışlı, solğun “meyid”lərə baxıb, qorxuyla bağırdı:
– Əl çəkin! Cəhənnəm olun! Buraxın! Köməyə gəlin! Köməyə gəlin!
– Cənab, cənab, xahiş edirəm, səs-küy salmayın.
Kök kişi aşağıdan ona baxıb, təəssüflə başını yelləyirdi. Var gücünü toplayıb, ona qışqırdı:
– Məni hara gətirdin, alçaq?!
Gözləri qaralır, başı gicəllənirdi. Huşunu itirməyə yaxın zəif səs eşitdi:
– Necə yəni hara? Bura qablaşdırma fabrikdir. Ölkənin, yox dünyanın bir nömrəli qablaşırma fabriki. Bizim fabrikimizdə istehsal olunan örtüklər hər cür şəraitə davamlıdır və biz əmin oluruq ki, heç vaxt heç cür zir-zibil bu paketdən çölə çıxa bilməz!
“Qablaşdırma fabriki” – bu adı haradasa eşitmişdi. Dumanlaşmış beynində qırıq-qırıq xatirələr canlandı: “ qablaşdırma fabriki, sıra nömrəsi AB23958, Cəbrayılov Xəlil”. Qollarını aşağı saldı, gözlərini yumdu. Bütün sözəbaxan müştərilər kimi sakitcə sırasını gözləməyə başladı…

Cəmilə Məmmədli