Sim-sim.az

Rafiq Əliyevdən Zakir Fəxriyə: “Yaradana doğru ucalıb əsl insan, əsl şəxsiyyət olmusan”

Tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zakir Fəxrinin doğum günü münasibəti ilə onun yaxın dostu, dünya çapında tanınan alim, Lütfi Zadə elmi irsinin varisi Rafiq Əliyev yubilyara ürək sözlərini çatdırıb:

 

“Bu gün yer üzündə insanlar birgə yaşayış prinsiplərindən uzaq düşüb, təbiətlə, kosmosla vəhdətdə yaşamır.  Hər tərəfdə ayrı-seçkilik, konfliktlər, iqtisadi və sosial bərabərsizlik, haqq və azadlığın tapdalanması, mənəvi və fiziki ərazilərimizin zibillənməsi, çirklənməsi göz qabağındadır. Bizim dünyamız qalaktikalar içərisində balaca bir gəmidir. İndi bu gəmidə böyük bir hüzursuzluq var. İnsanlar bir-birlərini eşitmək istəmirlər. Adəmdən bu yana yalan, şər, haram üstündə duran bütün qarşıdurmalarda İblisin dəsti-xətti açıq görünür. Dünyanın mənəvi entropiyası çoxalıb. Entropiya artanda dağılma ilə nəticələnir. Dünya heç vaxt Qiyamətə bu qədər yaxın olmayıb. İnsanların borcu odur ki, dünyanı bu təhlükədən qurtara bilsin.

Həqiqətdə bu günki insanın problemləri – müharibələr, oğurluqlar, yalanlar, sevgi qıtlığı, xəstəliklər, aclıq, təhqirlər və başqaları əsasən bir mənbədən qidalanır. Allahdan uzaqlaşmaq, ruhi səbəb-nəticəsinin zədələnməsi. Elə bu gücdə olan başqa bir səbəb insanların fərdi və birgə mentalının, intellektinin səviyyəsidir.

Bəşəriyyətin bu problemləri elə bir səviyyəyə çatıb ki, insan övladının məhvinə potensial səbəb ola bilər. Bu gün bütün cəmiyyətlər mükəmməl olmayan sivilizasiya özülünə əsaslanır. Dediklərimiz sivilizasiya üçün fərqli modelə əsaslanan yeni özülün lazımlığını diqtə edir. Zənnimcə bu özül özündə yeni sivilizasiyaya adekvat mütərəqqi təfəkkür və mənəvi kamilliyin vəhdətini ehtiva etməlidir.

Atom nüvə proqramı üzrə “Manhetten” proyektində iştirak etmiş bir qrup görkəmli Amerika alimləri “Qiyamət gününün saatı” adlı simvolik nəhəng bir divar saatı quraşdırıblar. Bu saatda gecə yarısı 12.00 qlobal fəlakət anını ifadə edir. İndi bu saat 11.57- i göstərir. Gecə yarısına cəmi üç dəqiqə qalıb. Bu simvolik saatın böyük bir mənası var: ay insanlar, dünyanı nə günə qoymusunuz.

Əziz dostum Zakir, “Qalmaz belə, qalmaz dünya” deyəndə dünyanın dönüş nöqtəsini fikirləşirdinmi?  Böyük dərddir eləmi ? Ancaq, əzizim, bu dərddən də çıxacağıq, axı sən dərdlə yaşayan şairsən, insansan. Axı sənin bütün böyük sufi poeziyan dərdə bir heykəldir. Bəlkə də sən elə əzəldən dünyanın belə olacağını bilirdin, azdın gəldinmi?

Yolumu sarpdim deyəsən

Bu dünyaya azıb gəldim

Göy üzü dərddən çatladı

Qoşulub bir damla suya

Mən o çatdan sızıb gəldim

Yox, əzizim, azmamısan. Sən bu dünyamızda katarsisdən keçib təmizlənə-təmizlənə Yaradana doğru ucalıb əsl insan, əsl şəxsiyyət olmusan. Nə gözəl deyirsən, “Dünyanı dərd xilas edəcək,  başqa heç nə yox!. Dərd olmayan yerdə sevgi ola bilməz. Çünki dərd anlamaqdır. Sən onun ağrısını özündən keçirib dərk etməlisən. Bax onda insan olursan. Sən onun sevgisini anlayırsan, bax , onda insan olursan”.

Əziz dostum Zakir Fəxri, 70 illik yubileyin munasibətilə səni ürəkdən təbrik edirəm, sənə uzun və mənalı ömür, “bütün insanlığın şerini” yazmaq yolunda böyük uğurlar arzulayıram.

Rafiq Əliyev

(Visited 26 times, 1 visits today)