Sim-sim.az

Baba YAŞAROĞLU – “Unut məni”

by-photo

Unut məni…

 

“Səni tərk edirəm” deyə bir ayrılıq cümləsi

danışarkən deyil, yaşanarkən anlam qazanır

 

Bağışla, bu gün də deyə bilmədim

Bilmirəm, bəlkə bir də görüşmədik, gedirəm

Neçə vaxtdır ki, ürəyim yorğun düşüb

Nəfəs aldıqca yorulur, həvəslə döyünmək yerinə

Keçmişin uzaqlarına baxdıqca da dəlicəsinə çırpınır

Ya get deyir, ya həsrət çək yanında

Ya son vuruş, ya da küsgün birinə

 

Elə bil, neçə illik yuvasını bir anda ca

Tanımadığı uzaqlara dəyişməyə hazır

Elə bil, neçə ildir Gün üzünə çıxmaq üçün

Dil açıb yalvarır ki, tut əllərimdən, nə olar

Gedərkən ovuclarına sığdır deyə

 

Dan yeri yenicə ağarır,

Son dəfə gecədənqalma şehli pəncərəyə

Bir də yan divarda, taxta, üzü qara çərçivəyə

…üzgün-üzgün baxıram

Deyəsən, axı sabah sərçələri məni çağırır

Bir ömürlük getmək üçün darıxıram

 

Unut məni, sevgimizi, birdəfəlik

Bundan sonra nə söz göndər, nə məktub yaz

Nə yuxu gör, mənim üçün nə yuxu yoz

Bu həyatda nə mən küsüm, nə sən dindir

Bilirsən ki, sənə bənzər, məndən uzaq bu yerlərdə

Ömür boyu qarşılıqsız sevmək çətindir

 

Dönməyimə bir ümid yox, unut məni

Yəqin gedə biləcəyim ən son yerdə

Əvvəlcədən ən sonları yazan Tanrı

…əvvəlcədən tapar məni

Nə deyirəm, nə olar ki, sən sə bircə

Sevdiyin deyə yazıldığım ürəyindən

…birdəfəlik qopar məni

 

Bu gün..

O taxtalı asılqan yarıuçuq körpüyə

Son dəfə yağış yağan gün

Süzgün-süzgün…

Addım sayıram, laqeyd çınqıllı yoxuşlarda

Palçıqlı çığırlarda yalın ayaq biriyəm

Nə bilim, bu yolda günahım olmasa da

Bax, bütün xatirələrimi bilə-bilə tərk edirəm

…unudaraq gedirəm

 

Sən də unut…

 

Səsim tutqun, üzüm solğun görünsə də

Ovuclarına sığmayan o sehirli saydığın

Təbəssümümlə yol alıram

Bir əlimdə illərin qocalmış “get-gəl” çantası

Bir əlimdə isə köhnəlmiş mavi çətir

Hərdən əsnək addımlarım hərdən seyrək

Hərdən kövrək kipriklərimin arasından

…yol axtarır, iz salıram

 

İndi çisginli, islaq yarpaqların arasında

Elə bil ki, milyon illik bir səhrayam

Bu həyatda can suyumla islanıram

 

Nələr yaşadıqsa sən də şahidsən, zaman da bilir

Biz heç üstünü də örtə bilmədik

Qan tər içində qazıdığımız yaraların

Amma indi yalnız məndən

Sağalmağa, iz saxlamayan məlhəm istəyir

Ümidlənmə, yəqin bir də buna görə

Bəlkə bir gün gələr deyə

Sevə-sevə…

Gör ki, nə zamansa istəmədən unut deyə

Yalnız sənin xatirinə, mən

Sevilməyi bacarmayan biri kimi gedirəm

 

Bir vida nəğməsidir bəlkə də bu

Bəlkə də sən ağlarkən səsin mənə gəlməyəcək

Bəlkə də şaxtalı, qaranlıq o küçələrdə

İsti nəfəsini qurban verərək

Kimsə əllərini isitməyəcək

 

Gedirəm, bəlkə bir də dönməyəcəyəm

Daha axtarma məni o görüş yerlərində

Daha soruşma…

Bilirəm, yad biriyəm artıq ürəyində

 “qal” deyə bir məna da qalmayıb axı

Qorxuyla sevinc arasındayam

Yəqin gözlərinə görünməyəcəyəm

 

Məndən sonra həmişəlik öz-özünlə danışarsan

Künclərində rəsmim olan aynalarda

Səhifələnmiş ömrümüzə ərmağan

Yanındaykən yazdıqlarımı oxumasan da

Yalnızlığı kitab-kitab yaşayarsan

Hər kitabın nöqtəsiz son sətirində

Nə deyim, əgər xatırlasan o günləri

Damlalarla yoxluğumu bölüşərsən

 

Bir gün əgər kəsişərsə yollarımız

İllər sonra istəmədən bu şəhərdə qarşılaşsaq

Nə sən ayaq saxla, nə mən get deyim

Adını belə xatırlamazkən

Nə zamansa tanışların dəvətində

Bir-birini tanımayan biri kimi görüşsək

Nə mən dostum deyim, nə sən, sevdiyim

 

Hər ayrılıq da bir başlanğıcdır

Sən indi nahaq döngələrdə

Mən o başlanğıc nöqtəsindən uzaqlardayam

 

Sarı sarmaşıq çayır böyüdən torpağın qoxusu var

Nəmli yabanı kolların gövdəsində

Yoxuş yuxarı tərs yolların qırağındayam

Üfüqlərində itmək istədiyim

Əsirgənən hüzurlu axşamlara inad

Günəşin isti şəfəqlərinin sorağındayam

İndi ən çox əzbərlədiyim nəğmələrin

Yadımda qalan hecaları ilə dərdləşirəm

Göz nuru ilə axtardığım ulduzların yerinə

 

Buz kəsən, qan donduran sırsıralı şimal küləkləri

Artıq üz cizgilərimi də dəyişir

Halıma acıyıb, bəlkə də insanlıq adına

Sanki dönük yolların səhər çağı, kənarında

Sanki dilək ağaclarının altında əl açmışam

Yəqin bu gün özümdən də xəbəriszəm

Bir addımım  neçə ilə tay gəldi ki

Yarım gündə yetmiş illik qocalmışam

 

Gözümdə qaysaqlamış bir neçə bulud dənəsi

Leysan olsa da yağacağı yad diyar

Sadəcə bir ovuc göstərişli kövrəklik

Hər kölgədən bir kimsəsiz payı var

…budur mu neçə illik təsginlik

 

Ağlaya bilmirəmsə ölmüşəm demək ki

Amma mən son dəfə nə vaxt ağladım

 

İndi uzaqlardayam

İndi gözdən-könüldən iraq yerdəyəm

Bəlkə də adımı yana-yana çağırsan belə

Bir qapı, iki pəncərədən eşitməyəcək qədər

…uzaqlardayam

 

İndi içimdə bir qorxu var ki,

Qorxuram ki, gerçək olar

Bir vaxt sənə yazan barmaqlarım satar məni

Qorxuram ki, qatar məni arzuların, ümidlərin gözünə

nə zamansa xatırlayıb sənə yazar

 

Baba YAŞAROĞLU