Sim-sim.az

Rəşad Nağı Mustafa – “…daha yıxılmıram sənin boşluğuna”

Sim-sim.az  Rəşad Nağı Mustafanın şeirlərini təqdim edir.

 

Budaqlar, budaqlar…
Elə bilirlər böyüyüb,
bir gün ağac olacaqlar.
Mənə budaq ümidi ver, İlahi

Əsmək üçün budaqlardan istifadə edəcək küləklər
Sonra bir gün bir kənara atacaq

Və utanıb öz rəngini dəyişəcək
yarpaqlar
Mənə yarpaq həyası ver, İlahi

Bir qadının yoxluğuna dözmək üçün
mənə qadın dözümü ver, İlahi

 

 ****

 

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,
Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.
Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.
Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altda bir az
zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm…

Ax bu yeniyetmələr!!!
Ax bu yeniyetmələr!!!

Məscidin hasarında
“Günel, səni sevirəm”
“Günel, məni bağışla”
“Günel, çox darıxmışam”
qırmızı, ağ yazılar…

Quşlar divardan məktub götürə bilmir axı,
Alın yazılarını bura nahaq yazırlar…

Görəsən minarədən
özümü yerə atsam
mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:
“Günel, o səni sevir”
“Günel, onu bağışla”
“Günel, o çox darıxıb”

Səni görsəm qorxuram Günel deyim karıxıb.

Hava da ki çox isti, ürəyim də sıxılır,
Eh bu darıxmaq da ki, yığıb məni boğaza.
Siqaret də qutarıb,
Tərsliyə bax mən çəkən siqaretdən də satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər
bir ağaca söykənib, işığa gözün dikib,
itlər ilə danışır, dərindən nəfəs alır

Deyəsən o Günel də sizin küçədə qalır…

 

****

 

Anamın doğmalığı atamın yadlığını
ört basdır edəndə anladım ki,
insan ancaq Tanrısız yaşıya bilməz.

Sənsiz də yaşamaq olurmuş, qadası.
Misal üçün, məni səhər yuxudan oyadan da var,
axşam “evə tez gəl” deyən də.

Gör bir necə varlığı qoymuşam yoxluğuna,
Özünü yüksəklikdən atıb intihar edən gəncin cəsarətinə and olsun ki,
daha yıxılmıram sənin boşluğuna.

Yaxşıyam, canım üçün yaxşıyam.

Elə sən də yaxşısan, qadası.
Mənim olmadığım yerlərdə
xoşbəxtlik var bilirəm.
Elə sənin olduğun yer kimi,
90-cı illər kimi.

Bir də ki, səni təzədən sevməyə nə var.
Özün də yaxşı bilirsən,
Bilirsən ki, əlimin çatmadığı yerə ürəyim çatırsa,
əlçatmaz deyilsən.
Özün də yaxşı bilirsən.

 

****

 

Nədən qorxursan axı?
Ölümdür də
— bir gün hamı dadacaq.
Yaxamızdan yapışıb
anamızı ağladacaq.

Ölümdür də…
Gələndə
bir anamızdan, bir də
sevdiyimiz qadından çıxıb gedəcəyik.
Üçdə üç,
yeddidə yeddi,
qırxda da qırx nəfərin yadından çıxıb gedəcəyik.

Bu yer kürəsi bizə də qalmayacaq;
öləcəyik.
Cəmi bir dəfə anamız namaz üstündə olmayacaq;
öləcəyik.

İnsan unutqandır,
bir gün hamı nəfəs almağı unudub ölür;
Bir az da həyasızdır,
hərdən də yaşamağın üzünə qayıdıb ölür.

Yaxşı olardı,
bir şirin yuxuyla başımızı qatıb, durmamaq.
Dünən bir kardioloq da bu haqda danışırdı:
dünyanın ən yaxşı ölümü imiş yatıb—durmamaq.

Şair, ölümnən qorxma,qorxma sən Allah.
Mən də qorxmuram, hərdən əlimi açıb
deyirəm ki:
“canını almağa məndən yaxşısın tapan deyilsən, Allah”

 

****

 

Nə qədər ki, sağdı sevdiyin adam,
sənə yazdığı şeirləri
səadətlə bu dünyasını dəyişənə qədər oxu.

Əgər səndən tez ölsə,
get evindəki bütün kitabları,
arasından məktub düşənə qədər oxu.

Yox əgər xəstədirsə
və hələ də ölməyibsə hepatitin C hərfindən,
Əllər yuxarı!
Bildiyin bütün duaları
o, ölümlə sevişənə qədər oxu.

Hərf-hərf,
söz-söz,
misra-misra:
İqra!
“İqra, bismi rabbikəlləzi xalaq”.

 

****

 

İnsan gedəndə ayaqlarından istifadə etmirsə,
çiyinlər tabutun ayaqlarına çevrilirsə,
deməli gedən qayıtmayacaq.

Doğmasını itirməyən biri kimi
nə atası ölən anamı,
nə qardaşı ölən atamı,
nə də dünən atasının üstünə torpaq atan dostumu başa düşə bilmirəm.

Ancaq dəqiq bilirəm ki,
onun ağlamağı ən yaxşı fel,
mənim susmağım ən yaxşı təsəllidir.
Və susmağım
dilimin “necəsən” vərdişini
tərgitməyimdən bəllidir.

 

 

(Visited 518 times, 1 visits today)