Sim-sim.az

Performans sənəti: Teatr, yoxsa nonses! — Ziyad Quluzadə

13244801_10204798380359039_5991494922200270212_n


“Çağdaş Sənət/Düşüncə Dalğaları” (1)

 

Post-fordist istehsalat münasibətlərinin bütünlüklə cəmiyyətin və mədəni kodların yenidən formalaşmasına səbəb olması, təkcə gündəlik həyat tərzimizin deyil, sənətə baxışımızın, hedonist duyğularımızın da dəyişməsinə təsir etdi.

Əziz oxucum!

Öncədən  izhar etmək istərəm ki, bu silsilə içərisində həmin yuxarıdakı cümlənin ilk sözü olan “postfordizm” sonrası sənətin, teatrın, mədəni kodların, estetik baxışın və bir xeyli ənənəvi olanın dərkənarı kimi “başqaları” kateqoriyasında təsnif edilən mətləblər haqqında danışacağıq. Bəlkə Promoteysayağı yeraltı səltənətlərdən, o müqəddəs torpaqlardan alovlar gətirə bilməyəcəyəm, ancaq "Min bir Gecə"  nağıllarındakı Şəhrizad kimi bir-biri ilə birbaşa əlaqəli, həm də, biri digərindən xeyli başqa düşüncə dalğalarında üfqümüzü genişlədəcəyik.                             

***

İlk dəfə şərab tanrısının şəninə nəğmələr qoşan Tespis, Esxil, Sofokldan xeyli sonra, kapitalizm tanrısının ətəyindən öpməyə əyilmiş K.S.Stanislavski ilə, əslində yüzillərin aristokrat zümrəsi öz saxta “böyük şəcərə”dən olma qürurlarını burjaziyanın harın zövqünə qurban verdilər. Ancaq, teatr sənətinin K.S.Stanislavskidən sonrakı dəyişən xüusiyyətinin detallarına girişmək niyətində deyiləm, sadəcə başqa, daha ciddi mətləbə dair bir ilgəh olsun deyə, fikrimi izhar etdim.

İkinci Dünya Müharibəsindən xeyli sonra itkilərin, kədərin, gözyaşının və qanın dayanılmaz işgəncələri, psixoloji təsirləri cəmiyyətin klassik zövq  praktiklərini dəyişdirdi.  Artıq sənət estetik gözəllik, nəciblik və ilahi mahiyyət daşımırdı. Sənət həm də, utanc, əxlaqsızlıq, kədər, eybəcərlik və xıltın da təsvirinə yer verməliydi. Bunu bütün qaydalara qarşı çıxaraq, bütün kodları dağıdaraq etməliydi. Çünki, müharibələrin təsirindən çıxmış şizofrenik ve travmalı bilinclərin zövqlərini yalnız Antuan Artudun, Piter Brookun, Samuel Bekkertin teatral yanaşması cəlb edirdi. Onlar sənəti bəzən absurd, bəzən qara yumor, bəzən isə vəhşiliyin, işgəncənin təsnifinə də yararlı olduğunu açıq–aşkar göstərirdilər. Teatrın məntiqi də dəyişmişdi. O, Aristotel məntiqi ilə düşünə bilmirdi. Digər tərəfdən isə muqi də öz funksionallığını itirmişdi. Ahəngin, ritmin və səsdəki o xəfif əsintinin yerini fabrikdəki dişli çarxın xırıltısı, küçədəki avtomobilin siqnal səsi, qatarın relslər üzərindəki taqqıltısı və ya izdihamın anlaşılmaz çörək növbəsi bir növ yeni musiqini formalaşdırırdı. Şübhəsiz, buna bəzilərinin təbirincə postmodern və ya modern çərçivədən baxmaq olar. Ancaq…     

***

“Performans sənəti!” Əziz oxucum, yuxarıda sadaladığımız aristokrat burjaziya davası, teatrdakı estetik zövq müharibəsində özünü bir də alternativ, anti-sənət mövqeyindən nümayiş etdirən bir başqa qrup var idi. Onlar ki, sənətin bütün növlərinin o andaca istifadə edilərək hər bir fərdin istədiyi ictimai yerdəcə perfomrativ bir bədən(=) – məkan arasındakı məsafəni ortadan qaldıracaqları iddiasında idilər. 

Teatrın bütün kodlarından istifadə edib teatr olmayan, rəsm sənətinin kodlarından istifadə edib rəsm olmayan, musiqinin və rəqsin bütün mümkün imkanlarından yararlanan ancaq nə musiqi nə də rəqs olmayan bir sənət növü…  Şübhəsiz ictimai yerdə öz bədənini məkanla eyniləşdirərək fərqli performativ çıxışlar edən sənətçinin bu fəaliyyətini çox vaxt teatrın postmodern fromaları kimi görürlər. Ancaq, bəzi incə məqamlar onları məhz bu sənətə aid olmağa hələ tam qoymur. Di gəl ki, bütün hallarda belə yerdə gözəl bir termin dadımıza çatır. “İNTERDİSİPLİNER!” Həmin o disiplinlər arasılıq imkanı bu sənətin kapitalizmin əlində satılabilən əmtəəyə çevrilməsinə qarşı çıxan performans sənətçilərini meydana gətirib. Əslində sənətin hər növünü, hər yerdə istifadə etmək aktı onu xüsusi bir zümrənin əlahiddə bir qabiliyyəti və ya üstünlüyü (mülkü) kimi görünməsinin qarşısını almaqdır. Ancaq, heyhat! Kapitalizm elə hiyləgər bir iftirədir ki, onu da ən qısa formada öz himayəsinə alıb pula çevirir. Buna misal olaraq, üniversitetlərdə bu istiqamətdə dərslərin, ixtisasların yaradılması, mərkəzlərin təsisi və sərgi salonlarında, kitab fuarlarında hansısa mənada birbaşa və ya dolaylı yolla bazar piştaxtasına çıxarılması aid edilə bilər.

***

Öz başlanğıcını 1960-ci illərdən götürən Performans sənətinin ilk bayraqdarı Yves Klein, Piero Manzoni və Josef Beuyes kimi sənətkarlar idi. Bütün bu sənətçilərin yeganə məqsədi sənəti kapitalizmin amansız dişlərindən xilas etmək olduğu üçün Yves Klein ilk dəfə “Boşluq” adlı sərgi açır. Sərgi salonun divarlarına hər hansı bir sənəti əsəri nümayiş etdirməyən Klein insanları boş salonlarda gəzdirir.

Onun ikinci sərgisi isə, “Mavi Dövrün Antropometləri” adlanırdı. Bu sərgidə isə günümüz performans sənətinin bəlkə də ilk çıxış nöqtələri olan bədən və məkan arasındakı təmasın təmsili, bədənin hər şeyə çevrilmə imkanı kimi düşüncələr istifadə edilmişdir. Burada hazır kətanlar yerə sərilərək çılpaq qızlar tərəfindən bədənləri ilə kətanın boyanmasını nümayiş etdirirdilər. Bu məqamda xəyalpərəst, gördüyü hər şeyə semiotika adlı gözlüyündən baxan Azərbaycanlı teatrşunas hövlnak bir cümlə deyərdi. “Tamaşanın idea həlli mükəmməl idi. Rejisor yozumu və aktyor oyunu piyesin ortaya qoyduğu ali məqsədə xidmət edirdi.” Amma! Dur! Burda iş orasındadır ki, performans sənətində nə rejisor var, nə aktyor var, nə də piyes var! Sadəcə bir dəfə üçün, heç bir zaman təkrarlanmamış və təkrarlanmayacaq bir performativ hal var. Fərd düşüncəsindəki ideyanı məkan və nəsnələr vasitəsi ilə sadəcə bir dəfə olaraq nümayiş etdirərək ətrafdakı izləyicinin də onun bu performativ hərəkətinə qoşulmağını istəyir! Oyunçu və tamaşaçı arasındakı sərhəddi əritməyə çalışır. Əritmək! Çünki, perofmans sənətçiləri arasında hələ də tamaşaçının onların oyununu teatr sənəti çərçivəsinə salması vərdişini qıra bilmədiklərinə dair qayğılar var. Hə, onu da deyim ki, bizim kətana bədəni ilə rəsm çəkən çılpaq qızların yaratdığı əsəri bir sənət nümunəsi kimi isə ilk dəfə Milanlı rəssam Piero Manzoni imzalayaraq hazır tablo kimi təqdim etmişdir. Qızların boyalı bədənlərini bir özünün sənət əsəri kimi təqdim etmişdi.

 

 

 

 

 

 

 

 

 

 

 

Burda problem yoxdur. Siz də yarısı içilmiş qəhvənizin kardon kağızının bir böyrünə adınızı yazıb: Mənim əsərimdir! – deyə bilərsiniz. Bunu ki “Starburcks” çox baha qiymətə hər gün satır…

Ardı var…