Sim-sim.az

Jalə İsmayıl – “Next Stage”lə üç gün soyuq Piterdə

1

 

Siyahıya baxıram. Hamısı xanımdır. Gülümsəyirəm. Elə dünən ispan Vinsenteni saymasaq, hamısı xanım olan biraylıq tədbiri başa vurmuşam. Bu barədə də yazacam. Həvəsim olsa. Siyahıya baxıram və niyə görəsə adlarından yaşlarını müəyyənləşdirməyə çalışıram iştirakçıların. Alınmır. Tərs kimi, İnternetim də yoxdur. Sevinirəm. Sürpriz olacaq hər şey. Və yola çıxıram. Sankt-Peterburqa.

Hələ bir neçə ay əvvəl Piterə gedəcəyimi biləndə gülümsəmişdim. Axı bizim bu möhtəşəm şəhərlə üçhəftəlik unudulmaz bir keçmişimiz var. O vaxt nəsə yazmaq istəmişdim. Həm də həyatımda ilk dəfə olaraq rusca. Fayl-filan da açmışdım. Bu gün-sabah. Qaldı. Amma mövzu köhnəlməyib. Ən azı, bu dəfə xanım dramaturqları başımıza gəlmiş lətifə kimi hadisələrə güldürə bildim. Bəlkə də yazdım bir gün. Siz də gülərsiniz.

Almaniyanın “Höte” İnstitutunun təşkilatçılığı ilə Qafqazdan və Rusiyadan olan dramaturqların “Next stage Europe 3” adlı seminarına toplaşmışıq. Anapadan Yuliya Tupikina, Vladiqafqazdan Karina Besolti, Peterburqdan Nataşa Borenko, Asya Voloşina, Mariya Oqneva, Almaniyadan təlimçimiz, yazıçı və 1996-cı ildə 11 yaşında Bakıdan Almaniyaya köçmüş Olqa Qryaznova, tərcüməçimiz, Peterburq Dövlət Universitetində dünya ədəbiyyatından dərs deyən Yuliana Kaminskaya və bizim mükəmməl koordinatorumuz Tanya-Taneçka-Tanyuşa-Tatyana Pronina. Qeyd edim ki, seminara dəvət olunmuş dramaturqlar müəyyən çevrədə tanınan, müsabiqələrdə qalib olmuş, tamaşaları oynanılan, ssenarilərinə filmlər çəkilən insanlardır. Maraqlansanız, İnternetdən hamısını tapa bilərsiniz.

 

“Höte” İnstitutunun Peterburq ofisinin rəhbəri cənab Günter Hazenkamp bizimlə tək-tək tanış olduqdan sonra seminara uğurlar arzulayıb, başqa bir tədbirə tələsir. Sonra seminara start verilir. Müzakirələr əvvəlcədən toplanmış və hamıya göndərilmiş beşsəhifəlik materiallar üzərində aparılır. Məndən başlayırıq. Soldan birinci oturmuşam. “Oxşar”ın tərcümə olduğunu deyirəm, rusca yazmadığımı vurğulayıram. Personajlarımın davranışını izah etməyə çalışıram. Maraqlı, fərqli yanaşmalar var. Ümumi rəy isə belədir ki, “eto ocen pravilniy russkiy yazık”. Bunu sonrakı gün Peterburqun tanınmış sənədli teatr rejissoru Mixail Patlasov da deyəcəkdi. İndi belə yazmırmışlar. Daha sadə və danışıq dilində olmalıymış.  

Yuliya Tupikina “Cülyetta sağ qaldı” əsərində gələcəyə gedir, insan nəslinin tükənməməsi üçün Cülyettanın gibernetik Romanı Skaypdan canlı həyata çıxarmaq cəhdlərini təsvir edir. Məlum olur ki, kişilər elə gələcəkdə də indiki kimidirlər – Roma götür-qoy edib qərar verənə qədər doktor Aram Cülyettanın qəlbini oğurlayıb pyesi bitirir.

Nataşa Borenko “Ateistlər”lə ateistlərin də cəmiyyətdə söz haqqı olduğuna diqqət çəkir. Vladimir Krasno Solnışko, Kommunistlər, Xalq, Partiya kimi tarixi personajlarla Ateistlərin fikir müharibəsində kimin qalib gəldiyini bilmək üçün pyesin bitməsini gözləməli olacağıq.

Karina Besolti Beslan faciəsinin şahidi olmuş bir gəncin həyat hekayəsini vərəqləyir. “Sel Di” pyesində yaşadığı dəhşəti unutmaq üçün bütün suallardan qaçaraq, dəxilsiz mövzularda həyatını danışan bir gənci dinləyirik və görürük ki, onun faciəni unutmaq cəhdi alınmır əslində. Zira həyatımızı dəyişən faciələri unutmaq qüdrətində deyilik.

Mariya Oqneva şəxsiyyət ikiləşməsini, hətta üçləşməsini “Spoylerlər” dramında göstərməyə çalışır. Müəllifin “hələ bir pişik ala bilməmiş güclü, müstəqil qadın haqqında demək olar ki, sənədli pyes” kimi xarakterizə etdiyi əsər maraqlı üslubu ilə diqqətimizi cəlb etdi.

Asya Voloşinanın “Ana”sı illər öncə təcavüzə uğramış gənc qadının həyatından danışır. Hadisənin başqasının başına gəlmiş kimi soyuqqanlı şəkildə və eyni zamanda, hər sətrin altında gizlənmiş ağrı ilə nəql edilməsi oxucunu qadının psixoloji vəziyyətinin sərhədlərində gəzməyə məcbur edir.

Müzakirələr qəhvə fasiləsində də davam edir. Çox sevinirəm ki, Rumıniyadan fərqli olaraq, Rusiyanın çay mədəniyyəti var və çoxlu-çoxlu çay içə bilirəm. Rumıniyanın qəhvə xəstəliyi və mənim orada çay dərdim haqqında həvəsim olsa yazacağım reportajda oxuya biləcəksiniz. 

Axşam “Olimpiya” sarayında oynanılan “Yeni imperator teatrı”nın hazırladığı Evripidin “Troyalı qadınlar” faciəsinə baxmağa getdik. Tamaşa boyu mənə elə gəlirdi ki, rejissor aktrisaların hamısına nifrət edir, bu yazıq oğlanı da onların gözünə qatıb səhnədə əzab verməklə məşğuldur. Çətin mətni bir dəfə belə çaşmadan möhtəşəm ifadə edən aktyorların oyununu ayaqda alqışlamaq olardı, əgər axırda ağını çıxarmasaydılar; uzun müddət sürən qışqırıq və axıb gedən ağız suyu bizim qrupdan heç kimi qane etmədi. İnsanın ağrılarını göstərməyə hesablansa da, qətiyyən estetik deyildi və tamaşadan pis mənada təsirlənənlər oldu.   

 

İkinci gün Mariya Sloeva qonaq gəldi. Bu gənc xanım tanınmış teatr prodüseridir. Avropanın, xüsusən də Almaniyanın ən məşhur teatrları və mədəniyyət qurumları ilə çoxlu sayda layihələr həyata keçirib və keçirməkdədir. Bizə “ŞAQ”dan danışdı. Rusca “İsveçrə-Avstriya-Almaniya” demək olan bu layihə sözügedən ölkələrin müasir almandilli dramaturgiyasının rus dilinə tərcümə olunmuş toplusunun adıdır. Artıq beş toplu oxucuların ixtiyarındadır. “Tərsinə necə edə bilərik” mövzusunda müzakirələr nahara qədər davam edir.

Nahardan sonra, daha doğrusu, restorandakı nahara başlamadan üzündə ironik təbəssümlə gəzən məşhur rejissor Mixail Patlasovu qarşılamalı oluruq. Nahar vaxtı kafelərin dolu olması… yaxşı, düzünü deyəcəm; 7-8 qadının “harada yeyək?” müzakirəsində konsensusun (Dil Komissiyasının gözündən iraq – müəl.) gec əldə edilməsi cənab Patlasovla görüşə gecikməyimizə səbəb olmuşdu və o, heç halını pozmadan restorana gəlmiş və elə yemək əsnasında bizimlə tanışlığa başlamışdı. Ofisdə davam edən müzakirə yenə bizim əsərlərimizi təftiş etməklə sonlandı. Rusiyalı dramaturqlar rejissor haqqında məlumat verdilər. Onun küçədə yatan evsizlər, yəni bomjlar haqqında olan “Toxunulmazlar” sənədli tamaşası artıq illərdir repertuarda imiş.

 

 

Axşam “Baltik evi”ndə çox təriflənən “Məktəb” tamaşasına baxdıq. Yaxın sovet keçmişimizi xatırladan və canlı musiqi ilə müşayiət olunan tamaşa bizi çox güldürsə də, sonluqdakı qeyri-müəyyən rejissor gedişlərinə ağız büzməli olduq. Başa düşmədiyimizə görə yəqin ki.   

 

Üçüncü gün də müzakirə etdik. Xanımlar yarımçıq pyesləri haqqında fikrimizi öyrəndilər. Olqa Qryaznova bizə Almaniyanın teatr mühiti, ölkədəki miqrant problemi haqqında ətraflı məlumat verdi. Bəzək-düzəksiz. Necə varsa. Müzakirənin ortasında festival ideyası da yarandı. Görək, necə olur. Lap sonda da bizi bir yerə toplamış “Höte” İnstitutuna Tanyanın şəxsində mükəmməl təşkilatçılığa görə xüsusi təşəkkür etdik. İnstitutun hansı məsələlərdə bizi dəstəkləyə biləcəyini soruşdular. “Pul” deyib durduq. İstedad problemimiz yoxdur çünki. İstedadı dəstəkləməyin vacib olduğunu düşünə bilən beyin dərdimizdən danışdıq. Və dağılışdıq. 

 

Səfər qeydlərimi bitirmədən bir az da Piterdən danışmasam, ürəyim rahat olmaz.

Elə sərhəddəcə dejavü yaşadım. İki il əvvəlki gömrük hadisəsi yenə başıma gəldi. Çox ciddi görünən gömrükçü xanım mənim pasportumu vərəqlədikdən sonra kişi həmkarını çağırdı və mənim eşidəcəyim səslə dedi ki, Rumıniyadan İstanbula gəlib, oradan da bura, nə edəcəyik? İstədim soruşam ki, bu marşrut sizdə hansı səpkidə şübhələr oyadır… uddum sözümü. Nə mənə, nə də məni qarşılamağa gələn gözəl Tanyuşaya problem lazım deyildi.

Peterburq həmişəki soyuq möhtəşəmliyi ilə qarşıladı bizi. Gecələri bir başqa gözəl Piterin, hər sukənarı şəhərin olduğu kimi. Tarixi binaları qədər küçələrin bəzəyi olan mini yubkalı başı açıq gənc qızlar mənə istisevər qafqazlı və yaşlı ufucan olduğumu xatırladır. Başa düşürəm ki, temperatur vacib deyil insan payızı yaşamaq istədikdən sonra və kələm kimi geyinmiş ninza görünüşlü bu adamın həsədi harasa tələsən cəsarətli gözəllərin heç veclərinə də deyil.

Sosial həyat hər addımda hiss etdirir ki, Sankt-Peterburqun şanlı tarixi və kreativ insanları var. Bakını xatırlayıram. Heç kim cəsarət edib “Nevski”də ralli keçirə bilməzdi. Heç kim.  

 

Ucuz kafeləri hər addımda görmək mümkündür. Təqaüdçülərə qoşulub bir neçə dəfə yemək yedim oralarda. Şəhərdə özbəklər yenə çoxdur, bizimkilər yenə bazardadırlar, pal-paltar yenə bahadır. Amma, bu, gödəkcəmə yaraşan pompullu bir papaq almaqdan məni saxlaya bilmədi. Satıcı tacik qadın dedi ki, çıxarma pompulu, mənim kimi liliputsan, səni uzun göstərir. Onun sözündən çıxmadım – çıxarmadım pompulu. İndi bir az uzun görünürəm.

Məni aeroporta gətirən mavi gözlü, şirin təbəssümlü xoşsöhbət sürücüdən də danışardım… amma qalsın. Oxucunu intizarda saxlamağı öyrənirik. Dramaturgiyanı öyrənirik.

 

P.S. Boz-bulanıq şəkillər mənim telefonumun, düz-əməlli şəkillər fotoqraf Tatyana Bratkinanın fotoaparatının məhsuludur.