Sim-sim.az

Qismət – Dincəlmək qadağandır!

Sokrat yaxşı deyib: “Ey insan, danış səni görüm!” Məncə, bu söz ona işarə vurur ki, sonsuz perspektivlər içində hər şeyi – insanları da, nəsnələri də hərəkətdə, dinamikada müşahidə etmək daha maraqlıdır. Bakı-Balakən qatarı tərpənənə kimi darısqal kupelər hələlik heç nəyə oxşamırdı, çünki hələ bu xəstəhal dəmir yığını öskürüb yola düşməmişdi. Bir azdan vağzalda vidalaşmağa gələn adamlar da, binalar da, təkəmseyrək ağaclar da tərsinə-tərsinə vərəqlənəndə, dağılmış imperiyadan yadigar qalan kupelər analogiya məntiqilə cildən-cildə düşməyə başladı: gah küpəyə (fonetik), gah kibrit qutusuna (vizual), gah adamları üzləşdirən istintaq otaqlarına (kriminal), gah da birdən çox “mən”in gizləndiyi insan beyninin qıvrımlarına (psixobioloji).
Özünü dəfələrlə pəncərəyə çırpandan sonra nəfəslikdən içəri dürtülən yorğun ağcaqanadlar qarşılarına çıxan birinci pərdəyə qonub işıqların sönməsini gözləyə-gözləyə dişlərini itiləməyə girişdilər.
Mən yuxuya çətin gedirəm, hətta bu anormallığa müsbət don geyindirmək üçün Coysun məşhur sözünü təkrarlamağı da sevirəm: “İdeal oxucu yuxusuzluqdan əziyyət çəkən adamdır.” Böyük irlandın məsləhətini Bakı-Balakən qatarında yoxlamaq fikrim yox idi deyə, yuxuya getmək arzusu ilə pivə almışdım, amma mənim arzum Azərbaycan Dəmir Yolları QSC-nin təzə qaydalarına uyğun deyilmiş. Bunu bilən kimi beynimin kupelərində gecə-gündüz mənimlə yol gedən ustadlardan biri gözlərini açdı – Coys mikrofonu Nazim Hikmətə ötürdü: “Sizin duvarlarınız bize vız gelir!”
Hərəyə bir az arzu süzdük, rəngi-ruhu ağarmış plastik stəkanların üzünə günəş doğdu.
Şəkiyəcən bizi həm yuxu apardı, həm də qatar.
Şəki stansiyasına çatanda günəş təzə gəlin utancaqlığıyla buludların arasından təzə-təzə görünməyə başlamışdı. Burda xeyli it varmış. Bizi görən kimi şöngüyüb isitdiyi yerdən duran boz bir köpək dilini çıxarıb ləhləyə-ləhləyə düymə kimi gözlərini bir tikə ümid arzusu ilə üstümüzə dikdi. Qızlar qorxdular ki, birdən qapağan olar, amma bizi itlər yox, sürücülər qapdılar. Maşınlara doluşduq, sürücümüz qocalmaqda öz jiqulisi ilə yarışan Laçınlı bir kişiydi. Bəzən gedən, bəzən isə elə bil addımlayan bu yorğun taksidə biz otelə tərəf gedirdik, səhər isə bizə tərəf gəlirdi. Sifəti məğlubların əzib atdığı əlcək qırışıqlığında olan sürücü dolama yolların alnını nişan alıb bir cümləlik atəş açdı: “Biz tərəflərdə çiçəklərin ətrindən adamın huşu başından gedirdi, burda hər şeyin rəngi var, amma ətri yoxdu…”
İçimdəki kupedə Nazim Hikmət bu atəşdən yayınıb sözü Şərif Ağayara verdi: “İslanmış torpaq qoxusu mənim də içimi yaşamaq eşqiylə doldurdu.”
Marxalda xidmət səviyyəsi çox yuxarıdır, amma qiymətlər elədir ki, adam öz ölkəsində turistə dönür.
Nə yeyib-içdik, necə dincəldik, haraları gəzdik? – bunlardan danışmaq istəmirəm, hər şey gözəl oldu. Elə ən təhlükəli olan da hər şeyin gözəl olması imiş…
Sonuncu gecə Şəki stansiyasında bizi Bakıya qatarı gözləyə-gözləyə düşündüm ki, buranın otelləri beş ulduzlu olsa da, göyləri milyon ulduzludur. Gəldiyimiz gün bizi qarşılayan itlər gecənin qaranlığında iki gün əvvəl açdıqlarını mötərizəni bağlamaq üçün yenidən stansiyaya gəlmişdilər. Şöngüdüyü yerdən durub başımıza dolanmağa başlayan itin qara-qara xalları istirəhətimizin nöqtələriymiş.
Qatar vaxtından gec gəldi. 30 nəfər idik, bütün vaqonu biz tutmuşduq. Kupelərimizə yerləşdik. Gecənin içiylə Bakıya qayıdan qatarda vaxtımızı keçirmək üçün gülüşməyə, söhbətləşməyə, asta-asta da pivəmizi qurtumlamağa başlamışdıq ki, darısqal dəhlizdə qoçuluq etmək istəyən, amma fiziki görkəmi karikatura təsiri bağışladığı üçün gülməli görünən bir tip peyda oldu. Özünü buraların “palajeniya”sına baxdığına inandıran qaqaşın “palajeniya” sözündən yüngül olduğunu bilmək elə də çətin deyildi. Gördük fır-fır fırlanır, kupeyə çağırdıq ki, gəl pivədən vur. Gəldi, lotu-lotu süzün – dedi. İçdi, soruşdu: “Qızlarnan siznəndir?” “Həri”- dedik. (Belə adamlarla danışanda “hə” getmir, gərək iki hərf də artırasan.) “Problem yoxdur” – deyib sözün həqiqi mənasında qeybə çəkildi. Fikirləşdim ki, “Azərbaycan Dəmir Yolları QSC” birləşməsindəki QSC-nin açılışını deyəsən səhv bilirmişəm, yəqin belə olmalıdır: “Azərbaycan Dəmir Yolları Qaqaşların Süləngi Cəmiyyəti”
Bir azdan problem otağımıza baş çəkdi. Vaqona nəzarət eləyən paqon (serjant) gəldi ki, çox gülürsüz, səs salırsız, indi bir-bir hamınızın vəsiqəsini yoxlayacam. Həə, dedim ürəyimdə, heç ola bilərmi ki, sən həyat yoldaşınla, nişanlınla, sevgilinlə, dostlarınla dincəlməyə gedəsən, gülüb-əylənəsən, çox yox ha, az-maz xoşbəxt görünəsən və buna dözməyən, qurdlu, qısqanc, qəlbiqara bir azərbaycanlı peyda olmaya? Ola bilməz! Təəssüf ki, ola bilməz.
Məktəb illərindən mərd oğlan kimi tanıdığım, bizdən bir neçə sinif yuxarıda oxumuş Rəcəb (indi həyat yoldaşlarımız bir yerdə işləyir) 102-yə zəng vurdu. Əvvəl-əvvəl lotunan serjant da, vaqon rəisi də, konduktor da 15 dəqiqə içində yalvarmağa başladılar. Oturub gecənin yarısı bu yalvarışlara, yazıqlaşmış, özü də nə istədiyini bilməyən, başqalarının səadət dolu dəqiqələrinə “qubka”lı paqonları ilə soxulmaq istəyən zavallı baxıb kədərləndik. Biz onları öz mədəniyyətimizə, haqlı olduğumuzu bilməyin əminliyinə bağışladıq, amma mən hiss elədim ki, artıq öləziyən gülüşlərimiz, məyus və yorğun gözlərimiz onları çox sevindirdi.

Bakı-Şəki-Bakı, 2018.

(Visited 74 times, 1 visits today)