Sim-sim.az

Bədii mətn əsasında çəkilmiş ilk tammetrajlı film

Films-Hero-1260x600

 

Bu yayı eyni adlı bədii əsərlər əsasında çəkilən “Anna Karenina”, “Səfillər”, “Pinin həyatı”, “Möhtəşəm Qetsbi” və “Günlərin köpüyü” filmləri ilə başa vurduq. Bu, bizdə ilk dəfə bədii mətn əsasında hansı filmin lentə alındığını araşdırmağımıza maraq yaratdı.

Dəqiq məlumat olmasa da, belə hesab edilir ki, Jorj Melyes Qrim Qardaşlarının qələmə aldığı “Sinderella” hekayəsini və Şekspirin beş pərdəlik “Kral Con” pyesini ilk dəfə 1899-cu ildə filmə çevirib.

Bunun ardınca isə rejissor Artur Marvin 1900-cü ildə yazıçı Artur Konan Doylun romanının motivləri əsasında “Şerlok Holms Baffles” filmini çəkib. Tarixdə ilk dedektiv filmi hesab edilən “Şerlok Holms Baffles”in xronometrajı otuz saniyə olub.

Jorj Melyesin 1902-cü ildə çəkdiyi “Aya səyahət” filmi isə Jül Vernin eyni adlı romanı və Uellsin “Aydakı ilk insanlar” əsərinin motivləri əsasında idi.

Bədii mətn əsasında çəkilmiş ilk tammetrajlı film isə Hollivudda rejissor Sesil Blaunt Demill tərəfindən 1914-cü ildə Edvin Milton Roylun eyni adlı əsərinin motivləri əsasında lentə alınmış “Hindu ər” filmidir.

Əsərləri əsasında ən çox film çəkilən yazarların siyahısına Uilyam Şekspir başçılıq edir. Digər yerləri isə ardıcıl olaraq Anton Çexov, Çarlz Dikkens, Aleksadr Düma və Edqar Alan Po tutur.