Sim-sim.az

Orhan Pamuk – Antrakt ya da Kleopatra!

page_new-york-times-orhan-pamuk39a-bir-sayfa-yer-verdi_294086765


İstanbulda kinoteatra getmək

 

Baş rollarını Elizabet Teylor və Riçard Byörtonun oynadığı “Kleopatra” filmi 1964-cü ildə İstanbulda göstərilməyə başlayanda, filmin dünya kinoteatrlarında göstərilməyindən iki il keçmişdi. O vaxtlar amerikan prokatçılarının istədiyi pulu birinci il verə bilməyən türk prokatçılar Hollivud filmlərini İstanbula bir neçə il gec gətirərdilər, amma bu, qərb mədəniyyətinin ən son yeniliklərinə tamaşa etməyə həvəsli istanbulluların marağını azaltmazdı. Əksinə, Elizabet Teylorla Riçard Byörtonun sevgi dedi-qoduları, ya da “Kleopatra”nın açıq-saçıq səhnələri kimi adamı qıdıqlayan xəbərlər, fotolar qərb qəzetlərindən götürülüb türk mediasında yayımlandıqca, səbirsiz istanbullular “görək film nə vaxt gələcək?” – deyərdilər.

Əksər böyük amerikan filmində olduğu kimi, otuz il əvvəl gördüyüm “Kleopatra”dan da bu gün yadımda filmin özündən çox ona ciddi-ciddi tamaşa etməyim qalıb. Biz tamaşaçılara Kleopatradan çox öz ulduzluğunu göstərən Elizabet Teylorun yüzlərlə kölənin daşıdığı hündür bir kəcavədən bir mərasimə ağır-ağır yaxınlaşmasını xatırlayıram: xəyalımdakı Yuli Sezara oxşamağı bacaran Reks Harrisonun oğluna bir imperator oğlunun necə yeriməli, necə davranmalı olmasını öyrətməsi yadıma gəlir. Amma hamısından çox, orada, kinoteatr oturacağında oturub pərdəni başdan-başa dolduran xəyallara baxmağımı, orada olmağımı xatırlayıram.

“Orada” olmağın mənası nə idi? Qərbliləşmək istəyən orda təbəqədən insanlar və əksər nəsildaşlarım kimi mən də “yerli” filmlərə baxmağa çox az gedərdim. Kino mənim üçün görüntülərə qapılıb getmək, qaranlıqda bir hekayənin içinə daxil olmaq və gözəl sifətlərlə, rəsmlərlə ovsunlanmaq kimi hamının bildiyi həyəcanlarla yanaşı, həm də kəsə yoldan və təəccüblü dərəcədə yaxından Qərblə üz-üzə gəlməyin cazibədar yolu idi. Dramatik səhnələrdə, yaraşıqlı və soyuqqanlı oğlanın dediyi darıxdırıcı sözləri evdə öz-özümə ingiliscə təkrarlayardım. Cibə qoyulan dəsmalın qatlanması, bir viski şüşəsinin açılışı, bir qadının siqaretini yandırmaq,  ya da hələ İstanbula hələ gəlməmiş qərbin yeni kəşflərindən birinin (transistorlu radio, toster) istifadəsini nəsildaşlarım kimi maraq içində izləyərdim. Türklər nə bütün Balkanları fəth edib Vyananı müharisəyə alanda, nə də Balzakın bütün romanlarını Təhsil Nazirliyinin çap etdirdiyi tərcümədə oxuyanda, kinoteatrda olduqları qədər Qərbin özüylə, gündəlik və özəl həyatı ilə qarşı-qarşıya qalmadılar.

Kinoteatrı  səyahət kimi, ya da alkaqol sərxoşluğu kimi cazibədar edən şey də budur: Orda “özgə” ilə üz-üzə gəlirik. Bu qarşılaşmanın şiddəti üçün hər şey hazırdır. Gözlərimiz başqa şey görmək, qulaqlarımız fındıq-fıstıq çırtıltısı eşitmək istəməz. Kinoteatr oturacağına özümüzü, dərdlərimizi, keçmişimizi və gələcəyimiz dediyimiz ağrılı hekayə ilə təlaşı unutmaq üçün gedirik. “Özgə”nin görüntülərinə və hekayəsinə özümüzü təslim edəndə, qısa müddətli olsa da, öz kimliyimizi də arxa plana atmağa hazır oluruq. Eynilə yağlı boya bir rəsmi bir fetişə çevirən çərçivə kimi, kinoteatrın qaranlığı da, görüntülərdən başqa hər şeyi çərçivələyərək “Özgə” ilə münasibətimizi identifikasiya və başqasını pusmaq aktına çevirir.

“Kleopatra”ya baxmamışdan yeddi il əvvəl, beş yaşım olanda, yaz ayları qaldığımız evin yanındakı boş əraziyə uşaqların “kino göstərən” dediyi bir kişi gələrdi. Səyyar film göstərən qəribə bir arabası vardı. Kişiyə beş quruş versən, alətin obyektivini sənin gözünə uyğunlaşdırar, sonra cihazın qolunu çevirərdir və sən yarım dəqiqəni keçməyən filmə baxardın. Orda, köhnə filmlərdən kəsilib düzəldilən xeyli film kadrına baxdığımı xatırlayıram, amma gördüklərim yadımda qalmayıb. Yadımda  qalan isə sırada gözləyəndən sonra, gözümü alətin deşiyini uyğunlaşdırmamışdan qabaq işıq keçirməyən qara bir çarşafın içində qaranlıqda qalmağımdır. Kinoteatrda təkcə “özgə” ilə üz-üzə gəlmirik: orda gördüyümüz hər şey bir anda “özgə”ləşir.

Buna görə də hekayəsi nə olur-olsun,  kino həmişə “özgə”nin varlığı ilə yoldan çıxardılan istəklərimizlə düz mütənasibdir: dostluq, gündəlik həyatın zövqləri, xoşbəxtlik, iqtidar, pul, seks və təbii ki, bunların yoxluğu, həm də tərsi olan hər şey. “Kleopatra”da Elizabet Teylorun jurnallardan, qəzetlərdən maraqla, heyranlıqla gördüyüm yarı çıplaq bədəninə möhtəşəm bir süd vannası içində təəccüblə baxdım. On iki yaşım vardı və bir Hollivud ulduzunun bədəni mənə istəklərin və günah hissinin xəyalımda yeni açılan ərazilərini şiddətlə hiss etdirirdi. Həmin illərdə lisey müəllimlərinin, populyar medianın və vərəm olmaqdan qorxan sinif yoldaşlarımın bəzi qorxuları, təhdidləri ağlımda bir-birinə qarışırdı: Kino da, eynilə masturbasiya kimi, uşağın beynini pozur, gözlərini xarab edir və onu heç vaxt çata bilməyəcəyi xəyal dünyasının zövqləri içində gəzdirərək reallıqdan qoparırdı.

Deyəsən “Özgə” ilə bu təhlükəli və cazibədar qarşılaşmanı yumuşaltmaq üçün “Kleopatra”ya baxan istanbullular kinoteatrda danışırdılar. Bəzisi arxasındakı düşməni görməyən əsas qəhrəmana xəbərdarlıq edir, bəzisi mənfi qəhrəmanın zalım sözlərinə cavab verir, əksərən də adət-ənənələrlə bağlı təəəccüb nidaları eşidilirdi: “A, qız portağalı çəngəl-bıçaqla yeyir.” Brextin heç vaxt ağlına gəlməyən bu özgələşmə effekti bəzən millətçi bir həyəcana da çevrilərdi. Bütün texnoloji kəşflərin, silahların göründüyü səhnədə Qoldfinger Ceyms Bonda türk tütünü verib ən yaxşısı budur deyəndə, kinoteatrdakı xeyli tamaşaçı filmdəki mənfi qəhrəmanı alqışlamışdı. Türk senzurasının çox uzun hesab edib kəsib-budadığı öpüşmə və sevişmə səhnələrində isə tamaşaçının səssiz gərginliyini kiminsə bərkdən dediyi zarafatcıl replika kütləvi bir qəhqəhəyə çevirərdi.

İstəklərin ekrandakı gözəl xəyal qədər yaxın və güclü olduğu, amma xəyalla doyurulmayacaq qədər real olduğu belə anlarda, qaranlıqda tənha və çarəsiz olmadığımızı, əslində,  digər vətəndaşlara birgə kinoteatrda oturduğumuzu xatırlamağın bir yolu da istanbulluların hələ də “antrakt” dediyi filmin ortasındakı beş dəqiqəlik fasilələr idi. Kədərli satıcıların pop-korn satdığı, aludəçilərin bir-birini süzərək siqaret çəkdiyi bu fasilələrin qərbdə çoxdan yığışdırıldığını, filmin bütövlüyünü pozduğunu və lazımsız olduğunu deyən çoxbilmişlərlə razılaşmır, şəxsən antraktlara çox şey borclu olduğumu deyirəm. 

Bu yazı da daxildir. Bundan əlli il əvvəl də, indi işləyən İstanbuldakı “Əmək kinoteatrı”nda (o vaxtlar adı “Mələk” idi) göstərilən bir filmin beş dəqiqəlik fasiləsində dostları ilə birlikdə çölə çıxan atamla anam bir-birlərini ilk dəfə orda görüblər. Mövcudluq səbəbini kinoteatra borclu olan biri kimi, kinoya nə qədər borclu olduqlarını deyən yazıçılara həmişə haqq qazandırmışam.

 

Tərcümə: Qismət