Sim-sim.az

Şəbnəm KARSLI –  ARAZ KİNOTEATRINDA QƏTL

22291944_1872542419428042_991621678_n

 

Keçiddə dayanıb qurbanını gözləyən Baba yanından keçən kişilərin bir şey başa düşməmələri üçün tez-tez saatına baxır, kimisə gözləyirmiş kimi görüntü yaradırdı. Nəhayət, həmin an gəlib çatdı. Keçidin pilləkənlərində bir gənc qız göründü. Baba tələsik sağa-sola nəzər saldı. Başqa heç kimin gəlmədiyindən əmin olub şalvarının önünü açdı. Tam hazır olan cinsi orqanını çıxarıb qıza doğru yaxınlaşdı. “Bax, bura bax” deyərək qızın daha tez görməsini və həzzin unudulmaz olmasını təmin etmək istəyirdi. Qız bir an ayaq saxladı, amma geriyə doğru qaçmadı. Hətta qorxmadı da. Sadəcə, ətrafa nəzər saldı, heç kimin onları görmədiyindən əmin olub Babaya doğru addımladı. Baba özünü itirmişdi, ilk dəfə idi ki, belə halla qarşılaşırdı. Qız ona doğru tam yaxınlaşanda Baba cinsi orqanını şalvarının içinə saldı və düyməsini bağladı. Qızın isə niyyəti başqa idi: –    Salam. Kim olduğunuzu bilmirəm, amma bu etdiyiniz psixoloji xəstəlikdir. Siz eksbisyonizm xəstəsisiniz. İstəsəniz sizə kömək edə bilərəm. Baba qorxmuşdu, bütün ehtirası da məhv olmuşdu. Arxaya dönüb qaçmağa başladı. Qız isə onun arxasınca qaçır və inadla onunla söhbət etmək istədiyini bildirirdi: –    Qaçmayın, sizə zərər vermərəm. Heç kimə də bu haqda danışmaram. Sizə köməyim dəyə bilər, mən həkiməm… Baba özünü itirmişdi. Şəhərdə bir az dolaşdıqdan sonra internet klublardan birinə girdi, bayaqdan beynində dolaşan o sözü – eksibizyonizm ifadəsini axtarış etdi. Oxuduqları qarşısında sarsılmışdı. Elmi məqaləni birnəfəsə oxuyan Babanı tər basmışdı. Özünü heç vaxt bu qədər anormal hiss etməmişdi. Baş verənlərin sadəcə, cinsi arzu olduğunu düşünürdü. Baba etdiklərinin xəstəlik olduğunu düşünmək istəmirdi. Acı həqiqət onu məhv edirdi. Bu yaşa kimi eksbisyonizmlə yaşamışdı, indidən sonra da yaşaya bilərdi. Özünə söz verdi ki, bir daha heç vaxt bu sözlə maraqlanmayacaq. Amma bütün cəhdləri əbəs idi. Özü istəsə də, istəməsə də, qeyri-ixtiyarı olaraq internet saytlarından bu haqda məlumatlar toplamağa başladı. Bu haqda daha çox xarici saytlarda məlumatlar var idi. Türk və rus dillərində olan saytlarda problemin mahiyyəti və müalicəsi haqqında informasiyalara rast gələ bilərdi. Amma bütün bunlar Babaya gülməli gəlirdi. Saytlardakı məlumatlara görə o, xəstə idi. Özü də psixi xəstə. Axı Baba özünü normal heab edirdi. Ətrafında olan heç kim indiyə qədər onda bir qəribəlik görməmişdi. Özünün hisslərinə bir o qədər güvənməyə bilərdi. Axı bütün dəlilər özlərini dahi hesab edilər. Hətta özünü Sezar, Lenin, Hitler hiss edən dəlilər də az deyil. Lakin bu yaşa qədər ətrafında heç kəsin onun ağlına şübhə etməməsi və psixoloji durumundan əndişə keçirməməsi onu bir qədər sakitləşdirirdi. Baba tam sağlam olduğu qənaətində idi. Hərə bir cür zövq alır. İnternet saytlarda fetişizm var, onlar da ayaq yalamaq və ayaqla sevişməkdən həzz alırdılar. Axı böyük bir fərq yoxdur. Hərə öz cinsi ehtiyacını bir şəkildə ödəyir. Hətta corab və alt paltarlarına baxıb sakitləşən kişilər var. Qadınlara aid bu tipli əşyalar onların sönmüş orqanlarını yenidən iqtidara gətirə bilir. O zaman niyə öz penisini göstərərək sakitləşən bir kişi xəstə hesab edilməlidir? Yox, Baba bunlarla razılaşa bilməzdi. Tibb elmi bütün növ insanlara laboratoriya dovşanı kimi yanaşır. Kiçik fərqlilik göstərənləri də psixoloji xəstə elan edib məcburi müalicəyə cəlb edilər. Xəstə yarlığını birinə yapışdırmaq əslində çox asandır. Amma heç bir psixiatr bir dəfə xəstə yarlığı qazanmış insanı yüz faiz sağlam şəkildə cəmiyyətə qazandıra bilməyib. Nə qədər çalışıb vuruşsalar da xəstə damğası yeyən insan hər zaman özünü anormal hiss etməyə davam edəcək.  Baba özünü bu ana qədər anormal hiss etməmişdi. Ancaq internet materialları və qızın onu xəstə adlandırması damğa effekti verdi. Baba artıq qeyri-adi olduğunun fərqində idi. Qadına toxunub, əlləri və bədəni ilə təmasa keçib normal seks yaşayan insanlar anormal deyildi. Artıq Baba öz fərqliliyini dərk etmişdi. Bunun adına xəstəlik demirdi, psixoloji problem də demirdi. Amma qəbul edirdi ki, hər kəs kimi deyil, anormaldır. Bu, onu az da olsa incidirdi.   Baba bulvara tez-tez getmirdi, gedəndə də günorta və ya axşamüstü getmişdi. İlk dəfə idi ki Baba gecə vaxtı bulvarda idi. Babanın diqqətini qadınlar çəkirdi. Burada pul qarşılığında özünü bu uşaqları yaşda oğlanlara təklif edən qadınlar Babanın bütün ağlını başından almışdı. Lakin Babanın istəyi bu iyrənc fahişələrə toxunmaq deyildi. Hətta toxunmaq haqqında düşünəndə ehtiras hissi ondan uzaqlaşırdı. Baba ancaq və ancaq göstərmək, öz cinsi orqanını nümayiş etdirmək istəyirdi. Bunun üçün isə kollektivdən ayrılmaq lazım gəlirdi. Baba yaxınındakı oğlanlara tualetə getmək istədiyini bildirdi. Ona dedilər ki, tualet təxminən iyirmi metr yuxarıdadır. O da göstərilən istiqamətdə irəliləməyə başladı. Önündə isə yarıçılpaq gözəlçə gedirdi. Az sonra Baba tualet istiqamətini bu gözəlçənin yürüdüyü yönə doğru dəyişdirdi. Qadın arxadan mükəmməl idi. Artıq həyəcan dözülməz həddə çatmışdı. Şalvarının önünü açdı, daha sürətlə irəliləyib qadını ötdü. Sonra qəfil çevrilib öz silahını qadına nümayiş etdirdi. Qadın bir anlıq duruxdu, nə baş verdiyini anlamağa çalışdı, bu ani fürsətdən ehtirasın zirvəsinə çatan Baba isə yenidən qadına arxasına çevirib qaçmağa başladı.  Baba gecənin bir yarısı qaçıb gizlənməyə yer tapa bilmirdi. Şəhərin mərkəzi küçəsində onu bu halda – şalvarının düyməsi açık və cinsi orqanı bayırda – tutsaydılar vəziyyəti heç də yaxşı olmayacaqdı. Elə bu anda gözü “Araz” kinoteatrının qapısına sataşdı. Qapı açıq idi və içərdən işıq gəlmirdi. Özünü hövlnak içəri atdı. Bu anda gələn xırıltılı qoca kişi səsi onu bir daha qorxutdu: –    İyirmi qəpik! –    Nə? – hələ nə baş verdiyini anlamamışdı. –    Deyirəm ki, tualet iyirmi qəpik, – xırıltı səs kiçik bir izahat verdi. Baba artıq başa düşdü ki, kinoteatrın gözətçisi Gülbala ondan ayaqyolu üçün pul istəyir. Gülbala Babanın ayaqyolu üçün özünü buraya atdığını zənn etmişdi. Bu zənn yalnış olsa da Babaya sərf edirdi. Plaşın önünün açılmamasına diqqət edərək cibindən iyirmi qəpik çıxardı və qoxusundan anladığı kimi sol tərəfə – ayaqyoluna girdi.  Gülbala doğulduğu gündən Sovetskidə yaşamışdı. Ən böyük hobbisi qonşu Mirzəbalanın quşlarının arxasında göyə baxmaq idi. Qazanc dalınca getməyi isə özünə ən ağır və məşəqqətli iş bilirdi. Ona görə də asanlıqla pul tapmaq, özünü dolandırmaq üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən istifadənin siftəsini nənəsinin corabından pul oğurlamaqla eləmişdi. Uşaqlıqdan əli əyri idi. Bunun axırı da işıqlı yoldan keçmirdi. Bu qaranlıq yol onu ilk dəfə qaranlıq məkana – həbsxanaya gətirəndə Gülbalanın 24 yaşı var idi. Sonralar da üst-üstə 32 il türmə həyatı yaşamışdı, hamısı da oğurluq üstə. İndi isə 61 yaşlı qoca kişi idi. Nə gözündə itilik qalmışdı, nə ayağında taqət. Ona görə də təqaüdünə xeyli qalmış məcburi “sevdiyi peşəsindən” ayrı düşmüşdü. Ona görə də başqa bir iş axtarmaqdan başqa çarəsi yox idi. Oğul-uşaq, dost-tanış toplaşıb Gülbalaya iş tapırlar. “Araz” kinoteatrının güzətçiliyi vəzifəsi ona həvalə olunur. Burada rəsmi maaş çox az idi – cəmi yüz on manat. Amma çax-çuxu da olacaqdı. Şəhərin mərkəzi küçəsində yerləşən kinoteatrın bir uçuq-sökük, iyindən it hürkən bir tualeti var idi. Həmin tualetdən gələn gəlir Gülbalaya qalırdı. Bu isə təxminən bir aya yüz manat edirdi. Hələ bəzi “xüsusi müştərilər” ona daha yaxşı pul qazandırırdılar. Gülbala yaxın bildiyi gədələri öz qız dostları ilə rahat sevişə bilsinlər deyə gecələr kinoteatrın qapısından içəri ötürürdü. Özü də arxa tərəfdən açdığı gizlin gözlükdən canlı porno izləyir və bundan ikiqat zövq alırdı. Həm göz zövqü, həm də cib üçün qazanc. Necə deyərlər, həm ziyarət, həm ticarət. Bir dəfə uşaqlar Gülbala ilə qəşəng zarafat edirlər. Onun oğru keçmişini bilənlər təklif edirlər ki, Gülbala yenidən bu “sənətinə” geri qayıtsın. Gülbala isə qocalığından şikayətlənir: –    Ay bala, məndə daha o taqət yoxdur. Cavanlığımda yaxşı oğruluğum olub. İki saniyənin içində malı götürüb aradan çıxırdım. Qəşəng qaçırdım. Heç bir köpəyoğlu mənə çata bilməzdi. İndi o gücüm yoxdur, – dedi və gözlərini naməlum sonsuzluğa zillədi. Uşaqlar isə əvvəldən planlaşdırdıqları kimi davam etdilər. İçərilərində İtoynadan Sadiq kimi tanınan oğlan dedi: –    Gülbala dayı, bunun başqa əlacı var, görünməz ol. –    Nətəri, ay oğul? – Gülbala təəccübünü gizlədə bilmədi. –    Gülbala dayı, internetdən oxumuşam ki, qara pişiyin başını kəsib, ətini sümüyündən ayırırsan, sonra da sümüklərini bir gecə qaynadırsan. Həmin qaynanmış sümüyü başına qoyanda olursan gözəgörünməz. Normal insan üçün həddindən artıq şişirtmə yalan hesab olunan bu söhbət Gülbalanın ağlına batır. Əvvəla, o, yaşının elə bir çağını yaşayırdı ki, çalışırdı sonradan peşman olmamaq üçün bütün eşitdiklərini öz üzərində tətbiq etsin. Peşman olmağa heç vaxtı yox idi. Həm də “internet” deyilən şey sovetin “televizorda göstəriblər” ifadəsi ilə eyni idi. Cahil camaat elə bilir ki, internetdə nə varsa, düzdür. Gülbala bu uşaqlara inanmaya bilmirdi. Necə olsa bu gədələr üçün gecələr kinoteatrda az münbit şərait yaratmamışdı. Yanlarında gətirdikləri üzdə utancaq və çəkingən “ev qızlarının” kinoteatrın zalında çıxardıqları min hoqqaya dözmüş, hətta onlardan sonra zalı özü təmizləyib abra salmışdı. Qısacası, Gülbala bu uşaqlara inanırdı və dediklərini etməyə qərar verdi. “Sovetski”də qara pişik tapmaq çətin məsələ deyildi. Onun başını kəsib qaynatmaq da asan oldu. Səhər tezdən əlində bir ləyən qaynanmış pişik sümüyü ilə düz Mirzəbalagilə getdi. Həyət qapısını açıb uşaqlıq dostunu çağırdı: –    Mirzəbala, ay Mirzəbala! –    Saboon xeyir, ay Gülbala, – Mirzəbala əl-üzünü qurulaya-qurullaya dəsmalla həyətə çıxdı, – əgər ki, quşlara baxmağa gəlmisənsə, quşları bu səhər buraxmiceyəm. Dumandu, qoy hova açılsun, buraxaraceyəm. –    Yox ey, sən hələ yaxınlar görüm, – Gülbala həyəcanlı idi.  Birdən Mirzəbalanın gözü Gülbalanın əlindəki ləyənə sataşdı: –    Bu nədü, ala? –    Elə onuyçün gəlmişəm dəəə… Gülbala ləyəndən götürdüyü sümüklərdən birini başına qoyub soruşdu: –    Görürsən məni? –    Hə, görürəm, nöşün ki? –    Bəs indi? – Gülbala başqa bir sümük götürdü və başına qoydu. –    Yenə görürəm, neyləyirsən, ala? –    Bəs indi? Yenə görürsən? Beləcə, Gülbala ləyəndə olan bütün sümükləri bir-bir başına qoyur, heç birində də gözəgörünməz olmur. Yaman əsəbləşmişdi. Olanları Mirzəbalaya danışanda isə bütün “Sovetski” onun qəhqəhə səsi ilə silkələndi. Artıq Gülbala özü də başa düşmüşdü ki, Tarqovıdakı gədələr onunla möhkəm zarafat ediblər. Gülbala kənardan baxana çox saf və ziyansız görünürdü. Lakin hər şey həmişə göründüyü kimi olmur. Həmin gədələrin Gülbalaya yenə “gecə sığınacaq ehtiyacı” ucbatından işləri düşəcəkdi, düşdü də. Gülbala bu fürsəti əldən vermədi.  Gecənin bir yarısı polislər qəflətən kinoteatra basqın elədilər və zalın hər küncündən bir cütlük çıxdı. Uşaqlar yaxşıca soyuldular, qızların valideynləri isə əməlli-başlı lüt qaldılar. Gülbala bu əməliyyatdan üç yüz manat “qazandı”. Lakin həmin uşaqlara and-aman elədi ki, bu basqında onun əli olmayıb. Ona isə inanmış kimi görünsələr də heç kim inanmadı. Baba isə Gülbalanın taleyindən xəbərsiz şəkildə onun xidmətindən yararlanmışdı. Ayaqyolundan çıxdı, kişiyə dilucu “sağ ol” deyib kinoteatrdan uzaqlaşdı. “Araz” kinoteatrının önündə dayanan İtoynadan Sadiq isə onun çıxmasını gözləyirdi. Baba gözdən itər-itməz özünü kinoteatra saldı. Həmin qaranlıq gecənin səhəri bütün kriminal xəbərlərdə “Araz” kinoteatrının gözətçisinin naməlum şəxslər tərəfindən bıçaqlanıb öldürülməsi xəbəri yayıldı. Polislər isə cinayətin izini Gülbalanın keçmişində axtarırdılar.