Sim-sim.az

Stiven Kinq- Roman sənəti ( I hissə) RUBRİKA – “the Paris Review” müsahibələri

 

-Yazmağa başlayanda neçə yaşınız vardı?

-İstər inanın, istər, yox, amma beş-altı yaşındaydım. Komikslərdəki rəsmlərin üzünü köçürüb öz hekayələrimi yazırdım. Badamcıq vəzi iltihabına görə məktəbə getmədiyim, vaxt keçirmək üçün yatağın içində hekayə yazdığım günləri xatırlayıram. Kinonun da böyük təsiri olub. Filmlərdən ötrü ürəyim gedirdi. Anamın məni “Bambi” izləmək üçün Radio Siti Myuzik salonuna apardığı günlər də yadımdadır. Böyük yer idi, filmdəki meşə yanğını səhnəsi mənə çox təsir etmişdi. Ona görə yazmağa başlayanda, görüntüləri təsvir etməyə can atırdım, çünki yeganə bacardığım şey bu idi.

-Böyüklər üçün roman yazmağa nə vaxt başladınız?

-Səhv etmirəmsə, 1959-cu ildə Meynə qayıtdıqdan sonra. Hardasa, on iki yaşım var idi, evimizdən bir küçə o yandakı təkotaqlı məktəbə gedirdim. Bütün siniflər bir otağa yığılmışdı və arxada tualetlər var idi, üfunət iyi gəlirdi. Şəhərdə kitabxana yox idi, amma dövlət hər həftə “Səyyar kitab” adlı böyük, yaşıl yük maşını göndərirdi. Üç dənə kitab almaq olardı və nə götürdüyünüzün fərqi yox idi, uşaq kitabları almağa məcbur deyildiniz. O vaxta qədər Nensi Dryu, Hardi Boys və buna bənzər uşaq kitablarını oxuyurdum.

İlk aldığım kitablar Ed MakBeynin “87-ci Bölgə” adlı detektiv romanları idi. Bu həqiqi əsər idi. Hardi Boysla vidalaşdım. Bu, mənim üçün uşaq kitablarının sonu demək idi.

-Amma sadəcə populyar romanları oxumurdunuz…

-Populyar romanın nə olduğunu bilmirdim, heç kim öyrətməmişdi. Fərqli növdə kitablar oxuyurdum. “Əcdadların harayı” və “Dəniz qurdu”nu bir həftəyə bitirdim, sonrakı həftə “Peyton sakinləri”ni oxudum və bir həftə sonra da “Boz flanel kostyumlu adam”ı bitirdim. Ağlınıza nə gəlirsə, nə tapsam, oxuyurdum. “Dəniz qurdu”nu oxuyanda, əslində, Cek Londonun Nitşeni tənqid etdiyini anlamadım, “MakTiq”i oxuyanda Fren Norrisin “əsla qazana bilməzsən, sistem həmişə öhdəmizdən gələr” deməyinin naturalizm olduğunu da başa düşmədim. Amma onları başqa səviyyədə dərk etdim. “Tess”i oxuyanda özümə iki şey dedim: birincisi, təcavüz olunarkən qadın oyanmayıbsa, demək, həqiqətən yatırmış, ikincisi, bir qadın o an özünü elə də rahat hiss etməz. Qadınların necə lül-qəmbər sərxoş ola biləcəklərini beləcə öyrəndim. O kitabı çox sevdim və daha sonra Tomas Hardidən xeyli kitab oxudum. Ancaq “Qeyri-müəyyən Cud”u oxuyandan sonra Hardi dövrü sona yetdi. Cəfəngiyyat idi. Heç kimin həyatı belə mənasız ola bilməz. Yox bir!

-“Yazmaq sənəti” kitabında ilk romanınız “Kerri”ni yazmaq fikrinin bir-birinə dəxli olmayan iki mövzunun – yeniyetməlik dövrü qəddarlığı və telekinez – birləşməsindən meydana çıxdığını yazmısınız. İşə necə başlayırsız, birləşməsi mümkün olmayan mövzuların əlaqələndirilməsiylə?

-Bəli, çox vaxt belə olur. “Kujo”nu yazanda – quduz it haqqında kitabım – motosikletimdə problem var idi, onu təmir etdirmək üçün yer dedilər. Sahil qəsəbəsinə bənzəyən Menin Brayton kəndində yaşayırdıq, amma Braytonun şimalı təhlükəli yer idi. Keçmişdə öyrəndikləri üsullarla, öz bildikləri kimi iş görən çoxlu fermerin yaşadığı bölgə idi. Təmirçinin bir ferması, qarşısında da qarajı var idi. Motosikleti ora apardım. Özümü həyətə güclə çatdırdım, motosiklet tamam sıradan çıxdı. Və həyatımda gördüyüm ən böyük sen-bernar qarajdan sıçrayıb mənə tərəf qaçmağa başladı. Bu itlər onsuz da qorxunc görünür, xüsusilə də yay vaxtı. Buxaqları və sulu gözləri olur. Çox çirkindilər. Boğazından xırıltılı səslər gəlməyə başladı. O vaxtlar, təxminən yüz on kilo idim, yəni itdən cəmi beş kilo ağır idim. Təmirçi qarajdan çıxıb gəldi, “Bu, Brauzerdir” – dedi, ya da buna bənzər ad. Amma Kujo deyildi. “Qorxmayın, hamıyla belədir” – dedi. Əlimi itə tərəf uzatmışdım, amma geri çəkdim, it əlimə cummuşdu. Adamın əlində bolt açan var idi, onu itin arxa ayaqlarına vurdu. Sonra üzünü mənə çevirib “Adətən belə şeylər eləmir, amma yəqin sizin sifətinizdən xoşu gəlməyib” – dedi. Yəni, günahı dərhal mənim boynuma atdılar. Çox qorxmuşdum, çünki qaçmağa yerim də yox idi. Motosikletin üstündəydim, amma işləmirdi, yəni sürüb qaça bilməzdim. Təmirçinin əlində boltaçan olmasaydı, it də hücuma qərar versəydi… Amma bütöv əhvalat bundan ibarət deyildi, bu, sadəcə bir hissəsi idi. Bir-iki həftə sonra arvadımla birgə aldığımız Fiat Pintonu xatırladım. Aldığımız ilk maşın idi. Dabldeydən “Göz” romanım üçün aldığım iyirmi beş dollarlıq avansla almışdım. Maşını alan kimi başımıza oyun açdı, karbüratorun klapanında problem vardı, tutulmuşdu və maşın işləmirdi. Arvadımın o Punto ilə yolda qalacağından qorxurdum. Öz-özümə düşündüm ki, “birdən maşın yolda tutulsa, o da mənim motosikleti təmir etdirdiyim yerə dönsə, it də, əslində, narahat yox, lap dəli olsa?..

Sonra bəlkə də quduz olduğunu düşündüm. Həmin an beynimdə şimşək çaxdı. Əlinizdə bu qədər məlumat varsa, hekayə şaxələnməyə başlayır. Öz-özünüzə “Niyə heç kim gedib qadını xilas etmədi?” – deyə soruşursunuz. Ətrafda yaşayış var. Bura ferma evidir. Əri haradadır? Niyə arvadını xilas etməyə gəlmir? Cavabı bilmirəm, amma hamısı hekayənin parçalarıdır. İt qadını dişləsə nə olar? Bu da hekayənin hissəsi olacaqdı. Qadın quduza yoluxsa, nə olar? Kitabın yetmiş-səksən səhifəsini beynimdə yazdıqdan sonra, quduz xəstəliyinin inkubasiya dövrünün uzun çəkdiyini öyrəndim. Beləcə, qadının quduza yoluxmasını istisna etməli oldum. Bu, real həyatda baş verənlərin hekayəyə müdaxilə etdiyi vəziyyətlərdən biridir. Əslində, həmişə belə olur. Nəsə görürsünüz, sonra o başqa bir şeylə uyğunlaşır və ortaya bir hekayə çıxır. Amma bunun nə zaman baş verəcəyini bilmirsiniz.

-Material tapmaq üçün təcrübələrinizlə yanaşı əlavə mənbələrdən də faydalanırsınızmı?

-Bəzən başqa hekayələrdən ilham alıram. Bir neçə il əvvəl Con Tolandın “Dillincer günləri” adlı kitabının səs yazısına qular asırdım. Hekayələrdən biri Con Dillincerlə dostları Homer Van Meter və Cek Hemiltonun Litl Boehmiadan qaçışları və Cek Hemiltonun Missisipi çayını keçəndən sonra polis tərəfindən kürəyindən vurulması barədədir. Lakin Tolandın təfərrüatlı danışmadığı xeyli hadisə var. O zaman “hekayənin davamını öyrənmək üçün Tolanda ehtiyacım yoxdur” – deyə düşünmüşdüm, hətta doğrulara sadiq qalmaq da mütləq deyildi. Bu hadisələri Amerika mifologiyasına aid etmək olar. Özüm də əhvalat uyduraram deyib “Cek Hemiltonun ölümü” hekayəsini yazdım. Bəzən də filmlər ilham mənbəyi olur. “Qara qüllə” seriyasının yeddi kitabından biri olan “Sella canavarları”nda Kurosavanın “Yeddi samuray” və “Möhtəşəm yeddilik” filmlərini izah etməyə çalışmışam. Təbii ki, hər ikisinin mövzusu eynidir. İllik məhsullarını anbarlardan oğurlayan quldurlara qarşı qəsəbələrini qorumaq üçün silahlı soyğunçular kirayələyən fermerlər haqqında hekayə. Amma mən həyəcanı bir az da artırmaq istədim. Buna görə mənim yazdığım versiyada quldurlar məhsul oğurlamaq əvəzinə uşaqları qaçırırlar.

-“Kujo”dakı quduz xəstəliyinin yayılma müddəti kimi həqiqətlər yazmağı çətinləşdirirmi? Geri qayıdırsınızmı?

-Strukturda ardıcıllığı qorumaq üçün həqiqətləri təhrif etmək olmaz. Belə şeyləri öyrənəndə reallığa uyğunlaşdırmaq lazımdır.

-Bütün roman tək bölmədən ibarət olduğu üçün deyə bilərik ki, “Kujo” alışmadığımız formada yazılmış kitabdır. Bunu lap əvvəldən planlaşdırmışdınız?

-Xeyr. Başlanğıca “Kujo” da bölmələrə ayrılmış standart roman idi. Amma yadımdadır ki, kitabın çöldən başınıza atılaraq pəncərəni qırmış kərpic təssüratı yaratmasını istəyirdim. Hər zaman yazacağım kitabların bir növ şəxsi hücuma bənzəməli olduğunu düşünmüşəm, məncə, hər romançı belə etməlidir. Sizdə, sanki, kiminsə əlini masanın üstündən uzadıb yaxanızdan yapışdığı təssüratı yaratmalıdır. Ağlınızı başınıza yığmalıdır. Çox kədərləndirib dincliyinizi əlinizdən almalıdır. Həm də, sadəcə, geri itələndiyiniz üçün yox. Yəni bir oxucu məktubunda “yeməyim boğazımda qaldı” yazsa, o an hiss etdiklərimi yalnız “əla” sözü ilə ifadə edə bilərəm.

-Nələrdən qorxursuz?

-Əslində, demək olar ki, qorxduğum heç bir şey yoxdur. Amma ümumilikdə insanların nələrdən qorxduğunu öyrənmək istəyirsinizsə, cavabım “xaos və yadlar”dır. Sonra dəyişiklikdən qorxuruq. Gözlənilməz maneələrdən qorxuruq və bu da mənim diqqətimi çəkir. Digər tərəfdən yazdıqlarına heyranlıq duyduğum bir çox adam var, bunlardan biri Amerikalı şair Filip Butdur – sadə həyatlar haqqında birbaşa yazır, mən bunu bacarmaram. Bir dəfə “Duman” adlı qısa roman yazdım. Bir qəsəbənin üzərinə çökən duman haqqında və əhvalat supermarketdə qapalı qalmış bir neçə adam ətrafında dövr edirdi. Kassa növbəsində əlində bir qutu göbələklə gözləyən bir qadın var. Pəncərəyə yaxınlaşıb çökən dumana baxarkən mağaza müdiri qutunu əlindən dartıb alır. Qadın “göbələklərimi ver” deyir. Belə ani hərəkətlər bizi qorxudur. Kiminsə kassa növbəsində göbələklərimizi əlimizdən alacağından qorxuruq.

-Elə isə romanlarınızdakı əsas mövzunun bu qorxu olduğunu demək olar?

-Gördüyüm işin güzgüdəki kiçik çata bənzədiyini deyə bilərəm. “Göz”dən bugünədək yazılmış kitablarıma nəzər salsaq, görərik ki, hər kitabda adi, orta statistik amerikalı ailənin yalnız müəyyən zaman aralığındakı həyatı əks olunub. Hər insanın həyatında səbəbini anlamadığı işlərlə məşğul olmağa məcbur qaldığı məqam yetişir. Bu, həkimin xərçəng diaqnozunu açıqladığı an da ola bilər, axmaq bir telefon zarafatı da. Buna görə istər ruhlardan, istər vampirlərdən, ya da yol ortasında oturan nasist hərbi cinayətkarlardan bəhs edin, əslində, yazdığınız eynidir: qeyri-adi olanın adi həyata təcavüzü və bunun öhdəsindən gəlməyimiz. Bax bu vəziyyət xarakterimiz və başqalarıyla qarşılıqlı münasibətlərimiz haqqında çox şeyi açıqlayır, əslində bunlar məni canavarlardan, ruhlardan, qulyabanılardan daha çox maraqlandırır.

-“Yazı sənəti”ndə populyar romanlara belə tərif vermişdiniz: oxucunun öz həyatından, təcrübələrindən – davranış, yer, münasibət və söhbətlərindən tanıdığı məqamlarla qarşılaşdığı romanlar. Öz yazdıqlarınızda müəyyən anın şəklini çəkərək yola çıxırsınız?

-Xeyr, amma bundan qaçmıram. “Cib telefonu” yaxşı misaldır. Fikir belə yarandı: Nyu Yorkda bir oteldən çıxdım və cib telefonu ilə danışan qadın gördüm. Birdən düşündüm ki, indi bu qadın telefonda əngəlləyə bilmədiyi bir mesaj alsa və biri onu məhv edənə qədər qarşısına çıxan hər kəsi öldürsə, nə olar? Bütün mümkün səhnələr pinbol topları kimi beynimin içində hoppana-hoppana görünüb yox olmağa başladı. Əgər bu mesaj hər kəsə göndərilsəydi, cib telefonu olan hər kəs ağlını itirə bilərdi. Normal insanlar bu vəziyyətdə ilk növbədə dostları, ailələri ilə cib telefonları vasitəsilə əlaqə saxlamağa çalışardılar. Və beləcə epidemiya zəhərli sarmaşıq kimi yayılardı. Daha sonra küçədə gəzəndə öz-özünə haray-həşir salmış bir dəli gördüm. Ondan uzaqlaşmaq üçün səkini dəyişmək istədim. Amma heç dilənçiyə oxşamırdı, əynində kostyum var idi. Sonra qulaqlıqlarını gördüm, cib telefonu ilə danışırmış. O an bu hekayəni yazmaq istədiyimi anladım. Bir anda meydana gəlmişdi. Cib telefonu bazarı haqqında çox şey oxudum və bütün cib telefonu qüllələrinə baxmağa başladım. Çox gözəl kitabdır, amma çıxış nöqtəsi dövrümüzdə insanların bir-biri ilə danışıq tərzinə görə narahatlığım idi.

-Sizcə, günümüz barədə yazılmış “Cib telefonu” on il sonra dəbdən düşər?

-Dəbdən düşə bilər. Başqa kitablarım, məsələn, “Alovlandıran” bu gün üçün əntiq əsər kimidir. Amma bu məni narahat etmir. İnsan hekayələrin və qəhrəmanların yadda qalacağına ümid edir. Təbii ki, əntiq əsərlərin də öz dəyəri var.

-Arabir hansı kitabınızın qalıcı olacağı barədə düşünürsünüz?

-Tamamilə boş məşğuliyyət olar. Əlli il sonra kimin populyar olacağını əsla bilmək olmaz. Ədəbiyyat sahəsində kimlər hələ səhnədə olacaq, kimlər olmayacaq. Amma yüz il sonra insanların hansı kitabımı oxuyacaqlarını deməliyəmsə, siyahının əvvəlinə “Məhşər” və “Medium”u qoyaram. Və insanlar vampir hekayələrini xoşladığı üçün “Qorxu toru”nu da əlavə edərəm, çünki bu, klassik vampir əhvalatıdır. İçində elə çox xüsusi fəndlər yoxdur, çox bəzəkli hekayə də deyil, sadəcə qorxuludur. Ona görə, yəqin ki, bu kitab hələ uzun müddət oxunacaq.

-Romanlarınızın necə qruplaşdırardınız?

-İki cür kitab yazıram. “Məhşər”, “Məxluq” və “Qara qüllə” seriyası kimi ekstrovert kitablar. “Heyvan məzarlığı”, “Sadist”, “Medium” və “Dolores Kleyrbon” kimi kitablar. Onları isə introvert olaraq təsvir edirəm. Pərəstişkarlarım ya ilk qrupdan, ya da ikinci qrupdan kitablara üstünlük verirlər. Hər iki qrupdan kitab oxuyan yoxdur.

-Çox fövqəltəbii mövzularla bağlı kitablarda əsas qorxu ünsürü psixologiyadır, elə deyil? Ortalıqda küncdən çıxıb üstünüzə tullanan xortdanlar yoxdur. Elə isə bütün yazdıqlarınızı introvert kitablar hesab etmək mümkün deyil?

-Təbii, amma mən qruplaşdırarkən qəhrəmanları və qəhrəman sayını da nəzərdə saxlayıram. İntrovert olanlarda hekayə adətən bir adam haqqındadır və getdikcə o adamın daha dərinliklərinə enirik. Məsələn, “Bir məhəbbət hekayəsi” introvert romandır, çünki uzun kitabdır və cəmi bir neçə qəhrəmanı var. “Cib telefonu” isə ekstrovertdir, çünki hekayədə çoxlu adam var və bir növ dostluq haqqında səfər hekayəsidir. İntrovertlər arasında ən introverti “Oyun” adlı kitabımdır. Cessi adlı biri barədədir, o çılpaqdır və yatağına qandallarla bağlıdır. Kiçicik şeylər elə böyüyür ki, məsələn, bir stəkan su və qaça bilmək üçün yatağın üstündəki rəfi aşırmağa çalışması. İndi o kitab söz düşəndə xatırladım ki, Cessinin məktəbdə gimnast ola biləcəyini düşünmüşdüm və axırda Cessi ayaqlarını başının araxasına aparıb sürətlə dönüb ayağa dura bilərdi. Qırx səhifə yazdıqdan sonra öz-özümə həqiqətən belə etmək olarmı deyə düşündüm. Oğlumu çağırdım, deyəsən, Co idi, çünki iki qardaş arasında idmançı olan odur. Birlikdə yataq otağına getdik. Conun qollarını yatağın dirəklərinə şarfla bağladım. Bu vaxt arvadım gəldi və “nə edirsiniz?” soruşdu. “Bir təcrübə aparıram, boş şeydi”  – dedim. Co xilas olmağa çalışdı, amma bacarmadı. Axırda “Oynaqlarım o yana dönmür” dedi. “Kujo”dakı quduz xəstəliyi barədə demək istədiyim də buna bənzəyirdi. “Aman Allahım!” deyə donub qaldım. Qeyri-mümkün bir şeyi yaza bilməzdim. Bu məqamda əlimdən gələn bircə şey var idi, bəlkə də qızı iki oynaqlı təsvir etməli idim! Digər tərəfdən bu elə də xoşunuza gəlmədi. “Sadist” bir yataq otağındakı iki adam arasında cərəyan edirdi, “Oyun” isə daha da qabağa gedib bir yataq otağındakı tək adam ətrafında inkişaf edirdi. Sonda düşündüm ki, “Yataq otağı” adlı başqa kitab yaza bilərəm. O kitabda heç bir qəhrəmana yer yoxdur.

-Mark Singer Nyu Yorkerdəki yazısında oxucuların “Kujo”, “Heyvan məzarlığı” və “Oyun” adlı kitablarınızın məzmununu hədsiz kədərli hesab etdiklərini və buna görə oxucu sayında azalma olduğunu yazdı. Sizcə, bu doğrudur?

-Bəzən oxucularımın bir hissəsini itirdiyimi düşünürəm. İnsan həyatında çox təbii prosesdir. İnsanlar dəyişir, diqqətlərini çəkən başqa şeylər tapırlar. Təbii ki, illər ərzində mən də yazıçı kimi dəyişikliklər keçirmişəm. Artıq kitablarımda “Qorxu toru”, “Medium” və hətta “Məhşər”də olduğu qədər qaçış yolu qoymuram. Əminəm ki, 1978-ci ildə həyatdan köçsəydim, bir çox insan şad olardı, çünki bəziləri yaxınlaşıb “Məhşər” qədər yaxşı kitab yazmadığımı deyirlər. Mən isə adətən insanlara deyirəm ki, iyirmi səkkiz il əvvəl yazdığım kitabın ən yaxşı kitabım hesab edilməsi əhvalımı korlayır. Yəqin Bob Dilana da “Blond on Blond” mahnısı barədə eyni şeyi deyirlər. Mənim üçün pərəstişkarlarımı itirmək dünyanın sonu deyil. Özündənrazılıq kimi görünəcək, amma elə bir şey yoxdur. Pərəstişkar kütləmin yarısını itirsəm belə, həyatımı rahat davam etdirəcək qədər oxucum qalar, öz yolumu cızıb azadlıq nöqtəsinə çatmışam, bu isə əladır. Bəzi pərəstişkarlarımı itirmiş ola bilərəm, amma yeni pərəstişkarlar da qazana bilərəm.

-Uşaqlarla bağlı bir çox kitab yazmısınız. Nə üçün?

-Uşaqlarla bağlı yazmağımın bir neçə səbəbi var. Əvvəla olduqca gənc yaşda yazdıqlarımı sata bilmək şansı qazandım və gənc yaşda evlənib gənc yaşda ata oldum. Naomi 1971-ci ildə doğuldu, Co 1972-də, Ouen isə 1977-də  – yəni altı ildə üç uşaq. Yaşıdlarımın çoxu KeySi və Sanşayn qrupunun musiqi sədaları altında rəqs edərkən mənim uşaqlarımı izləmək fürsətim oldu. Mənə görə, yaşıdlarımdan daha çox bəxtim gətirmişdi. Uşaq böyütmək insana yetmişlərin pop mədəniyyətini izləməkdən daha çox şey qatır. KeySini və Sanşayn qrupunu heç tanımasam da, uşaqlarım barədə hər şeyi bilirdim. Bir insanın duya biləcəyi hirs və yorğunluq hisslərindən xəbərdar idim. Təbii ki, bunlar kitablarımda özünə yer tapdı, çünki o günlərdə bildiyim bu qədər idi. Son vaxtlar yazdığım kitablarda ağrı mövzusu çox işlənir və insanlar yaralana bilirlər, çünki indi yaxından tanıdığım hiss ağrıdır və onu yazıram. Bundan on il sonra bəlkə başqa şey yazacam, təbii ki, sağ qalsam.

-“Heyvan məzarlığı”nda uşaqların başına pis hadisələr gəlir. Bu fikir haradan çıxıb?

-O, real hadisələr əsasəında yazılmış romandır. Balaca uşağın yolda öldürülməsinə qədər hər şey həqiqətdir. Yol üstündə bir evə köçmüşdük. Kitabdakı kimi Ladlouda yox, Orrinqtondaydı. Amma yoldan böyük yük maşınları gəlib keçərdi və yolun qarşısındakı yaşlı adam kitabdakı kimi “İnsan yoldan keçən yük maşınlarından gözünü çəkə bilmir” demişdi. Həqiqətən də tarlalarda gəzib çərpələnglər uçurdurduq. Gəzə-gəzə heyvan məzarlığını tapmışdıq, qızımın pişiyi Smakininin ölüsünü yolda tapmışdım, əzilmişdi. Onu da heyvan məzarlığında basdırdıq. Növbəti gecə Naominin səsi qarajdan gəldi. Paketləmə materialının üstündə hoppandığı üçün tappıltı səsləri də kəsilmirdi. Həm ağlayır, həm də “Pişiyimi qaytar! Tanrı özünə başqa pişik tapsın!” – deyib ağlayırdı. Hadisəni dəyişmədən kitaba əlavə etdim. Sonra Ouen həqiqətən yola tərəf sürətlə qaçmışdı. Balaca uşaq idi, iki yaşında olardı. Mən “eləmə” – deyə qışqırdıqca, o, daha sürətlə qaçırdı və qəhqəhə ilə gülürdü. Uşaqlar o yaşda belədirlər. Arxasından qaçıb çatdım və yolun kənarına çəkdim. Həmin anda yekə bir yük maşını bizi sıyırıb keçdi. Təbii ki, bunları da kitabda olduğu kimi yazdım. Sonra öz-özünüzə deyirsiniz ki,  qoy dozanı bir az da yüksəldim. Məsələn, bu ağrı-acı müddətini işləyəcəksinizsə, düşünürsünüz ki, insan uşağını itirsə, nə edər. Əlbəttə, bunu düşündüm. Bütün müddəti təfərrüatı ilə düşündüm, bununla qürur duyuram, amma sonuna çatanda elə pis, elə dəhşətli oldu ki. Yəni bu kitabın sonunda heç kim üçün ümid qalmır. Adətən kitabı bitirəndə ilk variantını oxumaq üçün yoldaşım Tabbiyə verirəm, amma “Heyvan məzarlığı”nı vermədim. Kitab bitəndə masamın üstünə qoydum. “Kristin”in üstündə işləməyə başladım, ondan daha çox zövq aldım və nəticədə “Kristin” “Heyvan məzarlığı”ndan əvvəl çap olundu.

-“Medium”u da şəxsi təcrübələrdən ilham alaraq yazmısınız? O oteldə qalmısınız heç?

-Bəli. Kolorado Estes Parkda “Stenli” Oteli. Oktyabrda yoldaşımla getmişdik. Mövsümün son həftə sonu idi, ona görə otel tamamilə boş idi. Mənim nağd ödəniş etməyimi istədilər, çünki kredit kartı qəbzlərini Denverə aparırdılar. “Yollar noyabrın 1-dən etibarən bağlı ola bilər” yazılmış lövhəni oxuyan kimi bundan yaxşı hekayə çıxara biləcəyimi düşündüm.

-Stenli Kubrikin kitab əsasında çəkdiyi film necədir?

-Çox soyuq. Ailənin emosional təcrübələri ilə bağlı yerləri yaxşı verə bilməyib. Məncə, Şelli Düvalın oynadığı Vendi qadınları çox aşağılayıcı obraz idi.  Qadın sanki qışqırıq maşını idi. Veninin ailə içindəki dinamikada heç bir rolu yoxdur. Üstəlik elə bil, Kubrik çəkdiyi bütün motosiklli filmlərdə motosiklli psixopat rolunda Cek Nikolsonu çəkdiyinin fərqinə varmır – “Hells Angels on Wheels”, “The Wide Ride”, “The Rebel Rousers” və “Easy Rider”. Adam dəli olub. Əgər filmdəki qəhrəman iş görüşünə gedəndə onsuz da başdan xarab kimi görünürsə, faciə harada qaldı? Yox, Kubrikin çəkdiyi filmi bəyənmədim.

-Film çəkiləndə birlikdə işlədiniz?

-Xeyr. “Medium” üçün yazdığım ssenari sonradan televiziyada bir mini seriala əsas oldu. O, kitabın hekayəsini necə istifadə etmək istədiyinə qərar vermişdi və önə çıxarmaq istədiyi mövzuya uyğun ssenari yazdırmaq üçün romançı Dayan Consonu tutmuşdu. Sonra özü yenidən yazdı. Çox məyus olduğumu deməliyəm. Vizual baxımdan çox gözəl işdir. Əla təşkil olunmuş çəkiliş meydanı, bütün o stedikam çəkilişləri filan. Filmi mühərriki yaddan çıxmış Kadillaka bənzətmişdim. Bu film heyranlıqla baxdığımız heykəldən başqa bir şey deyil və başqa işə də yaramır. Film hekayənin əsas məqsədini aça bilməyib. Hər şeyi izah edən əsas fərq sondadır. Romanın sonuna yaxınlaşdıqca Cek Torrens oğluna onu sevdiyini deyir, sonra da otellə birlikdə partlayır. Həyəcanın son həddə çıxdığı səhnə. Kubrikin filmində isə adam donub ölür.

-Əvvəllər yazdığınız kitabların çoxu partlayışlarla bitirdi ki, bu da sizə hekayədə açıq qalan yerləri toplamaq fürsəti verirdi. Amma son zamanlar yazdığınız “Güllə üstündə” və “Cib telefonu” kimi hekayə və romanlarda partlayışlardan istifadə etmədiyinizi görürük. Bu halda kitablar bir çox sual işarələri ilə bitir.

-“Cib telefonu”nun sonunda olduqca böyük partlayış var. Amma haqlısınız, bu mövzuda oxuculardan çoxlu hirsli məktublar alıram. Sonra nə olduğunu öyrənmək istəyirlər. Amma kitabın bitdiyi yer “Cib telefonu”nun sonudur. Ancaq o qədər çox insan bu mövzuda mənə yazdı ki, axırda veb-saytımda açıqlama verməli oldum.

“Onsuz da Kleyin oğlu Conninin vəziyyətində narahatlığa səbəb olacaq bir şey olmadığı açıq idi” -deyə bir qeyd qoydum. Həqiqətən də, Conninin başına bir iş gələcəyini heç düşünməmişdim.

-Həqiqətən? Mən uşağa görə narahat olmuşdum.

Doğrudan? Mənsə yaxşı olduğuna inanıram. Mən son dərəcədə nikbin adamam!

-Giriş, ya da son söz hissəsində oxucularınızın kitabla bağlı düşüncələrini istəməyiniz çox təəccüblüdür. Niyə daha çox məktub almaq istəyirsiniz?

-Oxucuların nə düşündüyü ilə həmişə maraqlanmışam. Bir çoxu kitablara töhfə vermək istəyir. Bu, məni narahat etmir, amma həmişə düşündükləri istiqamətdə dəyişməyimin qeyri-mümkün olduğunu da anlamaqlarını gözləyirəm. Yəni məndən “bəhs etmək istədiyim hekayə budur, indi sizə bir anket sualı verəcəm. Sizcə, bunun sonunu necə bağlamalıyam?” sualını əsla eşitməzlər.

-Sizcə, yazdığınız mühit önəmlidir?

-Bir iş stolu olsa, yaxşı olar, sonra daima yer dəyişdirməmək üçün rahat stul da lazımdır və ətrafın kifayət qədər işıqlı olması mühümdür. Harada yazırsınız, yazın, o məkan bütün dünyadan qaçıb gizləndiyiniz yerdir. Bir az da yeni sığınacaq olmalıdır. Orada nə qədər ətrafdan uzaq olsanız, təxəyyülünüzlə bir o qədər təklikdə qalıb dərinliklərə enərsiniz. Demək istədiyim budur ki, məsələn, yazanda bir pəncərə kənarında otursam, bir müddət diqqətim dağılmadan işləyərəm, amma sonra insan yoldan keçən qızlara baxmağa başlayır, sonra maşınlara kimin minib-düşdüyünü seçməyə çalışır; yəni küçədə həmişə olan şeylər; bu adam hara gedir, küncdəki nə satır? İş  məkanım yazılarımı yazdığım sadə otaqdır. Bir sənədləşdirmə sistemim var. Çox qarışıq və çox nizamlı. Hazırda üzərində işlədiyim kitab – “Duma adası” ilə bağlı hekayədəki müxtəlif süjetləri unutmamaq üçün qeydləri kodlaşdırmışam. Bəzi qəhrəmanların müəyyən zamanda neçə yaşında olduqlarını tapmaq üçün doğum tarixlərini yazıram. “Bunun sinəsinə bir gül ilişdirməyi unutma, Edqara fevralın sonuna qədər bir piştaxta açmağı unutma” kimi qeydlərim var. Çünki bu mərhələdə bir səhv etsəm, sonra düzəltməyə çalışmaq daha çətindir.

-İş mühitinin sığınacaq olmağını istəyirsiniz, amma yüksək səslə musiqiyə qulaq asmağı da xoşlayırsınız, elə deyil?

-Artıq elə də xoşlamıram. Yazmağa oturanda işim hekayəni addım-addım inkişaf etdirməkdir. Yazmağın da bir tempi var. İnsanlar əsərlərimi oradakı tempi bəyəndikləri üçün oxuyurlar, onlar hiss edirlər ki, mən süjeti maraqlı yerlərə aparmağa çalışıram. Boş sözlərlə zaman itirib mənzərənin detallarına girmək mənim tərzim deyil. Bu tempi tuta bilmək üçün keçmişdə musiqi dinləyərdim. Onda daha gənc idim və düzü, başım daha yaxşı işləyirdi, yəni indikindən daha yaxşı. İndilərdə gündəlik iş saatlarımdan sonra musiqi dinləyirəm; yazdıqlarımı ən başdan təkrar gözdən keçirməyə başlayanda musiqi səslənməyə başlayır. Çox vaxt dinlədiyim musiqi yoldaşımı dəli edir, çünki eyni mahnını təkrar-təkrar dinləyirəm. İllər əvvəl Lou Beqanın oxuduğu “Mambo N 5” mahnısının rəqs miksini çox dinləyirdim. “A little bit  of Monica in my life, a little bit of Erica, deega, deega, deega” – sözləri belə idi. Şən, kalipso növündə musiqi idi. Bir gün yoldaşım yuxarı mərtəbəyə gəlib “Stiv, bu mahnını bir də eşitsəm, özünü ölmüş bil” – dedi. Ona görə də artıq musiqi dinləmirəm – arxa fonda yüngül səs kimi. Məncə, məkanda da mühüm olanı hər günü işləyərək dəyərləndirməkdir.

-Bu sabah yazmısınız?

-Əlbəttə. Dörd səhifə yazdım. Artıq belədir. Əvvəllər gündə iki min söz yaza bilirdim, hətta bəzən daha çox. Amma indi uzaqbaşı min söz yazıram.

-Kompyuter istifadə edirsiniz?

Bəli, amma “Yuxu ovçusu” və “Sümük torbası”nı yazanda arabir əl yazısına qayıtdım. Çünki necə olacağı maraqlı gəlmişdi. Bəzi şeylər dəyişdi. Hər şeydən əvvəl işimi çox yavaşlatdı, çünki daha uzun çəkir. Hər dəfə kompyuterdə yazmağa başlayanda başımda bir səs “belə yazmağa məcburuq” -deyə əks-səda verir. Hər şeyi əl yazısı ilə yazmaqdan orta barmağımdakı o məktəbli döyənəyi hələ də durur. Lakin kompyuter kitabı son halına salmaq prosesini daha əyləncəli edir. İlk yazdığım qaralama mənə daha nizamlı gəlir, çünki çox sürətli yazmamışam.  Barmaqlarınızı nə qədər sürətlə hərəkət etdirə bilərsiniz ki? Aralarındakı fərq skuterə minməklə çəmənlikdə gəzmək arasındakı fərq qədərdir.

-Bir kitabın ilk variantını bitirəndən sonra nə edirsiniz?

-Onu, təxminən, altı həftə bir kənarda dincə qoymaq daha yaxşıdır. Amma hər zaman belə imkanım olmur. Məsələn, “Cib telefonu”nu yazanda. Naşirə iki kitab birdən göndərdim. Biri uzun müddət üstündə çalışdığım “Bir məhəbbət hekayəsi”, digəri də uzun müddət düşündüyüm “Cib telefonu”, onsuz da o, öz-özünə yaranmışdı, sadəcə kağıza köçürmək qalırdı. Belə olanda ya dərhal yazmalısınız, ya da düşüncənin uçub getməyinə göz yummalısınız. Buna görə “Cib telefonu” gözlənilməz  hamiləliyə  bənzəyirdi.

-Yəni “Cib telefonu”nu “Bir məhəbbət hekayəsi”ni yazanda bitirdiniz?

-Bir müddət ikisini birlikdə yazdım. “Bir məhəbbət hekayəsi”nin ilk variantını bitirəndən sonra gecələr onunn düzəlişləri və dəyişiklikləri üzərində işləyib gündüzlər də “Cib telefonu”nu yazmağa başladım. İçdiyim vaxtlarda da işləyirdim. Gün ərzində yeni başladığım kitab üzərində işləyirdim və gündüzləri gümrah olurdum. Əksərən “poxmel” olsam da. Gecələri isə yorğun düşürdüm və onda kitabları bir də nəzərdən keçirib düzəlişlər edirdim. Çox əyləncəli idi, əla idi, uzun müddət belə davam etdim, ancaq artıq bu tempə dözə bilmirəm. Mən “Bir məhəbbət hekayəsi”ni əvvəl yayımlamaq fikrindəydim, amma Skribnerin naşiri Suzan Moldou “Cib telefonu”nu əvvəlcə buraxmaq istədi. Telefona yaranan maraq sayəsində “Cib telefonu”nun “Bir məhəbbət hekayəsi”nin də satışlarını artıracağını düşünürdü. Buna görə “Cib telefonu”nu sürətlə nəşrə hazırladılar və son halını dərhal yazmalı oldum. Naşirlər belə şeylər edir, bu da kitab üçün həmişə düşərli olmur.

-Yox deyə bilməzdiniz?

-Bəli, amma bu halda gördükləri iş düzgün idi və böyük uğur qazandılar. “Cib telefonu” öyrəşmədiyimiz nümunə idi. Bilirsiniz, Qrem Qrin ciddi və əyləncəli yüngül romanlardan bəhs edərdi. “Cib telefonu” yüngül roman idi. Onu ciddi qəbul etmədiyimi demək istəmirəm, çünki üstündə adım olan hər şey mənim üçün önəmlidir. Bir iş görürsünüzsə və gördüyünüz iş üçün kimsə sizə pul ödəyəcəksə, əlinizdən gələnin ən yaxşısını etməlisiniz. Amma “Bir məhəbbət hekayəsi”nin ilk variantını bitirdikdən sonra altı həftəlik fasilə verdim. Bu qədər fasilədən sonra kitabı yenidən oxuyanda elə bilirsən ki, başqası yazıb. Aranızda hələ böyük bağ qurulmayıb. O qorxunc səhvlər gözünüzə batır, digər tərəfdən çox bəyəndiyiniz paraqraflarla da qarşılaşırsınız.

-Heç kitablarınızı böyük miqyasda yenidən yazmısınız?

-Kompyuter iş üslubumu dəyişdirdi. Dəyişiklikləri elə kompyuter ekranında etməyə başlamışam. Yəni düzəliş mərhələsinə saxlamadan əl altından düzəlişlər etmək meyili baş qaldırdı. “Cib telefonu”nu yazanda belə oldu. Təkrar oxudum, redaktorun düzəlişlərini gördüm və öz düzəlişlərimi də edə bildim. Məncə, buzda xizək sürmək kimi bir şey idi. Ən ideal iş forması deyil, amma kitabı bitirmək üçün məqbul yoldur. “Bir məhəbbət hekayəsi”ndə isə qaralamanı kompyuterin yanına qoyub boş fayllar açdım və bütün kitabı ora başdan yazdım. Məncə, bu, üzməyə bənzəyir, həm də daha çox üstünlük verdiyim üsuldur. Sanki kitabı yenidən yazırsınız, yəni üstündən keçmək deyil, tam mənası ilə təkrar yazmaqdır. Hər kitab hər dəfə yenidən nəzərdən keçirildikcə fərqli olur. Çünki kitabı bitirəndə öz-özünüzə “bu hekayə mənim istədiyim kimi olmayıb” deyirsiniz. Əslində kitabı yazanda bunu anladığınız məqam gəlir. Ancaq həmin an istiqamət dəyişdirməyə çalışsanız, beyzbolda oyunçunun topa müdaxiləsi kimi bir şey olar və hər şeyi məhv edə bilərsiniz. Elmi-fantastika yazarı Alfred Besterin dediyi kimi  “Şef kitabın özüdür. Kitabın istədiyi istiqamətə getməyinə mane olmamalısınız, siz sadəcə izləyin. Əgər kitab istiqamət seçmirsə, deməli, pis kitabdır”. Pis kitablar da yazmışam. Deyəsən, “Dəlilikdən o yana” bu kateqoriyaya daxildir, çünki heç öz istiqamətini seçib getmədi. Həmişə bu kitabın bir az zorakı olduğunu hiss etmişəm.

-Kitablarınızın redaktoru kimdir və kitabda nə dərəcədə dəyişikliklər olur?

-Kitablarımın çoxunun redaktoru Çak Verildir. Bəzən çox sərt redaktorluq edir. Skribnerdə “Bir məhəbbət hekayəsi”ni Nen Qrem nəşrə hazırladı və kitabım mənə çatanda tamamilə dəyişmiş halda idi. Kitab bir qadın haqqında olduğu görə, redaktor da qadın olduğu və üstəlik bu işə təzəcə başladığı üçün kitaba hədsiz mərhəmətsiz yanaşmışdı. Kitabın sonlarında Liseyin bacısı Amandanı ruhi xəstəxanada ziyarət etdiyi bir səhnə var. Orijinalında Liseyin ora gedəndə Amandanın evinə dəydiyi uzun səhnə var və sonra Lisey bacısı ilə də bura yenidən gəlir. Nen o hissəni yenidən yazmağımı istədi. Amandanın evindəki səhnənin təhkiyyəni yavaşlatdığını və lazımsız olduğunu düşünürdü, ona görə o səhnə çıxarıldı. Şəxsi məsələ deyildi və çox satılanlar siyahısında olmağıma da bir təsiri yox idi. Yazıçılarda qəribə bir xasiyyət var – bu, hər yerdə eynidir. İlk reaksiyam belə idi: “Mənə necə yazacağımı deyə bilməz, o yazıçı deyil, o mənim zəkamı başa düşmür”… Karyeramda yüksək mərtəbələrə çatmışdım və istədiyim halda hər şey mənim seçimimə uyğun olacaqdı. Çox populyar insan olanda iplər sizin əlinizdə olur. Hətta istəsəniz o iplərlə özünüzü Tayms Skverdən asa bilərsiniz və mən də elə etdim. Xüsusilə narkotik və içkiyə qurşandığım günlərdə istədiyim hər şeyi etdim. Məsələn, redaktorlara “rədd ol” dediyim vaxtlar da olmuşdu…

                                                                                                                             (Ardı var…)

 

(Visited 312 times, 1 visits today)