Sim-sim.az

Mütaliə haqqında – Elfrida YELİNEK

01-650x444

Elfrida Yelinek – 1946-cı ildə   Avstriyanın Myürsuşlaq şəhərində anadan olub.  Bir neçə roman müəllifi, şair, dramaturq və ədəbiyyat tənqidçisi kimi dünya şöhrəti qazanıb. Bir sıra nüfizlu ədəbi mükafatlarla təltif olunan E.Yelinek 2004-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı adına layiq görülüb.

                                                                     

 Sim-sim.az Nobel mükafatı laureatı Elfrida Yelinekin "Mütaliə haqqında" essesini təqdim edir.

               

Mənə elə gəlir ki, həmişə mütaliə edirəm. Sanki oxumağı öyrənəndən bəri bu məşğuliyyətdən kənarda özümü təsəvvür edə bilmirəm. Digər bütün məşğuliyyətlər isə mənim üçün hədər yerə vaxt itirməyə bərabərdir. Mütaliədən savayı, hər şeydə elə bil ki, möhkəm nə iləsə (xüsusən də insanlarla münasibət zamanı) toqquşuram. Və belədə mən yalnız özümü günahkar hesab edirəm. Ona görə ki, oxuyuram, oxuyuram ki, həyatım mənasız keçməsin (elə bu səbəbdən həm də yazıram). Çoxluca detektiv əsərlər mütaliə edirəm. Bu kitablarda insan həyatı çox hallarda zamanla kəsişir. Mənə elə gəlir ki, detektiv kitabları mütaliə etdikcə, özüm də zamandan ayrı düşürəm. Detektivdən savayı, həm də vulqar, bayağı, kitabçalar, ciddi məzmundan və bədii keyfiyyətdən məhrum, adətən oğruların, fırıldaqçıların, avantürüstlərin və digərlərinin həyatını təsvir edən romanlar da mütaliə edirəm. Nə edəsən? Yaxşı bir bədii ədəbiyyat nümunəsinə rast gəlmədiyin təqdirdə məcbursən ki, qarşına çıxan hər hansı cızmaqaranı əlinə götürüb vərəqləyəsən.  Qısası, mütaliə – mənim həyatımın qəşəng donudur və həmişə mənimlədir. Onsuz heç yerə getmək mümkün deyil. Bu donu geyinmək isə çox rahatdır, bədənə də yaxşı yapışır. Bu halda insanların nəzər-diqqəti adamın üstündən əskik olmur, lap məhv edilmək təhlükəsi də yarana bilir. Bununla belə, sağ qalmaq şansı da var: bunun üçün hərflərlə yazılmış yalana, iftiraya nəzər yetirmək kifayətdir. Zamanın hökmü belədir. Əgər sən yalnız rəqəmləri görürsənsə, bu halda digərləri, o cümlədən yaxın məsafədə heç bir əhəmiyyət kəsb etməyənlər belə səni görə bilmirlər.   

  Bu mənada deyim ki, mən atama çəkmişəm. Bütün ömrüm boyu həmişə onu gözünü kitabdan və yaxud da qəzet səhifəsindən ayırmayan vəziyyətdə görmüşəm. Mənə elə gəlir ki, insanların bir qismi daim nə iləsə məşğuldur, digər bir qismi isə yalnız mütaliə edir. Əslində mən də heç nə etmirəm, əvəzində isə mütaliə ilə məşğul oluram. Və bu, o demək deyil ki, məni mütaliə etmirlər. Çox qəribədir: nə isə oxuyarkən, bəzən mənə elə gəlir ki,mətnin diqqətlə oxunması onun müəllifinə bəslənilən hörmətdən asılıdır. Kim nə deyir-desin: asılılıq çox əcayib şeydir. Fəlsəfi kitablarla rastlaşanda, onların üstünə mən lap leşyeyənlər kimi atılıram. Bir də baxıram ki, kimsə səhifəni səhifənin ardınca vərəqləyir, qəfildən anlayıram ki, bu “kimsə” elə mən özüməm. Elə o dəm səssiz qışqırıqla hansısa bir fikrin, mənanın üzərinə düşərək, qanlı vəziyyətdə ondan yapışıb uduram, müdriklik şərbətindən içirəm. Əlbəttə, mənzərə siz deyən qədər iştahaçan olmasa da, növbəti anda davam etməyə tələsirəm (çünki şimşək belə erkən çaxarkən, yenə ən azından bir dəfə üzə çıxmalıdır və məhz bundan sonra o, ola bilsin ki, mənimlə qalsın).  Baxıram görüm mənim ovum, yəni özgəsindən əxz etdiyim fikir nəyə vəcə gələ bilər və onu öz mətnimin içərisinə daxil edərək üstünü suvaqlayırm.  Qədim dövrlərdə hər hansı canlı məxluqu yeni tikilən binanın təməlinə məhz bu cür qoyaraq hörürdülər. Yəqin ki, bu, tikilinin uzun müddətə dayanmasından ötrü edilirdi.  Mənim mətnlərimin uzun yaşamaq ehtimalı olmasa da, mən onlararı Xaydeqqerin (Martin Xayeqqer, alman filosofu – tərc.) və Nitsşenin (Fridrix Vilhelm Nitsşe, alman filosofu və klassik filoloq – tərc.) canlı cismi ilə hörmüşəm. Həmdə onları suvaqlayarkən heç də bunu qorxu-hürkü hissi keçirməklə etməmişəm, hərçənd ki, hördüklərimin çoxu  oğurluqdur.  Ədəbiyyatşünaslar və tənqidçilər itin harada basdırıldığı yeri sonradan qoy ha axtarsınlar. Əlbəttə ki, onu axtarmağa dəyməz. Amma eybi yox, onlar  axtarmalarında olsunlar. Bu, bəlkə də ondan irəli gəlir ki, mən onları öz əlləri ilə şappıldayıram.

  Detektiv və ya ona bənzər kitabları isə mən sadəcə əyləncə üçün mütaliə edirəm. Gör, təəccüblü nədədir: çox hallarda abzasın sonunda mən istər-istəməz kitabın əvvəlinə qayıdır, mütaliə etdiklərimi yenidən nəzərdən keçirirəm (nə yaxşı olardı ki, adam beləcə həm də fikirləşməyi, yenidən və yenidən fikirləşdiklərinə qayıdaraq onları saf-çürük etməyi bacaraydı). Nəticə etibarı ilə belə çıxır ki, mən bir mətni iki dəfə oxumuş oluram, bu isə tamamilə lazımsız şeydir. Çünki sevdiyim kitabları (onlar hansılardır – demərəm, bəlkə qoy deyim? – yox, demərəm, açıq-saçıqlığın yeri deyil, həm də açıb-ağartmaq sadəcə məni karıxdırardı, hərçənd ki, sevdiyim kitabları tək-tənhalıqda mütaliə edirəmsə, bu, o demək deyil ki, mənim kiminsə yanında hər hansı bir öhdəliyim var),  mən onsuz da bir neçə dəfə oxuyuram, bəzən də hansınısa bir oturuşda birnəfəsə iki dəfə oxuyuram.

      Yox, bu, heç də unutqanlığın qarantiyası demək deyil. Sadəcə belə bir həqiqəti heç vaxt danmaq olmaz:təkrar biliyin anasıdır, elə deyilmi?  Amma bununla belə, sevdiyim kitabları mən təkrar olaraq ondan ötrü oxuyuram ki, yaxşı yadımda saxlaya bilim. Dərk edəndə ki, hansısa şeyləri yadda saxlamaq vacibdir, bu, məni qorxudur. Həm də elə qorxuram ki, möhkəm büzüşüb qalıram və onlara baxmağa cürət etmirəm. Gözlərimi  qaçırdıram, təki yadda saxlamağı vacib bilinən kitabları görməyim. Halbuki onları görmək çox vacibdir. Mənsə onlara bir gözlü, ya da çarpaz nəzərlərlə baxıram və sütunlarının uçmasından qorxu hissi keçirirəm. Əgər onlar uçub dağılsa, nəsə böyük və qaranlıq bir şey məni əzib məhv edəcək, daha doğrusu, bunu mən özüm edəcəyəm.  Çünki mən özümə baxarkən aydın bir şey, yəni dünyada mövcudluğu bilinməyən hər hansı varlıq  görmürəm.  Elə ona görə də mən çox diqqət çəkən nəyəsə baxmaqdan qorxuram. Nəzər öldürücü təsirə malikdir, mütaliəni öldürə bilər. Mütaliəsiz isə keçinə bilmirəm, bununla belə, burada böyük ehtiyatlılıq tələb olunur, yoxsa, kobud baxışlara görə  şapalaq ala bilərsən.  Mən dəqiq bilirəm ki, kitabın hansı səhifələrində (məsələn, 3-cü səhifədən 428-ci səhifəyədək) özümü tamamilə təhlükəsiz hiss edərək, hər hansı qəzavü-qədərdən uzaq olduğuma əmin olmaq mümkündür. Yox, əgər nəsə gözünə düşsə, onda yaxınlıqdakı birindən xahiş et ki, gözündəki tiri dartıb çıxarsın. Bu, səni çox ağrıdacaq.   Ətrafda isə, bir qayda olaraq, yaxın bir kimsə olmur. Mən özüm də çox istərdim ki, yaxınlığımda heç kim olmasın.

                                                                                                      

Tərcümə etdi: Ağaddin BABAYEV