Sim-sim.az

Bəhai dini – Müsahibə

mason

 

Bəhai dini – bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu din 19-cu əsrdə İranda meydana gəlib, dinin peyğəmbəri Bəhaullahdır. Bəhailiyin Bakı İcmasının yaradılmasında şair Mikayıl Müşfiqin babası Xızılı Mirzə Əbdülqədir İsmayılzadənin böyük rolu olub. Bəhailiklə bağlı müxtəlif fikirlər var. Məsələn, bəziləri bu dinin masonluğun bir qolu olduğunu düşünür. Bəhailiklə bağlı bütün suallara sözügedən dinin nümayəndələri cavab veriblər.

 

Sim-sim.az Ömər Xəyyamın Bəhai dininin nümayəndələri – Azər Cəfərov və Ramazan Əsgərliylə söhbətini təqdim edir:

 

– Azər bəy, hər şey ehtiyacdan yaranır. Necə oldu ki, yeni dinə ehtiyac yarandı?

Azər Cəfərov:

– Bəşəriyyətin dinə, insanlığın rəhbərliyə həmişə ehtiyacı var. Şərait yetişəndə, insanlığın yeni ehtiyacları yarananda, qabiliyyətləri müəyyən səviyyəyə çatanda Allah həmin dövr üçün öz elçisini göndərməklə rəhbərlik verir. Bu Allahın insanla bağladığı əhddir ki, O, insanları heç vaxt rəhbərsiz buraxmayacaq. Ənənəvi dinlərdə bir baxış var ki, ümumiyyətlə, proses bitib. Yəni bu, axırıncı dindir, bu axırıncı peyğəmbərdir, bu axırıncı kitabdır. Bəhai dinində bu konsepsiya, axırıncı anlayışı yoxdur. Hətta bəhai dini özü də axırıncı deyil. Hz.Bəhaullah “Kitabi-Əqdəs”də yazır ki, o kəs ki gələcək, o, min ildən tez gəlməyəcək. Uşaqlıq dövründəki geyim yeniyetməlik vaxtı əynimizə olmur. Düzdür, dinin ruhani əsasları qalır.

Onu deyim ki, Bəhai dini, onun bütün sosial proqramları bəşəriyyətin bütün tələblərinə cavab verir.

– Başqa dinlərdə hansı boşluqlar var? Onlar hansı ehtiyacı, hansı tələbi ödəyə bilmir?

– Bəhai dinində ən böyük təlim bəşəriyyətin birliyidir. İndi o zaman gəlib çatıb ki, artıq bəşəriyyət vahid dünya məkanında birləşməlidir. Hz. Bəhaullahın belə bir sözü var: “Dünya bir vətəndir, bütün insanlar onun vətəndaşıdır”. Bu, tamamilə yeni bir konsepsiyadır: sərhədsiz dünya, dinindən, irqindən, millətindən, cinsindən, mədəniyyətindən asılı olmayaraq, insanların birliyi, dünya vətəndaşlığı…

– Birlik ideyanız maraqlıdır. Yəqin ki, söhbət bəhaliyin ətrafında birləşməkdən gedir.

– Xeyr. Artıq dünyanın iqtisadi, siyasi, sosial, hətta psixoloji prosesləri ona doğru gedir ki, biz qloballaşırıq, dünya bütövləşir, sərhədsizləşir. Qloballaşan dünyaya da qlobal bir təlim lazımdır. Bəhai təlimi də bu ehtiyacı qarşılamaqdan ötrü Allahın göndərdiyi dini təlimdir.

– Sizdə qadağalar, “olmaz” var? Məsələn, şərab içmək olmaz, qadına baxmaq…

– Belə qadağalar var. İsmətlilik insanın təbiətində olmalıdır. Əxlaqlı insan həmişə ismətli olmalıdır. Hz. Bəhaullah deyirdi ki, hicabı qadınlardan alıb, kişilərin gözünə taxmışam. İsmətlilik həm nikahdan əvvəl, həm də sonra gözlənilməlidir. Bəli, əlbəttə ki, şərab, uyuşdurucu, insanı kefləndirici vasitələrdən istifadə, oğruluq, dilənçilik birmənalı şəkildə qadağandır.

– Mənə elə bilirdim, sizin sərhədsiz dünya dediyiniz yerdə insanlar azaddır, heç bir ruhani-mənəvi qadağa yoxdur. Daha nə fərqi oldu ki?!

Ramazan Əsgərli:

– Baxın, bizim qadağa dediyimiz Allahın qanunlarıdır. Ki, bu qanunlar bizim yolumuza işıq tutur. Lakin Hz.Bəhaullahın qanunlar haqda belə bir təyini var ki, mənim qanunlarım sizə yol göstərən çıraqlardır. Yəni insan bu dünyada məqsədsiz yaşamır. Müəyyən bir təyinatı var və müəyyən bir istiqamətdə gedir. Bu o deməkdir ki, insan inkişafdadır və bir yolla gedir. Bu yolda onu müxtəlif təhlükələr gözləyir, onun bir məqsədi və bir təyinatı var. O yerə gedib çıxmalıdır. Lakin bu yolda onu azdıra, yayındıra, maneələrə sala bilən müxtəlif təhlükələr var. Təhriklər və şirnikləndirən şeylər ola bilər. Bizi Allah yaratdığı üçün, O, bizə nəfs və eqo verdiyi üçün, bilir bizim nəyə ehtiyacımız var.

– Allah bir maddəni insan üçün zərərlidir deyə, haram buyurub, yoxsa haram buyurub deyə zərərlidir?

Azər Cəfərov:

– Nizaminin kəlamı var: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Həzrət Bəhaullah buyurur ki, hər şeydə mötədillik olmalıdır.

– Sizdə inzivaya çəkilmək, təcrid olunmaq var? İmtina edib, birbaşa Allahla rabitə qurmaq.

– Biz tərki-dünyalığı qəbul etmirik, daha doğrusu qadağandır. Allaha məhəbbət və xidmət cəmiyyətə xidmətdən, insanlara məhəbbətdən keçir. Bəhailər sosial fəaliyyətlərə önəm verirlər və cəmiyyətin xeyrinə könüllü və təmənnasız xidmət bizdə ibadət səviyyəsinə qaldırılb. Hz.Bəhaullah deyir ki, insanlığa xidmət naminə elm, sənət, incəsənətlə məşğul olun. Müasir elmlərin öyrənilməsi və cəmiyyətdə tətbiqi də bəhai dinində alqışlanır.

– Elm elə bir səviyyəyə çatıb ki, insan taleyini, xarakterini dəyişə bilər, xəstəlikləri üzə çıxara, sağalda və ömrü uzada bilər. Siz buna necə baxırsınız? Bəzi dinlərdə haramdır.

– Şübhəsiz, Allah hər şeyi insan üçün yaradıb. Əgər elm insan ömrünü uzadırsa, insanı xilas edə bilirsə, niyə də yox. Elm və din insan həyatını nizamlayan, inkişaf etdirən iki bilik sistemidir və bunlarsız sivilizasiya, mədəniyyət, inkişaf mümkün deyil.

– Ümumdünya Ədalət Evi haqda danışaq bir az. Ora simvol olaraq ev deyirsiniz, yoxsa Ağ Ev kimi bir yerdir?

Ramazan Əsgərli:

– Bəli, simvol olaraq evdir. Bu, bir təsisatdır. 9 nəfərdən ibarət bir qurumdur.

– O 9 nəfər müqəddəsdir? Nə işlə məşğuldurlar?

– Müqəddəs deyillər. Onlar da bizim kimi adamlardır. Hər 5 ildən bir Bəhailərin Beynəlxalq Qurultayında Milli Şuralar tərəfindən seçilən Beynəlxalq Bəhai təsisatıdır. Bu qurumun seçilməsində dünya üzrə 186 ölkənin Milli Şuraları iştirak edir. Bu qurumun əsas funksiyası dünya bəhailərinə rəhbərlik etmək, zamanın tələbinə uyğun olaraq bəzi qaydaları yeniləri ilə əvəz etməkdir. Onlar Bəhaullahın nazil etdiyi müqəddəs qanunlara dəyişə bilməzlər. Onlar müəyyən dövr üçün, müəyyən məsələlər üzrə rəhbərlik edirlər. Bəhai təlimi və bəhai nəzmi-idarəsi elə qurulub ki, bütün sistemi ilə bu dünyanın birləşməsinə xidmət edir. Dünya birləşəcək. İnsanlığın millətlərüstü yeni birləşməsi yaranacaq – Vahid Dünya Sivilizasiyası. Yeni dünya bir bədən kimi olacaq. Elə bir bədən olacaq ki, o bədənə bir ruh lazım olacaq. O ruhu da bəhai təlimi verir. Yəni o bədənə uyğun biçim Hz.Bəhaullahın təlimindədir. Bəhai təliminin onurğa sütunu bəşəriyyətin birliyi konsepsiyasıdır. Hz.Bəhaullah yazır ki, başqa dinlərin nümayəndələri, başqa xalqlarla məhəbbətlə ünsiyyət edin. Yəni özünüzü onlardan ayırmayın.

– Ümumdünya Ədalət Evi Azərbaycandadır?

– Xeyr, İsraildədir. Əvvəllər 9 nəfərdən biri azərbaycanlı idi. İndi azərbaycanlı yoxdur.

– Bəs niyə İsraildə? Bəhailər orada daha çoxdur?

– Əslində, orada Bəhai icması yoxdur. Hz.Bəhaullah 1868-ci ildən 1892-ci ilə qədər orada həbsdə olub. O, dünyasını dəyişəndən sonra isə həmin yer sadəcə olaraq bizim müqəddəs torpağımız oldu. Bizim məbədlərimiz oradadır. Hz.Babın, Hz.Bəhaullahın məqamları, mavzoleyləri də…

– Cənnət-cəhənnəmə inanırsınız?

– Cənnət Allaha yaxınlıq, cəhənnəm uzaqlıqdır. Əlbəttə, insan ruhu ölməzdir, əbədidir. Bizim təlimdə bədən torpağa gedir, ruh isə ruhani aləmə gedir.

– Qiyamətə, axirətə inanmırsınız?

– Axirətə inanmırıq. Ənənəvi təqdim edilən formada inanmırıq. Vahid İnsan Sivilizasiyası hələ ortaya çıxmayıb. İnsanlığın əsl tarixi o yaranandan sonra başlayacaq. Bəşəriyyət indiyə kimi özünün uşaqlıq və yeniyetməlik dövrünü yaşayıb, o təzə-təzə özünün yetkinlik dövrünə qədəm qoymağa başlayıb. Bu sonu olmayan inkişaf və tərəqqi dövrü olacaq.

Axirətdə insanların dirilməsini fiziki mənada yox, ruhi mənada qəbul edirik. İnsanlar fiziki qəbrlərdən deyil, inamsızlıq, ateizm, cəhalət qəbirlərindən qalxacaqlar.

– Əvvəlki Müqəddəs Kitablarda qeyb aləmini təsvir etmək üçün Allah müxtəlif metaforalardan istifadə edib. Cənnət və cəhənnəmin də o cür anlayışları da metaforadır, təşbehdir. Ora yeni bir dünyadır, Hz.Bəhaullahın yazılarında belə bir anlayış var: Uşaq ana bətnində 9 ay inkişaf edir və bu dünyaya gəlir. Ana bətni dünyası üçün ölür və bu dünyaya – daha işıqlı dünyaya doğulur. Bu cür də biz bu dünyanın bətnindəyik. Və bu bədəndən istifadə edərək ruhumuzun inkişafı üçün çalışmalıyıq.

– Siyasi maraqlarınız necə?

Azər Cəfərov:

– Bəhai dinində siyasətlə məşğul olmaq birmənalı şəkildə qadağandır. Heç bir siyasi maraq güdmürük. Öz ölkəmizin qanunlarına tabeyik. Yaşadığımız ölkənin konstitusiyasını qəbul edirik. Məqsəd və məramımız xidmətdir, ölkəmizə xidmət, insanlığa xidmət. Təlim-tərbiyə və maarifçilik fəaliyyətimizin əsas qayəsidir. Bəşəriyyətin və dinlərin birliyinə nail olmaqdır, xalqımızın mədəniyyətini qoruyub saxlamaqdır. Buna görə siyasətə qoşulmağa ehtiyac da yoxdur.

– Düşmənləriniz var? Ermənilər sizin üçün düşməndir?

Ramazan Əsgərli:

– Bəhailərin düşmənləri yoxdur. Ermənilər bir millət kimi düşmən deyillər. İndiki şəraitdə Ermənistanın hakim dairələri müəyyən aqressiya siyasəti aparırlar. Azərbaycan dövlətinə, Azərbaycan xalqına bu düşmənçilikdir. Və bizdə azərbaycanlıyıq və düşmənin başı əzilməlidir. Torpaqdan qovulmalıdırlar. Amma millət anlamında, böyük mənada düşmən hesab etmirik. Lakin sən mənim evimə basqın edib ailəmi qırırsansa, sən mənim düşmənimsən.

– Bəhai dinində xüsusi cəza sistemi varmı?

– Bəhai dini elə bir təlimdir ki, insanlara cəza alacaqları şeyləri etməməyi öyrədir. Təlim-tərbiyə ilə məsələni kökündən həll etməyə çalışır. Bəhai qaydalarında inzibati məhdudiyyətlərin tətbiqi qaydaları var. Buraya icma üzvünün inzibati hüquqlarının məhdudlaşdırılması, məsələn, seçmək-seçilmək haqqı, ianə vermək hüququ, ola bilər. Qeybət, dilənçilik, spirtli içkilərdən istifadə görə inzibati məhdudiyyətlər tətbiq oluna bilər.

– İanənin məbləği nə qədərdir? Bu yığılan pul nəyə xərclənir?

– Əlbəttə, verilən ianənin məbləği açıqlanmır. Bu, fərdin öz qərarıdır və buna heç kəs heç bir yolla təsir göstərə bilməz. Həcm sizin fədakarlığınızın dərəcəsindən asılıdır. Allahla sizin özünüzün münasibətinizdir. İcma bilmir, bu, aşkar deyil. Konvert verilir sizə. Xəzinədar sizə qəbz verir ki, sizin pulunuz qəbul olundu. Bizdə ianələrin bir neçə forması var. Bu, tam könüllü bir aksiyadır. İanələr Bəhai dininin inkişafına, kitab nəşrinə, təlim-tərbiyə proqramlarının tətbiqinə xərclənir.

– Sizin öz təqviminiz var?

– Bəhailərdə ildə 19 ay var. Hər ay 19 gündən ibarətdir. Və hər ayın əvvəli biz görüşürük. İnzibati görüşlərdir, icmanın fəaliyyəti və planları müzakirə olunur.

– Dəfn mərasimi sizdə necə olur? Xüsusi qayda var, yoxsa adi qaydada, üzü qibləyə?..

– Bizim qibləmiz Hz.Bəhaullahın dəfn olunduğu yerdir – Akka şəhəri. İsraildədir. Bizdə camaat namazı yoxdur. Yeganə kollektiv şəkildə qılınan namaz cənazə namazıdır. Orada bir nəfər Azərbaycan dilində məxsusi duanı oxuyur, qalanları qulaq asırlar.

– Siz də namaz qılırsınız?

– Bizdə namazın 3 növü var: Böyük namaz, orta namaz, qısa namaz. Bunlar, əlbəttə, öz dilimizdədir. Hər bir insan namazın hər hansı bir növünü seçməkdə azaddır. Dualar da azəbaycancadır.

– Xüsusi bir qaydası varmı namazın?

– Yox, elə ayaq üstə. Qısa namaz zamanı ayaq üstə üzü qibləyə durub, bu sözləri demək lazımdır: “Ey mənim Allahım, səni tanımaq və sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz zəifliyimlə sənin qüdrətinə, öz acizliyimlə sənin qüvvətinə, öz fərdimlə zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur. Sən əzəmətli və Qəyyumsan”. Bəhailikdə ümumiyyətlə ibadət anlayışı genişdir. Əslində bizim ibadətimiz 24 saat ərzindədir. Uzun sosial fəaliyyətimizlə, cəmiyyətə xeyir verməklə. Hər hansısa bir xeyirxah işlər görməklə.

– Azərbaycanda sizin ibadət üçün toplaşdığınız bir məbəd var?

– Məbəd deyə bir binamız yoxdur. Lakin görüşdüyümüz mərkəzimiz var. Biz məbədə “Məşrükul-Əzkar” deyirik. Allahın mədh olunduğu yer.

– Xüsusi qayda varmı sizdə? Bəhai olmaq üçün nə etmək lazımdı?

– Bizdə heç bir qayda yoxdur. Hətta bizdə icma çox açıqdır. Heç bilmirik, gələn adam bəhaidir, ya bəhai deyil. Bizdə müxtəlif proqramlar var, məsələn, uşaq və yeniyetmə təlim tərbiyəsi proqramları var. Bu proqram gənclərdə mənəvi-intellektual keyfiyyətlərin inkişafına həsr olunub. Düzdür, bunlar dini kitablar deyil, amma bəhai təlimindən ilhamlanmış kitablardır. Bu sistem yeniyetmələrdə və gənclərdə ruhani-mənəvi keyfiyyətləri üzə çıxarır.

– Sizdə xüsusi bayramlar varmı? Məsələn Qurban bayramı kimi.

– Xeyr, Qurban bayramı bizdə yoxdur. Bizdə Novruz bayramı çox möhtəşəm qeyd olunur. Novruz bayramı həm də orucluq bayramıdır. Biz bunu bayram edirik. Gün batandan gün çıxana qədərdir oruc. Bizdə orucluq biraz rəmzidir. Hz.Bəhaullah deyir ki, insan il boyu oruc tutmalıdır. Yəni insan nəfsini saxlamalıdır. Sonra bizdə Rizvan bayramı var, bu bayram aprelin 21-də keçirilir. Həmin gün 1863-cü ildə Hz.Bəhaullah Bağdad şəhərində öz missiyasını elan edib. Biz bunu hər il təntənəli qeyd edirik.

– Bütün dinlərdə bir nəfər gözlənilir. Bir nəfər gələcək. Bəs Bəhailər kimisə gözləyirmi?

– İslamda var ki, Mehdidən sonra İsa gəlməlidir və onlar bir-birinin arxasınca namaz qılmalıdırlar. Və doğrudan da Bab, dalınca da Hz.Bəhaullah gəldi və bəşəriyyətə yeni təlim gətirdi. İstəyirsiniz adını imam qoyun, nə istəyirsiz qoyun. Biz artıq heç kimi gözləmirik. Min ildən, iki min ildən sonra kimsə gələcək bilinmir, artıq o gələndə bəşəriyyət onu rahat qəbul edəcək. Çünki Əbdül Bəha yazır ki, o elə bir gündür ki, arxasınca gecə gəlməyəcək. Bəşəriyyət o qədər kamil olacaq ki, dünyada ruhani məsələlər o qədər açıq olacaq ki, insanlar bunu asanlıqla qəbul edəcəklər. İyul ayının 9-da Babı güllələdikləri kimi hadisələr artıq olmayacaq. 1850-ci ildə Babı öldürdülər. 40 il İranda gizlədilib onun cənazəsi. Axrıncı dəfə Təbrizdə pambıq zavodunda gizlədilibmiş. Sonra Hz.Əbdülbəha – Hz.Bəhaullahın oğlu – çox çətin yollarla gətirib Akkaya onu.

– Siz də xüsusi titullar var? Məsələn, hacı, seyid…

– Bizdə seyid, hacı belə bir titullar yoxdur. Bizdə peşəkar din titulu yoxdu. Bizdə peşəkar din, dindarlıq anlayışları yoxdu.

– Çoxu düşünür ki, bəhailik bir mason təşkilatıdır, xaricdən maliyyələşir, xüsusi siyasi məqsədləri var.

– Dediyimiz kimi, bu, düzgün məlumat deyil, bəlkə, qərəzlə yayılan bir məlumatdır. Bəhailər Bəhai olmayanlardan heç bir maliyyə vəsaiti qəbul etmirlər, bizim fondlarımız ancaq ianələrdən formalaşır, siyasətə isə ümumiyyətlə, qarışmırıq. Bu cür yalan və saxta məlumatlar yayıla bilər, lakin hər bir axtaran insan özü araşdırmalı, gerçəyi özü müəyyən etməlidir.

– Üzvləriniz arasında məmur, ya da yaradıcı sahədə məşhur olan şəxslər var?

– Axırıncı məşhur İzzət Orucova idi. O, köklü bəhai idi. Amma M.Nağıyev, M.Ə.Sabir, H.Cavid bəhai olub. Bəlkə indi də var, biz tanımırıq. Bu din yaranandan Azərbaycanda var. Azərbaycanda 1901-ci ildə əhalinin 90 %-i savadsız idi. Bəhai icmasında isə 95% insan savadlı idi. Çünki bəhailər çalışırdılar, uşaqlarını, ən əsas da qızlarını oxutdursunlar. 37-38-ci ildə bizdə çox böyük itkilər oldu. O zaman Azərbaycanda 12 min bəhai olub. Bir hissəsi İrana köçüb, 38 nəfər güllələnib, Qazaxıstana sürgün olunub, çox insanlar qorxudan çəkiliblər kənara. İcma dağıdılıb. 87-ci ildə cəmisi 50 nəfər qalmışdı. Amma indi sayı yavaş-yavaş bərpa etmişik. İndi say 1000-dən çoxdur.

– Bəs qadının ailədə, cəmiyyətdə hökmü necədir?

– Bizdə monoqamiyadır. Bir kişi bir qadınla evli ola bilər. İstər ailədə, istər cəmiyyətdə bərabərhüquqludurlar. Hz.Bəhaullah yazır ki, əgər sizin biri qız, biri oğlan olmaqla iki uşağınız var və ailənin gücü birinə təhsil verməyə çatırsa, təhsil haqqı qızındır. Qadın tərbiyəçidir, millətin inkişafı ananın təhsilindən asılıdır.

– Cihad var bəhailikdə?

– Qəti surətdə bizdə belə bir qanun yoxdur. Əbdülbəha yazır ki, müharibə 2 cür ola bilər, ədalətli və ədalətsiz. Ədalətsiz müharibə – kiminsə ölkəsinə təcavüz edirsən. O zaman deyir ki, Beynəlxalq qüvvələr birləşməli, kollektiv təhlükəsizlik müqaviləsi əsasında təcavüz edən ölkənin cəzasını verməlidirlər. Əbdülbəha deyirdi, dünya xalqları kollektiv təhlükəsizlik müqaviləsi bağlamalıdırlar. O müqavilə əsasında silahları azaldıb, dünyanı hərbsizləşdirməlidirlər. Ümumiyyətlə, dünyanın hərbi büdcəsini azaldıb təhsilə, səhiyyəyə ayırsalar, daha yaxşı olmazmı?

Bizim BMT-də nümayəndəmiz var. Bu barədə proqram hazırlamışıq. Dünyanın hərbsizləşdirilməsi barədə. Getdikcə silahlardan imtina etmək, hərbidən imtina etmək lazımdır.