Sim-sim.az

Jalə İsmayıl – O tərcüməçini tapın və ya mütərcim yetişdirməkdə ICR təcrübəsi

q

 

Gündəlik qeyd götürməmişəm. Həmişəki “bu gün-sabah” tənbəlliyi. Yaddaşımı təzələmək üçün şəkillərə baxıram. Bir ay ərzində yaşadığımız knyaz Konstantin Brankovyanunun XVIII əsrə aid sarayını və böyük həyətdəki oteli, dərslərimizi, tərcüməçi yoldaşlarımı xatırlayıram… Yox, deyəsən, ortadan başladım. Aydın olmayacaq. Yaxşısı budur, başdan gəlim.

Demək, Institut Cultural Roman, yəni “Rumın Mədəniyyət İnstitutu” adlı maraqlı bir təşkilat var Rumıniyada. Ölkə vətəndaşları və xaricilərin iştirak etdiyi mədəniyyət layihələrini dəstəkləyir. Mövzumuz xaricilərdir. Rumınca öyrənmək istəyənlər üçün yay məktəbi, peşəkar və yeni başlayan rumın ədəbiyyatı tərcüməçiləri üçün proqram, xarici tədqiqatçılar üçün başqa bir proqram, xarici mədəniyyət jurnalistləri üçün təqaüd və s.

2017-ci ildə yeni başlayan tərcüməçilər üçün proqrama seçilmiş 8 iştirakçıdan biri oldum. Hamısı xanımdır, müxtəlif yaşlarda, işləyən və ya tələbə xanımlar. Keçəndəfəki yazıdan xatırlayırsınız; kişi cinsindən bir yoldaşımız vardı – İspaniyadan Vinsente, Vinsente Paskual. Onunla üç il qabaq ICR-nin yay kursunda da olmuşuq. Köhnə dostlar kimi görüşdük. Rejissordur, İspaniyadakı rumın miqrantlar haqqında film çəkərkən ilişib qalıb rumın mədəniyyətində. İndi artıq ICR layihələrinə mühazirəçi kimi də dəvət olunur. Vinsente tək gəlməyib, sevgilisi Alisiya da onunladır. O da rumın ədəbiyyatından tərcümələr edir. Slovakiyadan magistrant Kristina – bizim “şefa”, İtaliyadan çılğın tələbə qızlar – Sara və Karmen. Slovenyadan kitabxanaçı Maryeta, 10 yaşından İtaliyada yaşayan rumın Elena, tələbə-tərcüməçi.  

Bu yazıda müasir rumın ədəbiyyatını dinlədiyimiz ədəbiyyat tənqidçisi Paul Çernat, tərcümə elmi haqqında mühazirələrinə qulaq asdığımız, tanınmış italyan ədəbiyyatı tərcüməçisi Oana Boşka Malin və rumın dilinin incəliklərini bizə öyrədən Buxarest Universitetinin müəllimi Karmen Mirzya haqqında, habelə əsrarəngiz Moqoşoaya gölündən, ölüb qalmalı yer olan meşə kimi parkdan və knyaz Brankovyanunun sarayından uzun-uzadı gözəl şeylər yaza bilərdim. Amma uzatmayacam. Mənim səbrim, sizin vaxtınız yoxdur. Saraydan fotoreportaj isə mütləq olacaq. Bu yazını yazmaqda məqsədim başqadır. Ədəbiyyat olaraq, dünyaya necə çıxmaq dərdinin ənənəvi dərmanı, yəni mənim də içində olduğum proseslə bağlı müşahidələrimi bölüşmək istəyirəm.

Deyək ki, bir adam necəsə gəlib çıxıb rumın mədəniyyətinə. Bir anda rumın dilini öyrənmək məcburiyyəti yaranıb. O, nə etməlidir? Hələ bir ölkəsində də bu dil nadir dillərdən biridirsə. Rumın mədəniyyəti yoluna çıxmışlar üçün ICR təcrübəsinə baxaq.   

  1. Bu adam Braşov şəhərində təşkil olunan 3-4 həftəlik “Dil. Mədəniyyət. Sivilizasiya” adlı yay məktəbindən başlaya bilər. Üç səviyyədə intensiv dil dərsləri keçirilən bu kursda peşəkar müəllimlər sayəsində və əlbəttə özü də həvəslə çalışaraq, qısa vaxt çərçivəsində müvafiq səviyyəni uğurla başa vurmaq mümkündür. Tarixi abidələrin, muzeylərin ziyarəti daxil çoxlu sayda gəzinti proqramları ilə zəngin bu yay məktəbi bütün dünyada məşhurdur. Proqrama qatılmaq ödənişlidir. Məbləğin miqdarı kurs müddətində otel və gündə üç dəfə yaxşı yemək, üstəlik kitab və gəzintilərin qiymətinə bərabər sayıla bilər. Yəni ICR sizin pulunuza sizə rumın dilini və mədəniyyətini öyrədir, eyni zamanda, istirahətinizi təşkil edir. Hər il 4 nəfər də təqaüdçü seçilir. Seçilən şəxsin rumın mədəniyyətinə hansısa formada dəxli olmalıdır. Bu o deməkdir ki, o, ödənişdən azaddır və pul ödəyənlərlə eyni haqlara sahibdir.   
  2. Rumın dilinə, mədəniyyətinə aşiq olan həmin adam bu yolda davam etmək istəsə, ICR-nin digər proqramlarına baxa bilər. Əgər məsələ daha ciddi şəkil alıbsa və bu adam öz ədəbiyyatına rumın ədəbiyyatı nümunələri qazandırmaq fikrinə düşübsə, buyursun; iki mərhələdə tərcüməçilər proqramı var. Yeni başlayan tərcüməçi kimi öhdəliyi daha az olan bir proqramı bitirib, növbəti illərdə artıq hər hansı bir nəşriyyatla müqaviləsi olan peşəkar tərcüməçi kimi digər proqrama müraciət edə bilər. Bu, bilirsiniz də nə deməkdir? Bir təşkilat öz imkanları hesabına rumın ədəbiyyatını fərqli dillərə çevirəcək tərcüməçilər yetişdirir! Həm də böyük xərc çəkmədən. Xarici tərcüməçiyə sərmayə qoymağa qorxmur. Təqaüd verib 1-2 ay Rumıniyada saxladığı beş nəfərdən ikisi daimi tərcüməçi olsa, yaxın bir neçə ildə hər ölkədə ən azı bir nəfər rumın ədəbiyyatı tərcüməçisi olacaq. Əslində artıq var. Azərbaycanda belə var.

Aydın məsələdir ki, bir rumının Azərbaycan dilini öyrənib öz ədəbiyyatını bu dilə çevirməyindənsə bir azərbaycanlının rumıncanı öyrənib, rumın ədəbiyyatını ana dilinə çevirməsi daha realdır. İllərdir müxtəlif proqramlarda qarşılaşdığım eyni xarici tərcüməçilərin rumın ədəbiyyatından ortaya qoyduqları əsərlər təşkilatçıların öz hədəflərinə çatdıqlarını göstərir. ICR onları gələcəkdə də mümkün olan hər layihədə dəstəkləməyə davam edir. Müxtəlif ölkələrdə yaşayan və “Rumıniyanın səfiri” adlandırılan ICR məzunlarının tərcümə sahəsindəki fəaliyyətinin gələcəkdə Rumıniyada araşdırma mövzusu olacağına əminəm.    

  1. Ola bilər ki, bu adam həm də elmi işlə məşğuldur. Yenə də özünü Rumıniyada sınamaq imkanı verir təşkilat. Xarici tədqiqatçılar üçün ikiaylıq proqram onu gözləyir. Əlbəttə, mövzunun bir ucu Rumıniya ilə bağlı olmalıdır.
  2. Bəlkə bu adam çox unikal adamdır – həm də bir mədəniyyət jurnalistidir. Onun yenə Rumıniyada gəzmək-görmək-yazmaq şansı var. Vaxt itirmədən tələb olunan sənədləri toplayıb ildə bir dəfə keçirilən proqrama müraciət edə bilər.

Bu layihələr rumın mədəniyyətini tanımaq, bu mədəniyyətin bir parçası olmaq üçün hazırlıq mərhələsini tamamilə əhatə edə bilir. Əlbəttə, şəxsin hazırlığından, hədəflərindən çox şey asılıdır. ICR-nin Buxarestdə yerləşən baş ofisindən başqa, dünyanın 19 ölkəsində filialı var və həmin ölkələrdə də fərqli proqramlar təqdim edilir. Şübhəsiz ki, Rumıniya da bu işdə dünya təcrübəsindən yararlanır. Hər normal ölkədə bu cür təşkilatlar və proqramlar var. Bizdə neftdən başqa heç nə yoxdur.

Deməyim odur ki, velosiped çoxdan kəşf olunub. Biz isə hələ də velosipedin ora-burasına keçib, onun nə işə yaradığını düşünməkdəyik. Dünyanın bu velosipedlə uzun məsafə marafonlar qət etdiyi vaxtda həm də. Təcrübə göstərir ki, əsas məsələ nə isə etmək arzusunun olmasıdır. Onu həyata keçirmək sonrakı işdir. Sadəcə gülər üz və bir az maliyyə ilə bizim ədəbiyyat üçün də tərcüməçilər yetişdirmək su içmək kimi asan işdir. Millətin fil düzəltdiyi vaxtda bizim siçana ümid etməyimiz haqda Üzeyir bəy şedevrini kim oxuyub tərcümə etsə, mütləq bizə heyran qalacaq. Amma əvvəlcə o tərcüməçini tapmaq lazımdır! O tərcüməçini yetişdirmək lazımdır!

P.S. Unutmamışam, sizə söz vermişdim. Rumıniyanın qəhvə xəstəliyi və mənim orada çay dərdim haqqında danışacaqdım… Qısası, ayda-ildə bir dəfə çay içənlərin arasında iki gündən artıq dözə bilmədim, ora-bura daşıya bilim deyə, balaca bir suqızdırıcı aldım, evdə suyumu qaynatdım, dəmləmə olmasa da, istədiyim qədər sallama çayımı içdim. Şəhərdə isə hər addımda qəhvə aparatları 5-6 növ qəhvəsi ilə sizi gözləyir. Baha da deyil. Bizim pulla havayı. Nuş olsun.