Sim-sim.az

“Kim olduğumu və bu dünyada necə yaşamaq istədiyimi bilmədim” – Herta Müller

Nobelprisen i litteratur 2009 er blevet tildelt den tyske forfatter Herta M¸ller.

Herta Mülleri 2009-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görən İsveç Akademiyası onun yaradıcılığını belə öydü: “poeziyanın gücündən və nəsrin dərinliyindən bəhrələnərək yersiz-yurdsuz adamların dünyasını ifadə edir.” O, bu yoxsul dünyanı yaxşı tanıyır. Herta Müller 1953-cü ildə Rumıniyanın Banat şəhərində, almandilli Nitçidorf kəndində anadan olub. Birinci Dünya müharibəsindən və Avstriya-Macarıstan İmperiyasının dağılmasından sonra bu bölgə genişlənən Rumıniya Krallığının tərkibində qaldı. 1940-cı ildə Antoneskunun faşist dövləti Üçüncü Reyxlə rəsmi ittifaqa girdi, xeyli alman – Müllerin atası da – Alman Ordusuna yazıldı. 1944-cü ildə Qırmızı Ordu ölkənin içinə qədər irəlilədi: Antoneskunun dövləti çökdü və yeni rejim Sovetlərə təslim oldu. 1945-ci ildə Stalin Rumıniyada yaşayan 17-45 yaş arası bütün almanları əmək koloniyalarına göndərdi. Müllerin anası da göndərilənlər arasındaydı. Kommunistlərin idarəsi altında Rumıniyadakı evlər özəlləşdirildi, ərazini və idarəetməni dövlət nəzarətə götürdü, vətəndaşlar xüsusi xidmət orqanlarının nəzarəti altında yaşadı. Azlıqlara təcavüz (macar, alman və yəhudi) 1980-ci illərə qədər çəkdi. 1970-ci illərin axırında xüsusi xidmət orqanları Müllerə yaxınlaşdı, amma agent kimi işləməyi rədd etdi. Buna görə işdən çıxarıldı və senzuraya məruz qaldı, davamlı şəkildə sorğu-sual edildi, məhrəmiyyətin pozulması kimi müxtəlif əziyyətlərə məruz qaldı.

Bu təzyiqlərə qarşı yazmağa başladı. “Nadir” (Niederungen) adlı ilk hekayələr kitabı senzuraya uğramış halda 1982-ci ildə Rumıniyada çap olundu. Bu kitabın tam forması iki il sonra Berlində çapdan çıxdı. 1987-ci ildə nəhayət anası ilə birgə Rumıniyadan ayrılmağına icazə verildi, Berlinə köçdü.Sonralar çap olunan kitabların bəziləri bunlardır: “Herztier” (1994), “Yaşıl əriklər diyarı” (1996), “Görüşmə” (2001), “Ac mələk” (2012). “Ac mələk” çap olunandan sonra Müller silsilə mütaliə günləri çərçivəsində Amerikaya getdi. Bu müsahibə böyük hissəsi Nyu-York, Çikaqo, Boston və Vaşinqtondakı mütaliə günləri sırasında alınıb. O orjinaldan almanca oxuyurda, biz ingiliscə tərcüməsini. Romanları kimi Müller çox yüksək enerji yayır, oxumaq üçün səhnəyə çıxmamışdan qabaq konstrasiya olanda bu enerji fontan vururdu. Dayanmadan siqaret çəkməsi sakitləşdirici vərdişdən çox, artıq enerjini dışarı atmaq üçün lazımlı davranışdı. Əsərləri neçə illərdi Almaniyada və başqa Avropa ölkələrində mükafatlar alsa da, Nobel ona başqa status qazandırdı. Amma status səsini gücləndirsə də, özünü rahat hiss etdiyi vəziyyət deyil.

 

Sim-sim.az  Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Herta Müllerin 2016-cı ildə “The Paris Review” dərgisinə verdiyi müsahibəni ixtisarla təqdim edir.

 

Paris Revyu, 2016

Söhbətləşib: Filip Boehm

 

Sənin ailən Niçidorfdakı ferma sahiblərin idi?

Babam xeyli varlıydı. Çoxlu ərazisi vardı və hər cür mal satılan bir baqqal dükanının sahibi idi. Əslində taxıl taciri idi, hər ay iş üçün Vyanaya gedərdi.

 

Daha çox buğda, yoxsa taxıl satırdı?

Daha çox buğda və qarğıdalı… Böyüdüyüm evin çatısında böyük bir taxıl ambarı vardı, dörd mərtəbə yuxarıda. Amma 1945-ci ildən sonra hər şeylərini aldılar, artıq ailəm heç nəyin sahibi deyildi. Onda sonra ambar eləcə boş qaldı.

 

Bəs yaxşı, baqqal dükanında nələr vardı?

Hər cür mal vardı. Anam da, nənəm də, sosialistlər gəlib hər şeyi alana qədər orda işləyirdi. Sonra ictimailəşdirilmiş fermaya köçdülər. Babam həyatı boyu çalışıb qazandıqlarını dövlətin əlindən almağını heç vaxt həzm eləyə bilmədi. Bir də heç vaxt dövlətə inanmadı. Özü də qısa müddətlik də olsa, onu Rumıniyada bir koloniyaya sürgün elədilər. Babam Birinci Dünya Müharibəsində Avstriyalılarla birgə xidmətdə oldu. Özü də atları ilə qatıldı xidmətə. O vaxtlar insanlar kimi atları da hərbi xidmətə götürürlərmiş. Hətta babamda atlar üçün səliqə ilə yazılmış ölüm kağızları da vardı. Yəni atların harda yıxılıb öldüyü qeyd olunmuşdu. Bunu birinci dəfə eşidəndə mənə absurd gəlmişdi. Çünki Stalin dövründəki qaranlıq zamanlarda və İkinci Dünya Savaşı müddətində xeyli insandan bir də xəbər tutmaq mümkün olmadı, yoxa çıxdılar. Onlar üçün heç bir sənəd də verilmədi. Yəni əvvəllər atlar üçün belə ölüm kağızı verilərdi, sonralar isə itən, ya da ölən insanlar üçün heç nə verilmədi.

                                                                                                 Herta Müller və Filip Boehm

“Kulak” olduğu üçün ərazilərini əlindən alıb babanı katorqaya göndərdilər?

Və nə vaxt bir sənəd doldurmalı olsam, babamın “kulak” olduğunu yazmaq məcburiyyətindəydim. Çünki bütün var-dövlətini almaqdan əlavə, səni istismarçı sinif kimi damğalayırdılar.

 

Evdə hamı almanca danışırdı?

Alman kəndlərində almanca, Macar kəndlərində macarca, Serb kəndlərində serbcə danışırdılar. Heç kim qarışmırdı – hər kəsimin öz dili, öz dini, öz tətilləri və özlərin xas geyimləri vardı. Hətta almanların arasında da kənddən kəndə ləhcələr dəyişirdi.

 

Ali almancadan başqa ailən lexcə də danışırdımı?

Babam danışırdı, işinə görə. Amma nənəm ancaq lexcə danışırdı.Bundan başqa müəkkəməl macarca bilirdilər. Böyüdükləri kənd Avstriya-Macarıstan İmperiyasının bir hissəsi idi və macarlar bu bölgədə onları asimilasiya etmək üçün təzyiq göstərirdilər. Bunun nəticəsində nənəm macar məktəbinə getmişdi, babam da. Əzbərləyərək öyrəndikləri hər şeyi – riyaziyyat kimi – ancaq macar dilində ifadə edirdilər. Amma sosialistləri kontroli ələ keçirəndə, nənəm və babam 60 yaşında idilər, buna görə də heç vaxt rumınca öyrənə bilmədilər.

 

Məktəb həyatın necə idi?

Əvvəllər çox çətin idi, lexcə məktəbdə öyrətdikləri ali almancadan çox fərqli idi. Öyrəndiyimiz ali almancaya bəzi lexcə sözlərin qarışıb-qarışmadığından heç vaxt əmin ola bilmirdik. Eyni zamanda bu sözlərin tələffüzü eynən bir-birinə oxşayırdı. Məsələn, çörək üçün istifadə olunan “brot” sözü ikisində də eyni idi. Amma bu mənə görə düzgün deyildi. Əlbəttə, fərqli olmalıydı, “brat” kimi bir söz düşünürdüm, çünki fikirləşirdim ki, ali almancada belə səslənir. Nəticə daimi inamsızlıq idi. Başqasının dilinin mənim dilim olacağına əsla tam mənası ilə inanmadım. Bu məndə daim elə təəssürat yaratdı ki, sanki sözlərin hamısı başqalarına aiddir, mən onları borca götürmüşəm. Və bu hiss hər mərhələdə daha da güclənirdi, çünki əsla icazə vermirdilər ki, azsaylılardan olduğunu unudasan. Hər bir sənədə azsaylılardan olduğumu yazmağa məcbur idim. Düzdür, bizə rəsmi olaraq azsaylı demirdilər, “birgə yaşadığımız millət” – elə bil, mərhəmət göstərib onlarla birgə yaşamağımıza icazə verilmişdi. Sanki orada olmaq haqqımız nə cürsə şübhəli məsələ idi. Əlbəttə ki, bu insanların 300 il birlikdə yaşadığını düşünəndə, belə söhbətlər absurd görünürdü.

 

Elə bil öz ölkənizdə qonaqsınız.

Polis sorğu-sual vaxtı deyirdi ki, unutma, yediyin Rumıniyanın çörəyidir. Bəli, düzdür, indi belədir, çünki babamın hər şeyi əlindən alınıb. Amma hər şeyi əlindən alınmamışdan qabaq, o qədər çox taxılı vardı ki, 50,60, 70 yaşına qədər çatacaq çörəyi ola bilərdi. Onun hər şeyini əlindən alıblar deyə, başqa seçim imkanım yoxdur, əlbəttə ki, Rumıniyanın çörəyini yeməliyəm. Nə vaxt bunlar desəm, dəli olurdular. Əgər Rumıniyalı insanları sevmirsənsə, – həmişə “rejimi” yox, “insanları” deyərdilər – qərbə, faşist dostlarımın yanına getməli olduğumu söyləyərdilər.  Daim belə eyhamlar vurardılar. Əlbəttə, Antonesku rəhbərliyindəki Rumıniya Hitlerlə müttəfiq olub, rumın ordusu almanların yanında Stalinqradda döyüşmüş olsa da, xarici siyasətlə bağlı səbəblərə görə, onlara sərf eləyəndə barmaqları azsaylı xalqlara tuşlanırdı. Bu, məxsusi vəfasızlıq idi. Macarlara eyni cür davranırdılar – öz tarixlərini inkar edib, özgələrin tarixinə baxmaq. Bu, azsaylı xalqlar üçün acı bir təcrübə idi, çünki onlar bu həqiqəti bilirdilər – əvvəlini bilirdilər məsələnin.

 

Və daha da ağrılısı o idi ki, bütün bunları yönləndirən partiya nümayişkəranə şəkildə fəhlə partiyası idi.

Artıq öz torpağında çalışan fəhlə qalmamışdı, hamısı ümumi fermalarda işləyirdi. Anam bir vaxtlar öz ailəsinə aid olan tarlalarda işləməyə göndərildi. Axşamlar evə qayıdanda babam anamdan soruşardı ki, hansı tarlaya göndərmişdilər, o yerə, ya o biri yerə deyərdi, anam da çox vaxt yalandan başqa yerlərin adını söyləyərdi. Babam soruşardı, nə əkdiniz? Onda anam qəzəblə deyərdi, bəsdi sual verdin, artıq o ərazilər bizim deyil.

 

Kəndiniz katolik idi?

Xeyli alman və macar kəndi kimi katolik idi. Amma mənim ailəm dindar deyildi. İnsanlar keşişi vecinə almırdı, kəndin keşişi üçün doğurdan da çətin idi. Tənha həyat sürürdülər keşişlər. Əvvəldən evlənməməyə andı içirdilər. Ailələləri yox idi – bircə aşbazlar vardı, qalanı tənhalıq. Başqa bir yerdən gəldikləri üçün kənddə yabançı idilər. Çox içirdilər, xeylisi alkaqolik idi. Və cökə yığmaq üçün çıxdıqları nərdivandan yıxılmaq şöhrətlərinə ləkə salırdı. Amma hamımız din dərsinə gedirdik, çünki dövlət tərəfindən yasaqlanmışdı.

 

Ayinlər Almancaydı, yoxsa Latınca?

Almanca. Tanrının hər yerdə və hər şeydə olması haqda şeylər deyirdilər. Yəni bu o demək idi ki, qapının, masanın, ya da bitkinin içindəydi tanrı. Fikirləşirdim ki, bütün bu əşyalar məni görür, izləyir. Və maddə olduğum üçün bəlkə də mənim də içimdəydi tanrı, içərimdən izləyirdi məni. Bu, qəribə hiss idi. Həm də qorxunc idi. Bütün bunları ciddiyə almaq uşaq vaxtı çox qorxulu ola bilər. Təhdid kimi başa düşülə bilər. Nə edirəm-edim – kartof soyanda da – tanrının məni izlədiyini düşünürdüm. Maraqlıydı, görən razıdırmı məndən? Kartofu düz soyurammı? Yaxud ev işlərini görəndə bunları düşünürdüm – hər həftə sonu bütün evi təmizləməliydim. Yeri iki dəfə silməliydim, əvvəlcə yaş, sonra quru əski ilə. Anam işdə olurdu, nənəm və babam isə bağçada, işin asanına qaçıb bir dəfə silə bilərdim. Amma qorxurdum ki, tanrı bunu görəcək, hər şeyi biləcək. Qorxurdum ki, mənə nəsə edəcək, ya da anama xəbər verəcək. Kim bilir, başqa nələr olacaqdı.

Kilsədə deyirdilər ki, ölülər cənnətdədir. Göyə baxıb belə şeylər görürdüm: bir kişi, ya da qadın buludlarına arasında ora-bura gedir, tanrı onları oyan-buyana hərəkət etdirirdi. Yaxud keşik kilsədə İsanın qanı və bədəni haqqında danışanda, sonra da qan adına şərab içəndə – bunun tamamilə çılğınlıq olduğunu düşünürdüm. Çünki bir-iki dəfə toyuq kəsməli olurdum, çox qan görmüşdüm və keşişin içdiyi şərab qətiyyən qana oxşamırdı.  Arabir kilsəyə gedəndə mehrabın üstündə gipsdən düzəldilmiş böyük bir Müqəddəs Bakirə Məryəm heykəli görürdüm, açıq mavi paltarda idi və ürəyi çöldə, paltarın üstündəydi. Bir dəfə nənəmlə ora getmişdim, Məryəmin ürəyinin kəsilib iki yerə bölünmüş qarpıza oxşadığını dedim, çünki qan damlaları qarpız dənələri kimi qara rəngdəydi.

 

Nənəniz buna nə dedi?

Dedi ki, haqlı ola bilərsən, amma bunu heç kimə demə.

 

 

Tərcümə: Qismət