Sim-sim.az

Simran Qədim – “Həyatda qalmaq”

 

“Özünə divan qurub öz iradəni qanun kimi başının üstündən asa bilərsənmi? Özünə hakim olub, lazım gəlsə, bu qanun adından özünü məhşər ayağına çəkə bilərsənmi?”

Fridrix Nitşe

 

Bir saat sonra

Görəsən, tapan olarmı ki, mən kiməm? Müəllim, həkim, memar, usta, fəhlə… Bəlkə aliməm, kosmonavtam, pilotam. Ya bəlkə dünyaca məşhur jurnalistəm, yazıçıyam, rəssamam. Yaxud da böyük fanat ordusuna sahib teleaparıcıyam; ya müğənni, ya da ki, futbolçu… Çox uzatmaq olar. Amma yox: mən bunlardan heç biri deyiləm, heç olmaq da istəməmişəm. Mən sadəcə milyonerəm, vəssalam. Sadəcə milyoner. MİL-YO-NER!.. Mənim hər şeyim var. Pulum-param, nüfuzum, əlaqələrim, villam, yaxtam, “Maseratti”dən tutmuş “Bentley”yə, “Rolls-Royce”a kimi lüks avtomobillərim. Hər şeyim! Moskvaya gedəndən sonra həyatım dəyişdi və çox varlı birinə çevrildim.

Görəsən, tapan olarmı ki, hər şeyə sahib bu adam – yəni mən, indi hardayam? Villamda, maşınımda, ofisimdə, konfrans zalında, restoranda… Bəlkə dağda, dənizdə, meşədəyəm. Ya bəlkə dünyaca məşhur hansısa müğənninin konsertindəyəm, rəssamın sərgisindəyəm, kinoteatrdayam. Yaxud da tez-tez səyahət verilişlərində göstərilən hansısa ekzotik adadayam; ya paraşütlə tullanmaqda, ya da ki, hindu qəbilələrinin arasında… Bunu da çox uzatmaq olar. Amma yox: mən bu yerlərdən heç birində deyiləm. Mən sadəcə quyudayam, vəssalam. Sadəcə quyuda. QU-YU-DA!.. Heç kəsin inana bilməyəcəyi bir iş gəlib başıma, martın ortalarındaca bu kor quyuda sərələnib qalmışam. Nə olduğunu anlamadan bir də gördüm, burdayam. Gözümü açdım – quyudayam. Səbəblər çox ola bilər, amma səbəblər önəmli deyil. Əsas məsələ odur ki, mən belə bir girdabın içinə düşmüşəm.

Bəs görəsən, mənim indi nə fikirləşdiyimi tapan olarmı? Qorxmuşammı, həyəcanlanmışammı, çoxmu stress keçirirəm. Bəlkə dərin təlaş içindəyəm, tir-tir əsirəm, ürəyim quş kimi çırpınır, az qalır sinəmi yırtıb çölə atıla. Ya bəlkə ağlamağım gəlir, deyirəm, görən, sağ-salamat qurtula biləcəyəmmi, axırım nə olacaq, necə olacaq. Yaxud da öz-özümə yanıram: axı bu nə işdir başıma gəldi, gör nə hala düşmüşəm, necə böyük bir dəhşətdir. Amma yox. Yox, yox, bir də yox! Mən belə şeylər haqda fikirləşmirəm. Fikirləşmirəm sadəcə, vəssalam. Fİ-KİR-LƏŞ-Mİ-RƏM!.. Mən sakitcə durub gözləyirəm. Bilirəm, daha doğrusu əminəm ki, məni çıxaracaqlar. Özü də yüz faiz əminəm! Heç bir problemsiz-filansız. Axı nə problem ola bilər ki? Mənim bu qədər sərvətim, iyirmi dörd saat qulluğumda hazır adamlarım var. Belə birisi burda qalmayacaq ki. Belə birisi quyunun dibindəcə ölməyəcək ki. Əlbəttə, bu mümkün deyil. Bu ağlasığmazdır, bu cəfəngdir, bu absurddur.

Absurddur, vəssalam!

Özümü toplayıb tərpənməyə cəhd edirəm. Amma… alınmır. Nə əllərim sözümə baxır, nə də ayaqlarım. Heç barmaqlarım da qımıldanmır. Əvəzində beynimdən şiddətli bir cərəyan keçir: buz kimi soyuq bir cərəyan. “Cərəyan”ın təsirindən bağırmaq istəyirəm. Ancaq… qəribədir ki, bu da alınmır. Səsim də çıxmır mənim… Təlaşımı boğuram, nəfəsimi dərib qışqırmağa çalışıram. A-LIN-MIR!

Mən nə qımıldana bilirəm, nə də səsimi çıxara…

Axı nə olub mənə? Niyə bu hala düşmüşəm? Heç qışqırmaq nədir, pıçıltıyla da nəsə deyə bilmirəm.

“Sakitləş, qorxma, həyəcanlanma… toxta bir az, hər şey yaxşıdır, yaxşı olacaq…”

Deməli belə: yerimdən tərpənmək, ya çığırıb kimisə köməyə çağırmaq iqtidarında deyiləm. Həm də kim eşidəcək səsimi gecənin bu vaxtı? Quyuya düşüb zədə almışam, çox güman ki, nitqimlə hərəkətim də aldığım zədədən itib. Düzələr, qorxulu heç nə yoxdur. Lazımi siqnallar beynimdən bədənimə çatmır sadəcə. Başım gicəllənir, əl-ayağımda, boynumda, daha bir neçə yerdə kəskin ağrılar var. Ola bilsin, əl-ayağım da sınıb, boynum da. Gərək özümü üzməyəm. Çox keçməz, gələrlər indi.

“Sakitləşməliyəm, sakitləş, sakitəm.”

Tək bir şeyi bilirəm: pis fikirlərlə başımı doldurmağımın mənası yoxdur. Ağzıma ilıq nəsə dəyir, amma nə olduğu aydın deyil. Ağzıma nəyinsə dəydiyini hiss etməyim isə müsbət haldır. Hə, güman ki, burnumdan qan açılıb. Qan açılmağını tapdım, yəni düşünmə qabiliyyətim itməyib. Bu da digər bir müsbət hal! Dərindən nəfəs alıb ətrafı dinşəyirəm: heç nə eşidilmir, zülmət səssizlikdir, sükunət.

Quyuya düşməyimdən qırx dəqiqə, bəlkə də, bir saat keçib. Əvvəlcə huşum getdi, bir müddət özümdə olmadım. Nə qədər keçdiyini dəqiq deyə bilmərəm, amma hər halda, bir saatdan çox olmaz. Deməli, Vadim indi gələr, bu dəqiqə gələr. Çoxdan şəhərin canına düşüb yəqin, hər yanı ələk-vələk etdirib məni axtarır. Sözsüz ki, aləm dəyib bir-birinə: polislər, prokurorluq, Vadimin adamları. Bilmirəm onlar məni necə axtaracaqlar, hansı yolla yerimi müəyyənləşdirəcəklər. Heç maraqlanmıram da. Əsas odur, məni tapıb çıxaracaqlar. Tapıb çıxaracaqlar, vəssalam! Necə axtarmaq onların işidir, qoy Vadim qolunu şişirtdiyinə başını işlətsin. Yekəbaş, sarısifət, göygöz rus! Onsuz da axır vaxtlar xoşum gəlmirdi ondan, burdan çıxım, qovacam işdən. Həmin dəqiqəcə qovacam.

Amma yox, bir tərəfdən də, sadiq adamdır Vadim. Gör neçə ildir yanımdadır. Elə Moskvaya gedəndən tanıyıram. Həmişə yan-yörəmdə olub, pillə-pillə üzüyuxarı qalxanda da ətrafımda fırlanıb. Layiq idi, mən də götürüb ən yaxın köməkçim etdim. Hətta bir dəfə güllənin qabağına da vermişdi özünü. Məni istəyənlər olduğu kimi, istəməyənlər də var, ölümüm çoxlarına sərf edir. O vaxt Vadim özünü güllənin qabağına verib məni xilas edə bildi. İndi isə… Bakıdakı bu lənətə gəlmiş quyudan çıxara bilməyəcəkmi? Əlbəttə, çıxaracaq. Lap helikopter qaldıracaq, şəhərin hər künc-bucağına adam göndərəcək, hər daşın altına baxdırtdıracaq, ancaq yenə də tapıb çıxaracaq. Nəyin bahasına olursa olsun.

Çıxaracaq, vəssalam!

O, məni tapıb çıxarana kimi isə gərək bir azca mürgüyə dalam. Vaxtı bir yolla keçirtmək lazımdır, ya yox? Dərindən nəfəs alıb gözlərimi bərk-bərk yumuram. Bütün fikirləri başımdan atıram. Çalışıram ki, tezcə yuxuya gedim.

 

Üç saat sonra

Yatmaq alınmadı, nə qədər istəsəm də, gözümə yuxu getmədi. Yuxu gəlmərəm ki, gəlmərəm deyib ərşə çəkildi. Əlbəttə ki, ərşə çəkildi, belə durumda yatmaqmı olar? Sinirlərimin hamısı oyaqdır, bədənimdəki şiddətli ağrılar da yaman incidir: topuqlarım guppuldayır, sağ dizim sızıldayır, beynimin içini elə bil mikroskopik çəkiclə döyəcləyirlər. Söz yox, bir neçə yerdən sınıq var, başımdan da ağır travma almışam. Yoxsa nitqimlə hərəkətimi itirməzdim ki. Bu dəqiqə tək bir şeylə təsəlli tapıram: başım az-çox işləyir, nəsə də fikirləşə bilirəm. Fikirləşdikcə isə əsəblərim gərilir, hirslənirəm.

Axı harda qaldı bu Vadim?! Neçə saatdır nə səs var, nə də səda. Zaman sürətlə irəliləyir, mən isə Vadimin yarıtmazlığı üzündən ağrı çəkməyə davam edirəm. Gərək indiyə kimi çoxdan məni tapmış olaydı: özünü daşa-divara vurub əlindən gələni də, gəlməyəni də edəydi, axır dadıma çataydı. Yoxsa bu boyda pulu nəyə verirəm ona? Daha indi də köməyimə çatmayacaqsa, bəs nə vaxt çatacaq? Kimə və nəyə lazımdır belə işçi? Nə olar, eybi yox, çox keçməz, əvəzini çıxaram. Ağıldankəm, boşboğaz, alkoqolik rus!

Yenə özümü sakitləşdirməyə çalışıram: “Hər şey yaxşı olacaq, özünü topla, çıxacaqsan burdan.” Bəlkə də, mənə elə gəlir, çox vaxt keçib. Əslində isə heç bir saat keçməyib. Çünki bir şeyi nəzərə almaq lazımdır: adam çətin durumda olanda zaman ləngiyir axı. Dəfələrlə qımıldanmaq, səsimi çıxartmaq cəhdlərim yenə boşa çıxır. Güc etməyin kimə nə faydası? Gözləməkdən başqa çarə yoxdur. Gözləmək, gözləmək, yenə də gözləmək.

Mən bu dəqiqə gərək ayrı şeylər haqda fikirləşəm. Heç son illər belə boş dayandığım olmamışdı. Ya işləmişəm, ya da hardasa dincəlmişəm. Dincəlməyin özü də bir işdir əslində. İndi isə həmişəkindən fərqli vəziyyətdəyəm; heç bir işlə məşğul deyiləm, gözlərimi havaya zilləyib bomboş dayanmışam. Bəs nə fikirləşim ki, vaxt keçsin? Adam çətinə düşəndə, lap elə ölüm ayağında olanda nə fikirləşər? Əlbəttə ki, keçmişini, uşaqlığını! Deməli belə: guya əlimdə qələm, ya qabağımda notbuk masa arxasında oturub, həyatım haqda yazıram.

Oqtay Məmmədzadə, yəni mən, düz əlli il bundan öncə, mart ayında dünyaya göz açmışam. Ailənin tək övladı idim. Atam mühasib olub, anam isə evdar qadın. Birtəhər dolanıb yola vermişik sürətlə ötüb gedən illəri. Mən hələ lap uşaqlıqdan fərqli olmuşam, öz xüsusiyyətlərimlə heç kəsə bənzəməzdim. Düzdü, milyoner olacağımı dilimə gətirməmişdim, ancaq çox tez-tez deyirdim ki, gələcəkdə böyük adam olacam. Hamı da mənə gülürdü:

“Sən hələ bir dərslərini oxu, baxarıq kim nə olacaq!.. Bu ağılla çətin adam olar səndən, bunun ürəyindən keçənlərə bir bax!.. Sən hara, “böyük adam” olmaq hara?..” – bu cümlələr indi də qulağımda səslənir.

Müəyyən qədər haqlı idilər də. Dərs oxuyan deyildim mən. Avaraçılığa meylli olmuşam, dərsdən qaçıb futbol oynamağa gedərdim. Anam həmişə məndən nigaran idi. Atam isə yox. Anamdan fərqli olaraq, mənə çox inanırdı. Tez-tez deyirdi ki, gələcəyim parlaq olacaq.

Məndə əsas tükənməz enerji vardı. Bacarıqlı idim, hər işin öhdəsindən asanlıqla gəlirdim. İnadkarlığım, tutduğumu buraxmamaq kimi xasiyyətim də vardı, yeniliyə, yeni ideyalara açıq idim. İşlədiyim dövrlərdə də dördəlli yapışmışam əlimə düşən fürsətlərdən.

Məktəbi bitirib güc-bəlayla xalq təsərrüfatı instituna girdim. Oranı da birtəhər başa vurub, iş həyatıma başladım. Xırda ticarətlə məşğul idim, elə xırda-xırda da pul qazanırdım. Doxsanıncı illərdə işlərim zəiflədi. Gördüm ki, yox, burda qala bilməyəcəm, baş götürüb getdim Moskvaya. Tezliklə güclü əlaqələrim yarandı. Savadım az idi, amma nə olsun? Qabiliyyətim, çevikliyim, bir az da bəxtim vardı. Bunların hesabına da özümü tutub, qısa zamanda varlandım. Sanki sehrli bir əl qabağıma düşüb hər addımımda köməyimə çatdı. Həqiqi oliqarxa çevrilə bilmədim, ancaq oliqarxların həyatını yaşayacaq qədər pulum oldu. İllər sonra Bakıya gələndə artıq tamam başqa adam idim. Tamam başqa Oqtay Məmmədzadə! Anamla atam mənimlə qürur duyurdular, dostlarım isə həsəd aparırdılar sözsüz ki. Vaxtilə mənə gülən dostlarım… Mən özümü yekə aparıb onlara üz vermədim. Niyə də verməliydim ki?! Ağılları olaydı, o cür aşağılamazdılar məni.

Bakıya ikinci gəlişim iki mininci ilin əvvəllərinə təsadüf etdi: atamla anam avtomobil qəzasında dünyalarını dəyişmişdilər. Sükan arxasında ikən atamın qəfil ürəyi tutubmuş: idarəetməni itirib, maşın da gedib çırpılıb divara.

Valideynlərimi itirməyim məni çox sarsıtdı. Deyirdim, bir də dönməyəcəm Bakıya. Məni bura çəkən nə vardı axı? Heç nə! Amma əlli illiyim yaxınlaşanda fikirləşdim ki, yox: mən doğulduğum yerlərə getməliyəm. Tanıdığım adamlara baş çəkib, məhz Bakıda qədəm qoymalıyam əlli yaşıma. Vaxtilə mənə gülən dostlarımı tapıb bir yerə yığacam, tək-tək hamısının gözlərinin içinə baxacam, acı-acı gülümsəyəcəm. Sadəcə gülümsəyəcəm, vəssalam. Qoy başa düşsünlər ki, kim kimdir. Heç biri mənimlə müqayisədə bir yerə çıxa bilməyiblər. Nə işin sahibidirlər axı onlar? Qabağındakını lağa qoymaqdan, yerli-yersiz gülməkdən başqa heç nəyə yaramırlar.

Əlli illik yubileyim baş tutdu və nəticədə… mən burdayam. Bu da sənə gözəl bir ad günü hədiyyəsi. Əsl sürpriz! Adam heç yuxuda da görməz belə şeyləri. Ən sevincli günüm qəfildən çevrilib faciə oldu. Həmişə deyirdim, belə şeylər ancaq başqalarının başına gələr. Boş-mənasız xəbərlərdə, qəzet-jurnal səhifələrində eşidib-oxuyarsan. Daha mənim kimi milyonerin başına gəlməz ki. Ahh! Yubiley mərasimim necə də böyük bir cəfəngiyyata döndü. Böyük bir cəfəngiyyata!

Bütün bu fikirlərdən bezikirəm. Yenə gözlərimi yumub çalışıram ki, yuxuya gedəm. Bu dəfə isə yatacam. Ağrılar da səngiyib deyəsən, yavaş-yavaş keyləşir. İndi dərin yuxuya gedib, bir müddət sonra ayılacam. Ayılanda isə görəcəm ki, lüks palatamdayam. Başıma dolanan tibb bacıları, məndən ötrü əlləşib-vuruşan Moskvalı həkimlər. Baş ucumda Vadim, ailəm, bir də ki, ekzotik güllər. Güllərdən gələn bihuşedici ətir…

 

Beş saat sonra

Təbii ki, bu dəfə də gözümə yuxu getmədi. Dediyim kimi, belə vəziyyətdə necə yatasan axı? Ağrı azalıb azalmağına, amma indi də əməlli-başlı üşüməyə başlamışam. Soyuq yavaş-yavaş iliyimə işləyir, dişim dişimə dəyir. Nə qədər olmasa, mart ayıdır, havada xeyli soyuqluq var. Yaxşı ki, lap elə şaxta deyil. Dekabr, yanvar, ya fevral ayı olsaydı, bəs necə? Onda nə hala düşərdim mən? Şaxtanın təsirindən anındaca ölərdim. Soyuğa məhəl qoymuram, fikirləşirəm ki, burdan qurtulan kimi, isti palatamda dincələcəm. İstini elə sevən deyiləm, ancaq bu hadisəni, bu soyuğu unutmaqdan ötrü lap çox qızdıracam palatanı.

Yenə qulaq verib “yer üzündən” səs eşitməyə çalışıram. Əlbəttə ki, yenə sakitlikdir, zülmət səssizlik. Burdan keçən isə yoxdur. Niyə heç kəs fikirləşmir ki, açıq qalıb bu quyu? Bəlkə bir gəlib bunu bağlayaq, içinə düşən olmasın. Ya bir boylanıb göz ataq, bəlkə kimsə yıxılan var. Quyunu bağlamamışdan öncə mütləq yaxşı-yaxşı baxıb-yoxlamaq lazımdır. Axı dibində milyoner ola bilər! Gülmək tutur məni. Kimin ağlına gələr ki, milyoner belə bir işə düşə? Milyonerlər ancaq və ancaq maşında gəzirlər, daim çevrələrində adam olur, onlar hər dərd-bəladan sığortalanıblar. Heç başıma gələni nağıllarda da yazmazlar, komediya filmlərində də çəkməzlər. Olanda isə olurmuş. Nə kasıba, nə varlıya baxmırmış deməli…

Mən lap özümdən çıxmağa başlayıram. Azı dörd-beş, bəlkə də, altı saat keçib. Mən isə hələ də burdayam. Zarafat-zarafat, deyəsən, tapıb çıxaran olmayacaq məni. Kostyumum, köynəyim, ayaqqabım da indi yəqin pis günə düşüb. Bura villamın par-par parıldayan döşəməsi deyil ki. Əlbəttə, pis günə düşüb: zir-zibil, toz-torpaq, palçıq-çamur. Halbuki bəy kimi bəzənmişdim, göz qamaşdırırdım geyimimlə. Amma eybi yox, bu kostyumdan lap yüzünü alaram. Varlığa nə darlıq. Qurtulan kimi duşa girib yaxşı-yaxşı yuyunacam, mənim üçün eksklüziv hazırlanmış ətirlərimdən vuracam. Tamam canımdan çıxsın buranın çirki-pası.

Tək çıxış yolu var, gərək səbirli olam. Onsuz da mənim işim səbirdən keçir. Moskvada çox situasiyalara düşmüşəm, hər dəfə də ağılla yanaşı səbrimin hesabına çıxmışam. Çılğın, emosional adamam, amma gərəkli zamanlarda sonsuz səbrim də var. Bu qədər pulu elə-belə qazanmamışam ki. Moskvadakı dostlarım mənə “oliqarx, oliqarx” deyirlər. Təbii ki, adım “Forbes” jurnalında yoxdur. Amma kim bilir, bəlkə gələcəkdə sərvətim ona, iyirmiyə, hətta otuza-qırxa qatlanacaq, adım düşəcək bu jurnala.

Deyəsən, paxıllığımı çəkənlərin nəzərlərinə tuş gəldim? Asifin, Sadiqin, Mirzənin, Kamranın, o enlisifət Ağababanın nəzərlərinə. Mənim kimilərinə həsədlə baxanlar çox olur axı. Sən kasıb ailədən çıxıb milyoner ol, illər sonra camaatı yığ, toy kimi yubiley keçirt. Bu qədər yeyib-içdilər, ancaq tək kəlmə səmimi söz demədilər. Üzdə xoş ifadələr işlətdilər. Əslində isə hamısı boğazdan yuxarı idi, içlərində tamam başqa-başqa sözlər deyirdilər: “Gör nə varlandı, nəyimiz əskikdir bizim ondan?..”, “Şansı gətirdi şansı, yoxsa kimiydi o?..”, “Nə olsun, pulu çoxdur, adamlıq pulla deyil ki!..” Onlar özlərini indi də məndən yüksək görürlər. Qoy olsun. Bunların özlərini mənə tay tutmaqlarına bir bax! Sən bunların saymazyanalıqlarına bir bax!..

Dərindən nəfəs alıb içimi çəkirəm. Axır-əvvəl burdan çıxacam, daha heç kəsi vecimə alan deyiləm. Onsuz da məndən çoxlarının zəhləsi gedir. Bilirəm, ətrafımda fırfıra kimi fırlanıb özünü mənə yaxın göstərənlərin hamısı ikiüzlüdürlər. Onlara mən yox, mənim pulum lazımdır. Pulum! Heç əslində mənim də xoşum gəlmir onlardan. Sadəcə pulla ələ alıram, qoy yaltaqlansınlar. Siz saydığınızı sayın, görün Oqtay nə sayır.

Kimə desən, mən quyuya düşmüşəm, inanmaz. Yenə bayaqkı fikirlərimə qayıdıram: “Sən nə danışırsan, belə də işmi olar?”, “Vallah inanmaram, milyoner nə gəzir quyuda?”, “Yox e, yox, yalan söhbətdir. Şişirdib danışırlar yəqin!” Televizorda, qəzet-jurnallarda, internetdə, bir sözlə, hər yerdə adım çıxacaq: “Şok, şok, şok!! Moskvada yaşayan azəri iş adamı quyuya düşdü…”, “Diqqət xəbərlərə! Azərbaycanlı zəngin Oqtay Məmmədzadə quyudan çıxarıldı…”, “İnanılmaz olay! Hamının adını eşitdiyi zəngin iş adamı yerin altında nə gəzir?..” Yox! Bu başlıqları heç ağlımdan da keçirtmək istəmirəm! Niyə kimsə başıma gələni eşidib xısın-xısın gülsün ki? Bunun qabağını mütləq almaq lazımdır. Amma narahat olmağa səbəb varmı? Pula baxmırmı hamısı? Yoluna qoyular, işıqlandırmazlar! Təki sağ-salamat qurtulum. Təki gəlib çıxartsınlar məni burdan.

İndi yəqin, arvadımla oğlum də narahatdırlar. Onlar tez Nyu-Yorkdan Bakıya uçub xəstəxanaya gələcəklər, başımın üstünü alıb dörd dolanacaqlar ətrafıma. Ən çox da oğlum. Xeyli stress yaşayacaq, nə yaşı var hələ, heç on səkkiz tamam olmayıb.

Ad günümü Nyu-Yorkdaca keçirəcəkdim. Hardan beynimə düşdü köhnə dostlarla yığışmaq?! Sözə bir bax: “Ad günümü dostlarla keçirəcəm, özü də Bakıda!”

Amma yox, bəlkə… bəlkə elə ailəmin ürəyincədir yoxa çıxmağım. Bəlkə heç tapmayacaqlar məni. Qoy ölüm, yalandan ağlayıb-sızlasınlar, sonra da… sərvətimin dalına keçsinlər. Hə, hə, yanılmıram mən, elə belədir də! Ağlıma gəlməyən başıma gəldi. Mən burdaca ölüb gedəcəm, onlar isə milyonlarımla kef çəkəcəklər.

Əclaflar, alçaqlar, yaramazlar!

Qoymayacam mən, qoymayacam! Mənim ölümümü görməyəcəklər onlar. Yox! Elə indicə çıxarın məni burdan.

ÇI-XA-RIN!..

Axı niyə gələn yoxdur? Niyə kimsə gəlib məni xilas etmir?!

Çıxarın məniii…

 

On iki saat sonra

Artıq quyuya düşməyimdən saatlarla vaxt keçib, məni xilas edənsə yoxdur. Yəqin, indi günortadır, çünki hava çoxdan işıqlanıb. “Yer üzündən” isə nə səs gəlir, nə də səmir. Arabir nəsə uğultu səsi eşidilir, ancaq bu uğultunun nə olduğunu tam anışdıra bilmirəm. Yavaş-yavaş yaxınlaşan, yüksələn, sonra da azalaraq yox olub gedən bir uğultu. Bəlkə də, gəlib-keçən maşınların səsidir. Bəs maşınların mənə nə kimi faydası ola bilər? Əlbəttə ki, heç bir! Yenə piyada gəlib-keçən olsaydı, başqa məsələ. Deyərdim, kiminsə beyninin qurdu tərpənəcək, gözucu quyunun içinə baxıb görəcək məni. Amma təəssüf, hələlik heç bir addım səsləri-filan eşidilmir.

Mənim bu günə çoxlu planlarım vardı, hər halda iş-güc adamıyam: jurnalistin birinə intervü verəcəkdim, aralarında tanınmış iş adamlarının olacağı konfransda çıxış edəcəkdim, axşamtərəfi Moskvaya uçub vacib bir kontrakt imzalayacaqdım. Amma indi… indi gör mən nə hala düşmüşəm. Bu işlərlə məşğul olmaq əvəzinə, quyudaca uzanıb nə vaxt xilas ediləcəyimi gözləyirəm. Ağlım isə bir şey kəsmir. Deyəsən, axırım yaxşı olmayacaq. Özü də heç yaxşı olmayacaq. Düşdüyüm vəziyyət sözün həqiqi mənasında böyük bir biabırçılıqdır.

Əsl biabırçılıq!..

Vaxt keçdikcə yavaş-yavaş soyuğa öyrəşirəm, ağrılarım səngiyib. Bir də əməlli-başlı qorxmağa başlamışam. Axı niyə də qorxmamalıyam ki? Mənim yerimə kim olsa, çox təlaş-həyəcan keçirər; stressə dözməyib ürəyi də partlayar hətta. Beş-altı metr hündürlüyü, iki metrə yaxın diametri olan bir quyunun dibindəcə qalmışam. Quyunun dibindəcə əcəlimi gözləyirəm.

Dərindən nəfəs alıb, artıq neçənci dəfə səsimi çıxartmağa, tərpənməyə cəhd edirəm. Ola bilsin, bu dəfə alına. Qəribədir: səsim çıxmır, amma… amma bu dəfə qımıldana bilirəm. Azca da olsa, barmaqlarım tərpənir! Bir az keçir, bir də tərpənməyə çalışıram. Tədricən hərəkətlərim bərpa olunur, indi az-çox əl-ayağımı qımıldada bilirəm. Amma bu cüzi qımıldanma karıma gəlməz. Sözsüz ki, karıma gəlməz! Mən nə durub ayağa qalxasıyam, nə də ayağa qalxıb quyudan çıxası.

Kaş bir azca yata biləydim, çox yaxşı olardı. Yuxudaca ötüşdürərdim bütün bu çətinlikləri. Məsələn, ya yuxu dərmanı içərdim, ya da narkotik çəkib dalardım xəyallar aləminə. Ölsəm də, heç nə hiss etməzdim, qalsam da. Amma yox! Axı mən heç vaxt narkotikin dadını bilməmişəm. Nə ondan istifadə etmişəm, nə də satışıyla məşğul olmuşam. Niyə özümü, ya da başqalarını zəhərləməliyəm ki?

Bəlkə də, insanlar məni pul üçün hər işə girişən birisi kimi görürlər. Ancaq yanılırlar: mən bu yolla qəpik də qazanmamışam. Mənim pulum təkcə halal yollardan çıxıb. Yaxşı gəlir gətirən tikinti şirkətim, bahalı restoranlar şəbəkəm, dəbdəbəli bir otelim var. Bu günə kimi kimsəyə zərərim dəyməyib, heç vaxt heç kəsin ahını almamışam. Yaxşı işlərim də çox olub. Niyə olmayıb ki? Neçə-neçə adamları işlədib ailələrini dolandırıram, fürsət düşdükcə mesenatlıq edirəm, kasıblara əl tuturam. Bu, təbii ki, qazancımın yanında heç nədir. Əslində daha çox yaxşılıqlar edib, daha çox insanların dərdinə çarə ola bilərdim. Amma… niyəsə etməmişəm…

Yavaş-yavaş acmağa başladığımı duyuram, aclıqla yanaşı, kəskin susuzluğum da var. Bəs belə getsə, görəsən, mənim axırım nə olacaq? Bu quyunun dibində necə bir sonla üzləşəcəm? Necə?! Beynimdə yuva salan bu sualdan boğuluram, get-gedə nəfəsim kəsilir.

“Eybi yox, darıxma, çıxacaqsan burdan…”

Yenə özümü ələ almağa çalışıram. Sakitləşməliyəm! Nə problem var ki? Lap bir bu qədər də keçsin, dözəcəm!

“Hər şey yaxşı olacaq, səbr elə, təmkinli ol…”

Bilirəm, axır-əvvəl kimsə gəlib çıxaracaq məni burdan. Gec-tez qurtulacam onsuz da.

Mütləq qurtulacam!..

 

Bir gün sonra

Deyəsən, yuxuya getmişəm. Dərin olmasa da, mürgüqarışıq bir yuxuya. Ayılanda elə bildim, hər şey kabusdur. Amma yox, gözümün önündə qaranlıq səma var: ulduzlar sayrışır, ayın işığı gəlir. Mən isə hələ də məzarı xatırladan bu quyudaca sərələnib qalmışam – kabus deyilmiş. Quyuya düşməyimdən bir gün keçib, ancaq nə xəbər var, nə də ətər. Mənim əlimdən bir-iki santimetr o yan-bu yana qımıldanmaqdan başqa heç nə gəlmir. Deməli, burdan təkbaşına qurtula bilmərəm. Səsimi çıxarıb kömək çağırmalıyam, o da alınmır.

Elə bil bayaqları bir yuxu gördüm. Çox qəribə bir yuxu! Guya işıqlar sönüb, liftdə qalmışam. Zülmət qaranlığın içindəcə hönkür-hönkür ağlayıb kömək çağırıram, amma gələn olmur. Çox ağlayıb-çığırıram, gələn olmur ki olmur… Əlbəttə, anlamazlığıma acığım tutur. Şüurumun sirli-sehirli bir oyunudur bu. Uşaqlıqda başıma gələn hadisə yuxu kimi qarşıma çıxıb sadəcə…

Yenə mart ayı idi, heç məktəb yaşına çatmamışdım. Dayımgilə qonaq getmişdik, həyətdə yelləncək görüb yellənmək istədiyimi dedim. Çox ağladım, qoyan olmadı. Sözsüz ki, dinc durmaq fikrim yox idi. Dayımgilə qalxan kimi, gizlicə evdən çıxıb barmağımın ucuyla liftin düyməsini basdım, kabinəyə girdim. Aşağı düşəndə qəfildən beynimdə ildırım çaxdı, ağlıma bir fikir gəlmişdi: liftin içindəcə aşağı-yuxarı gedəcəkdim, elə burdaca yellənəcəkdim mən. Həyətə çıxmağa icazə vermirdilər, daha liftin içində də oynamağa yox ki. Həm sözə baxmış oluram, həm də özüm üçün yellənmiş. Nə fərqi var: ya yelləncəkdə yelləndin, ya da liftdə.

Aşağı, yuxarı… Aşağı, yuxarı…

…Birdən işıqlar söndü, lift dayandı. Qaranlıqdaca qalmışdım, heç indiki kimi ayın işığı da yox idi. Nə edəcəyimi bilməyib zar-zar ağlamağa başladım. Ağlayırdım, ağlayırdım… “Qaranlıqdan qorxuram axı, yandırın işıqları, yandırın, yandırın…” – durmadan bu kəlmənicə təkrarlayırdım. Arabir də çığırıb kömək çağırırdım: “Niyə kimsə gəlmir? Çıxarın məni burdan! Çıxarın!!!” Mən liftin içində çox qalmadım. Tezliklə atam özünü çatdırdı, lap supermen kimi köməyimə yetişib məni kabinədən çıxartdı….

Bu dəfə isə yanımda nə atam var, nə də anam. Bəs indi kim yetişəcək köməyimə? Kim gəlib qurtaracaq məni bu girdabın içindən? Təkcə Vadim var, o da gəlib çıxmaq bilmir. Az qalıram dəli olam. Bəs Vadim mənim yerimi necə müəyyənləşdirəcək? Nə qədər maraqlanmıram desəm də, fikirləşməmək olmur. Telefon siqnallarıylamı? Yox, mobil telefonum yanımda deyil. Kamera görüntüləriyləmi? Yox, o qədər kamerasız yerlərdən keçmişəm ki. Gedə biləcəyim hər yana, hər dəliyə baxmaqlamı? Yox, hardan bilsinlər ki, mən burdayam. Lap Bakını qarış-qarış axtarıb hər yanı ələk-vələk etsinlər, yenə də tapa bilməyəcəklər məni.

Tapa bilməyəcəklər!

Günlər keçəcək, aylar ötəcək. Nə vaxtsa, təsadüfən, tanınmaz halda burda tapılacam. Tanınmaz halda! Şəxsiyyətimi müəyyənləşdirə bilməyib, kimsəsizlər qəbristanlığında basdıracaqlar. Vəssalam, milyoner kimsəsizlər qəbristanlığında! Hamı elə biləcək məni düşmənlərim öldürüb, cəsədimi isə yox ediblər. Axtarışım üçün hər şey edəcəklər, detektiv də tutulacaq lap. Axır tapmayıb əllərini üzəcəklər. Haqqımda silsilə verilişlər hazırlanacaq, uzun zaman yoxa çıxmağımdan danışacaqlar. Sevinənlər də olacaq, kədərlənənlər də.

Ürəyim əməllicə əsir, halım qarışır. Aclıqdan, əsas da susuzluqdan üzülürəm. Amma gərək ümidsizliyə qapılmayam. Burdan çıxan kimi, yaxşılıqlar edib kasıb-kusubu sevindirəcəm. Qurbanlar kəsəcəm, çoxlu pul paylayacam.

Elə bil Allah ürəyimdən keçənləri eşidir. Qəfildən addım səsləri gəlir. Məni həyəcan basır, ürəyim aramsız çırpınır. Var gücümlə çığırmaq istəyirəm, amma… Alınmır! Gecə vaxtı burdan keçən adam sanki ayaq saxlayıb quyunun yanındaca dayanır. Həyəcandan boğuluram, nəfəsim kəsilir. Elədir ki var! Yuxarıda kimsə dayanıb, insan silueti görürəm.

İNSAN SİLUETİ!!

Ancaq… addım səsləri təzədən eşidilir. Həmin adam quyuya baxmadan keçib gedir, yoluna davam edib uzaqlaşır. Səslə birgə ümidlərim də yoxa çıxır…

 

İki gün sonra

Arada yağış yağdı. Təbii ki, dil-dodağım susuzluqdan alışıb yanırdı. Aclığım yatışmayıb, amma heç olmasa, az-çox susuzluğumu səngidə bilmişəm. Artıq bura düşməyimdən iki gün keçib. Mən iki saniyəyə, iki dəqiqəyə belə razı olmazdım, ancaq gör nə qədər keçdi: iki saat yox, düz iki uzun gün – qırx səkkiz saat. Aclıqdan ürəyim əsir, gözümün önünə cürbəcür yeməklər gəlir: bifşteks, qızıl balıq, kabab, dolma, ləvəngi; növbənöv şirniyyatlar, mürəbbələr, içkilər. Bir ondan, bir bundan götürüb hamısını ağzıma doldururam, doymaq bilmədən acgözlüklə ötürürəm içəri.

Deyilənlərə görə, günlərlə, aylarla, hətta illərlə ac-susuz qalan yoqlar var. Guya ömrü boyu yemədən-içmədən günəşlə qidalanırlar, uzun zaman tərpənməyib meditasiya edirlər sadəcə. Bəs qidasız yaşaya bilərmi insan? Mümkündürmü belə bir şey? Əlbəttə ki, yox! Mənim buna inanmağım gəlmir. Ən əsası da, mən yoq deyiləm. Heç ola da bilmərəm.

Fikirləşirəm ki, beş günlük dünyadır, gərək yaşadığın həyatın qədrini biləsən. İndən sonra heç kəslə işim olmayacaq, heç kəsə yuxarıdan aşağı baxmayacam daha. Dostlarımı da yavaş-yavaş başa düşürəm. Onlar sadəcə özlərini mənim yanımda sındırmırlar. Əslində heç məndən əskik deyillər. Aralarında normal iş-güc sahibləri də çoxdur: iqtisadçısı, mühasibi, həkimi, müəllimi. Hamı milyoner olmalı deyil ki. Öz hallarında adamlardırlar, bəziləri insanlıqda məndən də öndədirlər hətta.

Mənim əslində bir az da bəxtim gətirdi. Bu bir faktdır hər halda. Moskvaya gedib müəyyən əlaqələrim yaranmasaydı, bir sıra risklər etməsəydim, hər şey tamam başqa cür də ola bilərdi. Getdiyim risklərin ucunda pis günə qalmaq da vardı, ölmək də. Bəs bunları niyə unuduram mən? Niyə özümlə belə çox qürrələnirəm ki? Burdan çıxım, tamam başqa adam olacam. Nəyə lazım, milyonları yığ, heç kəsə xərcləmə, sonra da quyuya düşüb çıx get. Nə qədər çox pulun varsa, yükü də o qədər ağır olur. Pulun quluna çevrilirsən, başlayırsan hər şeyi pulda görməyə.

Yenə çığırıb kömək çağırmaq, ayağa qalxmaq istəyirəm. Ancaq alınmır, alınası da deyil daha. Axı hansı ağıldankəm bu quyunu açıq qoyub?! Hara baxırmış həmin adam? Mən burdan qurtulan kimi pul buraxacam: Bakıdakı, nəinki Bakıda, hətta ölkədəki, dünyadakı bütün quyuları, çuxurları, dərmə-deşikləri yoxlatdıracam, açığı varsa, hamısını bağlatdıracam. Qoy bir də belə şey olmasın. Mənim başıma gələn özgə kimsənin başına gəlməsin.

Bəs görəsən, məndən öncə bura düşən olubmu? Olubsa da, necə çıxıb həmin adam? Uşaqlıqdan belə xəbərləri çox tez-tez eşidərdim, maraqla da qulaq asardım: Tarzan kimi meşədə meymunlarla yaşayan kim, Robinzon Kruzo kimi adaya düşən kim, Azıx adamı kimi mağarada ömrünü başa vuran kim. Yenə meşə, ada, ya mağara olsaydı, yaxşıydı. Heç olmasa, onlar ölməyib yaşayırlar. Mənimki isə lap dəhşətdir. Mənim vəziyyətimin ucunda ancaq və ancaq ölüm var. Ağrılı-əzablı bir ölüm!

Dünyada isə çətin ki, belə halla üzləşən milyonçuya rast gəlinsin. Şübhəsiz, kimisə öldürüblər, işgəncə ediblər, səfil halına salıblar. Hər cür hadisə olub. Amma beləsinə, mənim başıma gələnə, inanmıram. Mən bura heç nədəncə düşdüm. Anam deyirdi həmişə: “Özbaşına hərəkətlər eləmə, bir gün başına iş açacaq bu sənin…” Bax belə, bu da ana sözünə baxmamağın cəzası!

Deyəsən, heç kəsin məni xilas etmək fikri yoxdur. Axı niyə kimsə gəlmir? Çıxarın da məni. Heç olmasa, bir dilim çörək verin yeyim, yazığam axı. Köhnə, qurumuş çörək də olar lap.

Balaca, kiçicik bir dilim.

Acam mən!

AAAC!!!…

 

Üç gün sonra

Bədənim yavaş-yavaş sönməyə doğru gedir, yaşam enerjimin tükəndiyini hiss edirəm. Əməlli-başlı hərarətim də var, od tutub yanıram. Susuzluqdan dilim damağıma yapışıb, sözsüz ki, sifətim də çöküb. Əlim-ayağım tutsaydı, lap çıxarıb ayaqqabılarımı da yeyərdim. Uzaqbaşı təpəmi divara çırpıb öldürərdim özümü. Təki əzab çəkməyim. Axı həyatla ölüm arasında – “Əraf”ın ortasındaca nə qədər gözləməliyəm?

Bir tərəfdən də fikirləşirəm ki, yox: heç nə olmaz, müvəqqəti çətinlikdir, hamısı ötüb gedəcək. Heç izi-tozu da qalmayacaq bu anların. Sağlam adamam: bu günə kimi ciddi bir xəstəlik keçirməmişəm, hər gün təmiz havada bir neçə kilometr gəzmişəm, vaxtaşırı cürbəcür idman qurğularında məşq etmişəm. Deməli, bədənim dözümlüdür, tap gətirəcək bu duruma.

Dünyada o qədər adam var ki, min bir oyundan çıxır: bəd əməllərdən qalmır, ancaq və ancaq nifrət qazanır. Amma heç onların başlarına belə şeylər gəlmir. Əksinə, sanki pisliklərinin qarşılığında mükafat alırlar: işləri yağ kimi gedir, xırda problemlərlə də üzləşmirlər. Yox, bununla deyil ki! Adamın işi gətirməyəndə gətirmir. Mən səbəb tapmağa çalışıram sadəcə. Özümə təsəlli verirəm: ürəyi təmiz adamam, guya hər şey yaxşı olacaq. Əslində isə heç nə yaxşı olmayacaq. Tarixdə o qədər müharibələr, aclıqlar yaşanıb ki. Milyonlarla insan qırılıb. Mənim nəyim artıqdır onlardan? Əlbəttə ki, heç nəyim!..

Qəfildən beynimə bir fikir düşür, qəti şəkildə qərar qəbul edirəm: özümü öldürməliyəm! Bütün bu əzab-əziyyətə son qoymağın başqa yolu yoxdur. Axırıncı dəfə dərindən nəfəs alıb havanı içimə çəkirəm, nəfəsimi tuturam. Saniyələr keçir: on… iyirmi… otuz… Amma alınmır! Belə də işmi olar, əlbəttə, alınmır. Həyat çox şirin şeydir, heç başımı divara-filan çırpmağa da əlim gəlməz mənim. Çünki həyatda hər şeydən üstün bir hiss var – sağ qalmaq hissi!

Sağ qalmaq haqda çox romanlar yazılıb, filmlər çəkilib. Oğlumun əlində bizimkilərin bir kitabını görmüşdüm, niyəsə maraq gəldi, alıb oxudum. Kitabın gənc qəhrəmanı həyatda qalmaq üçün axıracan mübarizə aparır: Bakıdan vurub İstanbula, İstanbuldan vurub Parisə, Nyu-Yorka gedib çıxır. Əcəl düyün salıb boğazına düşür, ancaq o, həyatdan əlini üzmür ki, üzmür. Qurtulacağına dair inamını sonadək qoruyub saxlayır. Yenə həmin qəhrəmanın əhatə dairəsi geniş idi. Mən isə çox dar çərçivədəyəm. Hərçənd, həmin romanda tamam başqa bir mətləb də vardı…

Amma nə fərqi, mübarizə mübarizədir. Bəs bu durumda necə bir mübarizə aparmalıyam mən? Sadəcə inanmaqla, ümidimi itirməməkləmi? Elədir ki var! Xilasa inanıb, sonacan ümidi itirməməyin özü də bir mübarizədir əslində…

Bəlkə də, mən indi qəbirdəyəm. Nə quyu, nə çuxur? Gözümə görsənir hər şey. Ölmüşəm, sonra da dirilmişəm. Ya cəhənnəmdəyəm, ya da Sirat körpüsü deyilən yerdə. Yaxud da hamısı yuxudur. İndicə oyanıb yerimdən qalxacam, səhər yeməyimi yeyib işə gedəcəm. Heç yadıma da düşməyəcək bu yuxu.

Bəs necə düşdüm mən bura? Axırıncı dəfə Nyu-Yorkda idim, ailəmin yanında. Şirin-şirin səhər yeməyimizi yeyirik, oğlum durub dərsə gedir. Sonra… sonra… Sonra mən Fransaya, Parisə gəlirəm, Parisdəki işlərimi görüb İstanbula uçuram. Sonra Bakı, sonra Bakıdakı əlli illik yubileyim… Restorandayam: köhnə dostlar, onların mənə həsədlə baxmaları, çoxlu-çoxlu təriflər; pafoslu çıxışlar, boğazdan yuxarı deyilən sözlər, bər-bəzəkli tostlar… “Saxtadır hamısı!” – fikirləşirəm. Məni sancanlar olur, hirsimdən boğuluram… Gözümün önünə kəsik-kəsik fraqmentlər gəlir. Halım qarışır, yaddaşım dumanlanır… Badə qaldıranlar, gülə-gülə məni başdan-ayağacan süzənlər, mənim acı-acı onlara baxmağım. Eşitdiklərimdən cırnayıram, nəfəsim çatmır. Sonra, bəs sonra… Yada sala bilmirəm… Məndən zəhləsi gedən adamlar, onların sifətimə baxıb gülümsəmələri, üzümü çevirən kimi dalımca danışmaları. Hamısı ölümümü istəyir: “Elə quyudaca öləcək… Əcəb olur, qoy ölsün, milyonlarının dalına keçək…” – deyirlər. Arvadım, Vadim, dostlarım…

Gözlərimi açıq saxlamağa çalışıram. Əgər yuxuya dalsam, ölərəm birdən. Ya kimsə keçər, tanıyar məni, ölü bilib başını işə salmaq istəməz. Ya da ki, klinik ölüm keçirərəm, aparıb basdırarlar. Sonra ayılaram, gerçək olar qəbirdə dirilmək məsələsi.

Ulduzları sayıram. Bir… iki… üç… Özümü buraxmamalıyam, hər şey adicə bir oyundur sadəcə. Oyun, tamaşa!.. Özgəsinin başına gəlib bütün bunlar, mənim yox. Hava yenə açılır, yenə daha bir gün keçir. Bəs başıma gələn nədir? Komediya, tragikomediya, tragediya. Ya tərsinə: tragediya, tragikomediya, komediya. Deyəsən, dəli oluram. Dəli…

Ağlım sərsəmləyir. Həmişə köməyimə çatan ağlım quş kimi başımdan uçub gedir, yarıyoldaca qoyur məni. Mən isə ölürəm yavaş-yavaş.

Ölürəəəm…

 

Dörd-beş gün sonra

Bakıya indi də qar yağır. Bu nə həngamədir axı?! Amma mən gülürəm, daha heç nə vecimə deyil. Heç nə! Qəfildən qəribə bir səs gəlir. Dinşəyirəm, kimsə öskürür elə bil. Solumda bir adam görürəm, ayaq üstə dayanıb. Mən tez həyəcana qapılıb dillənirəm:

– Kimsən sən? Nə yaxşı gəldin. Tez xəbər elə, çıxartsınlar məni, – sevinclə deyirəm.

Qəribədir, səsim çıxır indi. Pıçıltıyla da olsa, danışa bilirəm. Bu adam mənim kimi orta boyludur. Əynində qara plaş var, plaşın başlığını qaldırıb. Diqqətlə onun üzünə baxıram: mən yaşda olar, elə görünüşcə də mənə oxşayır. Sifətinin cizgiləri isə çox kəskindir. O da mənim üzümə baxır, sonra da başını bulaya-bulaya kinayə ilə gülür. Dözməyib yenə səsimi çıxarıram:

– Nə susmusan? Niyə danışmırsan axı? De görüm kimsən sən?

Qara plaşlı başını bulaya-bulaya gülməyinə davam edir. Axır ələ salırmış kimi:

– Nə günə düşmüsən sən, Oqtay, – deyir. – Qar da yağdı üstünə, yağış da. Vay, vay, vayyy…

Məni od götürür. Gör kömək etmək əvəzinə neyləyir. Axı bu nə danışıqdır belə?! Hirsimi boğub mülayim tərzdə deyirəm:

– Çıxart məni burdan. Görmürsən nə haldayam? Nə durmusan, zəng elə, kömək çağır. Ya nömrə verim, yığ.

– Dayan hələ, tələsmə. Niyə tələsirsən ki.

Yenə kinayə ilə danışır, yenə gülür. Necə yəni tələsmə? Necə yəni dayan hələ? Bu adam nə istəyir məndən?

– Qulaq as, indi başa düşdüm səni. Mən bilirəm məqsədin nədir. Məni tanıdın, ona görə də pul qopartmaq istəyirsən. Yaxşı, narahat olma. Nə qədər desən verərəm. Təki çıxart məni. Hə, həyatın dəyişəcək, səni pula boğacam.

Ürəyimdə isə tamam başqa şeylər fikirləşirəm: “Dayan, qoy çıxım burdan, gör başına nə oyun açacam…”

– Nə düşündüyünü bilirəm, Oqtay, – qara plaşlı qəhqəhə çəkib gülür. – Şəffaf şüşə kimisən, içini görürəm. Ürəyində deyirsən ki, dayan, qoy çıxım burdan, gör başına nə oyun açacam… Düzmü tapdım?

Eşitdiklərim məni tamam çaşdırır.

– Yalvarıram, kömək elə çıxım. İncitmə məni, nəyə lazım axı bu sözlər? Nə qədər desən, verəcəm.

– Sən məni belə ələ ala bilməzsən. Pul hər şey demək deyil axı. Pulun da aciz qaldığı məqamlar var. Fikir ver. Məsələn, vicdan, şərəf, ləyaqət. Bunları pulla necə əldə edəsən? Bəlkə görüntünü yaradarsan, amma həqiqi olmayacaq. Əsas olansa həqiqətdir, görüntü deyil. Niyə burdasan, heç fikirləşmisənmi bu barədə? Hə?

Mən dinməyib bu adamın sözü nəyə gətirəcəyini gözləyirəm.

– Qoy deyim: özünü yekə aparıb hamını alçaltdığına görə; imkanının qarşılığında hədsiz az yaxşılıqlar etdiyinə görə; öz mənafeyindən ötrü həmişə böyük haqsızlıqlara yol verdiyinə görə. Bax bunlara görə burdasan! Bunlara görə cəzalanmısan! Axı sən niyə həyatda hər şeyi özünə məqbul bilirsən? Hardandır səndə bu güc? Adicə kağız parçasındanmı alırsan bu gücü? Yaxşı, mən razı. Bəs onda bu kağız parçası niyə köməyinə çatmır indi?

– Nə dediyini anlamıram. Heç özün də nə danışdığını bilmirsən. Yekə-filan deyiləm mən. Yaxşılıqlarım da çox olub, haqqı-nahaqqı həmişə qorumağa çalışmışam. Mən sadə, əliaçıq, ədalətli adamam!

– Nəə? Sadə, əliaçıq, ədalətli? Güldürmə məni, Oqtay. Sənin necə də güclü yumor hissin var,   – qara plaşlı əlini-əlinə çırpıb yenə qəhqəhə çəkir. – Bu cür adam olmağın sənə elə gəlir sadəcə. Reallıq hissin itib, hər şeyə birtərəfli yanaşırsan. Özün öz beynində məhkəmə qurursan, həmişə də haqlı tərəf özün çıxırsan niyəsə. Bir nəfəsini dər, başqasının gözündən də bax. Gör, onlar haqlıdırlar bəlkə. Bəlkə onların əsasları daha güclüdür. Ağlın çaşıb sənin. Pulun var, deməli, hamıdan ağıllısan. Pulun var, deməli, hamıdan üstünsən. Pulun var, deməli, hamı sənə baş əyməlidir. Yox, dostum, yox! Səndən daha ağıllı, daha yaxşı adamlar da var. Lazımi zamanda, lazımi yerdə olmaq məsələsi. Düzdür, mən sənin müəyyən “keyfiyyətlər”ini bilirəm. Məsələn: başqasından daha alçaqsan, başqasından daha qəddarsan, başqasından daha acgözsən. Ehh, o qədər şey sayaram ki. Sənin sən olmağında onlarla şərt üst-üstə düşüb. Bu isə kimisə özündən aşağı görməyinə əsas vermir. Hamıya insan kimi yanaşmaq lazımdır.

Mən lap hövsələdən çıxıram. Axı bu niyə dərs deyir mənə? Nə istəyir məndən?

– Qurtar bu söhbəti. Sənə qulaq asmaq istəmirəm! Gəl uzatmayaq. De görüm nə qədər lazımdır?

– Ehh, Oqtay, ehh!

Qara plaşlı dərindən köks ötürüb, nəzərlərini mənə zilləyir. Aradan saniyələr keçir. Üç… beş… on… Axır sükutu pozub dillənir:

– Düzələnə oxşamırsan sən. Yox, heç oxşamırsan. Yenə pul deyirsən, pulla məni yola gətirəcəyini düşünürsən… Deməli, səndən nə istədiyimi soruşursan.

– Hə, hə, de görüm nə lazımdır.

 – Mən…

– Hə, de.

– Mənə pul lazım deyil.

Qaşlarım düyünlənir:

– Bəs nə lazımdır?

– Mənə… mənə səni öldürmək lazımdır sadəcə…

Elə bil bədənimdən şiddətli bir cərəyan keçir, sanki nəfəsim dayanır. Qara plaşlı isə çox uzatmır: əlini atıb tapançasını belindən çıxarır, bir addım mənə tərəf yaxınlaşır, düz alnımın ortasını nişan alıb acı-acı baxır. Daha heç nə demirəm, danışmağın mənası yoxdur. Nəfəsimi içimə çəkib gözlərimi yumuram. Bir yandan da, nəsə olacağını gözləyirəm. Nəsə olacaq və bu atəş açılmayacaq.

– Dayan! – qəfildən bir səs gəlir.

Gözlərimi açıram.

– Silahı aşağı sal. Vurma onu.

Səs sağ tərəfimdən gəlir. Başımı çevirib baxıram. Ağ plaşlı birisidir. Eynən qara plaşlının əkizi. O da plaşın başlığını qaldırıb. O də qara plaşlı, dolayısıyla mənim kimi orta boyludur; məni yaşda olar, mənə oxşayır. Amma onun çox mülayim sifəti var.

– Sən hardan çıxdın? – qara plaşlının qaşları çatılır.

Mən heç nə başa düşmürəm. Ağ plaşlı, qara plaşlı, bir də gördün boz plaşlı çıxdı ortaya. Az qalıram dəli olam. Dəli!

– Məncə, hələ yaşasın. Bir azca gözləyək.

– Əşi, ürəyiyumşaqlığın yeri deyil. Çıx get, mane olma mənə.

– Qulaq as, gör nə deyirəm. Oqtay sən deyən qədər də pis adam deyil. Sən çox şişirdirsən. Alçaq hərəkətləri, qəddarlığı, acgözlüyü olub. Ancaq ümumilikdə belə birisi deyil. Təzadlı kimliyi var. Səhvləri çoxdur, amma dəyişəcək, tamam başqa adam olacaq. Mən buna inanıram. Oqtaya yaşaması üçün ikinci bir şans vermək lazımdır.

– Yox! Heç kəs məni yolumdan çəkindirə bilməz. Oqtay ölməlidir, vəssalam!!

Qara plaşlı tapançasını təzədən mənə tuşlayır. Tətiyi çəkməyə hazırlaşır, ancaq bu anda ağ plaşlı onun üstünə atılır. Hər ikisi yerə yıxılıb boğuşmağa başlayırlar.

– Onda mən əvvəlcə səni öldürəcəm, – qara plaşlının səsi eşidilir.

– Ay axmaq, üçümüz də bir adamıq. Niyə başa düşmürsən axı?! Məni öldürsən, sən də öləcəksən, Oqtay da. Oqtayı öldürsən, sən də öləcəksən, mən də.

Bu nə deməkdir belə? Mən ağ plaşlının dediklərindən heç nə anlamıram. Başım şişir, gözlərimə duman çökür. Onlar boğuşurlar, mən isə lap təngə gəlib çığırıram:

“Kömək edin, çıxarın məniii!..”

 

Bir həftə sonra

Plaşlılar daha gəlmədilər. Mən isə öz-özümə danışmağıma davam edirəm. Fikirləşirəm ki, kiməm mən, ümumiyyətlə? Kasıb bir fəhlə, ya varlı-karlı bir biznesmen? Yox, varlı deyiləm. Nə biznesmenəm, nə də milyoner. Milyoner adam quyuda nə gəzsin axı? Mən bir tikə çörəyə möhtac çox kasıb bir adamam. Hə, çox kasıb bir fəhləyəm! Neçə gündür ağzıma heç nə dəyməyib, lap acından ölürəm. Ola da bilsin, artıq ölmüşəm, məzardayam.

“Heeeyy, eeeyyyy… kimsə varmı???”

Çox çığırıram, amma eşidən olmur. Huşum isə gedir, gəlir… gedir, gəlir… Qoy bir azca yatım, elə şirin yuxudaca ölüm. Amma ölmək istəmirəm axı!.. İstəmirəm…

Məhkəmə zalındayam, ittihamlar səslənir. Filan vaxt filankəs sənə görə müflis oldu, dözməyib özünü asdı. Filan vaxt filankəsə borc vermədin, əməliyyat ola bilməyib xəstəlikdən öldü. Filan vaxt filankəsi işdən qovdun, təzyiqi qalxıb ürəyi partladı. Mən razılaşmıram.

“Yox! Yox! – çığırıram. – Yaxşı adamam mən! Günahsızam!”

Yenə quyudayam. Yuxuymuş hamısı. Yenə huşum gedir, gəlir… Zindandayam indi də. Tək-tənha oturmuşam, kif qoxuyur hər yan. Dəmir qapı çırıltıyla açılır. Yekəpər kişi yemək gətirir. Gözümə təpirəm. Niyə tutulmuşam bəs? Yanımda biri varmış sən demə. Üz-gözünü saç-saqqal basmış orta yaşlı biri.

– Səncə, niyə burdasan? – gözlərini qıyıb soruşur həmin adam.

– Niyə?

– Bir azdan edam edəcəklər səni, ona görə.

Bunu eşidib ağlamağa başlayıram. Hönkür-hönkür ağlayıram.

Yenə quyudayam. Bu da yuxuymuş. Yenə huşum gedir, gəlir… İndi isə tuneldəyəm. Dərinliyindən işıq süzülən boşluqdaca üzürəm. Əcaib-qəraib məxluqlar var: üstümə-üstümə gəlib məni öldürməyə çalışırlar. Mən isə onlardan yayınıram, qoymuram ki, zərər vursunlar mənə.

Yenə quyudayam, yenə yuxuymuş. Yenə gedib-gəlmələr. Harda həqiqət, harda illüziya? Mən bilmirəm. Sərhəd yox, sədd yox! Məhkəmə zalımı həqiqət, ya zindanmı? Bəlkə tunel həqiqət, ya elə quyunun özümü? Qatı duman, dərinlik, heçlik. Xəyallar, ümid, inam… Çıxacam mən burdan, axır-əvvəl çıxacam…

Musiqi səsi eşidirəm… bilmirəm nədir: cazmı, repmi, muğammı? Arada kəfkir səsi, saat tıqqıltısı gəlir… qum saatı, zamanın yetişməsi… Musiqi hipofizimə yaxşı təsir edir, beynimdə yaranan pozitiv dalğalar…

Sakitlik…

…Səssizlik…

 

Neçə günsə sonra

Gün çıxdı. Yağış, qar, yenə günəş… hələ də sağ-salamatam mən. Su… su… su… heç olmasa, bircə damcı su verin içim… mən hər yerdə, həm də heç yandayam… səhrada, göldə, dənizdə… okeandayam bəlkə… ya ilğımdır… axı mən bilmirəm hardayam… suuu…

Məclisdə qaldırılan badələr, deyilən sözlər… Məni ehmallıca sancırlar, hərə bir cür hadisə danışır… pərt oluram, hirslənirəm… havam çatmır, tez çölə çıxıram. Uzaqlaşıb sakitləşməliyəm… əclaflar, alçaqlar… onlar məni alçalda bilməzlər… Uzandıqca uzanan küçələr, dənizkənarı bulvar… taksi, avtobus… uşaqlığımın yadıma düşməsi, birdən-birə uşaqlaşmağım… şəhərin o başından vurub, bu başından çıxmağım… ata evi, köhnə məhəllə… evin ətrafında çoxlu-çoxlu gəzişməyim… gəzirəm, dolanıram… kaş uşaq olaydım… keçmişə qayıtmaq, uşaqlığıma dönmək… qəfildən qarşıma çıxan quyu, ayağımın altını görməməyim, quyuya düşməyim… Quyudayam!…

Tapın məni, çıxarın burdan… bir də belə şey olmayacaq… dəyişəcəm, düzələcəm, daha yaxşı adam olacam… Qarabasma, xəyal, yuxu, gah gülüb, gah ağlayıram… Həyat harda başlayıb, harda bitir… bəlkə həyatın özü elə bir yuxu… başqa paralellik… daha real, daha həqiqi bir paralellik… hər yan gül-çiçək, təmiz hava, sərin su, bulaq, şəlalə… cənnət, gülüstan… zamanın əvvəli, sonrası. Qurtulacam… Henrinin sonuncu yarpağı… Kinqin yaşamaq eşqi, həyatda qalmaq uğrundakı mübarizəsi… Oğlumun əlindəki kitab. Əcəl düyününə düşmək… Quyunun dibi, Yusif… Yusifin xilası, xilaskarı…

Səhər nə görmüşdüm yuxuda… Quyunun mənası… yuxu deyil ki… Yuxunun özü ağrıkəsici… yatmalıyam… ayrılmalıyam bu aləmdən… amma yox, yox, yooox…

Elə bil nəsə səs gəlir, lap uzaqdan kimsə qalx deyir… addım səsləri… kimisə görürəm… çığırmalıyam, çığırıram… var gücümü… əzmimi, iradəmi, qətiyyətimi toplayıb çığırıram:

“KÖMƏK EDİN MƏNƏ-Ə-Ə…”

Pilləkən… üzüyuxarı… qalxıram… uçuram… göydəki ulduzlara, günəşə, ya da sadəcə göz qamaşdıran parlaq işığa doğru…

 

Hansısa bir gün…

Gözümü bir də açanda görürəm ki, mən xəstəxanadayam – lüks palatamda. Nə az, nə də çox, hər şey elə düşündüyüm kimidir. Başıma dolanan tibb bacıları, məndən ötrü əlləşib-vuruşan həkimlər, ailəm, Vadim. Hamı ətrafımda dörd dolanıb, özümü necə hiss etməyimlə maraqlanır. Məni həqiqətən də sevənlər var, deyəsən! Baş ucumda isə ekzotik güllər. Güllərdən gələn bihuşedici ətir…

– Hər şey qaydasındadır, cənab Məmmədzadə. Narahatlığa heç bir əsas yoxdur, – palatada təkbətək qalan kimi Vadim dillənir. – Çox yaxşı görünürsünüz siz, bütün çətinliklər artıq geridə qalıb. Həkimlər deyir, bir az səbirli olmaq lazımdır sadəcə. Zamanla daha da yaxşı olacaqsınız, tam sağalacaqsınız tezliklə.

Vadim danışır, mən isə heç nə demədən sakitcə dururam. Sual dolu nəzərlərim onun üzündədir, diqqətlə qulaq verib daha nələr söyləyəcəyini gözləyirəm.

– Əsas günah məndə oldu, səhvimi boynuma alıram. Gərək nə olursa olsun, tək buraxmayaydım sizi. Kaş qulaq asmayıb restorandan çıxanda mən də gələydim dalınızca. Amma olan oldu, bunları danışmağın mənası yoxdur. Əsas odur, siz sağ-salamatsınız. Təsadüfən sizi tapan həmin o Elmar kişi olmasaydı, həmin o Elmar kişi səsinizi eşidib köməyinizə çatmasaydı, indi şübhəsiz, burda deyildiniz. Hələ də sizi axtarırdıq biz.

Mən qaşlarımı çatıb özümdən ixtiyarsız üz-gözümü turşuduram, bir andaca qan beynimə vurur. Əsəbi-əsəbi Vadimin üstünə qışqırıb dişimin dibindən çıxanları demək istəyirəm, amma Vadim məni başa düşür. Heç ağzımı açmağa imkan vermədən gülümsünə-gülümsünə deyir:

– O məsələyə görə də narahat olmayın, mən hər şeyi yoluna qoymuşam. Sizin başınıza nə gəlib ki? Kiçik bir qəza keçirmisiniz sadəcə. Kiçicik bir qəza. Sizi maşın vurub, günlərlə reanimasiyada – komada qalmısınız. Əvvəlcə kim olduğunuzu bilməyiblər. Bilən kimi isə xəbər verdilər, yanınıza gəldik. Başa düşürsünüz, adicə bir qəza keçirmisiniz, vəssalam, – Vadim göz vurub gülümsəyir mənə.

– Əlbəttə, maşın vurub məni, – qəti şəkildə dillənirəm. – Başqa nə olacaqdı ki?! Bəlkə demək istəyirsən, quyuya düşüb günlərlə ac-susuz qalmışam, günlərlə xilas ediləcəyimi gözləmişəm, – mən də öz növbəmdə gülümsəyib göz vururam Vadimə. Xeyli qımışıb, dərindən bir ah çəkirəm.

(Visited 152 times, 1 visits today)