Sim-sim.az

Tək başına adam – Rüstəm Behrudi

rustemesas

Kamal Abdullaya

 

Qardaşım Kamal! 

Bu gün sənin doğum günündür. Çox sevdiyim alman şairi Hölderlin deyirdi ki, ilahi olana özləri ilahi olanlar inanar. Sən hər nəsnədə ilahi, tanrısal olan şeylər arayan adamsan. Və ona görə də, sənin doğum günündə səni anladacaq bir şeylər demək istədim.

Təkbaşına sevinməyi bacaran adam bütün asılı olduğu şeylərdən ucada dayanan adamdı. Çünki təkbaşına adamın heç kimdən heç nə almağa ehtiyacı yoxdu və heç bir şey istəmədən hər şeyi başqalarına bağışlaya bilir. O çoxluğun, qələbəliyin içində yaşaya bilər, ancaq, çoxluq və qələbəlik onun içində olmayacaqdır.

Elə sənin kimi!

I

Sükut pozulmadan

Əzizim Kamal!
 
Səninlə nə vaxt tanış olduğumu unutmuşam. Və bu tarixi unutduğumdan mənə elə gəlir ki, səni bu dünyaya gəldiyim gündən tanıyıram.

Mən üstünə kədər və hüzn çökmüş hər şeyi sevdim. Hərdən mənə elə gəlir ki, hüzn və kədər tanrı önündə tövbəsi qəbul olunmayan bəndənin peşmançılıq hissindən doğur. Sonralar, lap sonralar anladım ki, kədər tənhalığın, yalnızlığın dost-doğmaca balasıdı.

Səni tanıyandan ədəbiyyatın əbədiyyət sözü ilə eyni kökdən yarandığının fərqindəyəm. Səni mənə doğmalaşdıran nə əsərlərin möhtəşəmliyi  və mükəməlliyi, nə də sirli olmağıdı. Əsas məsələ sənin başqalarından fərqli düşünməyində və heç kimin bilmədiyi bir şeyləri bilməyindədi.

Gecələr göy üzünün ulduzlarla dolu olmasının tək nədəni göy üzünün gözəl görsənməsi olduğu kimi, bizim yazmağımızın da tək nədəni sözü aldığımız ucalıqdan elə o ucalığa qaldırmaqdı.

İsa "İncil"də deyir ki, "Başlanğıcda kəlam (söz) var idi: Kəlam Allahın nəznində idi və Kəlam (söz) Allah idi".
Ancaq mənə elə gəlir ki, sözdən əvvəl də bu dünyada Yalnızlıq, Tənhalıq və Süküt adında bir şeylər var idi. 
Və günlərin bir günü Tanrı bu Tənhalığı, Yalnızlığı, sükutu dilləndirmək istədi. Vaxt, zaman gəldi -Yalnızlığı, Tənhalığı,sükutu sözə daşımaq zamanı.

Mənə elə gəlir ki, böyük ədəbiyyat sükutu sözə daşımaqdı. Ancaq elə daşımaqdı ki, sükut pozulmamış olsun. Elə sənin kimi.

Əzizim Kamal! Sən sükut pozulmadan sükutu sözə daşıyan adamsan!

Şairlik məncə bütün həyatın boyu özünəbənzər bir adam axtarmaqdı və sonunda onu tapmamaqdı. Bizə, axtaran, tapar söylədilər. Ancaq mən axtarıb tapdığını iddia eləyənlərə yox, axtarmadan tapanlara inandım. 
Sən heç onu tapmadın ki, itirəsən. Bu sənin xoşbəxtliyindi. İkicə  misralarla doğmasan mənə: 

Kimsə yox xatırlamağa
Unutmağa da kimsə yox.

II

Allaha ən kəsə yol

İnsanın yaratdığı şey ondan güclü ola bilməz. Və bir də məzara qoyulan baş daşı məzardakının başına gələnləri anlatdığı kimi, sənin yazdıqların da sənin başına gələnləri anladır. Sən yazdıqlarınsan, ondan uzaqda deyilsən ki!

Yazdıqların da sənin kimi tam, mükəmməl və bütündür. Mükəmməl və bütündə parçaların sahib olmadığı və ola bilmədiyi bir şeylər var. Və o şeyin nə olduğun sən bilirsən.

Dindarlar özlərini təmizləmək əvəzinə qısa yol axtarıb, Məkkədə Kəbəni, Qüdsdə "ağlayan divarları", Paqodada (buddist məbəd) Buddanı yaratdılar.

Bu da cavabdehlik və məsuliyyətdən, sonda Allahdan qaçmağın özgə bir yoludu.

Sənin yolun bu yol deyil. Məhəmmədlə Kəbənin, Musa ilə "ağlayan divarların", məbədlə Buddanın bağlılığının görüntü olduğunu bildiyindən, sənin Allaha yolunun qısa olduğunu gördüm. Allaha ən kəsə olan yol sənin yolundur. 

Bu yolun üstünə oxuduğun duada qorxu yoxdur. Çünki qorxu ilə oxunan dua saxtadır. Sən hər şeyə söz-söz, kəlmə-kəlmə, sevgi ilə toxunmağı bacaran adamsan. Sevmək tanrını tapmağın ən asan yoludur. Sən o yolu bilirsən. Elə bildiyin üçün də hər yeni əsərində  getdikcə daha çox  artır yalnızlığın.

Əzizim, Kamal! Göy üzündə nə axtarırsan? Tanrı orda yoxdu ki!

Tanrının göy üzündə olmadığını bilə-bilə göy üzünə üz tutub "Tanrım, ona kömək ol ki, məni unutsun" deyən şair dəlidir.

Və mən dəliliyin, dəlilərin tərəfindəyəm.

III

Seçilmiş adamın kədəri

"Unutmağa kimsə yox" deyən adam dünyanın ən tənha adamı olsun gərək. "Kimsə yoxdu" demək hələ tək olmaq deyil. "Kimsə yoxdu" da ümid var hələ,hələ canatma var. Kiminsə olacağına ümid ölməyib hələ: Ancaq "Kədərli nəğmələr" in adamı "unutmağa kimsə yoxdu" deyir. Bu artıq sonu başlanğıcıdı:

Yollar getdi üzü dağa
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.

"Kimsə yox xatırlamağa" tənhalıq arzusudu. "Unutmağa kimsə yox" artıq tənhalıqdı, tənha olmaqdı.
Əzizim Kamal! Tənhalıqdan  yana bazar yerinin başlandığını bilən adam.
Tənhalığın boşluq olmadığını bilən, qardaşım!

Sən tənhalıqda ölüm qorxusunun olmadığını bilirsən və mütləqa bilməlisən. Bilməsəydin bu kədərli duyğuları sözün işığına nə cür çıxara bilərdin, nə cür sakitcə pıçıldaya bilərdin ki:

Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
Dərdini danışmağa.

Üzüm üzünə dəydi,
Gözüm gözünə dəydi.
Mənim dərdim nəydi,
Onun dərdi yanında.

"Silinməyən göz yaşları"nın kədəridi üfüq. Üfüqün kədərini duyan adamın kədəri üfüqün kədərindən böyükdü Kamal! Çünki sən deyə bilərsən ki:

Mənə deyən gərək, nə olub axı,
Nə qabalıyırsan, söylə nə xəbər.
Sən çətin taparsan axtardığını
Sənin axtardığını itirməyiblər.

Əzizim Kamal! "Kədərli seçmələr" incə kədərin belə sirr içindədi. Kədərin tənhalıqdan doğub, tənhalığın hardandı? Sirlidi hər şey. Sirli olduğu qədər də gözəldi:

Arzuların dil açar, yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın olmağına nə var ki,
Bircə dənə "olmayacaq" ver bizə.

Ən gözəli və qəribəsi odur ki, sən yetişən narın sevincinin yox, nar yetişsin deyə solan nar çiçəklərinin adamısan.

Soldu nar çiçəkləri
İndi nar yetişəcək.

Bu xoşbəxt sonluğun sevinci yox, kədəri yaşıyır, sənin kədərli nəğmələrində.

Səni oxuyuram, Kamal! Hüznlü, sirli, kədərlidi hər şey:

Düz yollar haracan uzanasıdı?
Tutmayacaqlar ki, düzü dünyanı.
Gec ya tez bu çevrə qapanasıdı,
Sonu çatacaqdır komediyanın.

Bu dünyada heç kim heç kimin deyil. Bu dünyada adamın kədərindən başqa heç nəyi özünün deyil. Sən özünün çox şeyi olan adamsan, Kamal!

Sevdiklərimiz deyil, bizi sevənlər bizimdi. Olmayan olandan, gedən qalandan daha xoşbəxtdi, Kamal! Çünki olmayan olmağa, gedən dönməyə can atar həmişə. Sən olanların yox, olmayıb, nə vaxtsa olacaqların, qalanların yox, gedib nə vaxtsa dönənlərin şairisən. Sənin kədərli misralarının ahından allaha yol görsənir. 

Ahdan Allaha olan yol yolların ən gözəlidi Kamal!

Mən danışmıram, misraların pıçıldayır: Bütöv ömrünü aynalara xərcləyən qız kimidi sevən kişi. Sonunda nə qazanar ayrılıqdan başqa. Sənin peşmançılığın da sirlidi:

… Bu dənizin sularını
Balıqlardan başqa
içən olmadı.

Kosmos Xaosun içindən çıxan kimi, biz də, bu dünya da, bu kainat da yoxun içindən çıxıb bəlkə. Bəlkə ona görə qorxa-qorxa yazmısan ki:

Daimi bir qorxudayıq,
Alınıbdı nəfəsimiz-
Bəlkə sənin yuxundayıq,
Allah, sənin yuxunuq biz.

Mübahisə eləmək mümkündü. Ancaq bundan artığını, sirlisini və kədər qarışıq qorxu içində olanını demək çətindi.

Əzizim Kamal! Allahı yuxusundan oyatmaqdan gözəl nə var dünyada.

Kədərli seçmələrin, seçilmiş adamın kədərindən və ahından Allaha yol görsənir, Kamal!

IV

Tək başına olmaq

Günlərin bir günündə S. Rüstəmxanlı, R. Rövşən və bir də mən sənin Nardarandakı bağında qonaq idik. Səni elə həmin gün mən yenidən tanıdım. Sən demə, sən hamının tanıdığı məşhur yazıçı, akademik, rektor Kamal Abdulladan tamam fərqli bir adammışsan həm də. 

Necə ki, tanrı alıb verdiyimiz nəfəsdə – alıb verdiyimiz nəfəsin içindəki nəfəsdədir, sən də K. Abdulla adlı bir imzanın içindəki sirr içində sirsən.

Bağına, evinə, otaqlarına, pəncərələrinə hopan tənhalıq və yalnızlıq deyil, təkliyin ağrıtdı məni. Sən tənha və yalnız olan adamdan daha çox təkbaşına yaşayan bir adamsan.

Təkbaşına olmaq ağır bir şeydi Kamal! Təkbaşına olmaq yalnızlıq deyil. Yalnızlıq təkbaşına ola bilməyən adamın həmdərd axtarma çabası, anlaşılmamaq iztirabıdır. Sənin təkliyin həmdərd axtarmaq çabasından, anlaşılmamaq iztirabından ucada dayanan bir azadlıqdı – hər kəsdən və hər şeydən ucada dayanan bir azadlıq.

Sənin yanında illərlə cavabın axtardığım bir suala cavab tapdım. Dindarların "sonunda tanrıya qovuşacağıq" fikri gülməli gəldi mənə. Biz tanrıdan nə vaxt aralı durduq ki?

İsanı sevdikləri çarmıxa çəkmişdi. İsa çarmıxdan endirildiyində biri fahişə olmaqla üç qadından başqa heç kim gözləmirdi onu. Həvarilər qaçıb aradan çıxmışdılar. Sənin təkliyin bunları bildiyindəndir.

İsa Musanın, çarmıx İsanın, Quran da Məhəmmədin tənhalığıdır. Sənin yazdıqların da sənin tənhalığındır.

TƏK BAŞINA ADAM

Qardaşım Kamal! 
 Təkbaşınasan təkbaşına… 
Təkbaşına adam 
Adamdan daha çox oxşayır 
Məzarlıqda çopur bir baş daşına. 
Olsun!  Qorxma! 
Başını ilahi olanın ayaqlarına qoy, 
Nə qədər ki, vaxt var. 
Görəcəksən, aydınlanır bütün qaranlıqlar.
Onda gözlərini ay işığı ilə yu,
Saçlarını rüzgarla dara; 
Sonra aç pəncərəni, aç ayrılıqlara…
Aç qoxmadan!
Gözlərini yum, pəncərəni aç.

Görəcəksən nə qorxu, nə yalan var. 
Gözlərini  qapa və düşün: 
Əbədiyyət yoxdu…
Ondan qoparılmış 
                         bir yarpaq,
                         bir ləçək,
                         bir an var. 
Yum gözlərini,
Qorxmadan aç pəncərəni və bax;
Görəcəksən nə qədər gözəldi
Sükut pozulmadan sükutu sözə daşımaq.
Və görəcəksən nə qədər gözəldi
gülləni qan axmadan çıxarmaq yaradan.
Təkbaşınasan, Kamal, təkbaşına…
Yum gözlərini, aç pəncərəni;
aç və sorma nə isə.
Görəcəksən sükut içindədi Kəbə,
Sükut içindədi Qüdsdə ağlayan divarlar.
Görəcəksən yenə səhrada 
               təkbaşına yürüyür İsa.
Yum gözlərini, aç pəncərəni sonra, nə isə…
Təkbaşınasan, Kamal, təkbaşına…
Çoxdan ölüb aramızdakı Şeytan;
Qorxma! Sükutun səsini yaşa.
Sükutun içində günəşin, ayın, ulduzların,
Rüzgarın və yağmurun keyfini çıxar, 
nəşəsini yaşa.
Qardaşım Kamal! Təkbaşına olmaq 
yalnızlıq deyil; 
Təklik sükutun səsidi.
Yalnızlığı boş ver, 
Yalnızlıq təkbaşına yaşaya bilməməyin 
hüzuru, nəşəsidi.
Kim nə deyir, desin 
Ağacdan yarpaq gözəldi, ləçək çiçəkdən,
an əbədiyyətdən gözəldi,
Göy üzündən boşluqdan da yer.
Anı yaşa, əbədiyyəti boş ver.
Qoy hər şey anın olsun.
Allaha ən kəsə yol sevgidi
Sev, qoy o sənin Tövratın, İncilin 
                                    Quranın olsun.
Təkbaşına adam! 
Yum gözlərini, aç pəncərəni və bax; 
Görəcəksən nə qədər gözəldi
Sükut pozulmadan sükutu sözə daşımaq.