Sim-sim.az

Təməl Qaradaş – “Aprel”

image91-750x400

Sim-sim.az çağdaş türk yazıçısı Təməl Qaradaşın "Aprel" hekayəsini təqdim edir.

 

Bağçadakı yelləncək yavaş-yavaş tərpənirdi. Ağacların içi sıxılır, otlar darıxırdı. Alaş quyruğunu otlara sürtə-sürtə yelləncəkdəki iki xanıma baxırdı.

– Bu ev xatirimdə belə qalmayıb – dedi Nisan, sanki yuyularaq yığılıb.

Canan üzündə təbəssüm yaradaraq:

– Balaca hər zaman böyük görər – dedi.

– Gözəl, – dedi Nisan, saqqızını şişirib partladaraq. Balaca hər zaman… Necəydi?

Canan yanında oturan qız tərəfə baxmamağa çalışırdı. Bəlkə də baxa bilmirdi. Yenə də üzündə təbəssüm yaradaraq:

– Nə necəydi?

– Bayaq gözəl bir cümlə dedin, balaca hər zaman… Ardı necə idi?

Cəmi-cümlətani beş sözün üçünü yadında saxlaması onun yaddaşına işarəydimi? Atasına oxşayıb  yəqin. Əsəbləşsə də, üzə vurmadı.

Bu səhər illər əvvəldən xatirində qalan duyğuyla oyanmışdı. Gözünü günəşlə birlikdə açmışdı. Gözünə düşən parlaq və isti şüalara söyməmişdi. Sanki heç qırx beş yaşı yox idi. Elə bil onu dünyaya gətirdiyi yaşda – otuz yaşında idi. İl min doqquzyüz səksən üç, ay gəlib keçmiş aprellərdən biri idi. Yağış yağmırdı.

Üzünü yuyanda güzgüyə baxdı. Yad bir üz gördü. Çoxdandır özünü belə görməmişdi. Üzünü bir daha sabunladı.

– Aa. Heç vaxt belə tez oyanmazdın, gün hardan çıxıb? Hələ heç günorta olmayıb. Əsəbləşmədi.

– Ana, – dedi və susdu.

Sanki qırx il əvvəl qonaq otağındakı radionu yerə saldığını etiraf edəcəkdi. Qırx il… Yetmiş yaşına təzə girən anası narahat görünürdü. İndiyə qədər on il öncə qəsəbəyə gələrək həyatdan bezdiyini deyən qızının günortadan tez oyandığına şahid olmamışdı. Üstəlik ilk dəfə idi ki, tez oyanmasına baxmayaraq üzündə bu yersiz təbəssümü görürdü. Heç nə soruşmadı. Daha doğrusu soruşa bilmədi. Qoy o özü desin.

– Ana, qarşıdan aprel ayı gəlir, – dedi.

Bismillah… bu qız ağlınımı itirdi? Üç aydı ki, aprel çıxıb. Birdən gözünün önündə toppuş əllər, həmişə gülən gözlər, divandan tuta-tuta gəzən balaca bir bədən canlandı.

– Ap… Aprel… Bizim aprel?

– Bizim? Bilmirəm. Həmişəki aprellərdən biri.

Gör nə qədər böyümüşdü. Görəsən sonuncu sinifdə çəkdirdiyi şəkildə anasından hündür idimi? Amma anası şəkildə olmadığından bilmirdi. Atasına oxşayırdı. Bəs xasiyyəti? Bircə bu məsələdə atasından fərqlənirdi. Fuad yaxşı adam idi. Onu ərsiz, qızını atasız qoyması onun günahı deyildi. Canan qızına atasızlığını hiss etdirməmişdi. Qızını yaralayan anasızlığı olmuşdu. İnsan anası üçün darıxmazmı? O qızından üç gün ayrı qalanda darıxır, görüşəndə özünü qoynuna atırdı.

– Canan, yeddi il oldu, hə? İnsan özünün bir parçası olanı necə unuda bilər? İki saatlıq yol bu qədərmi uzaqdı onun üçün?

Canan hər zamankı baxışı ilə tərs-tərs baxdı. Deyəsən hələ yeddi ildə keçəcəkdi. Bir uşaq anasını tanımazmı? Əslində günah uşaqda da deyil. Yazıq üç gün anada, üç ay atada, beş gün bacıda, bir il xalada yaşayaraq bu yaşa çatıb. İndi hardan bilsin ana kimdi, ata kimdi? Heç mən bilirəm ki, o da bilsin. Həyat.

– Böyük görər, – dedi, Canan.

– Nə? – dedi qız, qəh-qəhəylə.

– Bayaq soruşdun ha, balaca hər zaman…

– Həə… Gülərək gözəl sözdü, – dedi.

– …

Yelləncək cırıldıyır.

– Tərpətmə, yıxılarsan.

– Ana, siqaret var?

Canan ağaclara baxdı. Dilini çölə çıxarıb ləhləyən Alaşla göz-gözə gəldi. Görəsən, indi ölə bilərəm? İnsan gərək belinə bomba bağlanmış komikadze kimi yaşasın. Çünki əvvəl axır bombanın ipini çəkəcəyin an gələcək. Bu an o andır?

Canan qıza siqaret qutusunu uzatdı. O da içindən birini götürüb dodaqları arasına qoydu. Baxışlarıyla alışdır deyirdi. Canan çaxmağı axtardı. Deyəsən, üstündə oturmuşdu. Ayağa qalxdı, ama niyə durduğunu unutdu. Evə doğru addımladı.

– Necə? – deyərək arxasınca səsləndi. Balaca hər zaman?…

 

Tərcümə: Taleh Eminoğlu