Sim-sim.az

İnsan fəlsəfəsinin predmeti

I Mühazirə

İnsan fəlsəfəsini anlamaq üçün əvvəlcə fəlsəfə sözünün mənasını aydınlaşdırmaq lazımdır. Fəlsəfə sözünün aydınlaşdırılması təbii şəkildə “insan fəlsəfə”sinin də nə olduğunu aydınlaşdıracaq.

Fəlsəfənin digər elmlərdən, incəsənətdən fərqi ilk növbədə “Fəlsəfə nədir” sualı ilə ortaya çıxır. Fiziklər fizikanın nə olduğu barədə heç zaman mübahisə etməzlər. Lakin filosoflarda bu belə deyil. Platondan tutmuş müasir filosoflara qədər yüzlərlə filosofu bir-birindən ayıran əsas şey “fəlsəfə nədir” sualına verilən cavabdır. Platonun fəlsəfə nədir sualına verdiyi cavabı ilə Hegelinki bir ola bilməzdi. Bu cavablar eyni olsaydı biz müxtəlif filosoflardan-Hegeldən və Platondan danışa bilməzdik. “Fəlsəfə nədir” sualına verilən cavab bu mənada filosofların fərqliliklərini göstərir. Fəlsəfə nədir sualı fəlsəfənin ən təməl sualı sayıla bilər. Fəlsəfənin insanı ölümə hazırlamaq olduğunu düşünən stoiklərlə onu inqilabi mübarizənin ideologiyası sayan marksistlərin fəlsəfəsi əlbəttə ki, eyni olmayacaq.

Fəlsəfə tarixi bir tərəfdən “fəlsəfə nədir” sualına verilən cavabların tarixidir.                                                                                     

Məşhur ingilis filosofu Bertran Rassel “fəlsəfə nədir” sualına özünəməxsus şəkildə cavab verir. Onun fikrincə din və elmin nəzarət etdiyi sahələr arasında “sahibsiz torpaq”  var. Bu yeri bəzən din, bəzən isə elm işğal edir. Nobelli filosof həmin “sahibsiz torpaq”ı fəlsəfə adlandırırdı. Rasselin bu fikri mübahisələndiirlə bilər. Çünki Rassel fəlsəfəni müstəqil bir düşüncə kimi nəzərdən keçirməkdən imtina edir.  Lakin elə Rasselin özünün şəxsi yaradıcılığı belə fəlsəfənin nə qədər güclü və müstəqil bir zehni fəaliyyət sahəsi olduğunu sübut edir. Rassel din və elmin fəlsəfə ilə münasibətində, yəni fəlsəfənin daimi olaraq bu iki cinahdan hücumlara məruz qaldığını iddia etdikdə onun fikri çox parlaq və dəqiq görünür. Bununla belə fəlsəfənin özünəməxsis fəaliyyət sahəsinin olmaması haqda fikir söylədikdə Rassel haqsız görünür.

Fəlsəfənin əslində keçdiyi mürəkkəb inkişaf yolu da “Fəlsəfə nədir” sualını kifayət qədər çətinləşdirir. Belə ki, Antik Dövrdə hələ bu gün müstəqilləşmiş elmlər fəlsəfənin tərkibində idi. Misal üçün Aristotelin əsərləri bir hissəsi bu gün kimya, fizika, biologiya, astronimiyaya aid mövzular haqqındadır. Bu da  “fəlsəfə nədir?” sualına verilən cavabları qarmaqarışıq edir. Məsələ bundadır ki, illər, əsrlər keçdikcə bu elmlər müstəqilləşərək fəlsəfədən ayrılmış və onlarla filosoflar yox, alimlər məşğul olmağa başlamışdır.

Fəlsəfədən elmlərin ayrılması haqqında danışarkən adətən Şekspirin “Kral Lir” pyesini xatırladırlar.

Kral Lir qocaldğı üçün torpaqlarını üç qızı arasında bölməyə qərar verir. Bölgünün ədalətli olması üçün qızlarını imtahan edərkən onların hansının özünü daha çox sevdiyini müəyyən etmək istəyir. Böyük və ortancıl qız pafoslu, dəbdəbəli sözlərlə özlərini atalarına sevdirirlər. Lakin kiçik qız Kordelia atasına bu sözləri demədiyi üçün atası onun övladlıqdan çıxardır və onu müdafiə edən Kent qrafını da sürgünə göndərir. Böyük və ortancıl qız hakimiyyəti ələ aldıqdan sonra atalarını küçəyə atırlar. Kral Lir dəli olur.

Rasselinin bayaqkı yanaşması kimi Kral Lir bənzətməsi də mübahisə doğurur. Əvvəlcə qeyd edək ki, bizim anologiyada Kral Lir fəlsəfəni, böyük və ortancıl qızlar isə elm və dini simvolizə edir. Bəs kiçik qız kimdir? Bu haqda mübahisə etmək maraqlı olardı. Bayaq qeyd etdiyimiz kimi Aristotel  bu gün elmlərin araşdırdığı mövzuları tədqiq edib. Ya da Orta Əsrdə fəlsəfə xristianlığın Aristotel məntiqiylə arqumentləşdirilməsi yolunda düşünüb. Amma indi bu mövzu ilə də filosoflar məşğul olmur. Lakin insan fəlsəfəsi fəlsəfədə daim tədqiq olunub.

Misal üçün, Aristotelin təbiət elmlərini tədqiq etməyində də əslində insanı dərk etmək məqsədi vardı. Antik dünyagörüşünə görə insan kosmosun bir hissəsi idi, ona görə də dünyanı anlamaq son nəticədə insanı anlamağa xidmət edirdi. Ya da Orta Əsrlərdəki problematika əslində insan inancının rasional arqumentlərlə dəstəklənməsinə xidmət edirdi. Fəlsəfə tarixinin hər bir dövründə qoyulan problemdən, problematikadan asılı olmayaraq bir insan faktoru vardı. Bu faktorun müxtəlif dövrlərdə müxtəlif formada aktual olmuşdur. Lakin insan fəlsəfəsi bütövlükdə fəlsəfənin əsas mövzusudur və bu mənada inamla deyə bilərik ki, əsl fəlsəfə elə insan fəlsəfəsidir. İnsan fəlsəfəsi müstəqil şəkildə son əsrlərdə əsas fəlsəfi paradiqma kimi ortaya çıxsa da hələ Sokratdan bu yana insan problemi mövcud olmuşdur.

Qayıdaq, küçəyə atılan Kral Lirə. Fəlsəfənin bu günün özündə də başqa heç bir elm sahəsinin araşdırmadğı xüsusi problemləri mövcuddur. Bu mənada fəlsəfə tamamilə funksiyasız, predmetsiz qalmamışdır. Yəni, fəlsəfə elə mövzuları araşdırır ki, bu mövzuları nə ayrı-ayrı elmlər, tutaq ki, sosiologiya ya da fizika araşdıra bilməz. Eləcə də ilahiyyatçıların tədqiq etdiyi mövzular filosofların mövzularından xüsusi şəkildə ayrılır. Fəlsəfi təfəkkürün xüsusi bir spesifikası var. Fəlsəfənin predmeti əsrlərlə müxtəlif kardinal və fundamental dəyişikliklərə məruz qalsa belə heç bir zaman fəlsəfə predmetsiz olmamış, daim yeni problemlər tapmış  və öz xüsusi mövcudluğunu qoruyaraq bəşər düşüncəsinin ən uca qalalarından biri kimi daim özü-özünü yenidən yaratmışdır.

Fəlsəfəni özünməxsus edən cəhətlərin biri haqqında yuxarıda məlumat verərək demişdik ki, Hegellə Platonun fəlsəfə nədir sualına verdikləri cavab eyni olsaydı biz iki ayrı möhtəşəm filosofdan danışa bilməzdik. Yəni Hegel Platonun dediklərini təsdiq etsəydi o Hegel olmazdı. (Niyə Platon Hegeli təsdiq etmir, bunu özünüz taparsız J ) Bu ziddiyyətlər, barışmamazlıq fəlsəfi təfəkkürün ən mühüm xüsusiyyətlərindən biridir. Misal üçün, elm sahəsində hər hansı bir fizik özündən əvvəlki fizikilərin araşdırmalarına şübhə ilə yanaşmır, onları tənqid etmir. Gənc bir fizik sadəcə olaraq özündən əvvəlki irsi diqqətlə öyrənərək bu irsin cavab verə bilmədiyi suallara cavab axtarır. Onun Nyutonu ya da Eynşteyni təkzib etmək kimi bir dərdi yoxdur.

Lakin filosoflar işə özlərindən əvvəlki filosofları inkar etməklə, onların ideyalarını müasir dövrün ruhunda şərh etməklə başlayırlar. Bu mənada fəlsəfədə klassik irsə sədaqət hissi bir az başqa xarakter daşıyır. Əlbəttə ki, yaradıcılığa yeni başlayan gənc bir filosof özündən əvvəlki irsi diqqətlə öyrənməlidir. Lakin onun bu irsə sadiq qalacağını gözləmək sadəlövhlük olardı.

Hegeldən bir misal da 41verək. Hegel idealist filosof idi, lakin onun tələbələri olan Lüdviq Feyerbax və Karl Marks onu materialistcəsinə şərh edərək Antik Dövrdə rüşeymləri atılan materializmi çox güclü fəlsəfəi təməllərə oturtdular. Eləcə də Hegelin hakimiyyətə qarşı loyal fəlsəfəsini xüsusilə də Marskın əməyi ilə inqilabi bir fəlsəfəyə çevirdilər. Bu hələ hamısı deyil. XX əsrin aparıcı siyasi fəlsəfəsi olan Karl Marksın fəlsəfəsinin müxtəlif formalarını yarandı. Lenin Marks fəlsəfəsini Maodan çox fərqli şəkildə şərh edirdi. Eləcə də Freydin tələbələri Freydin əsas ideyalarını tanınmaz dərəcədə inkişaf etdirərək onu Marksın ideyaları ilə birləşdirdilər, nəticədə neomarksizm ya da neofreydizm cərəyanını yarandı. Bu mənada fəlsəfədə inkar mübarəkdir və bütün bu inkarlar olmasaydı biz bu qədər müxtəlif fəlsəfi məktəblər olmazdı.

Fəlsəfədə hamı üçün keçərli olan heç bir nəzəriyyə yoxdur.  Elmdə belədirmi? Vurma cədvəlinin düzgünlüyünü inkar edən bir riyaziyyatçı tanıyırsınızmı? Ya da irsiyyət qanununun əleyhinə çıxan bir bioloq görmüsünüzmü? Amma fəlsəfə bu mənada elmdən fərqlənir.

Fəlsəfənin elmdən digər bir mühüm fərqi isə miqyasındadır. Elm fəlsəfə qədər ümumi problemləri tədqiq etmir. Əsrlərcə keçdikcə elm inkişaf edərək müxtəlif kiçik parçalara bölünmüşdür, misal üçün fizikanın otuzdan artıq sahəsi var. Lakin bu bu diferensiallaşma birxəttli olmur, həm də elmlər ayrıldıqca bir tərəfdən də inteqrasiya olunurlar, misal üçün biokimya, fiziki kimya,  sosial psixologiya kimi sahələr yaranır. Lakin bütün bunlarla bərabər alimlər adətən dar sahə üzrə məşğul olurlar, onların əhatə dairəsi filosoflar qədər geniş olmur. Filosof bir gün din fəlsəfəsini araşdırıb sabah din fəlsəfəsindən tarixə keçə bilər. Bu mənada fəlsəfə isə elmin arasında kəskin miqyas fərzi üzə çıxır.

Fəlsəfə ilə elm arasında ciddi bir metodolojik bir fərq də vardır. Belə ki, elmi sübutetmə birmənalıdır. Alimin xristian ya da buddist olmasından asılı olmayaq onlar kvadrat tənliyi eyni metodlarla həll edirlər. Elmin gəldiyi nəticələr sübuta yetirilirsə o artıq hamı tərəfindən qeydsiz-şərtsiz qəbul olunur. Lakin fəlsəfənin sübutetməsi daha fərqlidir, o rasional arqumentasiyaya, zehnin məntiqinə əsaslanır. Fəlsəfə bilik elmi bilikdən fərqli olaraq hamı tərəfindən qəbuledilən deyil. Burda bir sual ortaya çıxa bilər.

Madam elm fəlsəfəyə nisbətən dəqiq və birmənalıdırsa onda fəlsəfəyə nə ehtiyac var? Bu cür fikirləri müxtəlif alim və filosoflar keçmiş zamanlarda irəli də sürmüşlər. Yeni Dövrdə elmin inkişafından ruhlanan alimlər fəlsəfəyə daha ehtiyac olmadığını düşünürdülər. Onların fikrinə görə hər hansı bir müddəanın həqiqiliyi onda riyaziyyatın nə qədər çox olduğu idi. Yəni riyazilik həqiqətin əsas meyarına çevrilmişdi. Lakin sonralar eyforiya aradan götürüldü və elmin fəlsəfə qədər müxtəlif mövzulara sirayət edə bilməyəcəyi sübuta yetirildi. Elm suyun neçə dəqiqədə qaynadığını, ürəyimizdə neçə kamera olduğunu dəqiq müəyyən etsə də insan həyatının mənasını araşdıra bilməz. Macar riyaziyyatçısı Gödel isə XX əsrin əvvəllərində dünyanın modelinin tam olaraq riyazi formaya köçürməyin mümkün olmadığını elmi yolla sübut etdi.

İndi fəlsəfənin dinlə fərqli cəhətlərinə toxunaq. Bəli, din elmdən fərqli olaraq insan həyatının mənası haqqında fikir deyir. Misal üçün din deyir ki, insan həyatının mənası Allahın qoyduğu qaydalarla yaşamaqdır. Bu mənada din elmdən fərqlənir. Lakin dinin qoyduğu sualları fəlsəfə də qoyur. Bəs elədirsə onlar arasındakı fərq nədən ibarətdir. Məsələ bundadır ki, din çox doqmatikdir, yəni ehkamlara bağlıdır. Hər hansı bir din adamı elm adamları kimi bir-biri ilə mübahisə etməzlər. Misal üçün, Həzrəti İsanın peyğəmbər olmadığını deyən, ya da hər hansı bir mövzuda onunla mübahisə aparan xristian ilahiyyatçı tapmaq mümkün deyil. Çünki din inama əsaslanır və kamil bir dindar da dinin həqiqətlərinə sidq-ürəklə inanan insandır. Din insanlardan öz ehkamlarını mühakimə etməyi tələb etmir. O sadəcə inanmağı tələb edir. Fəlsəfə isə bayaq danışdığımız kimi mübahisələndirmə və polemika üstündə qurulmuşdur. Fəlsəfəni bir sözlə ifadə etsək bu idrak sözüdür. Eyni halda din də inam sözü ilə assosiasiya olunur.

İnsan fəlsəfəsinin predmetini aydınlaşdırarkən elm və dinin fəlsəfə ilə fərqlərin mühüm əhəmiyyət kəsb edir. İnsanı müxtəlif elmlər öyrənir: Anatomiya, sosiologiya, psixologiya, tarix və s. Fəlsəfə bütün bu elmlərin nailiyyətlərindən, çıxardığı nəticələrdən istifadə edərək onları ümumiləşdirir mülahizələrini söyləyir, həm də o elmlər üçün yeni istiqamətlər, ideyalar istehsal edir. Bioloqların öyrəndiyi insanla, sosioloqların öyrəndiyi insan hər nə qədər müxtəlif olsalar belə toplanan bu biliklər insan fəlsəfəsi üçün xammal rolunu oynayır və filosoflar bu biliklərdən istifadə edərək yeni ideyalar, mülahizələr irəli sürürlər. Bu mənada insan fəlsəfəsi də insanı ən ümumi planda dərk etməyə çalışan zehni fəaliyyət formasıdır. 

Qan Turalı