Sim-sim.az

Məlikə Uzun : “Sözlər yaşandıqca mənalanırlar”

melike uzun

Sim-sim.az Türkiyənin qadın yazıçılarından olan Məlikə Uzunun müsahibəsini təqdim edir.

Məlikə Uzun 1975-ci ildə Əskişəhərdə doğulub. Hacettepe Universiteti Türk Dili və Ədəbiyyatı fakültəsini bitirib. Kitabları:  “Atəş hekayələri” (2010), “Kürar” (2014), “Soyuq və təmiz” 

Məlikə Uzunun iki hekayə kitabından sonra “Soyuq və təmiz” adlı romanını “İletişim” yayınları nəşr etdi. Bu romanda Məlikə Uzun bir qadının hekayəsini – onun kədərini, taleyini, hirsini və həyatda ədalət axtarışını anladır. Dəfnənin hekayəsini yuxular və gerçəklərlə bu qədər iç-içə deyil, başqa formada oxusaydıq, içimiz paramparça olacaqdı, amma əsərin dili və forması elədir ki, hekayə faciədən daha çox real bir məna axtarışına çevrilir. Yazıçı bu həyat hekayətini həyatla yuxu arasındakı sözlərlə və bu sözlərin həqiqi mənaları ilə davam etdirir.

Məlikə Uzunla ilk romanı olan “Soyuq və təmiz” haqqında qısa söhbət etdik.

 

Ədalət Çavdar

 

Ədalət Çavdar: Bir oxucu olaraq diqqətimi çəkən şey ağlınızın işləmə və araşdırma formasıdır. Bundan əvvəlki hekayələr kitabınızda da hekayələrinizi yarıgerçək, yarıfantastik üslubdaydı. Romanınızda da yuxu, fantaziya və gerçəklik ünsürləri bir-birinə qarışır. Lütfən, bir hekayəni nəqletmə tərziniz, onunla keçirdiyiniz vaxt haqqında danışın.

 

Məlikə Uzun: Uzun müddət beynimdə hissə-hissə hekayələr gəzdirirəm. Bunu yazacağam, deyirəm. Bir müddət hekayənin inkişafına deyil, duyğuya fokuslanıram. Gündəlik həyatda bu duyğunu ortaya çıxaracaq sözlərə, durumlara, simvollara rast gəlirəm. Əslində hər gün qarşıma çıxan bir sözün, illərdən bəri beynimdə gəzdirdiyim bir rəsmin bu müddətdə bambaşqa bir anlama gələ biləcəyinin fərqinə varıram. Bu, kitab bitənə qədər davam edir. Yazmağa başlayanda düşüncəm yalnız “necə ifadə etməyin lazım olduğu” ilə məşğul olur. Uzun müddət çırpına-çırpına qalıram.

Ə.Ç: Özəlliklə zövq aldığınız yazıçılar hansılardır? Oxuyarkən sizi çox təsirləndirən yaxud üslubunuzun formalaşmasında rolu olan yazıçılar varmı?

 

M.U: Sevdiyim, oxuduğum, zaman-zaman ağlıma gələn, “bir daha oxuyum” dediyim, yeni kəşf edib “niyə indiyə qədər oxumamışam” deyə düşündüyüm çoxlu yazıçı və əsər var. Amma bunlardan hansınınsa mənim üslubuma təsir göstərdiyini deyə bilmərəm. Duyğu, düşüncə və dil dünyamı onlarla qurmağımda hamısına çox şey borclu olsam da, onlardan təsirləndiyimi deyə bilmərəm.

Ə.Ç: “Kürar”dakı hekayələrinizdə də, “Soyuq və təmiz” romanınızda da bir hirs, qəzəb var. Bu qəzəb mənə bir yük kimi görünür. Amma sizin qəhrəmanlarınız, xüsusən qadın qəhrəmanlarınız qəzəbləriylə həyatda daha sağlam görünən insanlardır. Bu hirsi necə təsvir edirsiniz?

M.U: Hirsin ağır olmasıyla bağlı fikrinizdə haqlısınız.  Onunla yaşamaq çox çətin olduğu kimi, onun ortaya çıxması və yaşanış forması, insanın öz mənliyi üzərindəki nəzarəti itirməsi, çevrəyə qorxunc bir təzyiq, şiddət formasında əks olunması, qısacası, onun insanı fiziki və ictimai olaraq sürüklədiyi nöqtə olduqca qorxuncdur. Bununla yola getmək, belə bir insana çevrilməməyə çalışmaq çox önəmlidir. Sizin dediyiniz  “qəzəbiylə həyatda daha sağlam görünmək”, əslində, elə budur. Dəfnə də belə bir qadındır. O, öz qəzəbini ətrafa yaymır, əksinə, biruzə vermir və bu da onu güclü qadına çevirir. İlyas onu aşağılayanda, qayınanası onunla kobud davrananda, getdiyi başqa şəhərdə tanımadığı bir kişi ona qarşı həqarət edəndə, çıxıb gedir, amma bunları unutmur.

Ə.Ç: Sizin böyüyüb boya-başa çatdığınız dövrdə ətrafınızda seyr etdiyiniz, gördüyünüz, dinlədiyiniz hekayələr necə hekayələr idi? Yaşadığınız səmtdə, məhəllədə, binada, məktəbdə, küçədə ən çox hansı əhvalatlar diqqətinizi çəkirdi?

M.U: Sözlü mədəniyyətin güclü olduğu bir çevrədə böyüməmişəm. Anam və atam susqun insanlar idilər. Amma hekayələr həmişə axır, rəsmlər halında axır və yaşanır. Qaldığımız məhəllədə polis bölməsi yerləşirdi. Orta məktəbə gedirdim, məktəbdən bir uşağın qolları qandallı bölməyə aparıldığını gördüm. O uşağın üzünü, gözlərindəki ifadəni heç unutmadım. Həmişə onun günahkar olub-olmadığı məni düşündürüb, indi də bu haqda düşünürəm. Bu, mənim üçün bir hekayə idi.

Ə.Ç: “Soyuq və təmiz”də ilk səhifədən bölümlərə yazdığınız sözlərin gerçək mənasını səhifənin sonunda izahlarla vermisiniz. Sözlər və onların gerçək mənası, həyatımıza göstərdiyi təsiri mövzusunda nə düşünürsünüz?

 

M.U: Mənim üçün məsələ belədir: sözlər yaşandıqca mənalanır. Hətta deyiləndən daha böyük, geniş həcmli mənalara sahib olur.

Ə.Ç: “Soyuq və təmiz”də hekayə Asinin sahilində başlayır və sonra böyük şəhərdəki bir məhəllədə davam edir. Gənc yaşda tanımadığı biri ilə evlənən bir qadın – Dəfnə bir az xəyalda, bir az gerçəkdə yaşayan və çox anlaşılmaz bir obrazdır. Dəfnənin hirsi onun taleyini (bu söz hekayəni tam ifadə etməsə də) sınağa çəkə bilir. Amma yuxuyla gerçək arasında yaşamaq arzusunu nəylə bağlayırsınız? Dəfnənin həyatla bağları niyə bu qədər xəfifdir?

M.U: Mən bunun cavabını sizin tapdığınızı düşünürəm. Bu dəfə də cavabı özümdən istəyirsiniz. Dənfə bədbəxtdir, bədbəxtliyin şərtləri ortadadır. Sevgisiz yaxın ətrafı, örtülü və açıq şiddət. O, bir heyvanın necə qurban edilməsini, qazılan çuxura qanın necə axdığını izləyir. Belə bir çuxura onun da qanının axıdılıcağını hiss edir. Bu nöqtədə xəyaldan, yuxudan, fərqli bir aləm düşüncəsindən başqa qaçış yeri yoxdur. Öfkə, intiqam hissi çox ağır bir hisdir. Dəfnə bu iki hissə qapıldıqca, yuxular aləminə daha artıq  dərəcədə qapılır.

Ə.Ç: Dəfnənin və əri İlyasın ailəsinin bir evdən başqa evə sorğu-sualsız  göndərilməsi, uşaq böyütməklə, ailəylə, özüylə uğraşması, bütün bunlar güc və iradə tələb edir. Düşünürəm ki, ağılla hərəkət etsəydi, bəlkə də həyat onun üçün bu qədər çətin olmayacaqdı. Amma digər tərəfdən düşündüm ki, ağıl daim insanı idarə edə bilmir.

M.U: Ağıllı davranmaq, ağlımızla hərəkət etmək, ağlımızı başımıza toplamaq… Bunun bir ucu mədəniləşməyə gedib çıxır, mədəniləşmə də şəhər həyatında ikiüzlü siyasi əlaqələrdən başqa bir şey deyil, bu mühitdə hamıyla xoş davranmaq mümkün deyil. Buna qapılmaq istəmirsinizsə, həm məsafəli, həm də içdən əlaqələr qurmalısınız. Çirkinləşməmək üçün yeganə yol duyğuları təsnifləşdirmək, onlara ağılla, eləcə də fəlsəfə, psixologiya bilgisi ilə yanaşmaqdır. Dəfnəni bu cür yazmaq olardı, amma mən beləsini sevərək yaza bilməzdim.

Ə.Ç: Zənnimcə, Dəfnəyə depressiyaya düşmüş dəli kimi baxmaq düzgün deyil. Onun içində bir ədalət anlayışı var. Hesablaşmaya önəm verir.

M.U: Dəli, ya da depressiya düşkünü demək olar, amma yozumlar hər zaman yanlış və ya əskik olacaq. Onun həyat fəlsəfəsi tam olaraq ədalət anlayışı üzərində qurulmayıb.

Ə.Ç: Dəfnənin ilanlarla xoş münasibətinin mənası nədir? Qoxular və səslər isə hekayənin içində onun başqa bir şəkildə yardımçıları kimidirlər.

 

M.U: Dəfnə ilanların sayəsində ayaqda qalır və güclü olur. Qoxular və səslər isə Dəfnədən daha çox mənim üçün əhəmiyyətlidir.

Ə.Ç: Günümüzdə qadınlığın get-gedə daha da çətinləşən həyatı haqda nə deyə bilərsiniz?  Bu bizik və dünya romantizmindən çox-çox uzaqlarda bizim dünyamız  kirləndi. Son dövrlərdə qadınlıq dərdini yazmaq ədəbiyyatda daha vacib olub.

M.U: Bu haqda çox danışılır. Ona görə düşünürəm ki, mənim ümumi hökmlərimə kimsənin ehtiyacı yoxdur. Ədəbiyyat mənim üçün bir laboratoriya deyil, hekayəni içdən qururam, buna görə də yazdıqlarımın qadınlıq dərdini ifadə edən ədəbiyyatın bir parçası olması təbiidir. Qadın yazıçıların bir çoxunun da belə düşündüyünü zənn edirəm. Məsələ mənim üçün bundan ibarətdir.

 

Tərcümə etdi: Kənan HACI