Sim-sim.az

İnternet ədəbiyyatımızı hara aparır? – DƏYİRMİ MASA

Снимок

 

Azərbaycan Universitetində internetin ədəbiyyata təsiri və şəbəkə ədəbiyyatı mövzusunda dəyirmi masa keçirilib.

 

Universitetdən ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müzakirədə Sim-sim.az saytının baş redaktoru Qismət Rüstəmov, kulis.az saytının baş redaktoru Şərif Ağayar, avanqard.net saytının baş redaktoru Səxavət Sahil, manera.az saytının baş redaktoru Şəhla Aslan, 525-ci qəzet və parafr.az saytlarının nümayəndəsi Cavid Qədir, artkaspi.az saytının nümayəndəsi Aysu Kərimova və kafedranın professor-müəllim heyəti iştirak edib.

Dəyirmi masa ətrafında nəzəri söhbətdə internet və ədəbiyyatın qarşılıqlı əlaqələri müzakirə olunub, ortaya çıxan problemlər və həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova açıb. Kafedra müdiri qeyd edib ki, həyatın bütün sahələrinə nüfuz edən internet ədəbiyyata da təsirsiz ötüşməyib. Yeni texnologiya kimi ortaya çıxan internet yazıçı ilə oxucu arasındakı məsafəni aradan qaldırıb. Ədəbiyyatın kütləviləşməsi bəzi ziddiyyətli məqamlar və problemlər yaradıb

Sim-sim.az saytının baş redaktoru Qismət Rüstəmov qeyd edib ki, internetin təsiri ilə ədəbiyyatda müəllif mərkəzli dünyadan oxucu mərkəzli dünyaya keçid baş verib. Kitabın təbliğatı asanlaşıb, yazıçı və kitab daha əlçatan olub, kitab mağazaları onlaynlaşıb. Yeni texnologiya nəqletmə formalarına da təsir göstərib. Bütün bunlarla birlikdə internetin ədəbiyyata təsirləri ilə bağlı fikirlər haçalanır. Elektron yazının kitabı sıradan çıxarması, ciddi ədəbiyyatın ikinci plana keçməsi, böyük kitab mağazalarının bağlanması kimi problemlər yaşanır. Ən böyük problem isə müəllif hüquqları sahəsində yaşanır. Qismət Rüstəmov deyib ki, ciddi ədəbiyyatın klassik formada oxunmağa davam edəcəyi, populyar ədəbiyyatın isə öz varlığını şəbəkədə sürdürəcəyi proqnozlaşdırılır.

Kulis.az saytının baş redaktoru Şərif Ağayar bildirib ki, internetin təsiri ilə oxucu həm də yazıçı kimi çıxış etmək imkanı əldə edib. Artıq oxucunun da “qələm”i və “tribuna”sı var. Ciddi ədəbiyyat məhsulunun nadir hallarda kütləvi reaksiya yaratdığını vurğulayan baş redaktor sayta oxucu kütləsinin cəlb olunması problemini ön plana çıxarıb və Kulis.az saytında bu problemi necə həll etdiklərini nümunələr əsasında izah edib. Şərif Ağayar çıxışında internetdə yaranan ədəbiyyat ilə bağlı ciddi yazıların sayının artırılmasına dair tənqidləri də cavablandırıb. 

Avanqard.net saytının baş redaktoru Səxavət Sahil rəhbərlik etdiyi saytda əsasən ciddi mətnlərə üstünlük verildiyini qeyd edib. Səxavət Sahil tənqidçilərin virtual məkanla uyğunlaşmasının çətinliyi mövzusu üzərində dayanıb.

Manera.az saytının baş redaktoru Şəhla Aslan rəhbərlik etdiyi saytda əsasən gənc istedadların yazılarının və tərcümələrin yerləşdirildiyini bildirib. Şəhla Aslan çıxışında yazılarda üzləşdikləri dil və üslub qüsurlarını ön plana çıxarıb.

“525-ci qəzet” və parafr.az saytlarının nümayəndəsi Cavid Qədir tərcümə ədəbiyyatının problemlərinə toxunub və istinad mədəniyyətinin vacibliyini vurğulayıb.

Artkaspi.az saytının nümayəndəsi Aysu Kərimova internetdə yaranan ədəbiyyatın kütləyə hesablandığını və zövqlü oxucunun yaxşı ədəbiyyatı kitabdan yaxud intenetdən tapıb oxuyacağını deyib. Bu səbəbdən oxucu zövqünün formalaşması əsas şərt olmalıdır.

Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyev şəbəkə ədəbiyyatının yaradıcılıq məsələləri və müəllif hüquqları ilə bağlı problemlərə toxunub və bildirib ki, internetdə yaranan ədəbiyyat ilə çap ədəbiyyatının internetə yerləşdirilməsi arasında fərq olmalıdır. Asif Hacıyev Azərbaycanda özünün formalaşması dövrünü yaşayan şəbəkə ədəbiyyatı təcrübəsini Rusiya və Avropa təcrübəsi ilə müqayisə edib.

Tədbirdə qeyd olunub ki, virtuallaşma dövrün tələbidir, forma dəyişsə də kitab insan həyatında əhəmiyyətini heç vaxt itirməyəcək.

Kulis.az