Sim-sim.az

Qismət – Ədəbiyat adamı kimdir?

Ötən aylarda Selincerin məşhur “Çovdarlıqda uçurumdan qoruyan” romanını necə yazmağından bəhs edən “Çovdar tarlasındakı asi” filminə baxdım.

Film həm böyük yazıçının həyatındakı travmalarından, həm də bir mətnin necə ən müxtəlif  əqli və hissi təcrübələrdən yaranması haqqındadır, amma bütün bunlar qədər müəllifin bədii yaradıcılığına, öz ədəbi kimliyinə necə yanaşması kimi də maraqlıdır.

Filmin bir fraqmentində yazıçı Selincer müharibədə başına gələn dəhşətləri səsli-görüntülü xatırladığı ağır depressiv vəziyyətdə təsvir edilir. Yazıçı içindəki suallara cavab tapmaq, çıxılmazlığına son qoymaq üçün mütəmadi söhbətləşdiyi, məsləhət aldığı buddist rahibin yanına gedib ürəyini boşaldır. Təmkinli rahib yazıçıya təxminən belə deyir: Gərək qərar verəsən, özünü ifadə etmək üçün yazırsan, yoxsa məşhurlaşmaq üçün? Selincerin qərarı hamıya məlumdur. Amma filmin bizə ötürdükləri təkcə özüylə başlayıb özüylə bitmir, o bizdə başqa-başqa suallara, mətləblərə keçidlər, müstəvilər yaradır.

Məsələn, mən ilk baxışdan filmlə heç bir əlaqəsi olmayan adi, amma maraqlı bir suala yenidən qayıdası oldum: Ədəbiyyat adamı kimdir? Ona görə qayıdası oldum deyirəm ki, bu mövzuda Kamal Abdulla ilə ən müxtəlif vaxtlarda və məkanlarda, həm ikilikdə, həm dostlarla birlikdə xeyli maraqlı söhbətlərimiz olub. Elə ən sonuncu söhbətlərimizdən birində dedim ki, ədəbiyyat adamı bəlkə o adamdır ki, hər tərəfdən baxanda görünür. Kamal müəllim məsələyə fərqli bir perspektiv təklif etdi: ədəbiyyat adamı məhz o adamdır ki, hər tərəfdən baxanda görünmür, çünki onun fəaliyyətini, fədakarlığı zaman-zaman yadımıza düşür, özü isə gözə girmir. Söhbətimiz maraqlı yerlərə gedib çıxdı.

Tutalım, bəs üzdə olan, populyar olan müəlliflər necə, məgər onlar ədəbiyyat adamı deyillər? Söhbətin bizi sürükləyib apardığı mənzillərdən birində belə bir qənaəti bölüşdük: əlbəttə, üzdə olanlar da  ədəbiyyatçıdırlar,  amma burda fransızlar demiş, nüans  fərqi var.

Deyəsən ədəbiyyat ulduzu, ədəbiyyat qəhrəmanı olmaq başqa müstəvidir, ədəbiyyat adamı olmaq başqa müstəvi. Birində vurğu daha çox personaya düşür, o birində ədəbiyyatın özünə, konkret əməli fəalliyyətə.

Beləliklə, təxminən belə demək olar:

– ədəbiyyat adamı o adamdır ki, onun işi, duruşu öz yerinə danışır;   

– ədəbiyyat adamı o adamdır ki, onun üçün ən böyük vətənpərvərlik həm də peşakarlıqdır;

– ədəbiyyat adamı o adamdır ki, ədəbiyyatı ötəri dəblərə, həftəlik, aylıq şöhrətlərə qurban vermir, dəbi ədəbiyyata xidmət etdirə bilir, səssiz-səmirsiz.

– ədəbiyyat adamı o adamdır ki, ədəbiyyatdan başqa heç nə onu tam xoşbəxt edə bilmir;

– ədəbiyyat adamı o adamdır ki, sükutu da nəsə deyir.

…Kamal müəllimlə bir ayrı söhbətimizi də xatırlayıram, bir dəfə o çox sevdiyi Haqverdiyevi yad edərək belə dedi: mənim üçün ədəbiyyat adamı Mirzə Səfərdir. Mirzə Səfər öz prinsiplərinə olan sonsuz inamında doğurdan da həqiqi ədəbiyyat adamıdır, bu inam çoxlarına sadəlövhlük kimi görünsə də.

Kim bilir, bəlkə də ədəbiyyatçı üçün ən yaxşı təyin elə ədəbiyyat adamıdır. Kamal müəllimlə söhbətlərimizdə zaman-zaman dilimizə gələn, özünü bizə xatırladan, arabir görünüb itən bu sadə, fəqət içinə nüfuz etdikcə, dibində cazibədar mənaların sayrışdığı bu iki sözlük təyin –  Ədəbiyyat adamı deyəsən son zamanlar bizi bir ayrı müstəviyə çağırır. Bu dəfə deyəsən Ədəbiyyat adamı maddiləşmək, gözəgörünməz ideyalar dünyasından nəsnələrin gözlə görünən, əllə tutulan dünyasına qədəm qoymaq istəyir, bu da bizim üçün mükafatdır.

(Visited 202 times, 1 visits today)