Sim-sim.az

Tural Turan – Ağrının nişan üzüyüdür intihar kəndiri…


Adam var ovucundan,

Adam da var cibindən atır özünü.

Ağrının nişan üzüyüdür intihar kəndiri.

Tanrı, çadrasından bir cüt göz ağardır deyə,

Hər adam ölümlə kəbin kəsdirə bilmir.

 

…İplə ağac arasında ölüm böyüdürük indi.

Başa düşün, dili kirayə vermək olmur,

Bu dünyada bircə kirayə var –

Yaradanın son mənzili…

 

Hər intihar xəbərinin başlığında

Bir vətən asılır dar ağacından.

Bütün şairlər ipə gözütox gedir,

Yerində qalan qələmlər ölür “acından”.

 

Şairlər özünü asdığı yerdən,

Aparın ölkənin bayrağın asın.

Başqası gələnə kimi,

İpin ağzı boş qalmasın…

(Visited 272 times, 1 visits today)