Sim-sim.az

Derek Uolkott haqqında – İosif Brodski

rw1nb4pz67k

Derek Uolkott – şair, esseist, dramuturq.

1930-cu il Sent-Lusiyanın paytaxtı Kastrisdə doğulub. O, 1992-ci ildə zəngin tarixilik və multikultural dəyərlərə sədaqətdən yaranmış parlaq poetik yaradıcılığına görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Sim-sim.az   İosif  Brodskinin Derek Uolkottun seçilmiş şeirlər kitabına yazdığı önsözü təqdim edir.

 

Bu seçilmiş şeirlərin nəşri İsveçə çatan Qolfstrimin təsirinə bənzəyir. Bu kitabın isveç oxucularının və onların vasitəsi ilə bütövlükdə Skandinaviyanın ruhi mühitinə tutarlı təsir göstərəcəyini əminliklə söyləmək üçün peyğəmbər olub, uzaqgörənlik nümayiş etdirməyə ehtiyac yoxdur. Bunun üçün bu coğrafi ərazidə doğulmaq kifayətdir.

Derek Uolkottun poeziyası artıq qırx ildən çoxdur ki, amerika və ingilis ədəbiyyatının sahillərini əhatə edən, həqiqətən qeyri-adi gücə malik, etibarlı və unikal isti cərəyandır. Yolboyu-, bunu qeyd etməkdən özümü saxlaya bilmirəm,- o, bir çox aysberqləri əridir. Mən biləvasitə oxucuların münasibətindən çox, bu şeirlərin xarakterinin, əslində, predmetin özündən daha geniş yayılmış minimalizmin müxtəlif nəzəriyyələrini inkar etdiyini nəzərdə tuturam. Poeziya qəsdən susma mədəniyyəti deyil, əksinə aydın danışma qabiliyyəti,təsdiq etmə mədəniyyətidir. Şair əgər fikrini gizli saxlamaq niyyətindədirsə, onda sonrakı məntiqi addımı atıb ağzını yummalıdır. Poeziya sırf semantik mədəniyyət nümunəsi kimi introvert hissiyyatlı olsa belə diskursiv olmalıdır. Hermetik poeziyanın qorunub saxlanmasının problemi ondadır ki, onun faciəsi insan reallığından qaynaqlanan reallıqdan daha böyük miqyaslıdır. Bundan başqa, doğduğu siçana görə dağı dəyərləndirmək düzgün olmazdı. İşlərin ürəkaçan olamamasına baxmayaraq, poeziyanın vəzifəsi reallığa qarşı çıxmaq, ən azı ona sözlə alternativ yaratmaq, istənilən vəziyyət qarşısında,elə tam məğlubiyyətədək, qəlbi möhkəmləndirməkdir. Buna nail olmaq üçün aforizm tərzində cümlə qurmaq, bəlkə də, müəllifini qane etsə belə,kifayət deyil.Bu halda bu sözlər qələbəni köməksiz qoyur. Onlara qələbənin dilində,onun erejisinə və ahənginə uyğun,dəqiq sözlər tələb olunur. Daha doğrusu, dil özü bu keyfiyyətlərə malik olan rupor tələb edir. Derek Uolkott 1929-cu ildə Karib dənizində yerləşən və 1979-cu ildə müstəqillik qazanmış Sent-Lyusiya Adasında doğulub.O, elə bu gün də oranın vətəndaşıdır. Onun poeziyası həqiqətən əsl okean mənşəlidir, şeirləri dərinliyinə, genişliyinə və ingiliscə oxuyub və ya danışılan istənilən mühitdə ab-havanı dəyişmək istedadına malikdir.Onun misraları, beytləri dalğa kimi çırpınır, terra firma(sərt torpaq)–dan fiziki və ya psixoloji obraz alaraq üfüqə çarpır və yenidən qayıdır. Və bu baxımdan onun şeirləri üfüqüdür- onlar artır, böyüyür,şahə qalxır,enir və sonunda dağılır və bu mənada onlar qafiyələnmişlər.Elə bu mənada onlar canlandırıcı,hiddətli,heyrətamiz, anlaşılmaz,əcaib,ritorik və şəffafdırlar. İsveç oxucusu müəllifi -hardasa ekvatorun yaxınlığında,açıq pəncərəsindən Atlantik okean görünən,- yazı masasının arxasında təsəvvür etsə yanılmaz. Uolkot haqqında bu müqaisədən imtina edərək danışmaq istəməzdım,bəlkə heç lazım da deyil. Onun şeirlərində,sanki okean zamanın maye formasıdır,sonsuzluğun nəbzi döyünür və bəziləri bir o qədər də cazibədar deyil. Çünki Uolkottun arxipelaqı, onun doğma Vest-Hindi heç də Böyük Kəşflər dövrünün nəcib vəhşiləri ilə məskunlaşmış yer üzünün cənnəti deyil.

Bu sonsuzluqlar arasında qüssə,kədər və həqarət var,çünki Böyük Kəşflər dövrünün arxasınca quldarlıq dövrü gəldi. Birinə ekzotika kimi görünən, bir başqası üçün nəsilin kəsilməsi deməkdir, və şimallı oxucunun sapa düzülmüş mirvariyə bənzətdiyi, əslində Uolkotun bu şəcərəni müasir dövrün şüuruna,qırılmasına səbəb olmuş dilə çatdırmaq təşəbbüsüdür. Şairin nə haqda yazdığından asılı olmayaraq sonunda onun bütün şeirləri avtobioqrafikdir, təkcə ona görə ki, yazıldığı dil onun zərurətidir. Yatağına qayıdan okean kimi şairin hər misrasında qəbilənin tarixi sezilir, çünki dil tarixi canına çəkir. Ümumilikdə hər bir fərdin dünyagörüşü və mülahizələrinin unikallığı sələflərin, müasirlərin və bəlkə də bizdən sonra gələnlərin uğursuzluğuna borcludur.Bəhs etdiyi mövzudan asılı olmayaraq Uolkottun dəqiq,sərrast söz seçimi məhz elə burdan qaynaqlanır. Çünki o, məhkum olunmuş bədbəxt,zavallı həyat səbəbindən görmək və danışmaq qabiliyyətini itirmiş nəslin adından danışır. Şeirlərinin fakturasının vokal və psixoloji diapozonu, zənginliyi və hissiyatı da bu qəbildəndir. Hətta tərcümədə belə şimal oxucularının marağına səbəb olacaq sonuncu qeyd etmək istədiyim xüsus- Uolkottun, Linney və Benksı təbiri ilə,-şeirlərində doğma flora və faunanı əks etməsindədir. Bunu tam əminliklə amerikanın şimalına da aid etmək olar, haradakı o, Vest-Hinddə sənəti ilə dolanmağa qazanc əldə edə bimədiyindən, daxilində gizlənmiş təbiətçi dəqiqliyi ilə öyrənmək məcburiyyətində qəlmışdı. Lakin xalqın tarixi, onun əzab-əziyyəti, şəxsi çətinliklər poeziyada əhəmiyyət kəsb eləmir. Çünki bunları şair yaratmır-bunları tale ona verib. Əhəmiyyət kəsb edən təkcə odur ki, o, bunlardan kağızda nə yaradır-bunlar necə səslənir. Onlarsa şairi ya öz ağırlıqlarının ağuşuna alıb adi hekayəçiyə çevirər, ya da şair onları özünün dil,üslub və ruhi yüksəlişinə yanacaq edə bilər. Mənim Uolkottun isveç tərcüməçilərinin istedad və əməksevərliklərinə şübhə ilə yanaşmağa səbəbim yoxdur, lakin hər ehtimala qarşı ağacı silkələyəcəyəm. Bəli, əziz oxucu, bu şeirlər ruhun nəcibliyi, həddən ziyadə canlı və qüdrətli bədiiliklə, əqli lərzəyə gətirən məcazi dərinliklə,özünə rəhmlik və itaətin inkarı ilə səni bir anda fəth edəcəkdir. Bəli, əziz oxucu, bu gün ingilis poeziyasında Derek Uolkottdan yaxşı qafiyəçi yoxdur.Onun şeirlərinin doxsan faizini hərəkətə gətirən qafiyələrini təəssüf ki, görə bilməyəcəksən. Təəssüfün səbəbi qafiyənin mnemonik üslub və ya poetik mülahizələrin qaçılmaz xarakter daşıdığından xəbər verdiyi deyil.Uolkottun buna ehtiyacı yoxdur.Onun misraları məzmun səbəbindən və isveç tərcüməçilərin şübhəsiz,uyğun ekvivalent tapdıqları üçün sizin göz qişanızda və əqlinizdə həkk olunacaq. Lakin qafiyənin uğuru, -xüsusən də Uolkottun qafiyəsinin,-odur ki, o şairin idrakını və həssaslığını və bu yolla insan oğlunun potensialını məzmuna müraciətdən daha aydın və gözəl biruzə verir. Geniş yayılmış fikrin əksinə olaraq yazmaq prosesində qafiyə şairi azad edir. Elə bu səbəbdən oxucu da mütaliə prosesində oxuduğuna çevrilərək azad olur. Sadə sözlə desək, tutarlı qafiyə- dilin imkanlarının dilin məhdudiyyətinə qələbəsidir. Bu qələbə oxucuya azadlıq məkanı yaradır, elə mədəniyyətin, ilk növbədə poeziyanın məqsədi də budur.

Derek Uolkott xüsusən azadlıq bəxş edən şairdir. İlk növbədə ona görə ki, o, ən bacarıqlı və ən müasir qafiyəçidir. O, bütün qafiyələrdən istifadə edir: konsonant, assonans,daktil,anaqram,qısaldılmış,tərtib edilmiş,makaronvari və mənim yozma, sarımaq kimi təsnif etdiyim və təsnifada uymayan növlər.Onun qələmi bolluca qafiyə quruluşları yaratmağa qadirdir. Əslində onun üçün azad yamb üslübu daha əlverişlidir. Mahiyyətcə onun sətirləri ritmə uyğun deyil, qafiyə uyğun qurulub. Bütün bunlar təkcə şair və oxucunu deyil, həmçinin dili də azad edir,onu bəsit əlaqə alətindən, öyrənmək,dərk etmək vasitəsinə çevirir. Müəllifin şeirlərini oxuyandan sonra ruhunuz,cənuba -səmt almaq mütləq deyil,- gözləmədiyi darəcədə uzaqlara səyahət edir. Lakin əminəm ki,Uolkottun dünyasına ən qısa səyahət belə şimallı oxucuya xoş gələcək. İstənilən istiqamətə yönəlsə belə bu dünyanın reallığını dözümlü edən,ona ləyaqət verən məna bəxş edən şairin etibarlı ecazkar ağuşunda mühafizə olacaq. Əziz isveçli oxucu,onun poeziyası həyatı ruhlandırır,əks halda həyat orqanik prosesə çevrilir. Bu səpkidə onun müasir poeziyada bərabəri yoxdur.Yaşadığınız coğrafi şərait və Derek Uolkottun şeirlərinin az qala hərarət saçması səbəbindən məsləhət görürəm ki, kifayət qədər gözlənilən soyuq günlərinizdə bu kitabı rəfdən götürəsiniz. Əgər istilik sisteminiz xarab olsa, bu kitab sizi isidər.

Nyu-York şəhəri, may 1991-ci il.

Tərcümə etdi: Rəfiqə Məmmədova