Sim-sim.az

Tənqidi düşüncə üçün yeddi alət

dennett2-800x450

1942-ci ildə Amerikada doğulan Daniel Klement Dennet çağdaş fəlsəfənin vacib simalarından biridir. Vitgenşteynin tələbəsi olan Dennet “Makinanın ruhu” ideyası ilə məşhur Jilbert Raylın davamçısıdır. Psixologiya fəlsəfəsi, beyin fəlsəfəsi, süni intellekt, elmin fəlsəfəsi, koqnitivistika, təkamül nəzəriyyəsi, din, etika haqqında yazdıqları ilə tanınır.

Daniel Dennet “Qardiyan”da yazdığı bir məqaladə “İntuisiya nasosları və Düşünmək üçün digər alətlər” adlı kitabında düşünməklə, tənqidi düşüncə ilə bağlı yazdıqlarından yeddi yolu, ya da yeddi aləti maddələr şəklində təqdim edib. 

 

Sim-sim.az tənqidi düşüncə üçün lazım olan həmin yeddi alətin icmalını təqdim edir.

 

  1. SƏHVLƏRİNİZDƏN FAYDALANIN

Dennetin istifadə etdiyi birinci alət qatı intellektual dürüstlükdən xəbər verir, özünü tədqiq etmək, özünə hökm oxumaq və səhvi boynuna almaq. Bunu tipik şəkildə belə ifadə edir: “Bir səhv edəndə dərindən nəfəs alıb dişlərinizi qıcamağı, öz xəta yaddaşınızı möhkəmcə yoxlamağı və onu mümkün  qədər sentimentallıq uzaq, tərəfsiz şəkildə analiz etməyi öyrənməlisiniz.

  1. RƏQİBİNİZƏ HÖRMƏT EDİN

Adətən “xoşməramlı”, ya da “comərd” mütaliə adıyla tanınan ikinci bənd ritorik olduğu qədər həm də məntiqi bir alətdir, çünki razı salmağın mahiyyətində insanların sizə aktiv şəkildə qulaq asmağı da var. Əgər həddindən artıq  vasvası, çoxbilmiş, bədniyyət, tələskən, ya da ədalətsizsinizsə, insanlar sizə qulaq asmayacaq. Dennetin sözləri ilə desək: “Hədəfiniz ortaya atdığınız tənqidi fikri qəbul etməyə açıq tamaşaçı kütləsidir: onların etdiyi kimi, siz də onların mövqeyini anladığınızı göstərib, sağlam düşüncəli davrandınız…”

  1. “ƏLBƏTTƏ” SİQNALI

“Siqnal” səs-küylü – maşın siqnalı kimi – elektronik bir fitdir, təcili xəbərdarlıqdır. Bu bənddə Dennet bizdən bunu istəyir: Mübahisəli bir essenin müəllifi oxucunun tezcə həmfikir olub öz yoluna davam edəcəyi ümidiylə yetərli səbəb, ya da sübut gətirmədən “lazımi formada sınanmış bir “aşkarlığa” müraciət edəndə, “əlbəttə” sözünə ritorik bir xəbərdarlıq kimi baxın. Dennet deyir ki, vəziyyət həmişə belə olmasa da, bu söz çox vaxt arqumentdəki zəif nöqtədən xəbər verir, çünki müəllif , ya da oxucu həqiqətdən “əmin” ola bilsəydi, “əlbəttə”, “təbii ki” və s. kimi sözlərdən istifadə etməyə ehtiyac qalmayacaqdı.

  1. RİTORİK SUALLARA CAVAB VERİN

“Əlbəttə” sözünün istifadəsi kimi, ritorik bir sual da düşünməyin yerinə keçə bilər. Ritorik suallar  “cavab o qədər aydındır ki, cavablayası olsam,  işə düşərik” məntiqinə söykənir, amma Dennet deyir ki, cavab vermək lazımdır. Fikrini “Peanuts” adlı cizgi filmiylə əyaniləşdirir: “Çarli Broun ritorikaya sığınıb belə bir sual vermişdi: “Kim deyər, burda səhv, ya da düz hansıdır?” və Lusi növbəri kadrda cavab verir: “Mən cavab verəcəm.” Lusinin “əlbəttə”li cavabı Çarlini hazırlıqsız yerdə tutur. Əgər o həqiqi fəlsəfi mübahisəyə girişsəydi, onda öz ehtimallarını təzədən analiz etməyə, sınamağa məcbur olacaqdı.

  1. OKHAM ÜLGÜCÜNDƏN YARARLANIN

XIV əsrdə yaşamış ingilis filosofu Okkamlı Vilyam əvvəllər “lex parsimonious”, yəni “tutarlılıq qanunu” adıyla tanınan prinsipin atası sayılır. Dennet mövzunu belə icmallaşdırır: “Fikir açıqdır: əgər əlinizdə faktı eyni ölçüdə izah etməyə əlverişli, (daha az komponentdən, daha az nəsnədən ibarət) sadə bir teoriya varsa, gedib daha qarışığını, şişirdilmişini uydurmayın.”

Tərcüməçi qeydi. Non sunt multiplicanda entia necessitatem. “Nəsnələrin sayı (varlıqları, ya da prinsipləri) məcbur qalmadıqca çoxaldılmamalıdır.” – mənasına gələn bu cümlə Okkamlı Vilyamın yığcamlıq prinsipidir. (principe de parcimonei) Bu prinsip məsləhət görür ki, fakları ən sadə formada açıqlayaq. “Hər şeyin bir-birinə bərabər olduğu vəziyyətdə ən sadə açıqlama həqiqətə ən uyğun olandır”,  ya da “Bir problemin iki ayrı teorik çözümü varsa, bunlardan daha sadə olanı seçmək lazımdır” şəklində də ifadə oluna bilər. 

  1. VAXTINIZI CƏFƏNGİYYATA XƏRCLƏMƏYİ

Dennet icmallaşdırığı hissədə özünə məxsus, xarakterik sərtliyini göstərir və altıncı bənddə hər şeyin az qala 90 faizinin zibil olduğunu iddia edən “Starcon qanunu”nu izah edir. “90 faiz” sözünün şişirdilmiş olduğu ilə razılaşsa da, əsas məsələ budur: “Vaxtınızı ideoloji tənqid adına belə olsa, ya da xüsusilə bunu üçün hər hansı  yaxşı, yararlı bir tərəfi olmayan arqumentlərlə xərcləməyinizin mənası yoxdur.”

Tərcüməçi qeydi.  Starcon qanunu amerikalı məşhur elmi-fantastik kitablar müəllifi Teodor Starconun istinad edilən iki fərqli frazadır. Birincisi, “Hər şey həmişə mütləq o cür deyil.” (Nothing is always absolutely so) Daha məşhur olan ikinci ifadə belədir: “Hər şeyin yüzdə doxsanı zir-zibildir.”

  1. DƏRİNLİK GÖRÜNTÜSÜNƏ QARŞI AYIQ-SAYIQ OLUN

Dennet son bəndi sevimli terminlərindən olan “dərinlik görüntüsü”nə ayırır. Bu termini komputer mütəxəssisi  Jozef Veyzenbaumdan götürüb. Bu termin “deepity”, yəni dərinlik görüntüsü  – “həm doğru, həm vacib – həm də dərinmiş kimi – görünən, amma əslində bu effekti qeyri-müəyyənliyi sayəsində yaratmağı ifadə edir.”

Dennetin buradakı nə olur-olsun açıqlıq tələbi oxucuları iki yerə bölüb. Bəziləri onun konkretlik tələbi heyranedici analitik bir etika kimi görür, bəziləri isə metafiziklərin, mistiklərin, teoloqların, qitə fəlsəfəsiylə məşğul olanların, post-modern filosofların və hətta şairlərin dilinə qarşı ədalətsiz bir hücum kimi qiymətləndirirlər.

Tərcümə etdi: Qismət