Sim-sim.az

Alexandro Zambra: “Nəsr melodik olmalıdır”

-0-0-820-540


 

Alexandro Zambranı oxumadan keçmək imkansızdır. Latın Amerikasının ən gənc və yeni yazarlarından olan Zambraya diqqət gündən-günə artmaqdadır. O, necə yazmağa başladığını, əsərlərinin niyə kiçik həmcdə olduğunu, film ssenarisiylə bağlı düşüncələrini Juan Vidalla bölüşür.

“Sevgili Juan” deyir Alexandro Zambra. “Hər şey qaydasındaymış kimi görünür. Zəif ingiliscəmlə cavab verə bilirəm. Özümü ifadə edə bilmək üçün ispanca yazmağı seçdim, amma əlimdən gələnin ən yaxşısını edəcəyimə dair söz verdim. Çiliyə gedirəm və beş gün ərzində danışa bilərik”.

Son bir neçə on ildə Çili dünya ədəbiyyatına ən yaxşı ədəbi nümunələr qazandırdı. İzabel Alyende və Roberto Bolanonun ürək dağlayan hekayələrindən Pablo Nerudanın möhtəşəm şeirlərinə qədər Çili dünya ədəbiyyatında dərin bir iz buraxdı. “Qranta”nın “Ən yaxşı ispan dilli romançı”sı seçilən Alexandro Zambra bu mirasa müxtəliflik qatmaqla kifayətlənmir, eyni zamanda bu dalğaya öncüllük etməkdədir.

Bu günə qədər dörd romanı yayımlanan və bütün kitabları türkcəyə çevrilən Alexandro Zambra Çili və Çilinin dünya ədəbiyyatındakı yeri üçün qürur mənbəyi oldu. Ən populyar romanı olan “Bonsay” 2006-cı ildə “Çilili tənqidçilər” mükafatınına layiq görüldü və 2009-cu ildə Ən yaxşı tərcümə kitabları ödülündə birincilik qazandı. 2011-ci ildə rejissor Kristian Ximenes romanın motivləri əsasında eyni adlı film çəkdi. Bu uğurlar Zambarının adını sələflərinin sırasına yazıçı olaraq həkk etdi.

 

Sim-sim.az  Çili yazıçısı Alexandro Zambranın müsahibəsini təqdim edir.

 

 

 

Juan Vidal: Yazmağa şeirlə başladınız, eləmi?

 

Alexandro Zambra: Bəli. Şeirlə gənc yaşlarımda tanış oldum. Və çoxlu şeirlər oxudum. Böyük Çili şairlərini oxuyaraq böyüdüyüm üçün çox şanslıyam. Xüsusən Jorje Teileri, Enrique Linni, Gonzalo Millanı. Və təbii ki, Nkanor Parranı. Hamısı biri bir-birindən fərqliydi ki, mən də bunu çox xoşlayırdım. Ayrıca olaraq Ezra Paundun və Robert Krilinin əsərləri də məni özünə cəlb edirdi.  

 

J.V: Qurğuya, yazı texnikasına daha çox nə vaxtdan fokuslanmağa başladınız? Romanlarınızın bir özəlliyi də onların sanki mənzum formada yazılıbmış kimi olmasıdır. Bunun üçün xüsusi cəhd göstərirsinizmi?

 

A.Z: Mənim yazdığım şeirlər nəsrdən çox da fərqli deyildi. Mən mətni qurğu olan və olmayan deyə iki hissəyə bölməkdən qaçıram. Ətrafımdakı bir çox yazıçılar kimi mən də nəqletmə formasını kateqorizə etmək ehtiyacı hiss etmirəm. Mənim üçün növlərin bir-birinə qarışmasına və son olaraq istədikləri kimi yaranmasına izn vermək daha əhəmiyyətlidir. Sözsüz, qafiyəyə də fokuslanıram. Hər sətirdə musiqi havası yaratmağa xüsusi diqqət edirəm. Şeirdə ya nəsrdə, fərq etmir. “Bonsay” üzərində yenicə çalışmağa başladığım vaxtlarda məqsədim əslində roman yazmaq deyildi. Sadəcə, bilirdim ki, yazmaq istədiyim və yazılması lazım olan bir kitab var. Əsərin adı da artıq bəlli idi. Beynimdə bəzi obrazlar dolaşırdı – gənc bir şəxs bonsay ağacı yetişdirir, xüsusi növ əldə etməyə çalışır və niyyətini səssiz-səmirsiz həyata keçirməyə çalışır. Eyni şey “Ağacların şəxsi həyatı”nda da baş verdi. Beynimdə başlıq və bir neçə obraz vardı. Obraz mənim diqqətimi çəkməyə məcburdur, çünki obraz hər şeydir.

 

J.V: Musiqidən söz açdınız, kino və musiqi kimi sənətin digər sahələri əsərlərinizdə hansı rolu oynayır?

 

A.Z: Çox böyük rol oynayır. Yeni kitabım “Mis Documento” 11 qısa hekayədən ibarətdir, hekayələrdən biri xüsusilə “Saymon və Harfangel”dən bəhrələnib. Bir də Çilili “Leo Quinteros” və “The Kink”in əsərlərini bəyənirəm. Musiqi mənim üçün olduqca önəmlidir. Eləcə də kino.

 

J.V: İnsanlar həmişə yazıçının özəl həyatıyla da maraqlanırlar.  Həyatınızın bir günü necə keçir?  

 

A.Z: Hər gün səhərlər yazıram, amma hər gün struktur qurmuram. Uzun illərdir gündəlik yazıram və ümumiyyətlə, günüm gündəliyə qeydlər etməklə başlayır. Hər bir günün başlanğıcındakı o mütləq sərbəstlik xoşuma gəlir. Məncə, bu mənim duyğularımı bəsləyir. Sonra mütaliə edirəm, öyrədirəm ya da yazmağa davam edirəm. Eyni vaxtda dörd-beş kitab üzərində işləməyi sevirəm. Bilirəm, bəziləri vacib kitablar deyil, bəlkə də heç bundan sonra onlar çap olunmayacaq, amma məncə, onları zamanla paylaşmağa dəyər. Uzun yürüşlərə çıxıram və musiqi dinləyirəm, Santyaqo və ya başqa yerlərdə yaşayan dostlarıma baş çəkirəm. Pişiyim və itimlə maraqlanıram, hərçənd mənə elə gəlir ki, pişiyim mənimlə daha çox maraqlanır.

 

J.V: Cunot Diaz “Bonsay”ı real bir bəla kimi xarakterizə etdi. Kitabı Prustun əhəmiyyəti haqqında danışan çoxbilmişlər arasında incəlikli, hürküdücü, nəhayət, Çilidə yaşanan üzücü bir eşqin nümunəsi kimi izah etdi. Kitabınızda onun düşüncələrinə toxunduğunuza görə Prust haqqında fikirləriniz də mənim üçün maraqlıdır.

 

A.Z: Prustu 19-20 yaşlarımda oxudum. Elə oxumağa başladığım andan inanılmaz bir zövq yaşadım. Onu oxuyarkən beynimdə bir gərginlik yaranırdı, onda məni özünə çəkən bir ümidsizlik vardı. Bir müddət sonra “İtirilmiş zamanın axarında”nın yeddi nəşrinin hamısını aldım. O vaxtdan arada bir cildi açıram və insanların İncili oxuduğu kimi, yüksək səslə oxuyuram.

 

J.V: Bir dəfə “Bonsay”ın necə filmə çəkiləcəyini izah edə bilmədiyinizi oxudum. Kristian Ximenesin rejissorluğuyla bunun mümkün ola biləcəyinə sizi kim inandırdı?

 

A.Z: Onun ilk filmi olan “Optical ıllusuons”u izlədim, zatən istedadlı, fərqli yanaşma tərzi olduğunu bilirdim. Amma yenə mənə çox çətin bir iş kimi gəldi. Onun yanaşma tərzinə güvəndim. Onun kiçik romanıma film çəkmək istəyi məni qürurlandırdı. Başqa şübhələrim də vardı, amma o, sonradan mənə yanıldığımı sübut etdi. Filmi ilk dəfə Kann festivalında gördüm və çox duyğulandım. Film romandan tamamilə fərqlənirdi və bu mənə zövq yaşatdı.

 

J.V: Romanlarınız həcmcə kiçik olsa da qalın romanların oyatdığı təsir gücündədir. “Evə qayıtmağın yolları”, “Bonsay” və “Ağacların şəxsi həyatı”ndan həcmcə bir qədər böyükdür. Əsərlərinizin formasını necə təyin edirsiniz? Yəni yazmağa başlayarkən onun həcminin qısa olacağını müəyyən edirsiniz yoxsa hadisələr bu cür inkişaf edir?

 

A.Z: Səhifələrin sayı haqda qəti düşünmürəm. Sadəcə, kəşf etmək istədiyim şeyləri təqib edirəm. Müxtəlif planlar cızıram, qeydlər aparıram. Hər şeyə cümlə-cümlə, sətir-sətir yaxınlaşıram. Yüksək səslə oxuyarkən cümlələr mütləq qulağıma yatmalıdır. Bir oxucu olaraq mən çox tez sıxılıram. Oxumağa başlamadan ya da davam etmədən öncə paraqlaf və giriş cümlələrini təkrar-təkrar oxuyuram. Kitab oxuyarkən düzgün seçim edə bilirəm. Əsasən, iri həcmli əsərləri oxuyuram. Amma əslində favorit kitablarım novella kitablarıdır. Düşünürəm ki, mənim əsərlərim də təbii olaraq bu formada yaranır. Hər əsərdə struktur tamamilə dəyişir. Məncə, romanlarım bir-birindən olduqca fərqlidir.

 

J.V: Çili yazılarınızda çox önəmli rol oynayır. Bəzən bir xarakter olaraq,  keçmişi və bu günüylə birlikdə görünür. Ölkənizə duyduğunuz sevgi özünü qabarıq göstərir. Çili ilə aranızdakı bağlar yazılarınızın formalaşmasına necə təsir göstərir?

 

A.Z: Bu, təbiidir. Çili mənim həmişə anlamaq istədiyim bir yer oldu. Dünyadakı hər hansı yerdən, məmləkətdən daha çox maraqlandığım bir yer. Burada yaşayıram və işləyirəm. Dəyər verdiyim insanların çoxu buradadır. Xariqə bir xəyal gücüm yoxdur, amma yaxşı yaddaşım var. Və bir də qeyri-iradi xatırladığım nəsnələr. Başqa bir şey düşünməyə çalışsam belə sevdiyim yerlər və insanlar hər hansı bir formada özlərini əsərin içində tapırlar. Bundan vaz keçə bilmirəm. 

 

“DaliyBeast”

 

Tərcümə etdi: Kənan HACI