Sim-sim.az

Coys Kerol Outs: “İndiyə qədər 1449 yazıçı ilə tanış olmuşam…” 

joyce-carol-oates-2

– Hal-hazırda baş ucu kitablarınız hansılardır?

– Elenor Vilson MakDu tərəfindən tərtib edilən “Qiymətsiz hədiyyə: Vudro Vilson və Ellen Akson Vilsonun sevgi məktubları” və Rey Stenard Beykerin tərtib etdiyi “Vudro Vilson: Həyatı və məktubları.” (Növbəti romanım üçün araşdırma aparıram)  

 

– Harda və nə zaman oxumağı xoşlayırsınız?

– Hər yerdə! Sərin havalarda buxarının yanında kitab oxuyanda özümü çox rahat hiss edirəm, təyyarədə oxumağın da ləzzəti başqadır, gözləmə salonlarında, ya hansısa növbədə dayanarkən, hətta bu günlərdə tez-tez kimsə məni telefonda gözlədəndə də oxuyuram. Harasa səfər etdiyimiz zaman, gözlənilməz durumlarda belə oxuyacaqlarımız əlimizin altında olmalıdır.

 

– Səsli kitabları dinləyirsinizmi? Bir kitabı dinləmək üçün o kitablar hansı dəyərləri daşımalıdır?

– Bəli, sadəcə, bir neçə səsli kitab dinlədim, amma daha çox səsli kitablar dinləmək istəyirəm. Araşdırıb öz kitablarımı da bu şəkildə dinləmək istərdim, bu, olduqca təsiredicidir.

 

– Sonuncu oxuduğunuz ən möhtəşəm kitab hansıydı?

– Ceyms Coysun “Uliss” romanı.  Bu ilin iyun ayında əvvəllər bu kitabı oxumamış həyat yoldaşımla birlikdə Blumsdey qutlaması (1954-cü ildən bəri hər ilin 16 iyununda dünyanın bir çox ölkələrində ədəbiyyatsevərlər Ceyms Coysun “Uliss” romanının qəhrəmanı Leopold Blum üçün Blumsdey qutlaması keçirirlər – tərcüməçidən)  üçün Dublinə getməyə hazırlaşarkən bu möhtəşəm kitabı yenidən oxudum. (Çox sevdiyim bölüm “İtaka”dır)

 

– Hansı kitab sizə çox böyük təsir göstərib? Hansı kitabı oxuyandan sonra düşünmüsünüz ki, kaş bunu mən yazardım?

– Lyuis Kerrolun “Alisa möcüzələr diyarında” və “Aynanın içindən” romanlarını nənəm mənə oxumaq üçün verəndə doqquz yaşım vardı və çox təsirləndim. Bu əsərlər mənim yazmağım üçün ilham qaynağı oldu və Alisa illər boyunca ən çox sevdiyim qəhrəman olaraq qaldı. Onun prinsipləri mənim yaşam prinsiplərimə çox bənzəyir. “Maraqlı və daha maraqlı”.

 

– Prezidentin bir kitab oxumağını istəsəydiniz, bu kitab hansı olardı?

– Amerikan tragik dastanımız “Mobi Dik” romanını. Çox anlamlı kitabdır.

 

– Oxuma alışqanlığınız necədir? Kağızmı, elektronmu variantda oxuyursunuz? Qeydlər aparırsınızmı?

– Təbii ki, kağız kitabları tərcih edirəm, cəlbedici üz qapaqları, səhifələriylə bir-birindən olduqca fərqlidirlər, elektron kitablar belə deyil, sözlər suda üzən qarışqalara bənzəyir. Kitabları tez-tez gözdən keçirdiyim üçün qeydlər aparıram. Amma səyahət zamanı elektron kitablar da oxuyuram.

 

– Sizi güldürən, yoxsa ağladan kitablar, hansını seçirsiniz? Nələrisə öyrədən kitablar, yoxsa istirahət verən kitablar?

– Niyə birini seçim? Ən yaxşı kitabların çoxu bizdə bir deyil, birdən daha çox hiss oyandırır. Yazılarımın az qala hamısında yumoru (əgər qara yumordursa) gizlətməyə çalışdım, ancaq oxucularımdan bəziləri bunu hiss etdi – bu, Aubrey Bördsleyin şəkillərindəki “ədəbsizliyi gizlətməsi” kimiydi.

 

– Uşaq ikən ən çox sevdiyiniz kitab hansı idi?

– Buffalonun quzeyində, Nyu-Yorkun qərbində çox da zəngin olmayan kiçik torpaqda böyüdüyüm üçün əlimə çox az kitab keçirdi və hamısı eynən “Alisa…” kitabları kimi dəyərli idi. Düşünürəm ki, bu kitab çox gənc yaşda oxuduğum Edqar Allen Ponun “Qızıl böcək” romanı idi.

 

– Son kitabınız “Sizə deməyi unutduğum iki, ya da üç şey” gənclər üçün yazılıb. Favoritiniz olan gənc yazıçılara məsləhət gördüyünüz kitablardan danışaq bir az.

– Dövrümüzün meyarlarına görə “Haklberi Finin macəraları”, “Əcdadların harayı”, “Toy üzvü”, “Bülbülü öldürmək”, “Çovdarlıqda uçurumdan qoruyan”, “Milçəklərin tanrısı” kimi klassik əsərlər gənc romançılar üçün yaxşı örnək ola bilər.

 

– Təəssüf yaradan, şişirdilmiş, kifayət qədər yaxşı olmayan, bəyənəcəyinizi düşünsəniz də bəyənmədiyiniz kitab hansıdır? Oxuyub bitirmədən qaytarıb rəfə qoyduğunuz sonuncu kitabı xatırlayırsınızmı?

– D.H. Lourensi oxumağa başlayanda xəyal qırıqlığı yaşadım, kifayət qədər formalaşmamışdım, indi Lourens universitet dərslərimdə tədris etdiyim və ən çox sevdiyim yazıçılardan biridir. Bir də Volt Vitmeni gənc yaşımda oxuyanda təəssüflənmişdim (Bilirəm, bu inanılmazdır, kimsə necə etiraf edə bilər ki, Vitmeni oxuyanda xəyal qırıqlığı yaşayıb? Lütfən təhqiramiz e-məktublar göndərməyin) Araşdırdığım kitab təəssüf doğurursa, onu oxucuya obyektiv şəkildə təqdim etməyə çalışıram, mətndən sitatlar gətirərək çalışıram ki, oxucu əsərə öz görüm bucağından baxa bilsin. (Əslində, bunun o qədər vacib olduğunu düşünmürəm. Bir oxucunun, elə bil, Çin yeməklərini bəyənməməsi kimi, “Beavulf” kimi bir klassiki bəyənməməsi necə vacib ola bilər axı?)

 

– “Yaradıcı yazı” dərslərində bir müəllim kimi ən çox istifadə etdiyiniz əsər hansıdır? Məsələn, sizin üçün bütün yazıçıların oxumasını vacib saydığınız kitablar hansıdır?

– Bir mətn və ya antologiya adı çəkmək çətindir. 1978-ci ildə Princetonda təhsil aldığım dövrdən bəri ən çox sevdiyim qısa hekayələrimi və qısa yazılarımı kompozisiya dərslərində oxutduğum bir neçə antologiyaya daxil etmişəm. Bunlara “Oksford Amerikan qısa hekayələr kitabı”, “Ekto Çağdaş amerikan bədii ədəbiyyat antologiyası”, “Hekayələrin hekayəsi: yazıçılar üçün antologiya” da daxildir.

 

– Bir yazıçı ilə tanış olmaq istənəniz, bu kim olardı? Nələri bilmək istərdiniz? Hansısa oxucunuz ilə yazışmısınızmı?

– Çox güman ki, hamımız Şekspirlə tanış olmaq istərdik (bu pyesləri doğurdanmı onun yazıb-yazmadığını öyrənmək üçün). Bəzilərimiz də Emili Dikisonla tanış olmaq xəyalına düşdük. Problem budur ki, görəsən onlar bizimlə tanış olmaq istəyərdilərmi? Təəssüf, vaxtımın yezdə doxsanını yazıçı dostlarıma və oxucularıma məktub, ya e-poçt yazaraq xərcləyirəm. Problem budur ki, onlar da cavab yazır və mən də yazıram. Əlbəttə, çoxlu məktublar alıram, onların bir qismi əksərən belə başlayır:”Müəllimim amerikalı bir yazıçı haqqında yazmağımızı istədi və mən sizi seçdim, amma sizin haqqınızda çoxlu məlumat tapa bilmirəm. Nədən yazırsınız? Ən çox sevdiyiniz kitablar hansılardır? Yazmaq üçün fikirləri necə tapırsınız? Ümid edirəm, bazar ertəsinə qədər cavab verəcəksiniz, çünki bazar ertəsi tapşırığı təhvil verməliyəm.”

 

– Tanıdığınız yazıçılardan ən çox hansının sizə böyük təsiri olub?

– İndiyə qədər 1449 yazıçı ilə tanış olmuşam, hələ bir xeylisi də tanışlıq üçün gözləyir. Əminəm, hamısından çox təsirlənmişəm, xüsusən göz qamaşdırıcı, bacarıqlı yazıçı dostlarımdan. Amma inanıram ki, ən böyük sürprizlər hələ gəlib çıxmayıb.

 

– Hal-hazırda nə oxumağı planlaşdırırsınız?

– Bu müsahibəyə başladığımız vaxtdan bəri yazıçı dostlarımdan gələn 16 vacib elektron məktubu.

 

“Nyu-York Tayms”

 

Tərcümə etdi: Kənan HACI