Sim-sim.az

“Filmlər və insanları dondurmaq haqqında” – Stenli Kubrik

1

Sim-sim.az   S. Kubrikin "Stenli Kubrikin müsahibələri" kitabından amerikalı jurnalistlərə verdiyi  müsahibəni təqdim edir.

 

– Tamaşaçıya fəlsəfi yol xəritəsi təqdim etmədən “Kosmik Odissey” filminin sizin üçün nə anlamı daşıdığını deyə bilərsizmi?

– Leonardo Da Vinçi çəkdiyi rəsmin altından “bu xanım gülümsəyir, çünki dişləri çürükdü” və yaxud da “o, gülümsəyir, çünki sevgilisindən nələrsə gizlədir” kimi sözlər yazsaydı, “Mona Liza”nın bizim üçün heç bir dəyəri olmazdı. Çünki belə olanda, tamaşaçı  rəğbət hissini itirərək özünü olmayan “həqiqətə” sürükləmiş olacaq. Bu vəziyyətin mənim filmimin də başına gəlməsini istəmirəm.

 

– Ssenari müəllifi Artur Klark film haqqında deyir: "Tamaşaçı fimi ilk dəfə izləyən kimi filmdə baş verənləri anlayırsa, deməli istədiyimizi edə bilməmişik". Sizcə? tamaşaçı filmdəki mesajı almaq üçün bir filmi niyə ikinci dəfə izləmək məcburiyyətində qalmalıdı?

– Arturla razı deyiləm. Zarafat edib. Onsuz da “Kosmik Odissey”dəki vizual təcrübənin təbiətində tamaşaçıya daha çox detal təqdim etməyən, ani, ibtidai reaksiya yatır. Ümumiyyətlə  bütün yaxşı filmlərə ikinci dəfə baxanda, tamaşaçının marağını və rəğbətini artıran elementlərin olduğunu deməliyəm. Filmin sürəti ilk dəfə seyr edildiyi zaman xəbərdaredici detalların və fərqliliklərin bütünlüklə təsir etməsinə mane olur.

"Bir filmi yalnız bir dəfə izləmək lazımdır" fikri filmləri vizual sənət əsəri kimi görmək əvəzinə ənənəvi, qısa müddətli bir əyləncə kimi görməyimizdən irəli gəlir. Gözəl musiqi əsərini bir dəfə dinləməyimizi düşünmürük. Mükəmməl rəsm əsərinə də bircə dəfə baxmağın yetərli olmadığını hesab edirik. Hətta "Yaxsı kitabı da bir dəfə oxumalıyıq" fikrini də qəbul etmirik. Bu baxımdan yaxın zamana qədər kino sənət əsəri kimi qəbul olunmurdu. İndi bu fikrin dəyişməsi məni xoşbəxt edir.

 

– “Kosmik Odissey” filmini dini film kimi görən tənqidçilərin fikri ilə razısınızmı?

– Bu filmin mərkəzində tanrı anlayışının yer aldığını deyə bilərəm. Amma bu ənənəvi, antromorfik tanrı obrazı deyil.

Tək tanrılı dinlərin heç birinə inanmıram. Lakin təkcə bizim qalktikamizda təqribən yüz milyarda yaxın ulduzun olduğunu, hər ulduzun da həyat verən günəş olduğu və görə bildiyimiz tək kainatda  yüz milyard qalaktika mövcudluğunu qəbul edən birinin, tanrının elmi tərifini verə biləcəyinə inanıram. Günəş artıq yaşlanmış ulduzdu. Onun sistemindəki planetlər də kosmik əsrdə ancaq bir uşaq ola bilərlər.

Kainatda insanın malik olduğu intellekt yaşından daha geri, daha irəli, ya da onunla bərabər zəka həyatına malik milyardlarla planet var. Özünüz fikirləşin. İnsanlığın bir neçə min ildə qət etdiyi nəhəng texnologiya inkişafı bir kainat xronologiyasında mikrosaniyəyə təsadüf edir. Digər tərəfdən də uzun zaman bizdən əvvəl var olan həyat formalarının keçirdiyi təkamülü düşünün.

 

– Dediyiniz kosmik təkamülün tanrının təbiət ilə nə əlaqəsi var?

– Hər mənada əlaqəsi var. Bu varlıqlar, kainatda onlardan daha az inkişaf etmiş milyardlaca növün tanrısı ola bilər. Bu hardasa bir insanın varlığını dərk edən bir qarışqaya insanın tanrı kimi görünməsinə bənzəyir. Onlar hər şeyi bilmək və hər şeyə qadir olmaq kimi ilahi sifətlərə sahib ola bilərlər. Bu varlıqlar kosmos vasitəsilə telepatik ünsiyyət quraraq hər şeydən xəbərdar olurlar. Biz radio açmaqda nə qədər çətinlik çəkiriksə, onlar da digər zəka formalarına qarşı o qədər çətinlik çəkirlər. İşıq sürəti onlar üçün sərhəd olmaya bilər. Onlar kainatın ən uzaq nöqtələrində var ola bilərlər. Maddəyə və enerjiyə hökm edər, təkamülün son nöqtəsində, ölümsüz, ortaq bir şüura çevrilə bilərlər. Onları yalnız tanrı olaraq dərk edərik. Zəkalarının zərrəsi, bizim düşüncəmizə sirayət etsə, bu haqda söyləyə biləcəyimiz fikir “bu tanrının əlidir” ola bilər.

 

– Belə məxluqlar həqiqətən mövcudurlarsa, bəşəriyyətlə maraqlanmaq onların nəyinə lazımdır?

– Maraqlanmaya da bilərlər. Amma insan nə üçün mikrobla maraqlanır?  Zəkalarına nə qədər yadıqsa, motivasiyalarına da bir o qədər yadıq.

 

– Dünyadan xaric varlıqların yaxşı xasiyyətli olacaqlarını hesab edirsiniz. Nə üçün?

– Bizdən daha üstün olan bir irq nə üçün bizə zərər vermək və ya bizi yox etmək üçün zəhmət çəksin? Ayağımın altında “mən həssas bir varlığam, gəl, söhbət edək” yazılmış yazını oxuyub, qumdakı ayaq izlərimi təqib edən ağıllı bir qarışqanı əzəcəyimi fikirləşmirəm. İnsandan üstün olmayıb lakin xeyli irəlidə olsalar belə, onların yaxşı münasibət göstərəcəklərini, ən azından bizə qarşı vecsiz olacaqlarını düşünürəm.

Öz günəş sistemimizdə olan varlıqlar tərəfindən ziyarət ediləcəyimizi düşünsək kosmosdakı işıq ilini ötüb keçən hər hansı bir çoxluq, maddə və enerjiyə hökm edə bilərlər. Buna görə niyə bizimlə düşməncəsinə rəftar etsinlər? Qızılımızı, neftimizi ya da kömürümüzü oğurlamaq üçün? Başqa bir ulduzdan uzun və məşəqqətli səfərə pis niyyətlərlə çıxmazlar…

Bu məsələdə çox da seçim etmək şansımız yoxdur. Onar ya bizimlə əlaqəyə keçəcəklər, ya da yox. Əlaqəyə keçərlərsə, yaxşıdılar və ya pisdilər kimi mübahisə etməyimizə də ehtiyac qalmayacaq. Hətta onlar pis olsalar belə bunun da bizə faydası olacaq. Dünya xalqları bir-birini didməkdən əl çəkib planeti qorumaq üçün güclərini birləşdirəcəklər.

Səhv etmirəmsə illər öncə Andre Morua, dünya sülhünü reallaşdırmağın ən yaxşı yolunun planetin xaricindən gələcək saxta bir təhdid yaratmaq olduğunu söyləmişdi. Məncə, pis fikir deyil.

Amma planet qeyri-adi varlıqlarla ünsiyyət məsələsində qərəzli olmamalı, digər planetləri ziyarət etmək üçün orada nə tapmaq qorxusuna düşməməlidir. Onlar bizimlə ünsiyyətə keçməsə, biz keçək. Bu bizim taleyimizdir…

 

– Uçan boşqablar həqiqətdirsə, bunlar kim və nə ola bilərlər?

– Bilmirəm. Yuxarıda bir yerdə olmalarına dair sübutlar var. Amma bu bizə onların nə olduqları haqqında hansısa işarəni vermir.

Bioloq İvan Sanderson onların stratosferin üst təbəqəsində yaşayan heyvan növü olduğunu iddia edir. Amerikalı elm adamının fərziyyələrinə görə isə onlar son dərəcədə təbii fenomenlərdilər. Sizin  də artıq çoxdan anladığınız kimi uçan boşqablar mənim üçün sehrləyici şeylərdi.

Yeganə üzüldüyüm məqam bir qrup başdan xarab ucbatından bir təhqiqat ərazisinin bomboş hala salınmasıdı. Bu başdanxarablar yadplanetliləri üç metrə boyu, yaşıl rəngli başları olduğunu iddia edirlər. Bu çılğın münasibət özümüzə zərəri toxunacaq şəkildə bütün fenomeni yox saymağımızı asanlaşdırmış olur. Digər bir problem də bütün inandırıcı dəlillərə baxmayaraq bu məsələlərin ictimaiyyətin maraq dairəsində olmamasıdır. Bunun əsas səbəblələrindən biri də ondan ibarətdir ki, insanlar həqiqətən göy üzündə nizə atan və hətta bizi bir ərazi üzərində gəzən həşəratlar kimi görən dünyadan xaric varlıqların olduğunu düşünmək istəməməsidir. Bu cür düşüncənin özü belə insan üçün narahat edici təsir bağışlayır. Kainatın və həyatın mənasına dair fikirlərimizi pozur. İnsanın varlığını və davranışlarını qavramağımıza mane olur.

Kosmos Nyu Yorkun Scarsdale qəsəbəsindən milyon il uzaqlığındadır. Bu inkişaf etdirdiyimiz bir müdafiə mexanizmi ola bilər. Amma bu mexanizm insanlıq tarixinin ən dramatik və mühüm anını, bir başqa mədəniyyətlə ünsiyyət qurmaq anını görməyimizə də mane ola bilər.

 

– UNO-ların ulduzlararası səfər haqqında şübhələrini dilə gətirənlərin bir arqumenti də işıq sürətinin mütləq olduğunu və heç bir şeyin bunu keçə bilməyəcəyini söyləyən Eynşteynin nisbilik nəzəriyyəsidi. Dünyaya ən yaxın ulduza ediləcək bir səfərin də min il çəkəcəyini deyirlər. Bu səbəbdən də ulduzlararası səyahətin ən azından şüurlu varlıqlar üçün qeyri-mümkün olduğunu müdafiə edirlər. Bunun əsaslı bir arqument olduğunu düşünürsünüz?

– Fizika qanunlarıyla kainatın sonsuz dərinliklərinə enə bildiyimizi güman etmirəm. Bir neçə əsrdən sonra məlum olacaq hər şeyi kəşf etdiyimizi düşünmək təkəbbürlü bir davranışdı. İşıq sürətinin kainatın mütləq sürət meyarı olduğunu sarsılmaz bir inamla müdafiə etməyin doğru olduğunu düşünmürəm. Doqmatik elmi qaydalara şübhə ilə yanaşıram. Çünki çox vaxt qısa ömürlü olurlar.

19-cu əsrin başlanğıcında bir çox avropalı elm adamları meteroitlər haqqında fikirləri lağa qoyaraq “göydən daş düşməz” deyirdilər.  Sputniklər quraşdırılmazdan əvvəl dünyanın aparıcı astrofiziklərindən biri çox rahat şəkildə “kosmos səfəri boş söhbətdi” demişdi. Nə qədər sıx bir məhdudiyyət olsa da işıq sürəti, kosmos zamanı tərəfindən məğlubiyyətə uğraya bilər.

Günəş sisteminin xaricinə ediləcək kosmos səyahətlərini min illlərlə çəkəcək bəhanəsi ilə rədd etməyimizin kainatdakı varlıqların yaşayış müddətlərinin bizimkinə bənzəmədiyini düşünməyimizdən qaynaqlanır.

Meyvə milçəyinin bütün həyatı iyirmi bir saatdan ibarətdir. Həmin iyirmi bir saata doğulmaq, inkişaf etmək, yaratmaq və ölüm aiddir. Meyvə milçəkləri insanların gözünə necə görünürsə, insanlar da kainatdakı varlıqlara meyvə milçəkləri kimi görünə bilər.

Kainatda yüz illər, hətta min illər boyu yaşayan varlıqlar ola bilər. Dünyaya edəcəkləri on min illik səfər nahar vaxtı parkda gəzmək qədər yorucu zaman ola bilər.

İnsanlar üç yüz il və ya min il kosmosda qalıb avtomatik olaraq oyandırıla bilərlər. Və ayılanda özlərini yalnız səkkiz saatlıq dərin bir yuxudan oyanmış kimi hiss edərlər. İşıq sürəti nəzəriyyəsi də uzun səyahətlərin xeyrinə istifadə edilə bilər. Eynşteynin nisbilik nəzəriyyəsində "zaman genişlənməsi" amilində, bir obyekt işıq sürətinə doğru irəlilədikcə zaman yavaşıyır.

Gəlin, əlli altı il ərzində bir avtomobil içərisində olan insanların dünyadan uzaqda qaldıqlarını hesab edək. Onlar dünyaya qayıdanda isə yalnız iyirmi il qocalmış olacaqlar. Bütün bunları nəzərə alsaq, bəzi elm adamlarının işıq sürəti məhdudlaşdırmasının ulduzlar arası səyahəti imkansız hala gətirdiyi tezislərini heç inandırıcı saymıram.


– Bildiyiniz kimi, fizik Robert Ettinger və digər elm adamları, insan cəsədlərini gələcəkdə yenidən dirildə biləcəkləri bir zamana qədər maye azotla dondurulmasını təklif ediblər. Bu təklif haqqında nə düşünürsünüz?

– İllərdir bu məsələni təqib edən biri olaraq tətbiq olunma şansını yüksək görürəm. Hətta bu on il içərisində də baş verə bilər. Cəsədlərin dondurulmasının Amerikada və dünyada böyük bir sənayeyə çevriləcəyinə inanıram.

Həkim Ettingerin çox sadə bir nəzəriyyəsi var: Bir cəsəd krioterapi və maye azot içərisində mütləq sıfıra yaxın temperaturda dondurulub təchizatlı müəssisələrdə saxlanılarsa, tam tarixi verilməyən gələcəkdə cəsədi donunu açıb yenidən diriltmək, xəstəliyini müalicə etmək və ya ölümə səbəb olan fiziki zərəri aradan qaldırmaq heç də uzaq bir ehtimal deyil. Təbii ki bu bir qumardı.

Gələcəkdə elmin xərçəngi təsirli şəkildə müalicə edəcək vasitələrə malik olacağını hətta dondurulmuş bir cəsədi dirildəcəyini bilmək imkanımız yoxdur.

Bundan başqa, cəsəd dondurma prosesində də zərər görəcəkdir. Buz, qanı kristalllaşdırır. Ölüm anında dondurulan bədənin aparıcı beyin hüceyrələrində pozulmalar da olur. Amma itirəcək nəyimiz var ki? Heç bir şeyimiz. Heç olmasa ölümsüzlüyü qazana bilərik.

Dondurma fikri getdikcə elm aləminin daha çox maraqlandırır. Bioloq Jan Rostand belə bir təklif verdi: "Bütün dövlətlər dərhal ən yaxşı elm adamlarının səfərbər edildiyi bir dondurma proqramına başlasın".

Tərcümə etdi: Samirə Əşrəf