Sim-sim.az

Qadın sinəsində ölən Rusiya – Ömər Xəyyam

 

Andrey Zvyagintsevin “Sevgisiz” (“Nelyubov”) filmi haqda bir neçə kəlmə…

Çoxumuz sevgidən yaranmamışıq. Qonum-qonşunun, qohum əqrəbanın valideynlərimizə “bir şeymi şey var?” sualından sonra, “camaat nə deyər?” psixozunun təsiriylə doğulmuşuq, ya da ani ehtirasın qurbanlarıyıq. Alyoşa kimi…

Andrey Zvyagintsevin “Sevgisiz” filmi soyuq rənglərlə işlənilib. Yəni sevgisizlik rəngində. Dialoqlar qısa-konkret, dərd ağır, hava da pis…

Builki Oskar mükafatına namizəd “Sevgisiz”in ilk 17-18 dəqiqəsi həqiqətən mükəmməldir: Moskva. Qış. Kamera 12 yaşında bir uşağın dalınca düşüb. Daha doğrusu, Boris və Jenyanın ani ehtirasının qurbanı, təsadüfən doğulmuş Alyoşa “özü ilə” kameranı həqiqətə aparır. Əlüstü evlənmiş, sevgisiz iki insan – Alyoşanın valideynləri – Jenya və Boris boşanma ərəfəsindədirlər.

Boris adətən evə gec gəlir. Sonra söz-söhbət başlayır. Ər-arvad bir-birlərini təhqir edir, evdə daim dava-dalaş… Onlardan ötrü Alyoşa yox, hərəsinin öz həyatı maraqlıdır. Hətta Alyoşaya sevgisizlikdən yarandığı, adi bir təsadüfün nəticəsi olduğu bildirilər hər addımda. Deyərsən, Jenyanın ağrılarına, bədbəxtliyinə səbəb birbaşa Alyoşadır.

Alyoşa öz ata-anasının yanında yad kimidir. O, nə uzaq, nə də yaxın – heç bir planda yoxdur. Belə deyək: Anası üçün Alyoşa Borislə evlilik səhvinin ifadəsidir və hər addımda ondan qurtulmaq istəyi, görməzlik və nifrət apaydın hiss olunur…

Bütün günü başını İnstaqramdan qaldırmayan ananın əri də Alyoşanı “görmür”. O, heç vaxt Alyoşanın otağına girməz, başını sığallamaz, hal-əhval tutmaz…

Sığal-tumar bir yana, elə bil, Alyoşa yoxdur ondan ötrü.

İndi Borisi bir şey maraqlandırır: Şirkət mənim boşandığımı öyrənərsə, bu, mənim kariyerama əks təsir göstərərmi?

Onlar hər dəfə dalaşanda boşandıqdan sonra uşağın kimdə qalacağını müzakirə edirlər. Nə ata, nə də ana üçün fərqi yoxdur ki, Alyoşa eşidir, Alyoşa gələcəyi haqda ata-anasının vecsizliyinə birbaşa şahid olur…

Əslində, heç biri üçün Alyoşa önəmli deyil. Nə indisi, nə gələcəyi.. Keçmişi onsuz da sevgisizlik…

Və Alyoşa biryolluq gedir…

Bir səhər anasının tərs sözlərindən sonra məktəbə getmək üçün evdən çıxır, pilləkəndən qaça-qaça düşür və kadrdan çıxır…

Məktəbə getmək adıyla sevgisizlikdən qaçır o…

Gedir və bir də gəlmir…

***

Borisin də, Jenyanın da sevgilisi var.

Borisin sevgilisi hamilədir və Alyoşa gedən gün o sevgilisiylə alış-veriş edir, sonra da evə gedib sevişirlər.

Jenya da özünə çəki-düzən verir, makiyajını təzələyir, sevgilisi ilə görüşür və bir lüks restoranda şam edirlər, sonra evə gedib sevişirlər.

Fikir verdim, obrazlar daha çox kişi və qadın kimi yox, sırf heyvani instinkt kimi mövcuddurlar. Bəli, Sevda Sultanova ilə razıyam, bu filmdəki personajlar öz qadın və kişi təyinatlarını yalnız cinsi səviyyədə yaşayırlar. Bundan daha artığını yaşamaq, daha artıq nəyinsə yükünü çəkmək onlara ağır gəlir. Təsadüfi deyil ki, bütün intim səhnələr də kölgə effekti ilə işlənib. Minimal işıqlandırma ilə qurulan interyerlərdə seks səhnələri ancaq fiziki tələbatdır. Bu səhnələrdə onların üzü görünmür, duyğuları hiss olunmur.

Alyoşa nə yeyir, nə içir – onlar üçün maraqlı deyil…

Jenya gecənin bir aləmi evə qayıdır və Alyoşanın otağına baxmır, eləcə yatır…

Bir də iki gün sonra məktəbdən zəng gəlir və məlum olur ki, Alyoşa iki gündür məktəbə gəlmir.

***

Filmin üçüncü və əsas bloku: Axtarış.

Könüllülərdən ibarət axtarış-xilasetmə qrupu, polislər…

Bu axtarış prosesi Borisə də, Jenyaya da təsir edir. Ancaq dərs alacaqlarmı? Həqiqətən də hər şey dəyişəcəkmi?..

Bu film, əlbəttə, sadə bir ailə dramı deyil. Andrey bir ailə hekayəsi üzərindən Rusiyanı, Rusiyanın timsalında isə həm də bizi göstərir.

Jenyanın köynəyində böyük hərflərlə yazılmış “Rusiya” elə Jenyanın özüdür. Ya da belə: Rusiya bir Jenyadır – sevgisiz, ruhsuz…

***

Könüllülərdən ibarət axtarış-xilasetmə qrupu və ara-sıra görünən uşaqlardan başqa filmdə simpatiya duyulacaq, seviləcək bir xarakter yoxdur. Obrazların hamısı sevgisiz… Məsələn, Borisin yeni sevgilisi onun evə gec gəlməyindən bezib, uşağı axtarmağın mənasız olduğunu deyir. Təsadüfi deyil ki, o özü də hamilədir. Növbəti Alyoşaya namizəddir.

Alyoşanın aqibəti müəllimi üçün də o qədər maraqlı deyil.

Alyoşanın aqibəti nənəsi – Jenyanın anası – üçün də maraqlı deyil. Onun dərdi vaxtilə Jenyanın Borislə münasibət qurmasına etiraz etməsidir. O, bu münasibətin əleyhinə olub və sanasan, Alyoşanın yoxa çıxmağı ilə nənənin özünü sübut etməsi üçün zəmin yaranıb.

Qayıdaq əvvələ: Jenya yeni sevgilisi ilə lüks bir restoranda…

Bu səhnədə Zvyagintsev epizodik də olsa, başqa obrazları da kadra salıb.

Məsələn, kadr başqa bir qadının tualetdən masaya dönüşüylə başlayır. Qadın sevgilisinin yanına gəlir və yolda ondan tanışlıq üçün nömrə istəyən tanımadığı bir adama rahatlıqla nömrəsini verir. Və bu kadr filmin havasına, Andrey Zvyagintsev estetikasına tamamilə yad üslubda çəkilib: Qadın birbaşa obyektivə baxır və nömrəsini deyir…

Jenya, Borisin sevgilisi, Alyoşanın nənəsi, tanımadığı adama nömrə verən qadın və restoranda selfi çəkdirən başqa qadınlar…

Axtarış-xilasetmə qrupundakılardan başqa bir nəfər də olsa normal, özünü tərk etməmiş bir qadın yoxdur filmdə.

Andreyin qara hərflərlə altını xətləyib cinsiyyətçilik etməyini, bir növ, əxlaq mühafizəkarlığına və bu mühafizəkarlığın görünüşü şıx olsa da, içi başdan-sonacan qəlib, işlənilmiş versiyalarına əl atacağını gözləməzdim.

Məsələn, basmaqəliblərdən, şablonlardan birini deyim. Bir metro səhnəsi var: hamının başı telefonda. Bu, film işinə yeni başlayan bir adamın edəcəyi bəsit addımdır. Həm də şablon.

Təbii ki, filmdə əsas məqsəd Alyoşa deyil. Alyoşa Rusiyanın, eləcə də bizim mənəvi çöküşümüzün simvoludur.

O qədər Boris, o qədər Jenya var ki bizdə… Neçə Alyoşa var, sevgisizlikdən əziyyət çəkir. Bir gün gedəcək, dönməyəcək…

Nikah – dövlətə kiminlə yatıb durmaq barədə verdiyin rəsmi məlumatdır.

Evlənmədən öncə mütləq izləyin bu filmi.

Sevgisizlik həyatın bütün qatlarına təsir edir: Münasibətə, alyoşalara.. Sonra da sevgisizlikdən doğulmuş alyoşalar cütləşir… Vay dünyanın başına…

Hə, bir də bu film təkcə qadın-kişi münasibətləri haqda deyil, filmdə ictimai-siyasi məsələlər və bütün bunların mənəvi çöküşə aparmağı barədə incə detallar var…

 

(Visited 181 times, 1 visits today)