Sim-sim.az

Taleyini Azərbaycana etibar edənlər – Reportaj

1

Bioloji varlıq kimi insan həyatının bircə mənası var: yaşamaq uğrunda mübarizə. Təbiətdən cəmiyyətə, mağaradan göydələnə doğru inkişaf insan həyatına yeni məna qatır, bu gün insan oğlu yalnız bircə şeyə can atmaqda: daha yaxşı yaşamaq. Yaşamaq uğrunda mübarizə daha yaxşı yaşamaq uğrunda mübarizəyə çevrilir…

 

Bir neçə ay öncə, dəqiq desəm, keçən yay həftəlik meyvə-tərəvəz yarmarkalarının birində Malik adlı adamla tanış oldum. Bazarın düz ortasında mexaniki üsulla fırlanan itiləmə dəzgahı qoymuşdu. Çarx daşını ət çəkən maşına elə ustalıqla birləşdirmişdi ki, dəstəyi fırladanda daş da fırlanırdı, özü də çox sürətlə. Düzü, xeyli müştərisi vardı, adamlar evdən gətirdikləri məişət bıçaqlarını, ət baltalarını itilətmək üçün növbəyə durmuşdular. 

Əfqanıstanlı Malik azərbaycanca səlis danışsa da, nitqindəki qəribə aksent diqqətimi çəkdi. Yaxınlaşıb onu söhbətə tutdum. Məlum oldu ki, 6 ildir Bakıda yaşayır. Əfqanıstanda yaşayan etnik qruplar haqqında az-çox məlumatım vardı. Bilirdim ki, Taliban rejimi dövründə əfqan xalqını təşkil edən iki böyük etnik qrup – puştular və xəzərlər, yumşaq desək, mehriban dolanmayıblar. Gözləri qıyıq idi Malikin, xəzər olduğu şübhə doğurmurdu. Soruşdum, təsdiqlədi.

Malikin gözlərində dərin kədər vardı, ancaq bu, təkcə vətən həsrətindən, qürbət sıxıntısından doğan kədər deyildi… Bir anlıq Azərbaycanda yaşayan etnik qruplar arasındakı qarşılıqlı hörmətə, həm də hansısa inzibati yolla tənzimlənən hörmətə yox, sırf səmimi hörmət-izzətə görə qürur duydum özümüzlə – talışlı-ləzgili, avarlı-udinli, ruslu-yəhudili Azərbaycan xalqı ilə.

Malikdən Azərbaycana hansı səbəbdən gəldiyini soruşdum. İkicə kəlməylə cavab verdi: “Puştular ermənidir!” Baxdım ki, Malik də artıq dönüb olub bizlərdən biri, “erməni” sözünün neqativ anlamı onun da düşüncəsində kök salıb. Elə bu vaxt ağlıma belə bir fikir gəldi: Azərbaycana pənah gətirmiş miqrantlar, onların yaşam tərzi, bizim cəmiyyətə adaptasiya olunub-olunmamaları ilə bağlı araşdırma aparmaq, onların gözüylə Azərbaycan cəmiyyətinə baxmaq.

 

Kasıb Hindistanın qızıllı qadınları                                         

İlk həmsöhbətim Suracdır. Hindistandan gəlib. Artıq 4 ildi Bakıdadır. Metronun “Nərimanov” stansiyasının çıxışında küçə ticarəti ilə məşğul olur. Deyir, nə gəldi satıram, əsas budur ki, xırda şeylər olsun. Şübhəli nəzərlərlə məni süzür, xatasız adam olduğumu yəqinləşdirəndən sonra içində cürbəcür təsbehlər, saatlar, breloklar olan balaca qutunu göstərib əlavə edir: “Polis gələndə tez qaçıram…”

Azərbaycana gəlməyinin səbəbini soruşuram. Deyir, qızım xəstə idi, bir müddət tikintidə işləyib pul göndərdim, sağaldı. İndi də ticarətlə məşğul olur. Hindistandakı dolanışıqdan gileylənir. Bir anlıq gözümün qabağına hind filmləri gəlir: oxuyub-oynamaqdan yorulmayan şən, pozitiv qəhrəmanlar, təmtəraqlı saraylar, qızıl saplarla işlənmiş sariyə bürünən hind gözəlləri… Suracın yarasına duz səpirəm: “Xəbərin varmı ki, hind qadınlarında olan qızıl kütləsi bütün Avropanın qızıl ehtiyatının 10 faizi qədərdir?” Deyəsən, məni anlamır. Fikri qabağındakı qutudadır. Başqa bir bədbin statistikanı xatırlayıram: dünyadakı yoxsulların nə az, nə çox – düz 40 faizi Hindistanda yaşayır…

Ölkəsində həyat səviyyəsini yüksəltmək, əhalisinin ən xırda ehtiyaclarını ödəmək, adicə tualet problemini həll etmək əvəzinə kosmik araşdırmalara, nüvə başlıqlarının istehsalına xərc qoyan populist Hindistan hökumətini qınaya-qınaya Suracın yanından uzaqlaşıram. Sağollaşmamışdan qabaq heç vaxt istifadə etməyəcəyimi bilə-bilə, Suracın əminlikə “orcinal, orcinal” deyə mənə sırımağa çalışdığı “Roleks” markalı bir saat almağı da unutmuram. Özü də üçcə manata…

 

Hindistanlı ilə pakistanlının Azərbaycan dilində anlaşması 

 Səlim Nəvazeşi Pakistan vətəndaşıdır. Metronun “Əcəmi” stansiyası yaxınlığındakı internet-kafedə rastlaşıram onunla. Zaldan pərdəylə ayrılmış balaca hücrədən səsi gəlir. Kafenin administratoru deyir, Səlim hər gün gəlir bura. Son vaxtlar gecələr də burda qalır, gecə saat 12-dən səhər 8-ə kimi gecələməyinin müqabilində cəmi bir manat ödəyir.

Səlimin hücrədən çıxmağını gözləyirəm. Söhbətləşməyə birtəhər razı salıram. 25 yaşı var. Nə işlə məşğul olduğunu soruşuram. Deyir, kafel-metlax ustasının yanında fəhləlik eləyirəm. Azərbaycana hansı səbəbdən gəldiyi ilə maraqlanıram. Cavab yeni deyil: yoxsulluq. Söhbət əsnasında qəribə bir detal diqqətimi çəkir: Səlim “Xutor” adlanan kvartalda, hindistanlı miqrantla eyni həyətdə kirayədə qalır. Bir hindistanlı ilə bir pakistanlının bir damın altında yaşaması mənə çox qəribə görünür. Səlim məsələyə aydınlıq gətirir: “Şəxsən mənim hindistanlılarla problemim yoxdur. Lap yaxşı yola gedirik. Orada düşmən olsaq da, burada dostuq. Özü də qonşum ailəlidir. Tez-tez məni yeməyə dəvət edirlər”. Mən onların hansı dildə danışdıqlarını soruşuram. Məlum olur ki, qərib qonşular Azərbaycan dilində anlaşırlar!

Beləcə, cəmiyyətimizdəki tolerantlıq atmosferi iki düşməni dosta çevirib, dilimiz onların arasında körpü salıb…

 

Koreyalılar niyə xaş yemirlər?

Azərbaycanda miqrantların problemləri ilə məşğul olan hansısa cəmiyyətin, QHT-nin fəaliyyət göstərib-göstərmədiyi ilə maraqlanıram. Bilirəm ki, Dövlət Miqrasiya Xidməti bu işlə məşğul olan rəsmi dövlət qurumudur. Lakin məni daha çox məsələnin mədəni-kultural tərəfləri ilə məşğul olan təsisatlar maraqlandırır. Fikrimcə, bu, çox ciddi məsələdir. Bildiyimiz kimi, Koreya və yapon mətbəxində qurbağa ətindən geniş istifadə olunur. Bir azərbaycanlıya bu, iyrənc görünə bilər. Demə, koreyalılar da bizim mal dırnağından hazırlanan xaşımızdan iyrənirlər. Mənə məsələnin məhz bu tərəfi maraqlıdır: yad mədəniyyətlər qarşılaşanda tərəflər özlərini necə aparırlar? Bakıda yaşayan çinlilərin küçə itlərini ovlayıb ətindən kabab bişirdikləri haqqında əhvalatları eşidənlər yəqin ki, çoxdur.

Uzun axtarışdan sonra miqrantların problemləri ilə məşğul olan QHT-ni tapıram. Təşkilat rəhbərliyi məni bir neçə mirqant qadınla görüşdürməyi boynuna götürür. Mənə məlumat verirlər ki, bu təşkilatı BMT maliyyələşdirir. Qurumun əsas məqsədi Azərbaycana pənah gətirmiş miqrantlara yardım etmək, onların Azərbaycan dilini öyrənməsinə kömək göstərməkdir. Burada miqrantların uşaqları üçün pulsuz dil kursları təşkil edilir. Əfqanıstan, Pakistan, Hindistan, İran və başqa Asiya ölkələrindən olan uşaqlar eyni sinifdə, yanaşı partalarda Azərbaycan dilini öyrənir, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olurlar. Kompüter kursları da pulsuzdur. Eyni zamanda miqrant qadınlar burada təşkil edilmiş balaca tikiş emalatxanasında çalışa bilərlər. Tikiş üçün lazım olan bütün materialları Qərb ölkələrinin Bakıdakı səfirlərinin xanımları alıb gətirirlər. Mənə deyildiyinə görə, səfir xanımlarını birləşdirən hansısa təşkilat da fəaliyyət göstərir.

Təəssüf ki, haqqında danışdığım QHT ilə bağlı bundan artıq məlumat verə bilməyəcəyəm. Bu, təşkilat rəhbərliyinin öz istəyidir. Burada görülən işlər məndə o qədər xoş təəssürat yaratmışdı ki, reportajımın çox hissəsini bu qurumun fəaliyyətinə həsr etmək istəyirdim. Ancaq QHT-nin rəhbərliyi bu istəyimi qəti etirazla qarşıladı. Belə başa düşdüm ki, onlar bu işləri reklam xatirinə yox, sırf humanist mülahizələrə görə həyata keçirirlər.

Odur ki, verdiyim sözü tuturam, əlavə heç bir məlumat vermədən burada görüşdüyüm miqrant qadınlarala söhbətə keçirəm…

 

Qışqırmaq kişinin vəzifəsidir?

 “Şukba”, – həmsöhbətim özünü belə təqdim etdi. Çeçenistandandır. On ildən çoxdur Bakıda yaşayır. Deyir ki, biz bura gələndən bəri Bakı çox dəyişib. Şukbanın həyat yoldaşı ev təmiri ilə məşğuldur. Dolanışıqdan narazılıq eləmir. Deyir, özümə çoxlu rəfiqə tapmışam, tez-tez görüşüb qeybətləşirik.

– Necə bilirsiz, Azərbaycan qadını ilə çeçen qadınının fərqi nədir? Yəni çeçen qadının ailədə rolu nədən ibarətdir?

– Biz islam qaydaları ilə yaşayırıq… 

Gülümsəyirəm. Şukba etiraz edir:                  

– Yox, mən vəziyyətimdən razıyam. Bilirsiz, islam qaydaları ilə yaşamaq əslində çox rahatdır. Qadının da, kişinin də ailədə rolu müəyyənləşib. Hər şeyə ərim qərar verir. Nəyimə lazım, özü bilər! Bu, məni məsuliyyətən azad eləyir. Sizin qadınlarsa başlarını cəncələ salırlar…

– Təsadüfən kişi sizi o vaxt götürüb qaçmayıb ki?                        

– Hə, bizdə belə bir adət var. Düzü, daha bu adət aradan qalxıb. İndi qız qaçıranı bir milyon rubl cərimələyirlər. Amma mən qoşulub qaçmamışam. Yaxşı ki, qız qaçırmaq qadağan olunub.                                                                                                       

 – Yaxşı, bəs kişi acıqlananda üstünüzə qışqırırmı (əslində “döyürmü” demək istəyirəm)?                                  – Əlbəttə! Qışqırmaq kişinin vəzifəsidir.                                                                                                  

 –  Nə əcəb geri dönməmisiz? Axı indi orada sakitçilikdir.                                                             

– O sizə elə gəlir. Orada vəziyyət əvvəlkindən də pisdir… Burada isə gecə parkda da yatsan, bilirsən ki, başına bir iş gəlməyəcək.                                                            

– Bəs sizin yeməklərlə bizim yeməklər arasında nə fərq var?                                                  

-Sizin yeməklər daha gözəldir. Bizimkilərin çoxu xəmirdən hazırlanır. Cəmi bir-iki növ yeməyimiz var. Sizdə isə çeşid çoxdur. Ən çox da lülə-kababı xoşlayıram.                                                                                                

– Siz də burada Azərbaycan dili kurslarına gedirsiz?                                                             

– Yox, düzü, ehtiyac da yoxdur, burada hamı rusca bilir. Açığı, mən heç çeçen dilini də əməlli-başlı bilmirəm. Amma uşaqlar Azərbaycan məktəbinə gedirlər. Qızım sizin dili çox sevir, bir dəfə lap balaca olanda pəncərədən çölə baxırdı. Baxdı, baxdı, sonra gəlib Bakı haqqında şeir yazdı. Özü də Azərbaycan dilində yazmışdı şeiri…

 

Bizim çörəklər dadsızmış                                                                                                                               

Niki Nicat İrandan gəlib. Xuzistan adlı balaca şəhərdən. 9 aydır Bakıdadır. Deyir, ərim Təbrizdəndir, əvvəl özü buralara gəlib gedirdi, sonra bizi də gətirdi. Fotoşəklini çəkməyə güc-bəla ilə razı salıram, qorxur ki, birdən ərinə xoş gəlməz. Razılıq verəndə isə belə deyir:                                                                                                          

 – Çək, eybi yox, bəlkə kimsə bizə kömək eləmək istədi…                                                            

Niki xanım vəziyyətdən bir o qədər razı deyil. O fikirdədir ki, burada iranlıları sevmirlər, çünki:

– İş tapa bilmirəm, heç yerdə iş vermirlər mənə. Halbuki yaxşı saç ustasıyam…

Söhbəti məişətə gətirməyə çalışıram:                                                                     

 – Bəs yeməklərimiz necə, xoşunuza gəlirmi?                                                                                 

– Yeməklər pis deyil, amma sizin çörəklər çox dadsız olur, hələ də  öyrəşə bilmirəm.

 

Ərə gedəndə 14 yaşım vardı, ərimi ilk dəfə toyda gördüm…

Əzizə Heydəri artıq bir neçə ildir Bakıda yaşayır. Azərbaycanca danışa bilməsə də, dilimizi tam başa düşür. Azərbaycanda hansı qəribəliklərlə rastlaşdığını soruşuram. Deyir: “Bir dəfə Novruz bayramında evimizə papaq atmışdılar. Qorxdum. Sonra qonşular dedilər ki, bu, sizin adətinizdir. Əfqanıstanda belə adət yoxdur”. 

Əzizə xanım fotoşəklini çəkməyə razılıq vermədi, deyəsən, bunun ona problem yarada biləcəyindən ehtiyatlanırdı. Deyir, Əfqanıstanda hər an ölüm təhlükəsiylə üz-üzəydik, burada heç olmasa bilirik ki, bizi öldürməyəcəklər.

Dərzidir. Əsasən buradakı əfqan ailələrdən sifariş götürür. Bakıya əri ilə birgə gəlibmiş, ancaq burada boşanıblar, daha doğrusu, əri onu atıb gedib. İndi ərinin harada olduğunu bilmir. Uşaqları tək böyüdür. Dediyinə görə, hər ay buradan 100 manat yardım alır.

Təhsili ilə maraqlanıram. Gülür. Deyir, beşinci sinfədək məktəb görmüşəm: “Ərə gedəndə 14 yaşım vardı, ərimi ilk dəfə toyda gördüm”. Niyə məhz Azərbaycanı seçdiyini soruşanda deyir ki, bizimçün hara getməyin fərqi yox idi, təki Əfqanıstandan çıxa bilək…

 

Pakistanda qadın özünə ər seçə bilməz 

Şaziya Malik Pakistanın Multan şəhərindəndir. 4 uşağı var. Bakıya gəldiyi 10 aydır. Dediyinə görə, əri küçə ticarəti ilə məşğul olurmuş, vaxtaşırı Pakistana gedib xına gətirirmiş. Son gedişindən sonra ondan xəbər çıxmayıb. Deyir, ola bilsin, onu öldürüblər.

Pakistanı tərk etmələrinin səbəbini soruşuram. Məlum olur ki, əri etiraz aksiyalarında iştirak etdiyinə görə təqib olunurmuş. Dolanışığı ağırdır. Göz yaşlarını saxlaya bilmir, deyir, bir dəfə məni küçədə dilənçi bilib ovcuma pul qoydular, onda lap sarsıldım. O ağladığı müddətdə mən susuram…

Sonra Azərbaycan xalqından razılıq eləməyə başlayır. Deyir, Pakistanda qadını adam yerinə qoymurlar, avtobusda kişilər az qalır belimizə minsinlər: “Burada isə vəziyyət tam başqadır: metroda, avtobusda kişilər çəkilib qadına yol verirlər, yer verirlər”.

Azərbaycan toyunda olub-olmadığını soruşuram. Deyir, toylarınızda olmamışam, amma bir dəfə qonşumuzun oğlu əsgərlikdən gəlmişdi, məni də qonaqlığa çağırdılar: “Çox xoşuma gəldi yeməkləriniz. Ancaq Pakistan yeməklərinə baxanda siz çox duzlu yeyirsiz”.

Şaziyanın dediyinə görə, Pakistanda qadının özünə ər seçmək hüququ yoxdur. Qızı ərə verəndə gərək bütün qohumlardan razılıq alasan.

Bu yerdə onun yanımızda durub söhbətimizə qulaq verən 7 yaşlı qızına işarə ilə soruşuram:

– Deyirsiz ki, Azərbaycan kişiləri yaxşıdır. İstərdinizmi qızınız azərbaycanlı oğlanla evlənsin?                                                        

Gülür:                                                                                                          

– Mümkün deyil. Bununçün mən gedib Pakistandakı bütün qohumlarımdan icazə almalıyam…                                                                                       

– Adətlərimiz arasında ən əsas fərq nədir, sizcə?                                                                                         

– Məsələn, Pakistanda buradakının əksinə olaraq qız evi oğlan evinə elçi düşür, toyun bütün xərcini də qız tərəf çəkir.                                                                                     

Bu yerdə zarafat eləməkdən özümü saxlaya bilmirəm:                                                                                            

 – Hayıf ki, artıq evliyəm, yoxsa gedib pakistanlı qız alardım.                                                             

Şaziyanın üzünə təbəssüm qonur…

 

Əfqanlar bizə qız vermirlər

Mənim pakistanlı gəlin axtarışına çıxdığım məqamda Mehriban Əhmədi söhbətimizə müdaxilə edir:                                          

– Ancaq əfqanlar azərbaycanlılara qız vermirlər…                                                                                       

Mehriban xanım azərbaycanlıdır. Əfqanıstanlı oğlanla evlənib. Dediyinə görə, sevgi əsasında ailə qurublar. Həyat yoldaşı kafel ustasıdır. Böyük qızının 20 yaşı var. Soruşuram ki, bəs siz öz qızınızın azərbaycanlı oğlana ərə getməsinə razısınızmı? Deyir, mən razıyam, amma ərim razı olmaz, əfqanlar başqa millətə qız vermirlər.

Xahis edirəm ki, sualımı Əzizə Heydəriyə də tərcümə eləsin:                                                                       

– Əzizə xanım, niyə əfqanlar başqa millətə qız vermirlər, axı özgə millətdən qız alırsınız?                                                                                                    

 – Səbəbini dəqiq bilmirəm. Bircə onu bilirəm ki, kimsə başqa millətə qız verəndə ona pis baxırlar…

 

Məni bir azərbaycanlı oğlan istəyirdi…”                                                                               

Təmənna Şərifi tərcüməçimizdir. Düzü, əvvəlcə onu azərbaycanlı bilmişdim, çünki dilimizdə təmiz danışır. Sonra məlum oldu ki, əfqan qızıymış. Artıq 15 ildir Bakıdadır, məktəbə də burada gedib. Ali təhsil almağı çox istəyirmiş: “Amma burada Azərbaycan vətəndaşı olmayanlar ödənişsiz təhsil ala bilməzlər. Ailəminsə təhsil haqqını ödəmək imkanı yox idi. İndi artıq gecdir, ailəliyəm…”

Soruşuram ki, azərbaycanlı oğlanla ailə qurmusan, yoxsa əfqanla? Deyir, məni bir azərbaycanlı oğlan istəyirdi, atam razı olmadı: “Bizdə belə şeyləri ata həll edir. Odur ki, əfqan oğlanla evlənəsi oldum”.

Urdu dilini haradan bildiyini soruşuram, deyir, filmlərə baxa-baxa öyrənmişəm…

***

Qadınlarla xudahafizləşib (elə belə də deyirəm: “xudahafiz”) dəhlizə çıxanda Fərzadla rastlaşıram. Fərzad Əzizi də Əfqanıstandandır. İki ilə yaxındır Bakıdadır. Deyir, burada onlara çox hörmətlə yanaşırlar. Fərzadın atası 1991-92-ci illərdə Qarabağ cəbhəsində döyüşüb.

Soruşuram ki, Əfqanıstanı hansı səbəbdən tərk eləmisiz? Deyir, orada insanları ikicə şey maraqlandırır: yemək tapmaq və sağ qalmaq: “Hətta yemək tapmaq daha asandır. Səhər evdən çıxan adam axşam yuvasına dönəcəyinə əmin deyil. Odur ki, hamı evdən doğmaları ilə halallaşıb çıxır. Burada isə bizi belə təhlükə gözləmir”.

Fərzad da şəkil çəkdirməyə razılıq vermir. Soruşuram ki, bəlkə Azərbaycana müvəqqəti gəlmisən, buradan hansısa Avropa ölkəsinə getmək istəyirsən? Deyir, yox, Azərbaycanda qalmağa qərar vermişəm:

– Mən müsəlmanam. Qorxuram ki, Avropaya getsəm, nəvə-nəticəm islamdan uzaqlaşar. Məni hər məsələdən çox bu düşündürür, ona görə də, Azərbaycanda qalacam.

***

Müxtəlif ölkələrdən gəlmiş həmsöhbətlərimi birləşdirən bir cəhət var: onlar Azərbaycandakı tolerantlıq mühitində, etnik-mədəni rəngarənglik atmosferində, qorxudan, təhlükədən, təcavüzdən, ölümdən uzaqda mənəvi rahatlıq tapıblar. Özlərinin də, övladlarının da taleyini bizə etibar eləyiblər. Qalır yerli şəraitə tam uyğunlaşmaq, Azərbaycan cəmiyyətinə qaynayıb-qarışmaq. Bu da zaman məsələsidir…

İkinci Mahmud