Sim-sim.az

“İngilis dilini yaşadan adam” – Derek Uolkott – MÜSAHİBƏ

derek

 

Derek Uolkott – şair, esseist, dramuturq.

1930-cu il Sent-Lusiyanın paytaxtı Kastrisdə doğulub. O, 1992-ci ildə zəngin tarixilik və multikultural dəyərlərə sədaqətdən yaranmış parlaq poetik yaradıcılığına görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Sim-sim.az   Derek Uolkottun müsahibəsini təqdim edir.

 

Presson: Siz “Omeros”da öz əksini tapmayan çox şeydən danışdınız. Bəs, fikrinizcə, orada nə var?

Uolkott: Bu, uzun söhbətdir… Doğrusu, heç bilmirəm… Bəzi icmallarda “epos” sözü işlədilib.Mən bu günlərdə kitabı yenidən oxudum və sizə deyim ki,miqyasına görə bu, böyük əsərdir – burada geniş coğrafi ərazi və tarixi dövr əhatə edilib. Bir sözlə, əsər bu tərifə tam uyğun gəlir. Buna baxmayaraq mən bu təriflə razı deyiləm. Səbəbi də odur ki,baş qəhrəmanlardan birinin adından nəql edilmiş kitab epos ola bilməz. Bu, qəhrəmanlıq dastanı deyil. Bu kitabda məndən çox şey var, lakin mən özümü dastan qəhrəmanı kimi dəyərləndirə bilmərəm. Dastan qəhrəmanı fəaliyyət göstərir,qərarlar qəbul edir. O, talenin adamıdır…

 

Presson: Əsərdə qəhrəman sanki  bütün kənddir.

Uolkott: Orada qəhrəman  xarakterli personajlar mövcuddur. Mən hətta hesab edirəm ki, istefada olan ingilis serjant-mayoru qəhrəman şəxsdir, ona nə qədər gülsələr belə.

 

Presson: Yəqin ona görə ki, bütün hadisələri qeydə almaq istəyir?

Uolkott: Əlbəttə ki,yox. O döyüşüb. O, İkinci Dünya Müharibəsində-sonralar mənəvi bəraət qazandırılan son  müharibədə- iştirak edib. O, hərbi qulluqda olub, istefaya çıxıb, yaralanıb və bunları xatırlayır. O, qəhrəman olmayıb, hamı necə,  o da elə. Lakin onun müharibədə iştirakı artıq qəhrəmanlıqdır. Və ya Axill, onun gündəlik fəaliyyəti qəhrəmanlıqdır. Odur ki, özümü onların dəstəsinə qoşa bilmərəm.

 

Presson: “Omeros”da hadisələr kənd həyatının təsviri ilə başlayır. Balıqçılar, sahildə balıqçı qayıqları-kanoe … Və  kanoelərin birinin adında orfoqrafik səhv: “In God we trust”.

Uolkott: Doğrusu, həqiqətən belə səhv var idi. Əks halda mən bu kanoenin yanından əhəmiyyət vermədən keçərdim. Qeyri-adi şəxs idi bu balıqçı. Və həmin  səhvdə onun səmimi itaətkarlığı  əks olunmuşdu.

 

Presson: Poemanız forma baxımından  dastanı xatırladır.Həcmi hekzametrə uyğunlaşdırılıb… Lakin mənə elə gəlir ki, özünüzə xas olan üsullar işləyib hazırlayırsınız. Bunlar  az qala səhnə dialoqlarıdır…Oxuculara tanınmış dramaturq olduğunuzu xatırlatmağa,  zənnimcə, ehtiyac yoxdur. Əsərlərinizdə lirika və dialoqlar, dialoq və hekayətlər bir-birini əvəz edir. Bunu bir növ montaj adlandırmaq olarmı?

Uolkott: Bilirsinizmi,doğrusu, mən belə böyük həcmli əsər yazmaq niyyətində deyildim. Mən müxtəlif səsləri yazmaq fikrindəydim. Dramatik ziddiyyətlərin çarpışması ilə qarşılaşacağımı ehtimal belə etmirdim.Ümumiyyətlə, mən kinofilmlər üçün ssenari də yazmışam və siz doğrudan da haqlısız: burada kinematoqrafiya cizgiləri sezilir. Əsər uzun  və süjetli alınanda onun  ekranlaşdırmasının mümkünlüyünü təsəvvür edirsən. Digər tərəfdən iri  həcmli poema romana bənzəyir. Orada da coğrafi  təfərrüatlar, hava durumu, xarakterlər, hadisələr görünür. Bilirsiniz, əsər üzərində işləyəndə bir an dərk elədim ki, artıq məkana yiyələnmişəm və bu məkana istənilən hadisəni,qəhrəmanı gətirə bilərəm, bu da mənə zövq verdi. 

 

Presson: Çox maraqlıdır ki,montaj qayçısından istifadə etməyi bacarırsınız? Məkan və zamanla mahircəsinə istədiyinizi edirsiz. Budur Axill Afrikaya üzür. Çik!-budur Yelena. Çik!-Sent-Lüsiya .Çik!-tamam başqa əsr.

Uolkott: Bəs, əhvalatın yayını qurmaq lazımdır axı. Ona görə də  illüziya yaratmaq lazımdır ki, dörd və ya beş hadisə eyni zaman kəsiyində cərəyan etsin.Və yaxud onlardan bəziləri çoxdan baş verib, lakin xatırlanır və ya cari vaxt baş verən hadisələrlə götür-qoy edilir. Həqiqətə uyğun gəlsin deyə,  bəzən hadisələri adlamaq, bəzənsə əvvələ qayıtmaq lazım gəlir.  Kino texnikasına oxşayır, elə deyilmi?

 

Presson: Adətən pyeslərinizdə çoxlu  personajlar olur. Elə təəssürat yaranır ki, fəzada çox saylı toplar, yaxud hava balonu var və adamlar bunlara nəzarət etməlidirlər. Bu meydan oxumaq deyil ki?

Uolkott:  Doğurdanmı  əsərlərimdə bu qədər çox adam var? Onların hamısı prinsipial iştirakçılardır, bu onların həyatıdır. Hərdən mən ləngiyir, bir və ya iki qəhrəmanımın mahiyyətinə varmaq istəyirəm, sonra hadisələr öz məcrasında davam edir və yeni simalar cəlb edir. Əlbəttə, hər vəziyyətin həyatda olduğu kimi dramı var. Deyək ki, Axill, Yelena və Hektor- bu, bir pyesin və ya dramın, yaxud bir hekayənin süjetidir.Mayor Plankett arvadı ilə -bu  başqa hekayədir. Və ya yaralı Filoktet… Bunlar insanı cuşa gətirir, bir gün bir həyatı yaşayırsan, sabahı bir başqa həyata keçirsən,onu da nəzərə almaq lazımdır ki, bu müxtəlif ömürləri bir-bri ilə əlaqələndirmək lazımdır. Onu da deyim ki, mən bu gün bunu edirəm, sabah isə -belə edəcəyəm kimi qəti planım, niyyətim yoxdur. Hazırkı məqamda nə vacib görünürsə, onu da edirəm. Hərdən hadisələri zəncir kimi çəkib uzadıram, sonra isə onları əlaqələndirirəm. Freska  prinsipi  kimi.

 

Presson: Siz özünüzü qismən də olsa romançı hesab edirsinizmi?

Uolkott:  Roman yazan yox… Lakin mənə ağır gəlir ki, janrlar  adasında sərhədlər qarışıb.  Əsl roman epik poemaya münasib olmalıdır. Və artıq  lirik formalara xas olan franqmentlərə, gündəlik üslubuna yuvarlanmaq cılızlığa aparır. Hər kəsin özünəməxsus  eqosu var, lakin eqo maraq kəsb eləmir. Maraqlı olan ədəbiyyatdır, onunla məşğul olan yox. Əsla yox.

 

Presson: Bəs başlanğıc  nöqtə yox idi?  Başlanğıcda Karib sahillərindəki həyatın dəqiq və aydın mənzərəsin təsvir etmək niyyətiniz olmayıb?

Uolkott:  Doğrusu belə fikrim var idi. Bu əslində vədə əməl etməyə bənzəyir… Mən oralarda yaşadığım həyata görə minnətdarlıq hissi keçirirdim. Bu çox sadə həyat idi. Həyatın ritmi, nəbzi, sadə adamlar. Mən nəsə bəlağətli, qeyri-dəqiq danışdım…Orada həqiqi dəyərlər mövcud idi. Elə adaların gözəlliyi əlbəttə  həqiqi dəyərdir.

 

Presson:  Kitabın ortalarından başlayan kulminasiya səhnəsini təssəvvür edirəm –Axill  gün vurmasından huşunu itirir və xəyalən əcdadlarının, hələ qula çevrilməmiş əcdadlarının Afrikasına səyahət edir.

Uolkott:  Elədir ki, var. Bu an- bütöv bir hekayətdir. Axill büdrəyərək gedir və sonunda gün vurmasından yıxılır. Və bu zaman Afrikaya da səyahət edir. Zaman qatılaşdırılıb,saniyə həftələrə uzanıb. Dəniz uzunqanadı ona çayın yuxarılarına gedən yolu göstərir,buna qədər isə onlar birlikdə okeanı keçmişlər… və budur Axill şuurunda atasına oxşatdığı-onun zahiri və yerişi də ona oxşayır-adamı görür. Bu adamda getdikcə daha çox oxşar cizgilər tapır, lakin bu onun uzaq əcdadıdır.

 

Presson: Mən elə bu hissəni nəzərdə tuturdum.Axillin öz əcdadı ilə, özü də qul yox, azad adamla görüşmə səhnəsi kitabın mərkəzi hissəsidir. Burada Axillin xarakteri yeni  ölçülər  qazanır… Mənə bunu izah edin. Niyə Axill sonda adının nə məna daşıdığını və kim olduğunu soruşur?

Uolkott: Düşünürəm ki,müstəmləkəçilik şəraitində, ümumiyyətlə, mühacirət və ya köç etmiş insanlar onların dilini anlamayan fərqli dövlətlərə düşürlər və burada bir şəxsiyyət kimi özləri haqqında təsəvvürləri tədricən pozulur. Eyni vaxtda insan var qüvvəsilə fərdiliyini, hətta ittiham olunacağına və ya cəza almaq  təhlükəsi ilə üzləşsə belə qorumağa cəhd edir. Lakin burada daha dərin məqamlar var. Deyək ki, Çexoslovakiyadan bura gələn mühacir çətin tələffüz olunan soyadını , tutaq ki, Smit soyadına dəyişir. Cənab Smit kimdir?  Bəs Axill kimdir? Siz artıq  yeni soyada  köçməlisiniz. Bu çox bəsitdir. Qadın  ərə gedir və həyat yoldaşının soyadını götürür. Filan tarixdən o artıq missis İksdır. Bəs bu missis İks kimdir?

 

Presson: Bəs  bu Axill özü üçün nə qərar verir? Qərar verib ki, o Axilldir, sent-lyusili balıqçıdır. O, afrikalı deyil, çünki Afrikada onu xoşbəxtlik gözləmir.

Uolkott: Keçmişinə qayıdan kim xoşbəxt olub ki? Axillin orada heç  evi də yoxdur. Siz Amerikaya mühacirət etmişlərin üçüncü  nəslinin  nümayəndəsinə müraciət edib soruşursunuz: siz niyə rus deyilsiz, yapon  deyisiz, çex deyilsiz? O da cavabında deyir: axı mən  amerikalıyam.  Amerikan ideyası mövcuddur. Bizim amerikan Hindistanımız var, bu bizim zənci və ya ispan olmamızdan daha önəmlidir. Əgər kimsə amerikalı olduğunu deyirsə, bu o deməkdir ki, Amerika təcrübəsi həm dərinin rəngini, həm soyadını, həm də mənşəni “həzm” edib. İnsan faktorunun müstəmləkəçilik ideyasının bir hissəsi olduğunu dərk etmək vacibdir. Siyasət dilində bunu izah etmək daha asandır:  ittiham etmək,ifşa etmək,qisas almaq və s. Yaxşısı budur ki,öz yerində qalıb hazırkı gerçəkliyə faydalı bir işlə məşğul olasan.Və bu  bütün irqlərin təmsil olduğu Karib ölkələri üçün ədalətli olardı. Məsələn,Trinidad. Burada suriyalılar, hindlilər, çinlilər və s. var. Əlbəttə, əcdadlarının  irsini və mədəniyyətini qorumaq gözəldir, lakin Trinidad üçün önəmli olan milli çoxsimalıqdır. Buraya hər yerdən və hər kəs yığılmışlar. Əgər mən trinidadlıyamsa, bu halda mən Çin, hind,Afrika,Yaxın Şərq mədəniyyətlərini başa düşməliyəm, çünki onların hər biri burada aktualdır.

 

Presson: Siz artıq növbəti sualımın mövzusuna toxundunuz.Mən kitablarınızın qəhrəmanları barədə deyil, sizin Derek Uolkott barədə soruşmaq istəyirəm. Axillin öz dünyası var.  Siz axı dəqiq öz yerinizi bilmirsiz. Siz eyni vaxtda bir neçə dünyada yaşayırsınız.

Uolkott: Doğrusu, bu barədə düşünməmişəm.

 

Presson: Siz Boston Universitetinin  professorusunuz…

Uolkott: Müəllimlik etdiyim dövrdə dənizdə, dalğalarda yellənmək istəyirəm.İstədiyim təkcə budur. Nə demək istədiyinizi başa düşürəm, yəni bu və ya digər yeni vəziyyətlərə düşdükcə buna uyğunlaşır və işləməyi davam edirəm. Doğrudur, mən, sözün əsl mənasında dalğalarda yellənmək istəmirəm. Sadəcə mən vətənim Vest-Hinddə işləməyi, yazmağı, incəsənətlə məşğul olmağa üstünlük verirəm. Belə ki,yerimin harada olduğunu dəqiq bilirəm.

 

Söhbətləşdi: Rebeka Presson

Tərcümə etdi: Rəfiqə Məmmədova