Sim-sim.az

Qan Turalı – Söz azadlığında düşən dolu və ya ədəbi sətəlcəmlik diaqnozu

qanturali

 

 

Bir sözlə, indi söz azadlığı var, biz ondan istifadə edirik də, bəs sözün özü necə, o varmı ki? Bəlkə elə problem burdadır?

Xalq yazıçısı Elçinin "Ədəbiyyat qəzeti"ndə çap olunmuş "Söz azadlığı bizə nə verdi?" məqaləsində qoyulan suallar polemik ovqat yaradan və müasir ədəbi proses ətrafındakı problemlər barədə mülahizələr yürütməyə imkan verən suallardır. Əslində, söz azadlığı məhfumu kifayət qədər sosioloji, politoloji, ədəbi-estetik və əlbəttə ki, fəlsəfi təhlilə möhtac bir məsələdir və Elçinin də qeyd etdiyi kimi, bizdə bu anlayış müəyyən dərəcədə öz xaotik formasını gerçəkləşdirir.

Əlüstü bir şeyi də qeyd etməliyik, bizim zəngin ədəbi irsimiz, görkəmli yazıçılarımız var, lakin bu o deməkdirmi ki, bütün bunlar küll halda söz azadlığının, Mirzə Cəlil demişkən, "nəfəs genliyi"nin nəticəsidir? Məncə, bu fikrin özü də mübahisəli görünür, o mənada ki, söz azadlığı gerçəkləşən kimi böyük klassiklərin yetişməsini gözləmək də əbəsdir. Məncə, Elçin də bu barədə belə düşünür və onu narahat edən əsas məqam da, məqalənin polemik ruhuna hopan niyyət də budur, yəni ki, bu boyda ədəbi irsimiz ola-ola biz niyə söz azadlığında, müstəqillik dövründə o ənənəni davam etdirə bilmirik. Zəruri ştrix kimi, həm Çar Rusiyasında, həm də Sovet Azərbaycanında senzuranın mövcud olduğunu da xatırlatmaq gərəkdir.

Problem nədədir? Bəli, indi hər şeyi yazmaq mümkündür, senzura yoxdur, heç hansısa bir təzyiq də yoxdur. Kim nə istəyirsə, onu da yaza bilir, əlbəttə, bizim nəsil bu azadlığı adi bir vəziyyət kimi qavrayır. Lakin ədəbiyyatın tarixini vərəqlədikcə əlimiz qana batır, repressiya olunanların qanına, susmağa məcbur olanların ürəyindən axan qana. Bir sözlə, indi söz azadlığı var, biz ondan istifadə edirik də, bəs sözün özü necə, o varmı ki? Bəlkə elə problem burdadır?

Ola bilsin ki, bu çox kəskin bir ittihamdır, özü də bu sözləri bir yazıçı yazır, tənqidçi, ya da ədəbiyyatşünas yox. Adətən, bu cür ittihamlar məlum cəbhələrdən gəlir. Mən məsələni elə burdaca saxlayıb əsas məsələyə keçirəm.

Elçin məqalənin bir yerində Elnarə Akimovanın "Ədəbiyyatımız Şərqlə Qərb arasında qaldı" fikrini sitat gətirib onunla həmrəy olduğunu bildirir. Lakin mənə elə gəlir ki, Elnarə xanımın mövqeyinin müəyyən yozuma ehtiyacı var. O mənada ki, biz nə Şərqi doğru qavrayırıq, nə də Qərbi, hətta öz milli irsimizi belə, doğru-dürüst qavraya bilmirik. Bu mənada, "arada qalmağımız" doğrudur, lakin harda qalmağımız heç özümüzə də aydın deyil. Və lap dərindən baxsaq, bu gün ədəbiyyatda mən heç bir Şərq və Qərb fərqi görmürəm, xüsusilə də Yeni dövrdən etibarən ədəbiyyat xalis Qərb hadisəsidir, bu mənada Şərqi gətirib Qərbə calaq etmək, onları az qala, bərabərhüquqlu ədəbiyyat məkanı kimi təsnif etmək insafsızlıqdır. 

Azərbaycan ədəbiyyatı və ümumilikdə mədəniyyəti xaotik bir dövr yaşayır. Bu xaotiklik özünü bir çox məqamlarda büruzə verir. Bəli, biz bu günlərdə müstəqilliyimizin 26-cı ilini qeyd etdik. Lakin bu 26 illik müstəqillik və əlbəttə ki, azadlıq havasında ədəbiyyatımız yüksələ bildimi? Yüz il əvvələ gedək. O illərdə Mirzə Cəlil vardı, Cavid vardı, Cabbarlı vardı, Haqverdiyev vardı. O insanlar ədəbiyyatda, dramaturgiyada yazıb-yaradırdılar və onların zəngin ədəbi irsi bu gün bizim üçün də həm estetik, həm də mənəvi bir nümunədir.

Bəs indi nə baş verib? Bəs indi niyə ədəbiyyatımızın o yüksələn xəttini qaldıra, o yarımçıq xətti bərpa edə bilmirik. Bizmi günahkarıq, ya zəmanəmi? Dedik axı, indi bizdə söz azadlığıdır. Və əslində, başqa sosioloji məqamlar da əslində bizim xeyrimizədir, misal üçün, o zamanlar ölkə əhalisinin ancaq 1 faizi savadlı idi, ölkədə heç universitet yox idi, ölkədə teatr truppaları vardı, amma teatr yox idi. Bir anlıq xatırlayaq, o zamanlar bizdə kino belə, var idi! Bəs bütün bu sosioloji amillər – təhsil səviyyəsi, müstəqil dövlətin varlığı, senzuranın yoxluğu, bütün bunlar küll halda bir ədəbi proses yetişdirə bilmirsə, biz nə etməliyik? Bu söz azadlığı bəlkə bizə heç lazım da deyil? Yenidən senzuraya, Ezop dövrünə qayıtmalıyıq. Əlbəttə, mən bu sözləri xalis ironiya ilə deyirəm, çox təəssüf ki, o ötən zamanların həsrətini çəkən yazıçılarımız da az deyil. O dövr tarixini az-çox bilən bir adam kimi onların bu nostalgiyası da mənə çox yad, hətta bir az daha sərt desəm, ədəbiyyata xəyanət kimi gəlir. Yəni, o senzorlardan azad olub yenidən onların həsrətini çəkmək. Bir növ, Stokholm sindromu. Onlar məsələni "qonorar-kurort" müstəvisinə endirirlər, mən məsələyə bu qədər vulqar münasibətin də vəziyyəti izah edəcəyinə qətiyyən inanmıram. Elə Elçinə cavab verən tənqidçi də tənqidçilərin qonorarından danışır. İndi tutaq ki, o cür sözləri danışan yazıçıya lap bir milyon dollar da versək, o nə "Qətl günü"nü yaza bilər, nə "Ölüm hökmü"nü, nə də "Dəyirman"ı. Ədəbiyyatı bu cür bəsit görmək mənə elə gəlir ki, elə vulqar sosioloji yanaşmanın daha gülünc tərəfidir.

Amma indi biz bir sualla qarşılaşırıq. Bəs axı bu işlər qonorarla həll olunmursa, nəylə həll olunur? Məlum lətifəni xatırlayaq, Molla Nəsrəddin bir gün hamamda çimərkən özünün ecazkar səsi olduğuna inanır, Teymurun yanına gedir və məlum məsələdir ki, onun kal səsi hamının əsəblərini korlayır və bu anda Molla xahiş edir ki, onu hamama aparsınlar, orda o öz səsinin imkanlarını layiqincə nümayiş etdirə bilər. İndi bəlkə qonorarla düzəlmirsə, bəlkə Molla Nəsrəddin kimi hamamı (yəni senzoru) bərpa edək? Bəlkə senzura bizi özümüzə qaytaracaq? Xalq yazıçısı Anar da bir gün qəzəbqarışıq istehza ilə Andre Jidin bir fikrini xatırlatmışdı: "Ədəbiyyat əsarətdə yaranır, azadlıq onu məhv edir". Bəli, doğrudan da, Jidin bu sözləri hansı konteksdə dediyini dürüst bilməsəm belə, aydın məsələdir ki, ən azı bu fikir bizim ədəbi mühitin mövcud vəziyyətinin çıxış yolu deyil. Bəli, o senzura dövründə nə qədər gözəl, yeri gələndə lap dissident ruhlu əsərlər yazılıb. Bəs yazılmayan əsərlər necə olsun? Yazıçı azadlıq hissini itirib senzuradan keçəsi əsərlər yazmağa qurşanırsa, onda necə? Hərçənd bu, Sovet ədəbiyyatının mənzərəsi idi və biz bu gün o günləri xatırlayanda ağrı qarışıq bir sevinc hissi keçiririk ki, nə yaxşı ki, biz o günləri görməmişik. Və yenə də gəlib söz azadlığı üzərində dayanırıq. Azadlıq var, amma söz yoxdur! Yenə də bizi narahat edən o diaqnoz.

Bəli, xalis şəkildə götürdükdə qətiyyən demək olmaz ki, Azərbaycan ədəbiyyatı mövcud deyil. Ortada əsərlər var, Elçin tamamilə doğru olaraq qeyd edir ki, pis əsərlərə yaxşı demək də var, bəli, elə Elçinin 1980-ci illərin əvvəlindəki tənqid haqqında məruzəsinin tarixini dəyişib çap etsək, çox az adam bu məruzənin 30 il bundan əvvəl edildiyini anlayar. Bu problemlər onda da vardı, misal üçün, ordakı bir fikri çox yaxşı xatırlayıram: "Sən demə, biz canlı klassiklər arasında yaşayırıq". Həmin o canlı klassiklər indinin özündə də mövcuddur və çox təəssüf ki, müzakirənin əsas məsələsi olan söz azadlığı bu canlı klassiklərin sayını həndəsi silsilə ilə artırıb. Əvvəllər heç olmasa tənqidçilər Allahdan olmasa da, partiyadan qorxurdular, indi heç zaddan qorxmurlar və hər yerdə "canlı klassik"lər görürük. Məni bu prosesdə zəif əsərlərin yüksəklərə qaldırılmasında çox ciddi əsərlərin tənqidin gözündən yayınması, ya da əksər hallarda olduğu kimi, ona statistik bir vahid kimi baxılması narahat edir. Yəni bəli, filankəs 2017-ci ildə bu romanı yazıb. Bəlkə də zəif əsərlərin göylərə qaldırılması ilə güclü romanın layiqli qiymətini almaması da eyni bir prosesin tərkib hissəsidir, o mənada ki, tənqid ədəbiyyatın yükünü çəkə bilmir, o, kənarda oynayır və heç zaman cərimə meydançasına can atmır.

Və mən tənqid haqqında mühüm bir məsələni də qeyd etmək istəyirəm. Tənqid istənilən hal və situasiyada ədəbiyyatdan sonra gəlir və mən bu mənada tənqid haqqında açılan polemikaları da ancaq o zaman əhəmiyyətli sayaram ki, bu polemika ədəbiyyatın özündən, canından, ruhundan başlasın. Yəni o yerdə ki, ədəbiyyat yoxdur, orda tənqiddən söhbət belə gedə bilməz, Belinski faktorunun ortaya çıxması üçün gərək Puşkin ortaya çıxaydı, Çexov, Turgenev, Tolstoy, Dostoyevski olaydı, onlar olmayan yerdə Belinski nəyi təhlil edəcəkdi ki? Uzaqbaşı, heyranı olduğu Hegeli tərcümə edərdi… Bu sözləri yazmaqla tənqidin əhəmiyyətini azaltmaq, onu ikinci plana itələmək fkrində deyiləm, lakin qəti fikrim də budur ki, təkcə ədəbiyyatı yox, elə tənqidi də yazıçılar yaradır, yəni yaxşı əsərlər yazılır və bu əsərlər tənqidçilər üçün xammala çevrilir. Bəlkə adi həqiqət kimi səslənən bir fikri də tənqidçilərin menyusuna təqdim etmək istəyirəm, bizim bir çox tənqidçilərimiz "yazıçılara ağıl öyrətməyə başlayırlar", yəni məsələnin etik sərhədini vurub keçirlər, halbuki tənqidçinin missiyası bu deyil. "Ədəbiyyat yaradıcı işdir" sözü heç bir halda mübahisələndirilmir, eləcə də bu fonda tənqidin də yaradıcı peşə olması da. Ancaq yaradıcı peşə olanda nə olar, o peşənin də bir etikası var və guya öz yaradıcılığı ilə yazıçıya istiqamət vermək, onu idarə etmək məncə, tənqidçinin işinə qeyri-ciddi münasibət bəsləməsinin nəticəsidir və belə bir münasibət, nə əsərin, nə yazıçının xeyrinə olmadığı kimi, elə ədəbiyyatın da xeyrinə olmur.

Elçin söz azadlığı dedikdə bir məsələni də xüsusi olaraq qeyd edir: "Dünya ədəbi prosesi ilə sovet dönəminin ideoloji ayrı-seçkiliyi vasitəsilə yox, tam şəkildə tanış olmaq imkanı". Mənə elə gəlir ki, iki dəfə işlətdiyim xaos sözünün və xaosun yaranmağında bu məqam xüsusi əhəmiyyət kəsb edir.  Elçin bir yazıçı və bir tənqidçinin dünya ədəbi prosesini yaxşı qavramadan, spekulyativ mülahizələr söylədiyini vurğulayır və məncə elə müəllifin də fikrincə, bu spekulyativ, ciddi nəzəri bazaya söykənməyən, gəlişigözəl fikir və mülahizələr təkcə bu yazıçı və tənqidçinin yox, ümumi şəkildə elə ədəbi mühitimizin dünya ədəbiyyatına verdiyi qiymətdir. Bunu geniş izah etməyə ehtiyac var.

Misal üçün, Kafka Azərbaycan dilinə 50-ci illərdə, Markes 80-lərdə, Oruel 40-larda çevrilməli idi. Bəli, adda-budda tərcümələr olub, lakin küll halda bu tərcümələr başımıza yağış kimi son on ildə yağmağa başladı. Və bu dolu, əslində, çox adamı da kor elədi. Bir çox yazıçılar gecikmiş mütaliə prosesinin verdiyi kor-koranə şövqlə bu kitabları oxumağa girişdilər, misal üçün, Tolstoy oxumayan adam birbaşa "1984"ü oxudu, hətta guya ondan bəhrələnmək də istədi. İsa Hüseynovdan bixəbər adam Markeslə yükünü tutub yazıçı olmaq istədi. Ədəbiyyatı professional şəkildə bilməli olan yazıçılar bu cür korafəhmliyə yuvarlandı və oxucu da əslində bu xaotik prosesdə özünü tamamilə itirdi. Dostoyevski oxumağa "Karamazov qardaşları"ndan başlayan adamlar peyda oldu. Nə "Netoçka Nezvanova", nə "Bəyaz gecələr". Bu yerdə ölməz Üzeyir bəyin bizi başqa xalqlarla müqayisə edən fil və siçan felyetonu yada düşür. Bu yerdə yadıma bir də bizim yazıçıların indi bir elə rəğbət göstərmədiyi Cek London yada düşür, çünki o, sovet dövründə çap olunmuşdu, bəlkə də kimlərsə onu Drayzerlə yanaşı da qoyur, axı o başımıza dolu kimi səpələnən kitablardan deyildi. Bəli, həmin yazıçının, yəni Cek Londonun "Həyat eşqi" hekayəsi vardı, yoldaş Lenin də o hekayəni çox sevərdi, aclıqdan və donmaqdan möcüzə nəticəsində xilas olan adamı gəmi xilas edirdi və o, hər yerdən çörək oğurlayıb öz kayutasını çörəklə doldururdu, hətta döşəyinin içi belə, çörəklə dolu idi. İndi bizim yazıçılar, tənqidçilər və əlbəttə ki, sıravi oxucular da sanki bu kitabları əvvəl (əvvəl deyəndə müstəqillik illərini nəzərdə tuturam) əldə etmək mümkün deyilmiş kimi indi hamı bu kitablara cumublar. Məhz cumublar, elə bil "Şeir bülbülləri" hekayəsinin qəhrəmanı kimi, Yeldainin itmiş divanını tapıblar. Və bu bədii ədəbiyyatın da yanına bir də ədəbi nəzəriyyəçilik də daxil olub ki, bunun işi lap uzundur və lap qəlizdir. Bəli, Drayzerlə Tolstoyu yanaşı qoymaq, bizdə çox tez-tez təsadüf olunan ədəbi nadanlıqlardandır.

Mən başqa bir nadanlıq təzahürünü qeyd etmək istəyirəm, o da ədəbi nəzəriyyəçilik nadanlığıdır. Söhbət elə postmodernizmdən gedir, ən müasir bir nəzəriyyədən. Söz yox ki, hamı postmodern olmağa borclu deyil, elə sənət tarixinə, estetika tarixinə nəzər saldıqda görürsən ki, heç zaman heç yerdə bir nəzəriyyə dominant olmayıb, hər zaman bir-birinə zidd nəzəriyyələr bir yerdə mövcud olub, mübarizə aparıb və bir müddətdən sonra yeni bir nəzəriyyə yaranıb. Hamıya məlum olan bu həqiqəti niyə xüsusi şəkildə vurğulayıram, bu gün az qala hamı özünü postmodernist hesab edir, postmodernizm barədə nəzəri biliklər çox aşağı səviyyədədir, ən faciəvisi də odur ki, kimlərsə bu nəzəriyyə haqqında tamamilə aiddiyyatı olmayan fikirlər səsləndirir, digərləri isə nadanlıqdan doğan sadəlövhlüklə (bəlkə hiyləgərliklə) buna inanır, amma o da eşitdiyini öz ağlı ilə şərh etməyə başlayır, bununla da elə əvvəldən əldən çıxan kələf ucu düşür pişiyin qabağına, pişik də bu kələfi aparıb atır lap elə folklora, aşığa, vulqar sosioloji, hətta bəzən millətçi-şovinist ədəbiyyatın qabağına. Postmodernizm ideya müəllifləri Azərbaycana gəlsələr, yəqin ki, öz nəzəriyyələrini tanımazlar və qayıdıb deyərlər ki, bu nəsə başqa şeydir, amma dastançılığa da oxşayır. Bəlkə lap bizim əlimizdən o nəzəriyyəni də alıb gedərlər də. Niyə axı biz belə gülünc vəziyyətə düşürük? Yenə deyirəm, o xaos ucbatından, o dolu ucbatından. İndi hamı intellektual olmaq dərdinə düşüb, illərdir mən "intellektualdır, amma istedadı yoxdur" diaqnozu ilə yüz dəfələrlə qarşılaşmış bir yazıçı kimi bilmirəm bu vəziyyətə sevinim, ya kədərlənim. Hərçənd, kədərlənməli mənzərədir, çünki dəfələrlə görmüşəm ki, bir yazıçı məişət mövzusunda, misal üçün işıq pulunu ödəyə bilməyən bir adam haqqında yazdığı hekayəsini "postmodern hekayə" adlandırır. Söhbət bundan gedir ki, bu yazıçı nəinki postmodernizmin nə olduğundan, ümumiyyətlə, ədəbi cərəyanın nə olduğundan bixəbərdi. Çünki bixəbər olmasaydı, bilərdi ki, hər bir ədəbi cərəyanın özünəməxsus tematikası olur. Misal üçün, diletant indinin özünə qədər elə bilir ki, Cavid ona görə pambıqdan yazmadı ki, rejimə müxalif idi. Şəksiz, bu sosioloji səbəbin də müəyyən bir həqiqət payı var, lakin söhbət estetikadan, elə xalis ədəbi nəzəriyyədən gedirsə, o diletant bilməlidir ki, Cavid neoklassik idi, neoklassiklər də klassiklər kimi keçmiş əfsanələri, süjetləri yenidən işləyirdilər, necə ki, klassik Nizami "Leyli və Məcnun"u yenidən işləmişdisə, Cavid əfəndi də "Şeyx Sənan"a o cür yanaşmışdı. Və o diletant heç əslinə baxsan, nəyə görə Nizamini klassik adlandırdığımızı da bilmir, yəni klassizm ədəbi cərəyanın nümayəndəsi olan "klassik"lə ədəbi korifey mənasında işlətdiyimiz "klassik" sözünün fərqini də bilmir. Bax bu cürə nadanlıq var, söz azadlığının üstümüzə dolu kimi yağdırdığı ideya yağışının altında sətəlcəm olmaq var. Savad azdırsa, fundamental nəzəri biliklər yoxdursa, söz yox ki, bu ideya yağışı insanı bir yazıçı kimi öldürə də bilər. Necə ki, öldürür…

İndi hansısa diletant, ya da obıvatel burda söz azadlığının əleyhinə olduğum fikrini çıxarda bilər, kim bilir, bəlkə artıq çıxardıb da. Nə deyək, qərəzli münasibəti arqumentlərlə tərk-silah etmək mümkünsüzdür. Əslində, bunun belə olmadığını hamı bilir, çünki söz azadlığı bütün mənfi görsənişləri ilə bir yerdə ədəbiyyatımızın azadlığı üçün, insanın azadlığı üçün ən müqəddəm şərtdir. Əzəldən söz olub, söz indi də var, gələcəkdə də olacaq, amma onun ifadə problemləri, azadlıq problemi daim olub və mən inanıram ki, düşdüyümüz bu yağmurun ömrü çox uzun çəkməyəcək. Elə yeri gəlmişkən, bu məsələnin başqa bir tərəfi haqqında da danışım, mülahizələrimizi yekunlaşdıraq.

Söhbət elə məqalədə də ötəri olaraq toxunulan bir məqamdan gedir, milli ədəbi istiqaməti unudub doluya düşməkdən.

Elə "Ədəbiyyat qəzeti"ndə yazıçıların ədəbiyyat haqqında yazdığı məqalələrə baxaq, ya da onların müsahibələrini götürək, fərq etmir, dəhşətli bir nihilist mənzərə ilə qarşılaşırıq. Mirzə Cəlil faktiki olaraq Kafkaya da uduzdurulub, yazıçılarımız vəcdlə xarici ədəbiyyata meyilləniblər, kim ağzını açırsa, aşağı yeri Coysdan sitat gətirir, kafkalaşır, markesləşir. Və bir anlığa elə düşünürük ki, sanki bizim nə ədəbi irsimiz var, nə zəngin ədəbiyyat tariximiz, nə də milli ədəbiyyatımız. Bunlar heç biri yoxdur, sadəcə, üzərimizə dolu kimi yağan xarici ədəbiyyat var və bu ədəbi sətəlcəmlik prosesində biz Mirzə Cəlili də, Axundovu da, Yusif Vəziri də unutmuşuq. Artıq Azərbaycan yazıçısını Azərbaycan yazıçısı qətiyyən maraqlandırmır, Azərbaycan yazıçısı bu gün dünyaya Mirzə Cəlilin "qəm pəncərə"sindən baxmır, artıq o Sabiri "qəmli-qəmli yad" eləmir və mən bunu xalis şəkildə nihilizm adlandırıram və bu nihilizmin də əslində, Nitsşenin irəli sürdüyü "dəyərlərin yenidən dəyərləndirilməsi" prosesinə qəti aiddiyyəti də yoxdur, mən bu sözü vulqar mənada işlədirəm. Yəni, Mirzə Cəlildən danışmaq az qala, yenə o ustadın sözləri ilə deyəcəm, şəxsin savadının azlığına dəlalət edir.

60-cılar ədəbi nəsli də zənnimcə, bu qədər şiddətli olmasa belə, doluya düşmüşdü, onlar Sovet ədəbiyyatının ilk nəslinin yazıçılarından çox daha mütaliəli idilər, dünya da düzəlmişdi, azdan-çoxdan nəsə lap elə misal üçün, Kafka oxumaq imkanı vardı, normal ali məktəbdə təhsil almaq, lap yeri gələndə "Samizdat" vərəqləmək imkanları vardı. Bununla belə, 60-cılar ədəbi nəsli özünü Mirzə Cəlilə varis elan etdi. İndi onların Mirzə Cəlil irsini nə qədər davam etdirməsinin özü də mübahisələndirilə bilər, mövzumuz bu deyil. Mövzumuz budur ki, həmin o dolu şəraitində belə, 60-cılar nəsli ən azı, demonstrativ mənada özünü Mirzə Cəlilə varis elan etmişdi, eləcə də milli mövzulara, bir çox hallarda millətçiliyə meyillənmişdi (Hərçənd, Mirzə Cəlili siyasi platforması etibarı ilə heç bir vəchlə millətçi adlandırmaq olmazdı) və zənnimcə, 60-cıların uğurlarını şərtləndirən amillərdən biri də bu idi. Çox təəssüf ki, bu gün biz bu mənzərənin tamamilə əksini müşahidə edirik.

Ədəbiyyatda "inkari inkar" prinsipi bütün gücü ilə çalışır, əlbəttə, yenə də hansısa diletant mənim bu sətirlərimdən dünya ədəbiyyatına soyuq münasibət də çıxara bilər, ona görə də xüsusi olaraq vurğulamaq istəyirəm ki, öz ədəbi irsinə, xalqının yaratdığı mənəvi dəyərlərə yiyələnmədən Kafka oxumağın özü elə diletantlıqdır. Çünki elə Kafka ilə eyni dildə yazıb-yaradan Hegel də "inkari inkar"dan danışırdı və ehtirasla deyirdi ki, mədəniyyət tərcümə olunmur, məhz yaradılır!.. Sanki Hegel bu günümüzü görürmüş.

Ədəbiyyat bəşəri bir sənətdir, bu öz yerində, bu haqda mübahisə aparmaq belə yersizdir, ədəbiyyat isə zənnimcə, bəşəri olduğundan artıq dərəcədə də millidir. Markes dünyaya Kolumbiya hekayələri ilə çıxır, Mopassan isə fransız hekayələri ilə. Yazıçı digər millətə mənsub olan yazıçılardan çox şey öyrənə bilər, ancaq prinsip etibarı ilə hər bir yazıçı öz milli ədəbiyyatının davamı, o irsin daşıyıcısıdır və bu konteksdə də əlbəttə ki, yerli ədəbiyyata qarşı bu xor münasibət yolverilməzdir. Bu yanaşma milli ədəbiyyatın özünə, əlbəttə ki, heç bir ziyan vurmur, lakin bu yanaşma sahibinin həmin ədəbiyyatın faktına çevrilməsini mümkünsüz bir şeyə çevirir.

Bu məqalə üzərində işləməyə başladıqda professor Ədalət Vəliyevin "Əqidə, ruh, teatr" monoqrafiyasını yenicə bitirmişdim. Və bu qiymətli monoqrafiyanın Azərbaycan teatrının avanqardizmindən bəhs edən səhifələrdə güclü şəkildə vurğulanan bir ideya, məncə, milli ədəbiyyata saymazyana münasibət tərəfdarları əleyhinə etibarlı bir arqumentasiyadır. Həmin ideya, əslində, milli ədəbiyyata, milli irsə bağlılığı çox dəqiq ifadə edir. Belə ki, Ədalət Vəliyev avanqard teatrın görkəmli nümayəndəsi, azman rejissor Vaqif İbrahimoğlu haqqında mülahizələrində tez-tez milli şüur, milli düşüncə, milli ruh fikrini işlədir və etiraza yer qoymayacaq bir fikir irəli sürür: "İctimai şüurla milli şüuru daim bir-biriylə orqanik əlaqədədir. Milli şüur həmişə ictimai şüurdan öndədir və ictimai şüurunu, xarakterini, imperativlərinin xislətini müəyyənləşdirir". Monoqrafiyanın ruhundan doğan nəticə isə avanqard teatrın belə, hər nə qədər zahiri baxışda kənar görünsələr belə, milli şüura bağlılığı, onun qədim kodlarını yenidən çözələmək, bu ideyaları zamanın ruhunda yoğurmaq fikridir. Ancaq o zaman bu avanqard sənət statusu ala və sənət faktına çevrilə bilər. Əsl sənət özlüyündə avanqarddır, ən azı, avanqard kimi ortaya çıxıb sonra klassikaya çevrilir, bu mənada monoqrafiyanın ruhundan doğan məsələləri eyni ruhla sənətin özünə də bağlamaq mümkündür. Qısacası, avanqard olanda nə olar, kortəbiilik lap elə Bekketə münasibətdə olsa belə, yolverilməzdir, sənətin yolu isə milli düşüncəni davam etdirməkdir.

Ya da elə son illərin ən parlaq uğur qazanmış romanı olan "Yarımçıq əlyazma"nı xatırlayaq. Postmodernist təmayülün klassikasına çevrilmiş bu roman əslində xalqımızın milli ideya xəritəsinə atılan güclü bir postmodern imza idi. Müəllif postmodernizmə də, mövzuya da idxal cərəyan kimi baxmayaraq bu ideyanı milli şərait, milli düşüncə və əlbəttə ki, milli mətn konteksində yaratmışdır. Dədə Qorqud bu romanla postmodern intibah hadisəsinə çevrilmişdir. Bu misallar nə qədər az olsa belə, həm "Yuğ" teatrının, həm də Kamal Abdullanın simasında həqiqi sənətin yalnız milli düşüncə istiqamətində inkişafı barədə həqiqət çox güclü şəkildə təsdiqlənir. 

Qeydlərimi bitirməzdən qabaq yazdıqlarımı bir az da sahmana salmaq istəyirəm. Söz azadlığında ədəbiyyat yarada bilməməyimizin xalis sosioloji səbəbləri də mövcuddur. Kitab-nəşriyyat sisteminin işləməməsi, ölkədə kitab bazarının yoxluğu kimi səbəbləri barədə az qala hər gün dövri mətbuatda oxuyuruq, bunları yenidən yazmağın çox da böyük əhəmiyyəti yoxdur. Zənnimcə, ən mühüm problem üstümüzə dolu kimi yağan tərcümələrdir, bu tərcümələrin yaratdığı mədəni mühit oxucuların da fikrini qarışdırıb, yazıçı və tənqidçilərin də. Bu mənada, əslində, hamımız bu doludan çıxmalıyıq və diqqətimizi öz ədəbiyyatımıza verməliyik, xarici ədəbiyyat qarşısında duyduğumuz dərin heyrət hissini adlayaraq onu dərk etməyə çalışmalıyıq. Bir də, əlbəttə ki, diqqətimizi klassik ədəbiyyatımıza, klassik nəsrimizə yönəltməliyik, o klassikləri bu günün işığında, XXI əsrin işığında, zamanın ruhunda yenidən oxumalıyıq ki, o irsi layiqincə davam etdirək, o dəyərləri yenidən dəyərləndirək və ədəbiyyatımızın o sınıq xəttini, o sınıq körpüsünü, Sovet illərində Qlavlit və NKVD-nin qırdığı o varislik əlaqəsini bərpa etməyi bacaraq. Bunun üçün də bizə şüurlu idrak gərəkdir, özümlü hisslər gərəkdir və qaynar ürək gərəkdir. Məhz bu idrak prosesindən sonra biz ayağa qalxa və müstəqilliyimizin yaratdığı söz azadlığı mühitindən parlaq şəkildə istifadə edə bilərik. Və yazının əvvəlində də söz azadlığının olub sözün yoxa çıxdığı barədə qoyduğum kəskin diaqnozun terapiyasını da mən burda görürəm.