Sim-sim.az

Ezgi Polat: “Sükut da ünsiyyət vasitəsidir”

3ezgipolat

Yadıma gəlir, sənət mühitimizin həmişəcavan ilk abisi olan rəhmətlik Tofiq Abdinin “525-ci qəzet”də “Oralarda kimlər var” adlı bir silsiləsi vardı; Türkiyə ilə, ordakı sənət mühiti ilə bağlı yazılar yazırdı. Bu mədəni mübadilənin gərək arası kəsilməsin, davam etsin. Bu gün Türkiyədə imzasını çox yaxşı tanıdığımız Orxan Pamuk, Elif Şafak kimi dünyaca ünlü yazıçılardan başqa, çox maraqlı gənc yazıçılar da, şairlər də var. Məsələn, 1982-ci ildə doğulmuş Sine Ergünün hekayələr kitabı bu ilin aprel ayında “Avropa Birliyinin Ədəbiyyat mükafatı”na layiq görülüb.

Türk ədəbiyyatını davamlı və sistemli şəkildə izləyən bir adam kimi, məndən tez-tez soruşurlar: “oralarda kimlər var?” Təxminən 30-a yaxın müəllif kitablarını oxumuşam, hamısı haqqında bir-bir yazmaq, tanıtmaq, təhlil etmək, indiki halda çətindir. Fikrimcə, ən yaxşı yol, hələlik, həmin gənc yazıçıların müsahibələrini tərcümə etmək və yayımlamaqdır. Müsahibələrdə yazıçıların dünyagörüşləri, maraq dairələri, mütaliə vərdişləri, özünəifadə formalar, gələcək yaradıcılıq planları geniş olmasa da, kifayət qədər görünür. Beləliklə, bu silsilədən ilk müsahibəni təqdim edirik.

Ezgi Polat 1987-ci ildə doğulub. İndustriya mühəndisliyi fakültəsini bitirib. Bu il prestijli “Can yayınları”nda çapdan çıxan “Susulacaq Nə Çox Şey Var Aramızda” adlı ilk hekayələr kitabı böyük marağa səbəb olub.

“Can yayınları” çapdan çıxan kitabın annotasiyasında müəllifi və onun yaradıcılığını belə təqdim edir: “Gənc hekayəçi Ezgi Polat ilk kitabı “Susulacaq Nə Çox Şey Var Aramızda” ilə oxucuların qarşısına çıxır. Polatın hekayələri yaşadığımız günlərin içəridən yazılan salnaməsidir. Ovqatlarımızın, etirazlarımızın və susduqca böyütdüyümüz ortaq problemlərimizin hekayələri. Oxuduqca görəcəksiniz ki, bu hekayələrin personajları bol-bol söhbət edir, amma hər söhbətdə əslində nəyisə bölüşməkdən çox, nəyinsə üstünü örtməyə çalışırlar….”  

                                                                                                                                  Qismət

 

Sizə təqdim etdiyimiz müsahibəni gənc yazıçıdan Türkiyənin yaşayan ən böyük tənqidçisi hesab edilən Semih Gümüş götürüb.                                                                                                                                         

 

Semih Gümüş: Ezgi, “Susulacaq Nə Çox Var Aramızda” çox gözəl addır. Bu ad bizi pozitivə, yoxsa neqativə dəvət edir?

Ezgi Polat: Yazdıqlarımızda susduqlarımızın nə qədər vacib olduğundan, mətnin əsas mənasının gizlətdiklərimizdə olduğundan danışırıqsa, bu dediklərimiz ünsiyyət üçün də keçərlidir. Hər iki mənada dəyərləndirək. Mənə görə susaraq bir-birini başa düşmək ünsiyyətin kuliminasiyasıdır. Buna bacarmaq üçün fərdlər arasında dərin, içdən keçirilmiş bağlar, əlaqələr qurulmalıdır, bir növ telepatiya. Kitabımdakı “Sıxıntı” adlı hekayədə ana ilə qızın arasındakı kimi bir əlaqə. Onlar bir-birini yaxşı tanıyırlar və buna görə də bir-birlərinə baxıb gülümsəmələri kifayət edir. Münasibətlərinin problemsiz olmasına gərək yoxdur. Düşünürəm ki, heç bir münasibət problemsiz ola bilməz.

Susmağın digər forması, yəni kəlmələr boşa sərf olunacaq düşüncəsiylə susmaq isə ünsiyyətin dibidir. Dibdəki o yer həqiqətən çox qaranlıqdır. “Başqa yolu yoxdur, başa düşdüm” adlı hekayəmdə görülən bu cür dış qıcadan susqunluqdur. Hekayə personajının heç tanımadığı qarsonla bir anda tuta bildiyi, amma öz doğmaca atasıyla alınmayan gizli dalğa. Deyiləsi o qədər çox şey var ki, personajın bu hissin gətirdiyi yorğunluqdan ağzını açıb heç nə demək istəmir. Başa düşür ki, kəlmələr yaşanacaq şeyləri dəyişdirmək gücündə deyil. Bilir ki, danışdıqca, daha betər olacaq. Danışmaq üçün çox gecikmisinizsə, susmaq daha yaxşıdır. Bu da elə bir şeydir. Amma bir yandan da birgəliyi davam etdirsəniz, münasibətiniz qanqren olacaq. Axırda kəsib atacaqsınız, geridə doldurulması mümkün olmayan bir boşluq qalacaq.

Kitabdakı hekayələrin az qala hamısında bu dediyin iki yön istifadə edilib. Bəzən eyni iki nəfər arasında, bəzən isə üçüncü bir adam vasitəsilə. Bir-birimizi çox yaxşı başa düşdüyümüz bir nəfərlə də çıxılmaz vəziyyətdə qala bilərik, ya da əksinə. Bu çox qarışıq, amma çox təbii vəziyyətdir. Belə yaşayırıq. Ona görə də bunlara ağ demək olar, nə də qara. Bizə hakim olan, bizi ələ keçirən nədirsə odur, nəhayətdə həmişə xaotikdir.

SG: İlk kitabın səni çox da çətinə salmadan çap olundu. Necə düşünürsən, bu həm də çətinə sala bilərmi?    

EP: Belə şeyləri hesablaya bilmirəm.

SG: Hekayələrini dərgilərdə çap etdirirdin və bu hekayələr hələ kitabı çap olunanmamış bir yazıçı üçün kifayət qədər maraq doğurdu. Hekayələrini dərgilərdə çap etdirmədən birbaşa kitab çap etdirən yazıçılar da var…

EP: Sözsüz ki, bu da bir seçimdir. Amma məncə, adətən ilk kitablarda adətən dərgilərdə yayımlanmış nəsə olur. Yeni başlayan bir yazıçının hekayələrinin dərgilər tərəfidən qəbul edilməsi, çap olunması onun üçün böyük motivasiyadır. Yazıçının inamını təzələyən, daha yaxşısını yazmaq üçün ona verən şeydir. Çap olunmaması isə dünyanın axırı deyil, bunu unutmamaq lazımdır. Mən öz kefimə yazarkən bir fanzin əlimdən tutudu, sonra başqa bir dərginin baş beynini apardım, sonra başqa bir dərgini. Hamısından da nəsə öyrəndim. Yerimizdə sayıb eyni adamların çevrəsində bir-birimizə çəpik çalmaq bizim inkişafımıza mane ola bilər, ya da ləngidə bilər. Fərqli dünyalar görmək lazımdır. Yalnız bundan sonra aid olduğumuzu yeri daha aydın şəkildə görüb ora güclü şəkildə qayıda bilərik. Bunu da əlavə etmək istəyirəm, dediyim məsələ, hər yerdə olmaq deyil. Üstəlik müəyyən yazı şüuru formalaşmış müəllifin hər ay bütün dərgilərdə çap olunması, hər yerdə görünməsi  bir müddət sonra dözülməz olur. Adam onsuz da çap olunuram, qoy bura da yazım ki, fanatlarım artsın məntiqiylə işə yanaşanda, bu bir növ masturbasiyaya çevrilir və ürək bulandırıcı olur. Əlbəttə, yazdıqlarının xeyli ünvana çatması gözəldir, amma yazdıqlarının. Prinsiplər olmalıdır.

SG: Sənin hekayələrin şəxsən mənim hekayələrdə və romanlarda həmişə axtardığım nəqletmə problemlərinə çox düzgün çözümlər tapıb. Ola bilsin ki, oxucular bunların fərqinə varmır. Səncə mənası nədir bunun?

EP: Mən də bir rəssamın tablosuna baxanda fırça zərbələrini necə vurduğunu, hansı rəngləri hansı sırayla qarışdırdığını, orda tam mənası ilə nə etdiyini bilmirəm. Amma işıq-kölgə oyunlarında, qabardılmış və arxa plana atılmış şeylərdə, rənglərdə və cizgilərdə məni çəkən şeylər varsa, baxmağa davam edirəm, mənimsəyirəm və nəhayət bu məndə bir hiss doğurur. Bu hiss rəssamın hiss etdirmək istədiyi birinci duyğu olmaya da bilər. Bunun elə də önəmi yoxdur. O rəsm mənə nələrsə qatdı, nəsə hiss etdirdi, məni zənginləşdirdi. Və mən hələ də o rəsmin hansı texnika ilə yaradıldığını bilmirəm, amma sənətkarın başqa əsərlərini görmək üçün səbirsizlənirəm. Vəssalam.

SG: Dövrümüzün insanlarını dövrümüzə xas olan problemlər içində ifadə edirsən. Bunlar bəlkə də sənin nəslinə yaxın insanlardı. Kimlərin, nələrin hekayəsini yazmaq istəyirsən?  

EP: Fokusumda insan var. Əksəriyyətimizdə belədir. İnsanın qarışıq sturukturunu çözməyə çalışmaq, həyatdan və sənətdən ayırdıqlarım barəsində düşünmək mənim üçün işin ən zövqlü tərəfidir. Dediyim xaotik struktur, məncə, məkandan, zamandan və epoxadan asılı olaraq götürülməməlidir. Insan eyni insandır, davranış formaları da çox dəyişməyib, problemlər də eynidir, təkcə vasitələr, yəni ifadə formaları dəyişib. Mən üzümü daha çox təbiətə tuturam. Qışqırmadan, agitasiya etmədən,  böyük sözlər danışmadan, xarakterləri daha çox gəldiyimiz yerlə –  təbiətlə əlaqələndirmək, olduğu kimi çılpaq buraxmaq, özləri ilə üzləşdirib sakitcə təbiətə qaytarmaq istəyirəm. Cəhdim budur.

SG: İnsalarla, insanlararası münasibətlərə bağlı iz buraxan hekayələrin var. Kədərli, ağrılı, bəzən sərt. Səncə hekayə janrını bunları tələb edir?

EP: Tələb edir. Ən azından mənə görə belədir.

 

SG: Çox yetkin nəqletmə dilin var. Bəzən tək-tək sözlər belə vacib məna yükü daşıyır. Buna görə də sənin hekayələrini dilin haqqını verərək oxumaq lazımdır. Görünür sonrakı hekayələrində də bu dilin üstündə israr etməlisən…

EP: Yazı dilim mənim bir hissəmdir. Mən hara gedirəm gedim, o mənim gələcək, olduğum yerin qaydalarına uyğunlaşacaq, yenə mənə bunları hiss etdirən bir parçam olaraq yazının içində mövcud olacaqlar, deyəsən.    

SG: Hiss edirəm ki, sənin dilin romana yatımlıdır. Roman yazmağı düşünürsən?

EP: Bəli, bunu mənə çox deyiblər. Mən də istəyirəm ki, beynimdə yavaş-yavaş formalaşan xaotik parçaları, fərqli mövzu və formaları daha bütöv, eyni zamanda mənə görə ifadə olunmağa dəyər formada yazım, yazılası o qədər səhifənin yazılmağa dəyər bir şey olmağını gözləyirəm.

SG: Ən çox təsirləndiyin yazıçılar kimlərdi?

EP: Ən çox yazdıqları və yazmaq biçimləri haqqında düşündüyüm yazıçılardan təsirlənmişəm. Qısa bir siyahı deyim: Reymon Karver, Xulio Kortasar, Roberto  Bolano, Con Çiver, Deyvid Konstantin, Deyvin Vann, Ralf Rotmann, Gerbrand Bakker, Per Petterson, Coys Kerol Outs. 

SG: Son vaxtlar nə oxuyursan?

EP: Enrike Vila Matas “Montano xəstəliyi”, Leşek Kolakovski  “Niyə Heç Nə Yoxsa da Bir Şey Var”.

SG: Bir şansın olsa, hansı yazıçı ilə dostluq etmək istərdin?

EP: Matasın “Montano xəstəliyi” kitabının arxa üzündə Almodavarın bir sözü var, belə deyir: “Matası şəxsən tanımıram, tanış olmağı düşünmürəm. Onu oxumağı və yazdıqlarının məni işğal etməsini seçirəm.” Deyəsən məndə də bir az belədir.

SG: Oxuduğunuz ən gözəl kitab hansı olub?

EP:  Yorulmadan açıb-açıb içindən hissələr oxuduğum, oxuyanda özümü bir anda yazmağa başlayan yerdə tutduğum bütün kitablar mənim üçün gözəldir.

SG: Bu günə oxumadığın üçün təəssüfləndiyin yazıçı varmı?

EP: Əlbəttə var. Ağlıma ilk gələni deyim, Elias Kanetti.

SG: Bəs yaxşı səndə xəyal qırıqlığı yaradan kitab, ya da müəllif?

EP: Xəyal qırıqlığı üçün xəyal qurmaq lazımdır. Bir kitabı oxumağa başlamamışdan qabaq xülyalara qapılmıram. Çox maraqlanıram, bəyənməsəm, donquldanıb yarıda atıram.

SG: Bu günlərdə neynirsən, nə yazırsan?

EP: İkinci kitabımı işləyirəm, bitirmək üzrəyəm.

 

Tərcümə: Qismət