Sim-sim.az

Tamilla Mövləvi – “Qu quşu yuvası üzərindən uçarkən” filmində vətəndaş cəmiyyəti mövzusu

 

 

Sim-sim.az ADMİU-nun Ədəbi iş ixtisası üzrə II kurs magistr tələbəsi Tamilla Mövləvinin yazısını təqdim edir.

 

Vətəndaş cəmiyyəti nədir? Vətəndaşın mənafeyinə xidmət edən, onun hüquqlarını qoruyan və onun azadlığı üçün çalışan cəmiyyət. Bu cəmiyyət ayrı-ayrı fərdlərin könüllü şəkildə yaratdıqları bir cəmiyyət olaraq özündə vətəndaşların həm irqi, həm dini, həm mənəvi-əxlaqi münasibətlərindəki ümumi bərabərliyini əks etdirir. Belə bir cəmiyyətə dövlət tərəfindən müdaxilənin olması qəbul edilməzdir. Başqa sözlə desək, istənilən kənar müdaxilə vətəndaş cəmiyyətinin pozulması və fərdlərin kənar müdaxilələrin təsiri altına düşməsi deməkdir.

Vətəndaş cəmiyyəti mövzusu hər dövrdə aktual olmuşdur. Həm ölkəmizdə, həm də dünya kinematoqrafiyasında bu mövzuda çəkilmiş yüzlərlə sənədli, bədii film var ki, onlardan biri də beş “Oskar” mükafatı almış “Qu quşu yuvası üzərindən uçarkən” (One Flew Over the Cuckoo’s Nest) bədii filmidir. Ken Kizinin (Ken Kesey) eyniadlı romanı əsasında 1975-ci ildə rejissor Miloş Forman (Miloš Forman) tərəfindən ekranlaşdırılan bu filmdə vətəndaş cəmiyyəti mövzusu və o zamanlarda mövcud olan sinfi düşmənçilik, irqçilik, cinsi fərqlilik kimi anlayışların belə bir cəmiyyəti uçuruma apardığı özünü qabarıq şəkildə göstərir.

Filmdəki hadisələr əvvəldən axıradək psixiatriya xəstəxanasında cərəyan edir. Baş qəhrəmanı Cek Nikolsonun (Jack Nicholson) canlandırdığı otuz səkkiz yaşlı Rendl Mekmörfi obrazı toplumun qaydalarını pozaraq, beş dəfə davakarlığına, sonuncu dəfə isə azyaşlı qıza təcavüz etməsi səbəbi ilə həbs olunmuşdur. Məhbus olduğu həbsxanadan azad olmaq üçün çarəni özünü dəliliyə vuraraq psixiatriya xəstəxanasına yerləşməkdə görür. Rendl Mekmörfi həyatdan zövq almağı bacaran bir obrazdır. Azadlığını psixiatriya xəstəxasına yerləşməkdə görən və buranın daha əyləncəli olduğunu hesab edən, Rendl Mekmörfi üçün heç də hər şey planlaşdırdığı kimi olmur. Bu xəstəxanada işlədiyi günahların cəzasından azad olaraq, istədiyi şəkildə həyatını sürdürməyi düşünən Mekmörfi xəstəxanada tam fərqli mənzərə ilə qarşılaşır. Burada müalicə alan bütün xəstələrin azadlıqları əllərindən alınmış, xəstəxana rəhbərliyi tərəfindən bir köləyə çevrilmişlər. Onların müalicəsindən isə söhbət belə gedə bilməz. Xəstələrin ruhi problemlərindən sui-istifadə edən xəstəxana rəhbərliyi öz sərt davranışı ilə onların psixi vəziyyətlərini daha da korlayır, onların sağalması üçün heç nə etmirlər. Bu davranış ilk gündən Mekmörfinin diqqətini cəlb edir və o xəstəxana rəhbərliyinə “müharibə elan edir”. Onun bu davranışı da öz növbəsində soyuqqanlı tibb bacısı Retçedin və xəstəxana işçilərinin diqqətini üzərinə çəkir.

Xəstələrin heç bir hüququnun olmamasının bir səbəbi də onların bu haqsızlığa susmalarıdır. Burada nə söz, nə də fikir azadlığından söhbət gedir. Xəstələr onlara edilən bu haqsızlığı susqunluqla qarşılayır, heç nəyə etiraz etmədən düşdükləri vəziyyətlə barışaraq həyatlarına statik bir şəkildə davam edirlər. Həkimlər və xəstələr arasındakı münasibətlərin həkimlərin xeyrinə, xəstələrin isə ziyanına ifrat dərəcədə pozulması təbəqələr arasındakı xaosu yaradır.

Filmdə psixiatriya xəstəxanası simvolik məna daşıyır. Əyalət xəstəxanasındakı bu münasibət əslində cəmiyyətin kiçik prototipidir. “Güclünün gücsüz üzərində qələbəsi”. Vətəndaş cəmiyyəti də məhz belə haqsızlığı aradan qaldırmaq üçün qurulur. Mekmörfi bu əyalət xəstəxanasında bir növ vətəndaş cəmiyyəti qurmağa çalışır.

Rendl Mekmörfi tibb bacısı Retçedin xəstələr üçün nəzərdə tutduğu gündəlik proqrama kiçik dəyişiklik edilərək, reqbi üzrə dünya çempionatının açılış mərasimini izləməyi əlavə etməyi təklif etsə də, öz hüquqlarını yaxşı bilməyən digər xəstələrin cəsarətsizliyi səbəbi ilə səsverməni uduzur. Səsvermə zamanı xəstələrə hüquqlarını bildirməyi və “yaxşı bir amerikalı olun” deməklə isə irqi ayrı seçkiliyin mövcud olduğu mühiti təsdiqləmiş olur. Mekmörfinin belə bir mövzuya toxunması təbii ki, dövrün tələbindən qaynaqlanırdı. O, eyni zamanda pasientləri tərəfinə çəkməklə öz şıltaqlığını həyata keçirtmək istəyirdi. Kinoşünas Aydın Dadaşov da “Qu quşu yuvası üzərindən uçarkən” (Povestin mükəmməl ekran yozumu) adlı məqaləsində bu barədə belə yazır: “Amerikanın demoqrafik zümrə fərqliliyini təmsil edən xəstələr arasından zənci Vaşinqtonun etirazına baxmayaraq seçdiyi hərəkətsiz, reaksiyasız, ağır dəli hesab olunan boy-buxunlu hinduya, basketbol topunu səbətə atmağa səbrlə vadar edən Merfi özünün ali qayəsini dolayı yolla üzə çıxarır”.[1]

Mekmörfinin xəstəxanadakı “çılğınlığı” əvvəlcə özünün istəklərini yerinə yetirmək üzərində qurulur. O ağıllıdır və ağıllı insanlar üçün olan hər şeydən istifadə etmək istəyir. Daha sonra bu istək başqalarının da haqqının qorunmasına yönəlir. O yaşadığı xəstəxana rəhbərliyinə müharibə elan edir və bu müharibədə xəstələri öz tərəfinə çəkməyi planlaşdırır. İlk məğlubiyyət onu həvəsdən salmır. Səsverməni uduzandan sonra bir-birinə son dərəcə zidd olan iki xarakter arasındakı gərginlik daha da alovlanır. Retçed də öz növbəsində Rendl Mekmörfini təqibə alır. Mekmörfi üsyankar xarakteri ilə xəstələrin liderinə çevrilməyi bacarır və bu üsyankarlıq başqalarına da təsir edir. Hadisələrin birdən-birə bu istiqamətə dəyişməsi heç şübhəsiz ki, xəstəxana rəhbərliyini narahat etməyə başlayır və daxili nizam-intizamı qorumaq üçün bir sıra cəhdlər edirlər. Konfliktin rüşeymləri artıq öz işini görməyə başlamış, Mekmörfi ilə Retçedin arasındakı gərginlik artmışdır. Daxili “nizamı” pozmağa çalışan Mekmörfi Mildred Retçedin və eləcə də xəstəxana rəhbərliyinin ən birinci düşməninə çevrilir. Mekmörfi isə heç kimə məhəl qoymadan insan hüquqlarını qorumaq, xəstələrə normal şərait yaradılmasını təmin etmək məqsədi ilə “intizamsızlıq” etməyə davam edir. Məsələn, günlərin bir günü xəstələri balıq ovuna aparır. Əslində bu kiçik bir hadisə olsa da, xəstəxana sakinlərinin içərisində yatan inqilab hissini oyatmaq üçün ciddi bir addım idi və bu üsyanın ilk rüşeymləri idi ki, xəstəxana rəhbərliyi bundan narahat olmaya bilməzdi.

Kinoşünas Aydın Dadaşov yuxarıda adını qeyd etdiyimiz məqaləsində bu barədə belə yazır: “Ruhu təzələnən ümidsiz xəstə Billinin bəyəndiyi Kendi ilə cinsi əlaqəsinə inzibati amirliyin müdaxiləsi, xanım Retçetin gəlişi ilə baş alıb gedən kütləvi zorakılığa qarşı müqavimət göstərənlər arasında artıq tam sağalan Billinin sərbəstliyi yeniləşən cəmiyyət modelini təqdim edir”.[2]

Rejissor filmin qəhrəmanının əməllərinin bəhrəsi kimi cəmiyyətdəki nöqsanlara işarə etmişdir. Filmdə adi hadisənin insan həyatında necə bir dönüş olacağına işarə var. Əslində, ən böyük hadisələrin də ən kiçik bir səbəbdən doğula biləcəyini görürük. Billinin ölümü də bu qəbildəndir. Onun böyük arzuları yox idi. Sadəcə qorxusunu dəf etməyə çalışırdı. Mekmörfi də ona bu işdə “kiçik” bir yardım etmişdir. Lakin tibb bacısının amansız müdaxiləsi onu intihara sürüklədi. Kiçik bir müdaxilə bir insanın faciəsinə çevrildi. Billi azad olduğu qorxularına geri döndü və bu həyatı bir daha yaşamaq istəmədi.

Mekmörfi xəstəxana rəhbərliyindən fərqli olaraq xəstələrə yardım etmək istəyir, onlarda özlərinə inamı aşılayırdı. Onun “küçələrdə gəzən insanlardan daha dəli deyilsiniz” fikri xəstələrdə ruh yüksəkliyi oyadır, haqlarını tələb etmək istəyi yüksəlirdi. Bu da cəmiyyətin idarə oluna biləcəyinə işarədir. Kiçik bir ümid, düzələcəyini düşündüyünüz hadisələrə müdaxilə sizi lider etməyə qadirdir. Mekmörfinin xəstələrə bu təlqini Hindunun azadlıq arzusunu alovlandırmağa yetmişdir. Sadəcə Hindumu? Əlbəttə, yox. Bütün xəstələrdə özünə inam hissi yüksəlmişdir. Buna görə siqaret və pulları əlindən alınan xəstələrin dilindən Çestvik etiraz edərək “mən uşaq deyiləm” deyə üsyan edirdi. Bu da rəhbərliyin onlarla körpə uşaqdan daha artıq davranmadığının göstəricisidir, burada şəxsiyyətin azadlıq probleminə münasibətini qabarıq şəkildə görürük.

Hadisələrin gedişində biz konfliktin səbəbkarları Retçed və Mekmörfinin davamlı mübarizəsinin şahidi oluruq. Filmin qəhrəmanlarından biri diktaturanı (Retçed), digəri vətəndaş cəmiyyətini (Mekmörfi) təmsil edir. Hər ikisi əlindəki imkanları daha yaxşı dəyərləndirməyə çalışır. Mekmörfini ciddi rəqib sayan xəstəxana rəhbərliyi onu uzaqlaşdırmaq istəsə də, baş tibb bacısı israrla onun xəstəxanada qalmasını və “müalicə” olunmasını tələb edir. Onun müalicə üsulu heç şübhəsiz ki, Mekmörfini sındırmaq, onu zərərsizləşdirməkdən ibarətdir. Buna görə də Mekmörfiyə böyük dozada – lobotomi vururlar. Filmdə yadda qalan obraz kimi Hindunun taleyi də dramatikdir. Mekmörfinin sayəsində onda da yaşadığı psixiatriya xəstəxanasından qaçmaq və azadlığa qovuşmaq hissi yaranır. Xəstəxana mühitində məna görməyən Hindu digər xəstələrdən fərqli olaraq  hər şeyi bir kənara qoyur. Ümidini itirən Billi azadlığa qovuşmağı intihar etməkdə görürsə, Hindu qaçmaqda görür.

Filmin sonunda isə hər kəsin lal-kar hesab etdiyi hindu Şefin qaçışı əslində Mekmörfinin ideyalarının qələbəsi deməkdir. O, başqalarının azadlığı uğrunda mübarizədə ölsə də, digərləri onun arzuladığı azadlığa qovuşa bildilər. Mekmörfinin ölümü Hindunun əli ilə olsa da, əslində xəstəxana rəhbərliyi onu mənəvi cəhətdən öldürmüşdü. Şef isə onun bədənini öldürərək, Mekmörfini daha böyük əzablardan xilas edir.

“Qu quşu yuvası üzərindən uçarkən” filmi azad fərdlərin imkanlarının məhdudlaşdırılması, azadlığın nə olduğunun izah edilməsi mənasında təqdirə layiqdir.

[1] http://axar.az/news/kult/7569.html

 

[2] Yenə orada

(Visited 124 times, 1 visits today)