Sim-sim.az

Səidə – “…və ən yaxşı gedənlərdir qalmaq üçün gedənlər”

Alfa silsiləsi

 

Başlanğıcda söz var idi.

Söz!

Nə çıxan olurdu o sözdən,

nə yerə salan vardı onu,

nə də iki edən.

Söz var idi…

Insanların olmadığı başlanğıcda

 

Zaman maşını olaydı,

əvvəlcə anamın bətninə səyahət edəydim,

sonra da atamın belinə

və həmişəlik orda qalaydım…

 

…və ən yaxşı qalanlardır

gedəndən sonra qalanlar…


 

Siqma silsiləsi

Zamanın başına dolanırıq,

yaxud zaman bizi dolayır baş barmağına

və oynadır bizi

çaq-çaqı baş ağrıdan

saat adlı dəyirmanının əqrəblərinin

ritmi altında…

 

Torpaq adlandırdığımız anamız bioloji anamızdan daha çox sevir bizi.

Bioloji anamız 9 ay bətnində gəzdirib sonra bizi başdan etdiyi halda,

o biri anamız bizi bətnində sevə-sevə əbədi saxlayır.

Biz nankorlarsa

bioloji anamızın ayaqları altını cənnət adlandırıb

torpaq anamızı ayaqlayırıq

 

…və ən yaxşı gedənlərdir

qalmaq üçün gedənlər…


 

Omeqa silsiləsi

Bəzən ölülər

gözlərini açıq saxlayar

öz ruh yüksəkliyinə

və ruhlarının yüksəldiyinə

tamaşa etmək üçün…

 

Bizim sonuncu pasportlarımızdır

üzərində  doğum və ölüm tarixləri,

foto,

əbədi viza yazılan

və  “üstümüzdə” daşıdığımız başdaşılar…

 

…və ən yaxşı qalanlardır

gedəndən sonra qalanlar…

 

(Visited 148 times, 1 visits today)