Sim-sim.az

Stiven Kinq- Roman sənəti ( II hissə) RUBRİKA – “the Paris Review” müsahibələri

 

 ƏVVƏLİ BURADA

Deyirsiniz ki, “Cib telefonu” yüngül romandır, digər kateqoriyadakı kitablarınız hansılardır?

Əslində hamısına əyləndirici yüngül romanlar deməliyik. Müəyyən mənada problemin əsasında da bu durur. Əyləndirici olmayan, amma uğurlu səviyyədə işlənmiş romanlardan bəhs edirsinizsə, onda “Sadist”, “Dolores Kleyrbon” və “O”nu saya bilərəm. Qəhrəmanların uşaqlıq və yetkinlik yaşları arasında gedib-gələn hekayəsi olan “O”nu yazmağa başlayanda həyatımızın müxtəlif dövrlərində təxəyyülümüzdən istifadə forması barədə yazdığımın fərqinə vardım. O kitabı çox sevirəm, davamlı satılan kitabdır. Yaxşı reaksiya var. Bir çoxlarından gələn məktublarda “kaş davamı olaydı”  yazılır. Mən isə onsuz da kifayət qədər uzun kitab olduğu üçün yazmıram. Məncə, “O” çox saylı fərqli qəhrəmanlarına və iç-içə keçmiş  hekayələrinə görə kitablarım arasında Dikens tərzinə ən yaxın olandır. Bu romanda çox səy göstərməyə ehtiyac duymadan olduqca qarışıq quruluşa nail olmuşdum, bunu necə bacardığımı təkrar anlamağa çalışıram. “Bir məhəbbət hekayəsi” də belədir. Çox uzundur. Bir-birinə bağlı çoxlu hekayə təbii şəkildə toxunmuş kimi görünür. Amma bu barədə danışmağa çəkinirəm, çünki insanların mənə gülüb “bu yabanı adam lap saraylı ədası ilə danışır” deyəcəklərindən qorxuram. Bu mövzu nə vaxt açılsa, bağlamağa çalışıram.

Amerikan ədəbiyyatına böyük töhfələrinizə görə Milli Kitab Mükafatını alanda populyar ədəbiyyatı müdafiə edən bir nitq söylədiniz və ədəbi mühitlər tərəfindən təqdir edilmədiyini düşündüyünüz yazıçıların adlarını saydınız. Sonra bu il roman nominasiyasında mükafatı alan Şirli Hazzard səhnəyə çıxanda sizin iddianızı tamamilə çürütdü.

Şirli Hazzard qısa şəkildə mənim verəcəyim oxu siyahısına ehtiyac olmadığını dedi. Sübutlarla qarşısına çıxmaq şansım olsaydı “bağışlayın, amma ehtiyac olduğu aşkardır” deyərdim. Məncə, Şirli bir növ mənim iddiamı  isbat etdi. Ciddi ədəbiyyat fikrini mənimsəmiş insanlar sadəcə üç-beş yazıçının adını siyahıya salırlar və yalnız onlar müəyyən yerlərdə gözə dəyirlər. Onsuz da bu siyahı bir-birilərini tanıyan insanlar tərəfindən hazırlanır, müəyyən məktəblərə getmiş, müəyyən ədəbi mühitlərin dəstəyi ilə ortaya çıxmış insanlar. Məncə, bu pis yanaşmadır və ədəbiyyatdakı böyüməni baltalayır. Amerikan ədəbiyyatı üçün olduqca kritik vaxtlardır, çünki hazırda televiziya, filmlər, internet və təxəyyülü bəsləyən bir çox digər kağızda nəşr olmayan məlumat axınını təmin edən KİV-in təhdidi altındadır. Çox köhnə hekayə nəql etmə metodu olan kitablar artıq təhlükədədir. Buna görə Şirli Hazzard kimi biri “qiraət siyahısına ehtiyacım yoxdur” deyəndə Corc Pelekanos və ya Denniz Lehan kimi yazıçıların üzünə qapılar bağlanır, bağlı qapı arxasında  bu insanlarla birlikdə  böyük təxəyyül potensialı qalır, ehtiyacımız olan potensial. Mənə görə,  Şirli Hazzardın qiraət siyahısına ehtiyacı var və öz işiylə məşğul olsa daha yaxşı olar. Artıq başqalarının gördüyü iş barədə danışmaqdan imtina edib özün bir şeylər etməlisən. Çünki Tanrı sənə bacarıq verib, amma digər tərəfdən yaşayacağın illərin sayı da bəllidir. Bircə şey də deyəcəm, ciddi populyar romanlara qapıları bağlayanda, ciddi romançı kimi qəbul edilən insanlar da bayırda qalır. “The Plot Against America”nı yazan Filip Rot kimi şansını sınamağa risk edən yazıçı azdır. Bu kitabı yazmaq onun üçün risk idi, çünki əyləncə üçün oxunası, asan roman idi. Təhkiyyə dili baxımından oxunaqlı kitabdır.  Şirli Hazzardın “Böyük yanğın” adlı kitabından – o da yaxşı kitabdır – çox fərqlidir. Heç bənzər tərəfləri yoxdur.

Ciddi populyar romanlar və ədəbi romanlar arasında həqiqətən böyük fərq varmı?

“Bir kitab emosional cəhətdən sizi təsirləndirirmi?” sualı müəyyən mənada yönləndirici sualdır. Və bu həssas psixoloji mexanizm bir dəfə işləməyə başlayırsa, bir çox ciddi tənqidçi başını yelləyib “xeyr” deyəcək. Məncə, ədəbiyyatı izah edərək pul qazanan bir çox adamın beynindəki “bir dəfə bu aşağı səviyyəli yazarların  ədəbi mühitə girməyinə göz yumsaq, insanlar elə başa düşəcəklər ki, bu qapıdan kim istəsə girə bilər” fikri onları yönləndirir. Onda biz nə iş görəcəyik?

Deyəsən, bir sıra marka adlarını romanlarınızda istifadə etməyiniz bəzi tənqidçilərin xüsusilə kefini pozur.

Bəyənməyəcəklərini bilirdim. Eyni zamanda bu adları kitablarımda istifadə etməkdən imtina etməyəcəyimi də bilirəm. Bunun səhv olduğun sübut eləyən qayda yoxdur. Bəzən marka adları elə yerinə düşür ki, sanki Maykl Cordan topu uzaqdan atıb səbətə. “Medium”da Cek Torrens “Eksedrin” həblərini udanda oxucu nədən bəhs etdiyimi dərhal başa düşür. O tənqidçilərə – bəziləri romançı, bəziləri universitet professorudur – həmişə bu sualı vermək istəmişəm “Siz nə danışırsız?”. Dərman şkafını açanda qarşınızda boz rəngli boş şüşələr dayanır? Markasız şampun, adsız aspirin istifadə edirsiniz? Marketə gedib dəmir qutuları əlinizə götürəndə üstünə ancaq PİVƏ yazılır? Qarajın qapısını açanda orda nə görürsünüz? Maşın deməyin. Sadəcə maşın? Sonra öz-özümə düşünrəm ki, bəlkə də onlar elə görür. Bu adamların bəziləri universitet professorlarıdır – ədəbiyyat anlayışları Henri Ceymsdə qalıb, amma Folkner və ya Steynbek adlarını eşidəndə üzündə donuq təbəssüm yarana bilər və  amerikan ədəbiyyatına yanaşmaları çox axmaqdır, üstəlik bu axmaqlığı fəzilət kimi göstərirlər. Kalder Vilinqhemin kim olduğunu bilmirlər. Sloan Vilsonun kim olduğunu bilmirlər. Qreys Metalious kimdir, bilmirlər. Bu insanların heç birini tanımırlar və bundan bərbad şəkildə qürur duyurlar.

Və bu insanlar dərman şkaflarını açanda bəlkə də rəflərdə adsız şüşələr görürlər, bu da müşahidə qabiliyyətlərinin olmadığını göstərir. Bu halda mən “Bu, hər hansı içki deyil, Pepsi şüşəsidir” deməliyəm. Demək istədiyini açıqca de. Nə gördüyünü tam de. Əlindən gəlirsə, oxucu üçün bir rəsm çək.

Şöhrətinizə görə hansısa kateqoriyaya aid edildiyinizi düşünürsünüzmü?

Əgər bəzi mühitlərə girməyimə mane olduğunu düşünüb-düşünmədiyimi soruşursunuzsa, xeyr, heç vaxt elə düşünməmişəm. Bəzi insanlar qorxu ustası, dəhşət ustası, gərginlik ustası kimi etiketlər yapışdırmaq istəyirlər. Mən gördüyüm işin nə olduğunu heç vaxt anlamamışam və bu etiketlərdən şikayət etmək məqsədilə heç vaxt məktublar yazmamışam ki, özümü olduğumundan fərqli göstərməyə çalışdığımı düşünərlər. Dabldeydəki ilk redaktorum Bill Tompsonla bu mövzuda söhbət etdiyimi xatırlayıram. Böyük uğur qazanan “Göz”ü yeni nəşr etmişdilər və onun davamı kimi bir kitab istəyirdilər. Yazıb bitirdiyim ikinci kitabımı verdim: “Qorxu toru” və sonradan Riçard Baxman təxəllüsü ilə yazdığım “Yol işləri”. Əvvəl hansını yayımlamağı düşündüyünü soruşdum. “Cavabımı bəyənməyəcəksən” dedi. “Yol işləri”nin “daha dürüst yazılmış roman”  olduğunu dedi – yəni əsl romançının yazdığı roman idi – lakin “Qorxu toru”nu nəşr etmək istəyirdi, çünki daha böyük ticari uğur əldə edəcəyini düşünürdü. Amma “Etiketlənəcəksən.” dedi. Mən də “Necə yəni?” dedim. O isə “Qorxu romanlarının yazıçısı kimi” dedi. Güldüm. Ağlıma M.R.Ceyms, Edqar Allan Po və Merri Şelli gəldi. “Mühüm deyil” dedim. Və təbii ki, məni qorxu romanlarının yazıçısı olaraq etiketlədilər, ancaq bu sərhədlər içində çoxsaylı fərqli işlər görməyə çalışıram. “Ruhlar dükanı” kitabıyla yeni mərhələyə qədəm qoyduğumu düşünürəm, on altı yaşından bəri ilk dəfə içki içmədən və narkotik istifadə etmədən yazdığım ilk yazı idi. Siqaret istisna olmaqla tamam təmiz idim. Kitabı bitirəndə “yaxşı kitab oldu, nəhayət həqiqətən gülməli bir şey yazmışam” deyə düşündüm. Səksəninci illərin Amerikasındakı Reqanomika haqqında bir qara yumor kitabı yazdığımı zənn etdim. Bilirsiniz də, insanlar hər şeyi alıb-satırlar, hətta ruhlarını da. Ruhları satın alan dükanın sahibi Lilan Qauntu həmişə Ronald Reqanın arxetipi kimi görmüşəm; xarizmatik, bir qədər yetkin, satdıqları parlaq və cilalı olsa da, hamısı zir-zibil idi.

Bir dəqiqə dayanın. Sendi Koufaks imzalı beyzbol kartına zir-zibil deyirsiniz?

Əslində uşağın əlindəki Sendi Koufaks beyzbol kartı deyil, ona bənzəyir, axırda tamamilə başqasının kartı olduğu ortaya çıxır. Təbii ki, Sendi Koufaks mənə çox hirsləndi. Xüsusilə də silahı işə salmamışdan əvvəl uşağın dediyi son söz “Sendi Koufaksın heç beş qəpik qiyməti yoxdur” olduğuna görə. Sonra… beynini dağıdır. Koufaks beyzbol karyerası ərzində gənclər üçün yaxşı nümunə olmağa çalışdığını dedi və bir uşağın intiharında rol oynamasına çox hirslənmişdi. Uşağın “Sendi Koufaksın heç beş qəpik qiyməti yoxdur” cümləsi ilə əslində Liland Qauntun, dükanın və bütün bu nizamın dəyərsiz olduğunu demək istəyirdi. Bu qəhrəmanın nəsə almaq və ruhunu satmaq üstündə qurulmuş alış-verişin səhv olduğunu demək üçün tək yolu bu idi. Koufaks bunu başa düşmədi. Kitabın filmi çəkiləndə adını Mayki Mantl elədilər. Mantl isə vecinə də  almadı. Hətta gülməli olduğunu düşündü.

Bu kitabın diqqət çəkməməyinin səbəbini nədə görürsünüz?

Mən  düşünmüşdüm ki, hamı bu kitabı qara yumor nümunəsi kimi qavrayacaq, lakin tənqidçilər uğursuz qorxu romanı dedilər. İllər keçdikcə bəlkə də o qədər yaxşı kitab olmadığı fikrinə gəlməyə başlamışam.

Çox maraq doğurmamış kitabın filmi çəkiləndə daha ciddi tənqidi baxışa məruz qaldı

Filmlər daha çox tənqidlə qarşılaşır, amma açığı bu tənqidlər bir az daha yüngül olur. “Sadist” , “Yanımda qal”və  “Dolores Kleyrborn” filmində də başıma bu gəldi.

Kitab kolleksiyası yığıdığınızı deyirlər. Əntiq kitab satıcısı Qlen Horovitz bir dəfə səhvən bir kitabı sizə göndərdiyini və üzr isətmək üçün zəng edəndə sizin onsuz da kitabı alacağınızı dediyinizi danışmışdı.

Deyəsən, doğrudur. Böyük kolleksioner deyiləm. FolknerTeodor Drayzer cildlərim var. Karson MakKallersin “Reflections in a Golden Eye” kitabı da var. MakKallersi çox sevirəm. Evdə o vaxtlar dükanlarda olan köhnə üslublu kitab rəflərindən düzəltdirmişəm. Əlimdə 50-ci illərin sərt cildli kitablarından xeyli var, çünki üz qabıqlarını çox bəyənirəm. 60-cı illərdən qalma pornoqrafik nəşrlərdən bir xeyli nümunə yığmışam. Məncə, Donald VestleykLourens Blok kimi adamların hazırladığı kitablar çox əyləncəlidir. Bu kitablarda onları hazırlayanların tərzləri əks olunur.

Folkner, DrayzerMakKallers kimi yazıçılardan nələr öyrənmisiniz?

Səslər. İndi yenidən “All the King’s Men”i oxuyuram. Eyni zamanda cd-dən dinləyirəm. Səsləndirən çox yaxşıdır. Villi Starkın səsi ilə dinləyirəm. Dinləyirsiniz və öz-özünüzə təkrarlayırsınız. Beyninizdə cingildəyir.

Siz bəlkə də bölgələrin ləhcə fərqlərini müşahidə edərək yazan yazıçılara öncüllük edirsiniz.

Bütün həyatım boyu Mendə yaşamışam və ora ilə bağlı yazanda bölgə dialekti geri qayıdır. Bu bölgə haqqında yazan bir çox yaxşı yazıçı var, amma yazdıqları çox oxunmur. “The Beans of Egypt, Maine”i yazan Karolin Çute“Greenleaf Firesı yazan Con Qould var, amma ən çox oxunan mənim kitablarımıdır. Bu baxımdan Qrişam da olduqca yaxşı yazıçıdır və “A Painted House” cənubla bağlı çox möhtəşəm bir kitabdır.

Başqa yazıçıları tanıtmaq üçün xüsusi səy göstərirsiniz – yeni yazıçılar üçün yaxşı rəylər verirsiniz, romanlarınızda başqa yazıçılara göndərmələr edirsiniz. Həqiqətən hamısına heyranlıq duyursunuz?

Yaxşı hekayələr oxuyanda həyəcanlanıram. Bir də bazarın necə kiçik olduğunun fərqinə varıram. Mənim bəxtim xəyal etməyəcəyim qədər yaxşı gətirdi, bu şansın bir hissəsini də ətrafıma yaymaq istəyirəm. Hekayə jurnalları bazarından gəlmişəm. Kitabın özü bir növ bazara çevrildi, hekayələr daha kiçik bazardır, onun üçün insanları bazardakı yaxşı şeylərdən xəbərdar etmək istəyirəm.

İndi növbəti ilin “Ən yaxşı Amerikan qısa hekayələri”nin redaktoru sizsiniz, uşaq olanda oxuduğunuz jurnallardan hekayələri də siyahıya salırsınız?

Bütün fantaziya və elmi-fantastika jurnallarını oxuyuram, xüsusilə də baş verənlərdən xəbərdar olmaq üçün “Elleri Kuin Misteri Maqazin”“Alfred Hiçkok Misteri”ni. “Afred Hiçkok” ədəbi jurnal idi, amma “ElleriKuin”i çıxaran şirkətin nəzarətinə keçdi və hekayələrin səviyyəsi çox düşdü. Ən yaxşı qısa hekayələr toplusu yaxşı layihədir, amma qorxuldur, çünki orada hər şey var. “Heç nəyi gözdən qaçırmamışıq ki?” sualı daima beynimi məşğul edir.

Qısa hekayələri nə vaxt yazırsınız?

Adətən roman layihələrinin arasında. “Bir məhəbbət hekayəsi” və “Cib telefonu” bitəndən sonra əlim boş qaldı. Yeni romana başlamaq istədim, amma bacarmadım, oturub bir neçə qısa hekayə yazdım. Sonra “Ən yaxşı Amerikan qısa hekayələri” üçün hekayələr oxumağa başladım – bir, iki , üç axırda yüzə yaxın hekayə oldu – və sonda yeni yazdığım hekayələr romana çevrildi. Bir şey üzərində işləyəndə mütləq gələcəkdə yazacağım hekayələr haqqında beynimdə fikirlər olur. Ancaq edəcəyiniz sonrakı iş haqqında indidən düşünə bilməzsiniz. Yolda başqa qadınlara baxmağa çalışan evli adamlara bənzəyərsiniz.

Heç “Sümük torbası”nı yazan Mayk Nunan kimi nəşrə hazır bir çox başqa kitabınız olduğu üçün yeni bitirdiyiniz romanı gizləmisinizmi?

Mənim də bir-iki kitabı ehtiyatda saxladığım vaxtlar olub. “Sümük torbası”ndakı bu detalla bağlı fikir Daniella Stilin ildə üç kitab yazıb ikisini nəşr etdirməsi ilə bağlı şayələri eşidəndə ortaya çıxdı. Mən də “Bu, doğrudursa, son on ildir hələ nəşr edilməmiş xeyli kitabı yığılıb” dedim. Populyar ədəbiyyatda başqa yazıçılar da var. Məsələn, Nora Roberts yüz əllidən çox kitab nəşr etdirib. İnsanlar hələ də mənim çox məhsuldar olduğumu zənn edirlər.

Kitablarınızın satılması üçün bir çox fərqli strategiyalardan istifadə etmisiniz, e-kitab, kitab serialları, kitabların sonuna növbəti romanın tanıtımını qoymaq kimi. Bunlar daha böyük bir strateji planın parçalarıdır?

Xeyr, sadəcə nə olacağı maraqlıdır, bir az kimyagər dəsti ilə oynayan uşaq kimiyəm. Bu ikisini qarışdırsam, görəsən nə olar marağı ilə. İnternet vasitəsilə oxucuya çatmaq bir növ naşirlərə “sizin vasitəçiliyinizə ehtiyacım yoxdur” deməyə bənzəyir. Və əlbəttə aktuallığınızı qoruyursunuz. Skribner onlayn yayımlamaq üçün hekayəm olub-olmadığını soruşdu. Amma əslində internet heç vaxt onların maraq dairəsində olmayıb. Onlar daha çox kitab səhifələrini düyməyə basaraq çevirə biləcəyiniz və ovcunuzun içində kitab oxumağınıza kömək edən kiçik detallarla maraqlanırlar. Bu fikirdən heç xoşum gəlmədi, adamların çoxu mənim kimi bu fikri bəyənmədi. Onlar kitab səhifələri istəyirlər. 1910-cu illərdə ilk avtomobilləri alan insanlar kimiyik, maşınları xarab olub yolda qalanda başqaları “özünə bir at al” deyə qışqırırmışlar. İndi də “kitab al” deyə qışqırırlar. Eyni şeydir. Ancaq onlayn naşirliklə bağlı ümumi həyəcan mənə maraqlı gəlirdi, çünki iş adamı kimi davranan ciddi adamlar (əvvəllər mənimlə heç danışmamışdılar) bu dəfə birdən bu məsələ ilə maraqlandılar. Nə ilə məşğulsan? Hər şeyi özün həll edə biləcəksən? Naşirliyi dəyişdirə biləcəksən? Hər zaman diqqət mərkəzində pul var idi. Hekayələr heç vaxt diqqət mərkəzində olmadı. Bu iş dot.com eyforiyasının ən sonuna təsadüf etdi – çöküşdən əvvəlki ən son həyəcan qaynağı.

Skribnerin “Güllə üstündə” hekayəsi böyük uğur qazandıqdan sonra onlayn nəşrləri niyə dayandırdınız? Növbəti onlayn layihəniz “Bitki”ni altıncı hissədən sonra bitirdiniz.

Bir çox adam“Bitki”ni bazar strategiyası uğursuz olduğu üçün yarımçıq qoyduğumu düşünür. Bu misal medianın nəzakətli, lakin qərarlı formada fövqəltəbii olana təzyiqtətbiq etdiyini hiss etdiyim bir neçə təcrübədən biridir. Əslində “Bitki” çox-çox uğurlu oldu. Mən də “Bitki”ni qürur vicdan sistemində yayımladım, sistemə pirat kimi daxil olub pulsuz oxuyanlarla bağlı söz-söhbət bitmədi. Fikrimcə, bunlar internetdə rastlanan şeylərdir. Burada məqsəd oğurlamaq deyil, sadəcə oğurlaya bilib-bilməyəcəklərini görmək istəyirlər. Nəticə etibarilə bu bir oyundur. Mən də hər şeyi insanların öz vicdanına buraxdım, satıcısız qəzet köşkündə pulu qoyub qəzeti almaq adamların  şəxsi vicdanına qalıb. Və çox insan pul ödədi. Deyəsən, bəziləri yenə də oğurlamağı sınadı, amma bacara bilmədikləri üçün ödədilər. Bu işdən naşirsiz iki yüzmin dollar qazandım. Düşünəndə inanılmaz görünür. Elədiyim tək iş hekayələri yazmaq oldu, sonra da bir server qurduq. Loru dillə desək, sadəcə pul çap etmək üçün lisenziya aldıq. Ancaq hekayə möhtəşəm deyildi və bir nöqtədən sonra ilhamımı itirdim. Hələ də bitməyib.

Deyəsən, indilərdə sizin üçün yazmaqla pul arasındakı əlaqə daha böyük əhəmiyyət kəsb edir...

Məncə, gördüyünüz işin əvəzini almalısınız. Hər səhər zəngli saatla oyanıb ayaq çalışmaları edirəm və sonra kompyuter arxasına keçirəm. Günortaya belim ağrıyır və yoruluram. Hələ də əvvəlki qədər, hətta əvvəlkindən də çox işləyirəm, ona görə əvəzini almaq istəyirəm. Ancaq çatdığım nöqtədə aldığım pul bu işin həyəcanıdır. Artıq fövqəladə avanslar almaq istəmirəm. Bir neçə belə avans almışam. Məsələn, Tom Klensi də öz payına düşəni götürüb. Çox da öyünür. Con Qrişem də böyük avanslar alıb. Böyük avanslar bir növ yazıçının “bütün pulu əvvəldən alaram, əgər kitab satılmayıb rəflərdə qalsa, bir qəpik belə qaytarmaram” deməyidir. Naşirlər də bunu qəbul edir. Çünki Stiven Kinq, Tom Klensi və ya Con Qrişemi əldə saxlamaq istəyirlər. Beləcə nəşr etdikləri digər kitablar da maraqdan paylarını alır. Kitabçılar belə yazıçıları mütləq istəyirlər, çünki beləcə dükanda müştəri axını sıxlaşır. Kitabçılar az qala diz çöküb Con Qrişemə ibadət etməyə başlayacaqlar. Səbəb təkcə kitablarının satışının çox yüksək olması deyil.Satışın çox olduğu kritik dövrdən, Yeni il qaçhaqaçından sonra kitabçılardakı al-verin tamamilə ölü olduğu sezonda, fevralda kitablarını nəşr etməsi əsl səbəbdir. Hələ də böyük avanslar ala bilərəm, amma almasam da, çətinlik çəkmirəm. Vikinqdən ayrılanda ortaq işləməyə qərar verdim. Müqaviləni imzalamaq üçün mütəvazi bir məbləği əvvəldən alaram, sonra da satış gəlirini paylaşarıq. Niyə də yox! Onlar üçün yenə də yaxşı müqavilədir. Sadəcə pul üçün eləsəydim, işi buraxardım, çünki kifayət qədər pulum var.

Klensi və ya Daniella Stilin aldığı məbləğlər qədər böyük pullar almaq istərdinizmi?

Rəqabətçi bir cəmiyyətik və deyəsən mənim də digər yazıçılar qədər müvəffəqiyyətli olub-olmadığımı görmək üçün aldığım pulun miqdarını müqayisə etməyə meyilim var. Amma həmişə önəmli olan satışlardır və o yazıçılar satışda məndən çox qabaqdadılar. Qrişem dördə bir nisbətdə məndən qabaqdadır. Artıq çox əhəmiyyət verdiyim mövzu deyil. Bəzən Nyu York Taymsın çox satılanlar siyahısına baxıb düşünürəm ki, Daniella Stil, Devil Baldacci və yeni Xristian olanlar haqqındakı kitablarla eyni siyahıda olmaq üçün dəridən qabıqdan çıxıb işləmək mütləqdir?

Qəzadan yeddi il keçib, hələ də ağrılarınız var?

Bəli. Daima. Amma artıq ağrıkəsici qəbul etmirəm. Bir neçə il əvvəl sətəlcəm olub xəstəxanaya düşdüm,  əməliyyat oldu, ondan sonra ömür boyu dərman qəbul edərək yaşaya bilməyəcəyimin fərqinə vardım, çünki vaqon-vaqon dərman içməli olacaqdım.. Perkoset, OksiKontin və bu növ dərmanlar. Asılı olmuşdum. Əgər həqiqətən hallanmaq üçün yox, ağrı kəsmək üçün istifadə edirsinizsə, atmaq elə də çətin deyil. Əsl məsələ dərmansız yaşamağa öyrəşməkdir. Böhranların öhdəsindən gəlməli olursunuz. Əsasən yuxusuzluq başa bəla olur. Ancaq bir müddət sonra immunitetiniz təslim olub vəziyyəti qəbul edir.

Hələ də siqaret çəkirsiniz?

Gündə üç dənə, amma yazanda əsla. Gündə cəmi üç dənə çəkəndə adama xeyli ləzzətli gəlir. Həkimim üçlə otuzun fərqi yoxdur desə də, mən üçdən çox çəkmirəm. İçkini atmışam. Valiumla kokaini də. Bircə siqareti ata bilməmişəm. Adətən səhərlər bir dənə, gecə bir dənə, bir dənə də günortadan sonra çəkirəm. Atmalıyam. Bilirəm, bilirəm. Siqaret pisdir! Sağlamlıq yaxşıdır! Amma əlimə kitab alanda siqaret tüstülətməyi sevirəm. Keçən axşam düşündüm bunu. Beyzbol oyunundan gəlmişdim, Red Soks qazandı. Yatağa uzanıb Qrem Qrinin “Sakit amerikalı” kitabını oxuyurdum. Müdhiş, çox müdhiş kitabdır. Bir siqaret tüstülədirəm və məndən yaxşı yazıçıların kimlər olduğunu düşünürəm. Siqaret və bütün digər asılılıq yaradan maddələr gördüyümüz işin pis tərəfidir. Məncə, yazıçı olmaq üçün insana elə o tərəf lazımdır, hər şeyi kağıza köçürməyə məcbur edən də insanın o tərəfidir. İçki, siqaret, narkotik.

Bu yazının da bir növ asılılıq olduğu mənasına gəlir?

Deyəsən, elədir. Mənim üçün elədir, yazı yaxşı getməyəndə belə oturub yazmasam, bu vəziyyət, yəni yazmamağım məni çox narahat edir. Məncə, yazmaq edə biləcəyim ən möhtəşəm şeydir. Yaxşı gedəndə möhtəşəm olur, yaxşı getməsə də olar. Yenə də vaxt keçirmək üçün yaxşı yoldur. Bütün bu yazılmış romanlar da bunun sübutudur.

Hələ də AA[1] yığıncaqlarına gedirsiniz?

Bəli, davamlı getməyə çalışıram.

Dini yanaşmaları barədə nə düşünürsünüz?

Mənim üçün problem deyil. Proqramın tanıtım kitabında da “inanmasanız belə, özünüzü inanırmış kimi göstərin” deyir. Təbii ki, bir çox insanın bunu problem kimi gördüyünü bilirəm, amma mən sadəcə proqramı izləyirəm. Ona görə  səhərləri diz çöküb “Tanrım, içki və narkotiki ağlıma gətirməməyim üçün mənə kömək et” və gecə yenə diz çöküb “Tanrım içmədiyim və narkotik istifadə etmədiyim üçün sənəşükr edirəm” deyirəm. Nə vaxt bundan söz düşsə, insanlara Con Vatersin o toppuş təqlid sənətçisi xanım Divaynla çəkdiyi “Çəhrayı flaminqolar” filmi haqqında hekayəni danışıram. Filmdə Divaynın səkidəki it nəcisini yediyi səhnə var. Vatersə bu səhnə barədə həmişə suallar verilir, “Söhbət bir parça it nəcisindən gedir və Divaynı böyük ulduz etdi, düz deyil?” dedi.

Məncə, bu Tanrı məsələsi də bir parça it nəcisi məsələsinə bənzəyir. İşin bu hissəsini problem etmirsinizsə, içki və narkotiklə vidalaşa bilərsiniz.

Hansısa terapiyadan keçmisiniz?

Narkotiki və alkoqolu buraxmaq üçün bir müddət psixoloq dəstəyi aldım. Ancaq bəhs etdiyiniz əsl psixoterapiyadırsa, qorxuram ki, mənə kəlləmi tamam qırdırar və ondan sonra hər şey alt-üst olar. Əslində bilmirəm,  yazıçı şəxsiyyətimə bir zərəri dəyərdimi, ancaq yaxşı olan bir çox şeyi yox edərdi.

Hekayədə obrazları, hadisələri istifadə əvvəldən qurursunuz, yoxsa yazı prosesində?

Bu, mənim istəyimlə bağlı deyil. Bu ünsürləri hekayəyə zorla salmıram. Öz-özünə olur. İndi yazdığım roman “Duma adası” qəzada qolunu itirmiş Edqar Frimantl adlı adam haqqındadır. Dərhal əskik orqanla bağlı semptomologiya barədə düşünürəm. Bəzilərinin insanların qəzadan uzun müddət sonra olmayan orqanlarını hiss edərək yaşadıqlarını bilirəm. Bu hissin nə qədər davam etdiyini öyrənmək üçün “orqanların illüziyası”  yazıb Google-da axtardım. Google-dan ötrü ürəyim gedir. Minlərlə qeydə alınmış misal tapdım, ən yaxşısı da – kitabda da elə bunu istifadə etdim – press maşınında əlini itirmiş gənc bir adam idi. Qəzadan sonra qopan əli  götürüb evə aparmış, sonra da spirtlə dolu bankaya qoymuşdu. Bankanı da anbarda saxlayırmış. Aradan iki il keçib. Adam yaxşılaşıb. Sonra bir qış günü həkimə gedəndə “qolumun bittiyi yer üşüyür”  deyib. Həkim dərhal qola baxmaq istədiyini deyib. Banka rəfdəymiş, amma anbarda pəncərə şüşəsinin qırıldığını görür. Bankanı ocağın yanına gətirəndən sonra məsələ həll olub. Bu gerçək əhvalat imiş.

Son vaxtlar, xüsusilə də “Bir məhəbbət hekayəsi”ndə hadisə yerinə bir qəhrəmanla işə başlayırsınız. Bəzi şeyləri daha fərqli etdiyinizi düşünürsünüzmü?

Bir-iki dəyişiklik ola bilər. Məsələn, “Cib telefonu”nda vəziyyət belə deyildi, lakin o onsuz da köhnə fikir idi. Digər tərəfdən “Bir məhəbbət hekayəsi” tək qəhrəmana əsaslanır. Bu ideya qəzadan üç-dörd il sonra ağlıma gəlib. O vaxtlar yaxşılaşdığımı düşünmüşdüm, lakin ağ ciyərimin alt hissəsinin parça-parça olduğu məlum oldu. Onsuz da sətəlcəm keçirirdim, nəticədə əməliyyatla ağ ciyərimi sinəmdən çıxarıb bərpa etdikdən sonra yerinə qoydular. Az qala ölürdüm. Ölümə çox yaxın təcrübə oldu. Bu dövrdə arvadım iş otağıma əl gəzdirməyə qərar verib. Xəstəxanadan çıxanda hər şeyin yeri dəyişmişdi, özümü o dünyadan ziyarətə gəlmiş ruh kimi hiss edirdim. Hətta öldüyümü belə düşündüm. Mən öləndən sonra da iş otağım bu hala düşüb. Beləcə, məşhur yazıçının ölümü və ərini itirdikdən iki il sonra öz həyatını nizama salmağa çalışan Lizi haqqında hekayəni yazmağa başladım. Artıq bu təkcə Lizinin yas müddəti ilə bağlı kitab yox, həm də insanların gözləntiləri barədə kitab olmuşdu. Yaradıcılığın təzyiq altında saxlamaq düşüncəsi ortaya çıxdı, çünki həqiqətləri təzyiq altında saxlayanda keçmişi nəql edən yeni hekayələr uydurarsınız.

Nyu Yorkerdə nəşr edildiyiniz üçün, üstəlik Milli Kitab Mükafatına və başqa beynəlxalq mükafatlara layiq görüldüyünüz üçün karyeranızın başlarında olduğundan daha ciddi qəbul edildiyinizi düşünürük.

Çox şey dəyişdi. Bilirsiniz nə olur? Əgər bir az istedadınız varsa və bunu maksimuma çatdırmağa çalışırsınızsa, imtina etmək və ya kifayətlənmək mümkün deyil; bax  onda daha ciddi qəbul edilirsiniz. Bir yazıçı kimi öz yerimi tapmaq baxımından həmişə çox diqqətli olmuşam. Ədəbaz işlər görməyə, özümü məndən yaxşılarla eyni səviyyədə görməyə də çalışmamışam. Gördüyüm işi ciddi qəbul edirəm, amma heç vaxt özümü olduğumdan daha yaxşı göstərməyə can atmamışam. Bir mühüm həqiqəti də unutmayaq: Qocalırıq. Az qala altmış yaşım var, bundan sonra hələ on, uzaq başı on beş il yaradıcılığımı istifadə edə bilərəm. Bəzən özümə deyirəm ki, “bu qədər vaxtım var, indiyə qədər yazdıqlarımdan daha yaxşı əsərlər meydana çıxara bilərəm”. Pula ehtiyacım yoxdur. Kitabım əsasında təzə filmlər çəkməsələr də, olar. Başqa ssenari yazmağım da şərt deyil. Yaşamağa evim var, başqa bir çirkin ev almağa ehtiyac yoxdur. Yeganə istəyim “Bir məhəbbət hekayəsi”ndən daha yaxşı kitab yazmaqdır. Görəsən, bunu bacaracağammı? Əsla özümü təkrar etmək istəmirəm. Dəyərsiz əsər yazmaq istəmirəm. Məqsədim işləməyə davam etməkdir. Kiçik dünyamdakı hər şeyi kəşf etmiş olduğumu qəbul etmirəm.

178-ci nömrə, 2006

 


[1]Alcoholics Anonymous: alkoqol asılılığından qurtulmaq üçün mübarizə aparanlar dərnəyi. 

Tərcümə etdi: İlahə Əkbər 

 

(Visited 187 times, 1 visits today)