Sim-sim.az

“Burjua qadınları Əhməd Qayanı dinləyir” – Camal Sürəya ilə Əhməd Qayanın söhbəti

qa

Bu gün məşhur müğənni Əhməd Qayanın doğum günüdü.

Sim-sim.az  şair Camal Sürəyanın 1989-cu ildə Əhməd Qaya ilə etdiyi söhbəti təqdim edir. 

 

 

Sonumuz belə olmasaydı…

Mən varam, Əhməd Qaya musiqisi var!

 

 

 

 

 – Göndərilən məktublar sənin həqiqətən də məşhurluğunun sübutudur. Necə də gözəldi…

Düşüncələrinizdən ötrü musiqilərinizi dinləyib sonra məktublar yazırlar. Sizə məktub yazanlardan biri belə deyir: “Musiqi ilə demokratiyanın nə olduğunu başa düşdüm”

Sizcə, bu nə deməkdir?

– Azadlıq və demokratiya uğrunda mübarizə aparan bir insanam. İnsan haqqlarını, itirdiklərimizi musiqi ilə göstərməyə çalışıram, bir növ musiqi ilə insanlara sual verirəm. Cavabları onsuz da xalqdan alıram. Mən sual verirəm; yaşadıqlarımız, gördüklərimiz üçün nələr etmək lazımdır? Hesab edirəm ki, dostlar da mənə yazdıqları məktublarda suallarıma belə cavab verirlər “Demokratiyanın, azad olmağın nə olduğunu sənin musiqilərində gördük”. Əlbəttə bu mənim üçün bir ölçü deyil. İnsanın azad olmağı üçün mənim mahnılarım bəs etməz. Amma yenə də müəyyən siqnallar göndərə bilirəmsə, özümü xoşbəxt hesab edirəm!

 

– Sizcə, Türkiyənin bugünkü şəraitində həqiqi demokrat olmaq üçün nələr etmək lazımdır?

– Yaşadıqlarını dərk etmək, Türkiyəni və dünyanı yaxşı tanımaq, ayağını Türkiyə torpağına yaxşıca basıb Türkiyəni təhlil etmək  lazımdır.

 

– Ziyalı təbəqə sizə qarşı daha tənqidi yanaşır…

– Ziyalılar Əhməd Qaya məsələsinə qarşı taktika işlətdilər. Məni öz daxillərində əritməyi düşünsəydilər, Əhməd Qayanı yox edə bilərdilər. Onsuz da türk xalqı proletar ziyalıları bağrına basır. Onlar burjua ziyalısını sevmir. Çünki burjua ziyalılarının təhlil etmə qabiliyyəti yoxdur. Əgər belə bir bacarıqları olsaydı, məni yaralamağa cəhd etməzdilər. Onların mənə vurduğu yaraları xalq sağaldır. Mənə ən çox hücum edən burjua ziyalılarının qadınları gecələr "ah" çəkəndə Motsartı yox, Əhməd Qayanı dinləyirlər.

Feminist buddalar pişikləri çox sevirlər, küçələrdə gəzən ac insanları yox. Onlar məhz künc-bucaqda tənha qalmış pişiklərdən təsirlənirlər.

Əxlaqlı intellektuallar son zamanlar istehsalı sürətlə artan “Vakko”, “Mudo” yarlıqlı paltarlar geyinirlər.

Ortaköy qəhvəxanalarında kiçik burjualar intellektual polemikalara çox mübtəla olublar. Günlərin birində bir proletar qəzəblənib əxlaqlı intellektuallardan birini Ortaköy sahilindən dənizə atır. O gündən bəri Ortaköydə dalğalar sahilə toxunub mahnı oxumurlar. Həmin allahsız dənizi belə küsdürüb…

Hazırladığım musiqi albomunda yer alan mahnının məzmunu  belədir: Əxlaqlı intellektual və feminist budda.

 

– Caz musiqisi haqqında nə düşünürsünüz?

– Caz ciddi mənada sözsüz ki, bir etiraz musiqisidir. Caz daha əvvəldən bəstələnmiş və bəstənin icrası anında zaman- zaman dəyişik alətlərin tək başına, improvizə dediyimiz rəftarla öz qəlibləri içərisində gəzişməsinə də ehtiva edən, Amerikan mədəniyyətinin məhsulu olan bir musiqi növüdür.

 

– On səkkiz yaşındakı Əhməd Qaya ilə bugünkü arasında nə fərq var? Dəyişikliklər varmı?

– On səkkiz yaş ilə otuz iki yaş arasındakı fərqi keçən zaman içərisində Türkiyədə yaşanan, qazanılan və itirilən şeylərlə bərabərləşdirmək olar.  Biz nələrsə qazanmışıqsa, nə qədər doğru işlər görmüşüksə, Əhməd Qaya da həqiqətən doğru bir müdrikliyə çatmışdır. Səhv işlər gördüksə, Əhməd Kayanın etdikləri də səhvdir.  Ancaq mən bu vaxt ərzində doğru hərəkət etdiyimizə, insanlara qürurlu gələcək buraxdığımıza inanıram. Lakin, şairin də dediyi kimi, mənim də dayaz və səhv tərəflərim vardır.

 

– Eşq haqqında nə düşünürsən?

– İzaholunmaz, möhtəşəm bir duyğudu.

 

– Mən səndəki eşqi soruşuram. Səndəki eşq necədir? Cəza verirmi? Qısqandırırmı?

Hər kəsdən əvvəl mən özümə aşiq bir insanam. Özümü çox sevirəm. Narsizmin konkret nümunəsiyəm. Özümdən başqa heç kimi çox sevmirəm. Əgər mən həqiqətən də cəza duyğusu hiss edirəmsə, ən çox cəzanı da elə özümə verirəm. Bu barədə heç kim narahat olmasın.

 

– Qısqancsan?

– Bəli. İkinci plana düşdüyüm zaman bütün damarlarım yerindən oynuyur, qısqanclığın alt qatında da ikinci planda qalmaq narahatçılığı var.

 

– Bunun alçalmaq duyğusu ilə bir əlaqəsi var?

– Təbii ki, bütün insanlarda alçalmaq qorxusu var. Ən böyük mənəm deyənlər də bəzən belə zəif hisslərlə üzləşə bilərlər.

 

– Bu sualıma səmimi cavab verməyəcəksənsə, qoy qalsın… Məşhurluğun ilk vaxtlarında, orta məktəb illərində “nə zamansa sevgili olduğum qız da məni eşitsin” kimi duyğuların olub?

– Yox, məndə belə fikirlər olmayıb. Keçmişdə də sənətçiydim. Mənə həmişə "musiqi ilə məşğul ol" deyirdilər. “Üç adamla başlayıb, yüz nəfər olacağıq” deyirdik. Lakin,onlarla birlikdə ola bilmədim. Amma yüz nəfərlik orkestri təkbaşına yarada bildim. Bu isə məndə inanılmaz bir çoşqu yaratdı.

Konsertlərimdə yüzlərcə insan ayaq üstə qalır. Keçmişdə mənə öyrədilən şeylərin doğru olduğuna inanıram. Mənim bir keçmişim var, gələcəyimin də olacağına inanıram.

 

– Bir nəfər eyni vaxtda bir neçə insana aşiq ola bilərmi? Səndə belə hisslər olub?

– Bu bir az qarayla ağ, doğru ilə səhv kimi məsələdir. Yumru olan bir şeyi ortadan böldüyümüz zaman böldüyümüz o birisinin yarısıdı. Amma parasının parası ola bilməz.  Anaya və yaxud da bacıya duyulan sevgi həmin iki sevginin biri ola bilər. Məndə heç vaxt belə olmadı. İki nəfəri birdən sevmək olmaz. Anamı da sevirəm, bacımı da. Əgər qarşı cinsdən birinə olan sevgini nəzərdə tutursunuzsa, bunun üçün ehtiras və arzulamaq lazımdır. Lakin, yenə də insan eyni vaxtda iki nəfəri birdən arzulaya bilməz. Mümkün deyil.

 

– Yuxuya inanırsan? Çin olan yuxun olubmu?

– İnanmıram. Çünki çin olan yuxum olmadı. Həmişə oyaq olduğumüçün yuxu da görmürəm. Eyniylə “nə şeytan gör, nə də qul hüvəllah duasını oxu” məsələsi.

 

– İlk sevdiyin qız yəqin ki, sağdı. Onunla qarşılaşdınmı? Məktublaşdınızmı?

– Xeyr, qarşılaşmadım. Hər kəsin uşaqlıq məhəbbəti olur. Mənim ilk məhəbbətim beşinci sinifdə oxuyurdu.  Velosipedlə arxasına düşərdim. Sonrala heç vaxt onu görmədim…

– Evlilik haqqında nə düşünürsünüz?

– Evliliyi qarşı cinsdən iki insanın birlikdə həyatı təhlil etmək, müsbət və mənfiliklərə birlikdə sinə gərmək, düşüncə etibarı ilə daha da çoxalmaq, gərginlikləri, çətinlikləri dinamik və yaradıcı bir həyata çevirmək olaraq düşünürəm. Yoxsa evlilik iki insanın dolmalıq bibər kimi bir qazanın içinə yerləşib yanğınlar üzərində bişib, dağılıb plov vəziyyətinə gəlməsi deyil…

 

– Rəsmi olmayan münasibətləri də evlilik hesab edirsənmi?

– İkili əlaqələrin sonsuza qədər davam edəcəyinə inanmıram. İnsanlar bir-birlərini çoxaltmalıdılar. Bu dəqiqə birlikdə olduğum insana alternativ birini görsəm gözümü bağlamadan onunla birlikdə olaram. Maneə törətmək mümkün deyil. Həyat yoldaşıma da aiddi bu dediklərim.

 

– Bugünkü yaşadığımız həyat necə bir həyatdı?

– Bu sual lap alaturka mahnı kimi oldu…

Cavab vermək mümkün deyil ki…

Onsuz da görünür necə həyat olduğu…

 

– İnsanın kosmosu fəth edəcəyinə inanırsanmı?

– Elmin də bir sonu olduğuna inanıram. Mars məsələsini daha çox müzakirə edirlər. Onun indiki vəziyyəti məlumdur. İnsanlar Marsa gedə bilərlər, amma orada yaşaya bilməzlər. Günəşə getmək onsuz da mümkün deyil. Dünyanın damı deşilib. Bu qədər ağıllı insanlar vaxtında bunun qarşısını ala bilərdilər. Ozon təbəqəsinin deşilməsinə bir çarə tapa bilərdilər.

 

– Dünyadakı bir dəli düyməni basacaq hamımızı yox edəcək. Buna inanırsan?

– İnanmıram. Bu dəlilər məsələsi artıq hadisə deyil.

 

– Fərz edək ki, sən Əhməd Arifin, Ənvər Gökcənin şeirlərinə mahnı bəstələdin. Daha sonra yenə eyni mətnləri istifadə etmək istəyərsən?

– Dünya hər gün dəyişir. Mən keçmişdə Əhməd Arifin şeirlərinə mahnı bəstələyirdim. Amma indi yox. Nazim Hikmətin şeirlərindən də istifadə edə bilmirəm. Açıq deyim ki, Nazimin şeirlərinə musiqi bəstələmək asan məsələ deyil…. Onun şeirlərini musiqiyə çevirməkdə çətinlik çəkirəm. Nazimin sözlərinə mahnı bəstələmək üçün bir az ustalıq tələb olunur. Mən isə hələ də özümü şagird hesab edirəm.

Özün özünə bəs edirsənmi?

– Əlbəttə. Söz olaraq yox, ancaq bəstə olaraq özümə yetirəm. Mən köftə satan yox, bəstəçiyəm.

 

– Bir insan ən böyük bəstəçi, ən böyük şair və ən böyük müğənni ola bilərmi?

– Mümkün deyil. İnsan ancaq bir sahədə ustalaşıb uğur qazana bilər. Digərləri isə taledir. Mən şeir, söz yaza biləcək qədər mədəniyyət xəzinəsinə sahib olduğumu hesab etmirəm. Amma bəstəçiliyimə inanıram və bu sahədə mən də varam deyirəm.

 

– Müğənni Nilufər haqqında nə düşünürsən?

– Yaxşı sənətçidi. Güclü və ağıllıdı. Alaturka musiqisini sevməsəm də, onun çox sağlam dillə, sağlam diksiya ilə musiqi icra etdiyi qənaətindəyəm.

 

– Yaxşı, bəs Muazzez Abacını niyə daha çox bəyənirsən?

– Hər şeydən əvvəl Muazzez Abacıda dəliqanlılıq var.

 

– Dəliqanlılıq nə deməkdir?

– Muazzez Abacıda oturuşmuş bir ifa var. Onun ifası insanı doyurur. Musiqini mimikaları, tövrü və yaşadığı həyat tərzi ilə çox yaxşı əks elətdirməyi bacarır. Sənətçinin səhnədəki şousuna görə dinləmirəm. Muazzez Abacı cismindən yüksəkdə dayanan bir sənətkardı.

 

– Sezen Aksu da sizin üçü fərqli bir tərzdi?

– Onu da bəyənirəm. Öz çevrəsində dəyişik üslubdan istifadə edir. Təbii ki, burda Onno Tuncun da təsiri var. Bu təkcə Sezenə aid məsələ deyil. O, musiqini icra edir, yaradanlar isə başqalarıdı.

   Camal Sürəya

– Hal-hazırda oxuduğun kitab, jurnal və ya  qəzet var?

– Hal-hazırda “Cönk”ü (türk folklor ədəbiyyatı S.Ə.)oxuyub bitirdim. Doğu Perinçeyin yazdıqları xoşuma gəldi. “Öz ayaqlarımızı öz torpaqlarımıza basaq” deyir.

 

– Kitabxanan nə vəziyyətdədi?

– Yeddi minə yaxın kitabım var.

 

– Axtardığını tez tapa bilirsən?

– Əlbəttə.

 

– Əhməd, bir çox yerlərdə həyatına dair maraqlı məlumatlara rast gəldim. Amma təvəllüdünü belə düz-əməlli bilmirəm. Həyatını çox müfəssəl formada özündən dinləyə bilərikmi?

– 28 oktyabr 1957-ci il quşluq vaxtı doğulmuşam.

 

– Quşluq vaxtı nə deməkdir?

– Məncə, bu səhər saat 10-da, insanların işə getdiyi vaxtdır. Səhərlə, günortanın arası. O saatda quşlar daha çox cəh-cəh vururlar. Bir dəfə atamdan soruşanda demişdi ki, quşlar həmin vaxtda cəh-cəh vurmağa çıxır.

Malatya səssiz bir şəhər idi. Altı yaşıma qədər olan zamanı xatırlamıram.

Atam fabrik işçisiydi. Ona işdən həmişə halva verirdilər. Özü yeməzdi, çörəyin arasına qoyub evə gətirirdi. Bəzən İstanbula aid bir şəkili götürüb İstanbulu izah edərdi bizə.

 

– Necə izah edirdi İstanbulu?

– Saatlarla onu dinləyərdik. Deyirdi ki, İstanbulda dəniz bildiyiniz dənizlərdən deyil. İstanbul deyildiyində ağlıma dəniz və “Qız qalası” gəlirdi. 

 

– Dənizi necə qəbul edirdin?

– Dənizi filmdə görmüşdüm. Amma görüntüsünü xəyalən də olsa qəbul etmək istedadım yox idi. Xəyalımda “Qız qalası” və o qızın hekayəsi vardı. Atam həmin hekayəni bəlkə də yüz əlli dəfə nağıl etmişdi. Gecə 11-də işə gedib, səhər 7-də gələrdi. Onu ilk qarşılayan mən olurdum. Çörəyin arasındakı halvalarla gəlib yuxusuz-yuxusuz bizə iki saat İstanbulu izah edərdi. “Biz İstanbula gedəcəyik. Hamınız orda oxuyub, orda işləyəcəksiniz” deyərdi.

O, hər dəfə gecə növbəsindən gələndə mən onun yatağına girib, onunla birlikdə yatardım. O zaman altı yaşındaydım. Evin sonbeşiyi olduğumdan mənə qarşı daha qayğı ilə yanaşırdılar. O, bəzən məni küçəyə çıxardıb hamıya söyüş söydürər, sonra isə bununla qürur duyardı.

O zamanlar fabrikdə bazar ertəsi və çərşənbə axşamı fəhlə gecələri təşkil olunurdu. Məmur evlərinin yanına biz gedə bilməzdik. Bu mümkün deyildi. Məmur uşaqları buna imkan verməzdi. Onların evləri, məhəllələri ayrı idi. Biz, fəhlə uşaqları, onların əyləncə gecələrinə də gedə bilməzdik. Çərşənbə axşamı günləri hamılıqla həmin fəhlə gecələrinə gedərdik. Uşaqlar, analar, atalar, işçilər, yaşlılar. Bir sözlə bütün camaat… Orda fəhlələrin özlərinin musiqi qrupları vardı. Ən çox da saz alətində çalıb- oxuyurdular.

Mənim saza simpatiyam o vaxtdan başlayıb. Bir gün evdə “sənə bir sürprizimiz var, atan hədiyyə alıb" – dedilər. Baxdım ki, divardan kiçik bir saz asılıb, üstünə də mənim şəkilim yapışdırılıb, məni ağlamaq tutdu. Bu hində necə oldu ki, bir saza sahib oldum deyə düz iki saat ağladım. Çox səmimi olaraq deyim ki, on beş günə saz çalmağı öyrəndim.

 

– On beş günə necə öyrəndin?

– Dayımın bir sazı vardı. Evdə olmayanda sazını  oğurlayıb on  iki saat dayanmadan çalardım. Dərslərdən yorulan kimi sinifdən qaçıb tarlaya gedərdim. Sonra tarlanın ortasında oturub saatlarla saz çalardım. Yəni məktəbə çox az gedirdim. Müəllimim isə qürurlanıb deyirdi ki, “Mənim şagirdim çox yaramazdı, amma saz çalmağı bacarır”. 

Bu musiqiyə qarşı adi bir sevgi deyildi, böyük bir məhəbbət idi. Sonralar işçi gecələrində, bayramlarda saz çalmağa başladım. Sonra Dövlət Dəmir Yolunun nəzdindəki dərnək məni işə götürdü. Müxtəlif tədbirlər olanda gəlib məni evdən bahalı maşınlarda həmin konsertlərə aparırdılar. Atam həmişə “mənim oğlum çox zəngin bir sənətçi olacaq” deyirdi. Orta məktəbə Malatyada başlasam da, İstanbula gələndə yarımçıq qaldı. Daha sonra texniki peşə məktəbi oxumaq üçün Almaniyaya getdim.

Məktəbə daxil oldum. Amma bütün günü dəzgah təmizləməklə məşğul olurdum. Təhsil, oxumaq yox idi. Bir yunanlı dostum vardı. İkimizdə adamlar tərəfindən rəsmən alçaldılmışdıq. Gün boyunca bizə dəzgah təmizlətdirirdilər. Evə gəlib çatan kimi yatırdım. Dözə bilməyib doqquz aydan onra İstanbula geri döndüm. Orta məktəb təhsilimi başa vurdum.

Misir Bazarı deyilən tərəfdə bel üçün korsetlər satırdım. O vaxtlar yuqoslaviyaylılar gəlib çoxlu korset alırdılar. Elə həmin vaxtları bir nəfərlə tanış oldum. Onda Livanelinin, Rahmi Altukun kasetləri vardı. Onları dinləmək xoşuma gəldi. Daha sonra isə musiqi dərnəyinə getməyə başladım. Yəni musiqiyə gəlmək tarixim belə başladı. Sonra bir afişa məsələsinə görə on altı yaşımda həbsə düşdüm.

Zaman keçdikcə bəzi şeylər dəyişirdi. Bir çox məsələlərdə ustalaşırdım. Ailəmlə əlaqələrim qırıldı… Atam saz çalmaq üsulumu bəyənmədi. “Sən çox zəngin adam olacaqdın. Niyə belə oldun? İndi çaldıqlarını yox, köhnə musiqiləri çalmalısan” deyirdi.

 

– Atan sağdı?

– 1980-ci ildə rəhmətə getdi.

O zamanlar Abuzər Qaraqoçla rəqabətdəydim. Ən uca yerdə dayanan o idi. Türkiyə şərtlərinə uyğun Zülfü Livaneli vardı. Amma Zülfü xaricdə yaşayırdı. Türkiyədə Abuzər və Cem vardı. Mən ən çox Abuzərlə rəqabət aparırdım. Ondan yaxşı çalmaq fikri məni rahat buraxmırdı. 1977-ci ildə əsgərliyə çağırdılar. Əsgərlikdə məndə idealoji mənada köklü dəyişikliklər başladı…

 

– Həyatın qısa olması səni həyatı daha çox sevməyə yönəldir, ya əksinə?

– Bəlkə də insanların bir-birindən nifrət etməsinin alt qatında bu az yaşamaq məsələsi yatır. İnsanların sevgisi və nifrəti iç-içədir. Yüz il yaşasaq da həyatın qısa olduğuna inanıram. Əgər  hər şeyə rəğmən öləcəyiksə, niyə mən səni, sən də məni üzürsən?!

 

– Ölümdən sonrakı həyata inanırsanmı?

– Heç bir zaman inanmadım. Çünki, onsuz da orda mən artıq Əhməd Qaya olmayacam. Kaktus, tısbağa, soxulcan ola bilərəm. Bu mənada soğan olmağı belə düşünmürəm. Yaşadığımız tək həyat bu olacaq. Amma ölümün insana acı və üzüntü verməyəcəyinə inanıram.

 

– Yəni bu hiss  bir qadının dünyaya uşaq gətirməsi kimidir?

– Xeyr. Ölmək mənim üçün bitmək və tükənməkdir.

 

– Ölüm bu qədər yaxın və aktualdırsa, insanlar nə etməlidilər?

– Gözəl yaşamalıdılar. Əgər gözəl yaşamırlarsa, heç olmasa insanların gələcəkdə gözəl yaşamaları üçün zəmin hazırlamalıdırlar.

 

– Gözəl yaşamaq nə deməkdir?

– Hər şeydən əvvəl qürurlu yaşamaq, gələcəkdəki insanlara nələrsə qoyub getməkdir. Mən özüm üçün yaşamıram. Ancaq bu Dəmirəlin dediyi kimi “özüm üçün edirəmsə, namərdəm” mənasında deyil.

 

– Sənin üçün gözəllik nə deməkdir?

– Paylaşmaq, davasız bölüşmək…

 

– O mənada soruşmuram. Gözəl qadın nə deməkdir?

– Məni düşündürən, təsirləndirən, titrədən bir qadın gözəldir.

 

– Bəs zahirən?

– Yüz əlli kilo da ola bilər. Zahiri gözəllik mənim üçün önəmli deyil. Üç yüz kilo və ya əksinə çox arıq, çox çirkin də ola bilər.

 

– Kök qadın tipinə çirkin demədin, ancaq arığa dedin…

– Kök qadın da çirkin ola bilər. Gözlərimi yumduğum zaman mənə yeni bir dünya göstərirsə, mənim üçün gözəllikdi.

 

– Gözəllik qarşısında gözlərini niyə yumursan?

– Mənim üçün gözəl olan insanın beyni və onunla əlaqəmdi. Görməyimin o qədər də əhəmiyyət yoxdu.

 

– Sənin fikrincə yüz il sonra dünyadakı gözəl necə olacaq?

– Elə indiki kimi. Gözəl və çirkin hər zaman olacaq. Gözəl hər zaman gözəl olaraq qalacaq.

 

– Qadın, kişi münasibətindəki sevginin içərisində cinsi münasibət çox vacibdir?

– Təbii ki, çox vacibdir. Mən qadını, qadın da məni şiddətli formada titrətməyi bacarmalıdı. İstədiyi qədər ağıllı olsa belə, əgər mənə bir hiss yaşada bilmirsə, mənim üçün o qadının heç bir önəmi yoxdur…

 

Tərcümə: Samirə Əşrəf