Sim-sim.az

“Sovet kabusları” – “İnsan mənzərələri” Fotorubrikasında

  İlk dəfə 2005-ci ildə tərk edilmiş bir binaya ayaq basan Rebekka Batori o gündən bu yana bütün dünyanı gəzərək müxtəlif ünvanlarda yerləşən, unudulmuş, xaraba qalmış yerləri lentə alır. Batorinin son layihəsi SSRİ-də və keçmiş sosialist ölkələrdə yerləşən tərk edilmiş binaların şəkillərindən ibarət “Sovet Kabusları” kolleksiyasıdı.

Rebekka Batori: “Məqsədim tarixə qarışmamışdan öncəki SSRİ-nin çöküş izlərini obyektivə almaq idi. Keçmiş SSRİ güclü bir imperiya idi, amma kommunizmin süqutuyla işlək binalar tərk edildi, səssizləşdi və belə demək mümkünsə, unudulmuş zamanın dağılan skeletlərinə çevrildi. Bir vaxtlar buralarda yaşamış, işləmiş insanlar üçün bu yerlərin unudulmaz xatirələri var bəlkə də…”

   Batorinin şəkilləri ilk baxışdan kabuslar tərəfindən zəbt edilmiş binaları əks etdirir və sona qədər müşahidə etdikdə zülmətləşən mənzərələr tükləri biz-biz edir.

   Şəkillərin əksəriyyətində insanların birdən-birə ortadan qeyb olduğu hissi yaranır. Toplar idman zalının hər yerinə dağılıb… Şkaflar, rəflər darmadağındı… Kreslonun üstünə pencək və şlyapa atılıb… Hər yerdə xeyli müddətdi unudulmuş həyatın izləri var. Və bu görüntülər hər şeyin bir andaca necə dəyişə biləcəyinin əyani sübutudu.

   Batorinin komandası yoldaşı da daxil olmaqla dörd nəfərdən ibarətdi. Araşdırmalar və məkanları tapmaq üçün ətrafda yaşayan insanların köməyinə ehtiyacı olur. İnsanlar bu qrupun binalara, ərazilərə diqqət çəkmədən girməsi üçün şərait yaradırlar. Qrupun əsas devizi isə belədi: “Sadəcə şəkil çəkməli və geridə ancaq ayaq izlərimiz qalmalıdı. Hər şeyə hörmət etməliyik. Binalara, tarixə və bizdən sonra bura gələcək insanlara”.

Sim-sim.az  Rebekka Batorinin tərk edilmiş binalardan çəkdiyi fotoları təqdim edir.

 

 

 

(Visited 106 times, 1 visits today)