Sim-sim.az

Semih Gümüş – Dilin siyasi ölçüsü

semih-gumus-can-yayinlari-tolga-meric-egoist-okur

Semih Gümüş 1956-cı ildə Ankarada anadan olub. 1981-ci ildə “Ankara Universiteti” Siyasi Bilgilər Fakultəsini bitirib. 1981-1985-ci illər arasında “Yarın” dərgisinin, 1995-2005-ci illər arasında isə “Adam öykü” dərgisinin baş redaktoru olub. 2006-cı ildən “Notos” adlı jurnalın təsisçisi və baş redaktorudur. Çoxsaylı ədəbiyyatşünaslıq və tənqid kitablarının müəllifi Semih Gümüş hazırda Türkiyənin yaşayan ən böyük tənqidçilərindən biri hesab olunur.

 

İctimai həyatı ancaq bir ölkənin sərhədlərinə görə müəyyənləşdirən konsepsiya, bizdən kənardakı  a priori  varlığı ilə xatırlanan siyasətin qəliblərini o saat qabağımıza atır, canımıza yeridir. Siyasət bizdən kənarda olan və çoxdan qazanılmış səlahiyyətdir, özünü ancaq özü ilə tamamlayıb yerini bərkidən bir dünyadır. Əlbəttə, siyasəti gündəlik mənasından fərqli şəkildə qavramağa çalışmaq da vacib görünə bilər, amma “bu lazımdırmı?” – açıq sualdır. Əlbəttə ki, siyasət də özünü dil vasitəsilə təqdim və ifadə edir. Bunu görüntüylə edə bilərdimi? Bəlkə də müəyyən qədər edə bilərdi, amma dil ilə qazandığı gücün yarısına belə sahib ola bilməzdi.

O dil – həm siyasətin dili, həm də siyasi dildir. Bu iki səviyyənin ikisini də açıqlamaq lazımdır ki, siyasət ilə dilin necə çulğalaşdığını anlayaq. Siyasət yeni mədəniyyət yaratmağa çalışmadığı, ya da kütləvi mədəniyyətin yaradıcısı olduğu üçün dilə özünəməxsus bir keyfiyyət qazandırmağa çalışmır. O, həmişə verilənə razıdır. Həmişə gündəlik dildən istifadə edir – əlbəttə, pis məqsədlə – və məqsədi üzünü cəmiyyətə tutmaq olduğu üçün, qeydsiz-şərtsiz gündəlik nitqin sərhədləri içində qalmağı seçir. Daim özünü fürsətçiliklə büruzə verir.

Siyasi dil isə bütövlükdə ictimai olub, yararlılığa, səhvlə düzü ayırd etməyə şərtləndiyi üçün adı ciddi mədəniyyətlə birgə çəkilmir. Yeri gəlmişkən, ciddi mədəniyyət – onun ən vacib parçası olan ədəbiyyat və sənət, siyasi dil azarkeşləri tərəfindən sürəkli şəkildə elə ədəbiyyatın və sənətin öz içindən zərbə alır, yaralanır. Bu, emosional yara deyil. Dil – həm siyasi ədəbiyyatı insanlara (o həmişə “cəmiyyətə” – deyir) yararlı olmaq, onlara siyasi həqiqətləri çatdırmaq üçün istifadə edən yazıçılar tərəfindən, həm də ədəbiyyata düşüncə qatında müdaxilənin ipini kəsənlər vasitəsilə siyasiləşdirilir.

Bizim ədəbiyyatımızda 1980-ci illərdən, xüsusilə də 1970-ci illərdən əvvəlki nəsillərin ədəbi mübahisələrinə baxılsa, ədəbi dilin nə qədər siyasi dil olduğu görüləcək. Ədəbiyyat öz fikirlərini mütləq mənada düzgün, əks tərəfin fikirlərini mütləq mənada səhv hesab edən dözümsüzlük içində müzakirə olunarmı? Xeyli müddət belə olub. Həm polemikalar açıldı, həm də – başqa cür bacarmırdılar deyə – polemikalar siyasi dillə aparıldı.

Ədəbi mübahisəni siyasi dillə, polemik formada etmək, qarşı tərəfi bəri başdan özgələşdirməkdir.  Əlbəttə ki, yazıçının yazdıqlarını nəzərdə tuturam. Deməli, o yazılanlar ədəbiyyatdankənar və anti-ədəbiyyatdır ki, əks arqumentlər ədəbi dillə yox, siyasi dillə çıxdaş olunur. Mənasız deyil? Elə bil, ictimai həyatda əvvəllər etdiklərinizi müəyyən mənada heçə sayır, ən azından içində olduğunuz ədəbi dünyadan özünüzü çıxdaş edirsiniz. Beləliklə, tənqidçi mətndə birbaşa deyilənlərdən başqa, deyilməyənləri də çözüb çıxartmaq əvəzinə, analiz etdiyi mətni səhvdüz tipində hökmlərlə dəyərləndirib, təsbit etdiyi düzləri səhvləri sifətlərlə bəzənmiş şəkildəmi ifadə etməlidir? Bədii mətni “pis, bərbad” kimi sözlərlə ifadə edən tənqidçinin istifadə etdiyi dil  ancaq və ancaq mənanı öldürməklə məşğuldur, yeri gəlmişkən, belə olanda tənqid də ölməyə başlayır. Tənqid etdiyi mətni yaşarı konsepsiyalarla başa düşməyən, ya da seçib-tapdıqlarını konseptuallaşdıra bilməyən tənqid, istər-istəməz qəti hökmlər verməyə, mətndən çıxıb müəllifə yönəlməyə başlayır.

İtalo Kalvino yazır: “Bildiyim çoxsaylı hadisələrə əsasən bir nəticəyə gələsi olsam, deməliyəm ki, bu gün dözümsüzlük özünü əks-arqumetləri heçə sayan konkret bir diskursun zorla yeridilməsi şəklində yox, öz daxilində diskursun lağlağıya çevrilməsi şəklində göstərir.” Bir xeyli ədəbi mühabisənin eyni məntiqlə aparıldığını deyə bilərikmi?  Bilirik ki, köhnə nəsillərin mübahisələrinin xeyli hissəsi bu səviyyədə polemikalar olub. 1950-cı illər ədəbi nəslinə və İkinci yeni şeirinə yönəlmiş tənqidlərin dili öz formasını siyasi dildən götürmüşdü, əslində isə bu iki cərəyanın da gətirdiyi diskursu yox etməklə məşğul idi. Tərəf-müqabilini heçə sayan tənqid, dolayı yolla özü də bir diskurs yaratmaq ehtiyacı hiss etmirdi. İkinci Yeni şeirimizə, 1950-ci illər nəsli hekayəçiliyimizə nə gətirmişdi, bunları anlayıb çözmək əvəzinə, bütünlüklə boş sayılırdılar deyə, bədii mənada da heçləşdirilmiş olurdular.

Siyasi dil içində aparılan mübahisələr ədəbiyyatı ədəbiyyat edən mənaları dəyərsizləşdirir. Qaldı ki, ədəbi mübahisələrin qarşılıqlı şəkildə uzanması getməsi də mənasızdır. Ən nəhayətində, nolub axı, əks tərəf sizin düşüncənizə qarşı öz düşüncəsini önə sürüb, vəssalam, bu qədər. Mübahisənin uzanması o deməkdir ki, əks tərəfi zorla öz düşüncənə gətirmək istəyirsən. Kalvino buna “dünyanın cəsədləşməsi” deyir. Niyə? Çünki fərqli fikrə dözümsüz yanaşan, hamını özü kimi olmağa, eyni cür olmağa məcbur edən adam “düşüncənin ölümünü” təklif etməkdədir.

Attila İlhan həmişə polemikalarda sərt sözlərdən istifadə edib. Yazdığı polemik yazıların çoxu ədəbiyyatı siyasi dillə müzakirə etməyin örnəkləridir. Məsələn, “Qərib” hərəkatına olan münasibətini belə ifadə edir: “Dönüb arxamıza baxxanda, “Qərib” hərəkatının şeirimizdəki “təxribatını” daha  açıq görürük. (…) ölkəmizdə yumor necə hərlənib-fırlanıb “lağlağı” həddinə gəlibsə; şeir də elə, ya söz oyunu, ya lağlağı səviyyəsində yanıltmac, ya da söz təlxəkliyi səviyyəsinə düşüb; bunda əlbəttə ki, “Qəribçi”lərin günahı çoxdur! Heyf oldu türk poeziyasına!”

“Qərib” hərəkatının türk poeziyasının modernləşməsinə qatdıqları sonradan daha yaxşı aydınlaşdı, amma Attila İlhanın “Qərib” şeirinə dərs vermək üçün istifadə etdiyi bu dil, formasını bədii ədəbiyyatdan yox, siyasi dildən götürərək daha təsirli olmağa cəhd etməyin bir örnəyidir ki, buna oxşar şeylər o nəslin mübahisələrində çox olub.

Brext Coysun “Uliss” romanı ilə bağlı bəzi tənqidi fikirlər haqqında danışarkən deyir ki, Tolstoy bu romanı başqa cür yazardı deyərək Coysu tənqid etmək səhvdir. Lukaçın modernistləri dəyərsizləşdirərkən tənqidi realizmi qabardan siyasi dili ona səbəb oldu ki, hər cür novatorluq eyni zamanda etik problem kimi dilə gətirilsin. Hardadı ədəbiyyat, hardadı ondan kənardakı etik dəyərlər ? Ana axından kənara çıxan konsepsiyaları aşırılıq kimi görməyə başlasanız, onlara qarşı istifadə etdiyiniz dil də istər-istəməz inkarçı olur. Lukaç da belə etmişdi.

Siyasi dil qurmaca mətnlər içində də özünü göstərir. Həbsxana ədəbiyyatının özünüifadə forması çox vaxt sərt olur. Kənd ədəbiyyatının, xüsusilə 1970-ci illərin əvvəlində və sonrasındakı siyasi atmosferdə istifadə etdiyi dil də eyni taleyi yaşadı. Fakir Baykurtun “Tırpan” romanı sərt mesajına görə oxundu, yazıçının məqsədi də bu idi. Sosrealist ədəbiyyatın funksionallığı qabardan özəlliyini də bu konktekstdə dəyərləndirmək olar. Gəl gör ki, siyasi dilin qurmaca içindəki varlığı ötəridir. Bu romanlar bəzən effektiv olsalar da, həm effektivlikləri uzun çəkməyib, həm də bu gün əhəmiyyətsiz görünürlər. Əsas problem tənqidi dilin siyasiləşməsidir ki, ənənəvi anlayışdan kənara çıxan yenilikçi cəhdlər həmişə bu dilin sərtliyi ilə üzbəüz qalacaqlar.

Təbiəti etibarilə siyasi dil mücərrədi və mücərrədləşdirməni sevmir, ona görə də narahat olur. İstəyir ki, birbaşa nəyi deyirsə, o da başa düşülsün. Dərd çəkməsin. Kürsülərdə siyasətçilərin dedikləri açıq və konkret olur; ədəbiyyatçının tərəf müqabilinə siyasi dillə dedikləri də belədir. Fəqət burda bir-birilə yan-yana gəlməyəcək iki səviyyə var: siyasətçinin açıqlığı və konkretliyi dediklərini birəbir əks etdirərkən, ədəbiyyatçının açıqlığı və konkretliyi ədəbi mənaları gizlətməyə yarayır. Mücərrəd olan ədəbiyyatın ehtiva etdiyi mənaları mücərrədləşdirmələrlə ifadə edir; yalnız konkret dillə birbaşa mənalar ifadə oluna bilər.

Bart yazır: “Ədəbiyyat öz varlığını texnikasına borcludur, başqa heç nəyə.” O, bu sözü Kafkadan borc götürüb. Bu, bu gün ağlı başında olan hər bir yaradıcı müəllifin bölüşdüyü fikirdi. Deməli ədəbi mətni oxumaq üçün – təbii ki, sujetinə, təhkiyəsinin başqa maraqlı tərəflərinə də baxılır – ən birincisi dili olmaq şərtiylə, texniki xüsusiyyətlərini diqqətdə saxlamaq lazımdır. Bunlar olmadan keyfiyyətli mütaliə və analiz mümkün deyil. Beləliklə, üzünü mətnin məzmununa və müəllifinə tutan siyasi dilin ədəbiyyatın başa düşülməsinə dəxli yoxdur. Ya da ədəbiyyatın bədii mətnin dilini və texnikasını oxuma forması, siyasi dilin içindəki bütün oxuma formalarını istisna edir.

May, 2012

Tərcümə: Qismət