Sim-sim.az

Uistən Hyu Oden – OXU

Esse

 

Kitab güzgüdür: eşşək belə baxsa, çətin ki, cavab yerinə ordan apostol boylana.

Georg Lixtenberq

Yalnız şəxsi niyyətlə oxunan kitab ləzzət verir. Yəqin ki, gücünə güc qatmaq üçün. Ancaq heç bir halda bu, yazıçı qəzəbinin predmeti olmamalıdır.

Pol Valeri

 

 

Yazıçı və oxucunun maraqları heç zaman üst-üstə düşmür, onların eyni göründükləri hal yəqin ki, xoşbəxtliyin özüdür.

Yazıçıya münasibətdə bir çox oxucular addımbaşı ikili yanaşmanın mümkünlüyünə inanırlar: yazıçı nədənsə oxucuya sadiq olmaya bilər, ancaq ikincilər həmişə sadiqdir.

Oxumaq elə tərcümə eləmək kimidir, çünki iki müxtəlif insanın təcrübəsi heç zaman üst-üstə düşmür. Pis oxucu elə pis tərcüməçidir: nəyi ki başqa cür ifadə etmək lazım gəlir, burda hərfə qaçır, harda ki, hərfi dəqiqlik tələb edilir, fantaziyaya qoşur. Oxu zamanı elmi bilikdən çox hansısa instinkt işə yarayır, – çünki böyük alimlər təcrübə də göstərir ki, pis tərcüməçilərdir.

Kitabı müəllifin nişan verdiyi yoldan sapıb oxuduqda daha çox fayda əldə edirik, – bu da danılmaz həqiqətdir, ancaq bir şərtlə ki, bunu qəsdlə edək, yəni özmüzə arxayın olduqdan sonra.

Əksər hallarda biz reklamlarda çəkilmiş qız şəkillərinə bığ qoyan uşaqlara bənzəyirik.

Kitabın ədəbi dəyərə malik olmasının mühüm əlaməti onun müxtəlif baxış bucaqlarından “sınaraq” oxuna bilməsidir. Və əksinə, parnoqrafiyada hansısa ədəbi dəyərin olmamasının nişanəsi, – yəni kimsə bir pornoqrafik əsəri hissi stimul anlamında yox, sadəcə, məsələn hansısa psixoloji situasiyaların tədqiqi üçün oxusa, bax onda oxuda dözülməzliyin nə olmasını kəsdirəcəkdir.

Ədəbi əsər fərqli oxu variantlarını təklif etsə də, onların sayı son nəticədə məxsusi iearxiya ilə məhdudlaşır: hansısa oxu obyektiv olaraq “yaxındır”, digəri şübhəlidir, üçüncüsü, obyektiv olaraq düzgün deyil və nəhayət, dördüncüsü absurddur, hekayəni sonundan oxumaq qədər. Bax, buna görə də, oxucu hansısa insan yaşamayan adaya düşəndə o, bu və ya digər ədəbi şedevrdənsə, yaxşı bir izahlı lüğətin əlində olmasına üstünlük verərdi, çünki oxucuya münasibətdə lüğət passivdir və sonsuza qədər müxtəlif oxu variantları təklif edir.

Biz tanımadığımız yad müəllifi çox hörmət bəslədiyimiz müəllif qədər rahat oxuya bilmirik. Yeni müəllifin əsərində yalnız məziyyət, yaxud yalnız kəm-kəsir axtarırıq və hətta onları bir yerdə müşahidə etdikdə hansı nisbətdə göründüklərinin fərqinə varmırıq. Artıq tanınmış və tanıdığımız müəllifdən söhbət gedirsə,  hələ də onu qavraya biliriksə, hələ də ondan mənimsəməyə nəsə qalıbsa, bütün yanılmalarının üstündən keçmədən, “güllələrinin hədəfə dəymədiyini” yadda saxlamaqla, sözsüz bilirik ki, artıq onun ustalığı bizə zövq verməyəcək. Bundan başqa, bu müəllifi qavramamız xalis estetik hadisəyə çevrilməyəcəkdir. Ədəbi məziyyətləri bir kənara qoysaq, onun yeni kitabı çoxdan müşahidə etdiyimiz insan fəaliyyəti kimi yalnız tarixi əhəmiyyət daşıyacaqdır. Artıq o, nəinki yazıçı, yaxud şairdir, həm də bizim bioqrafiyamızın bir hissəsidir.

Şair başqa bir şairi, nasir də başqa bir nasiri oxuya bilmir, – onun yazdığını özününkü ilə müqayisə edərək. Bu kimi hallarda onun mühakiməsi təqribən belə ola bilər: “O mənim Allahımdır!”, “Əcdadımdır!”, “Düşmənimdir!”, “Qan qardaşımdır!”, “Ağıldankəm qardaşımdır!”.

Ədəbiyyatda bayağılıq (duzsuzluq…) miskinlikdən yaxşıdır necə ki bakkalın hazırladığı portveyn distillə edilmiş sudan üstündür.

Yaxşı üslub (dad…) istisnalarla baş qatmaqdansa ciddilik, yaxşını yamandan seçən sərrastlığa meydan vermək deməkdir. Buna görə də, zövqü olan insanı seçim və istisnaya məcbur edildikdə nəticəsi çox kədərli olur. Məmnunluqdan heç söz gedə bilməz.

Şübhəsiz ki, zövqlü olmaq tənqidçiyə hava və su kimi lazım olan bir keyfiyyətdir, yəni mən demək istədiklərimi minimum səhvə yol vermədən ifadə etmək istəyirəm.

Uşağın oxusu məmnunluq üzərində qurulur, ancaq bu məmnunluq qatmaqarışıqdır: o hələ estetik olanı idrak ediləndən, yaxud xəyaldan ayırd edə bilmir. Cavanlıqda başa düşürük ki,  müxtəlif zövqlər var və onların bəziləri eyni zamanda mövcud olmur, ancaq cavan ikən bizə təkan anlamında yardım lazım olur, bütün bunları qarışdırmayaq, ayırd edək yaxşını yamandan. Qastronomik seçim sahəsində olduğu kimi gənc adam ədəbiyyatda da özünə müəllim axtarır – yəni elə bir adam ki, inana bilsin, arxalana bilsin.

nc nüfuzlu bildiyi şəxsin ona təlqin etdiklərini yeyir və oxuyur, buna görə də bəzən özünü də yüngülcə aldatmaq lazım gəlir: yəni, özünü elə aparırsan ki, guya zeytunu və “Hərb və sülh”ü daha çox sevirsən. İyirmi yaşla qırx arasında biz özünüdərketmə prosesinə meyllənirik, ömrümüz orda keçir, başqa sözlərlə desək, dəf etməli olduğumuz təsadüfi maneələrlə aşılması heç zaman cəzasız qalmayacaq maneələr arasındakı fərqi öyrənirik.

Yalnız çox az sayda adamlar özlərini öyrənməklə səhvə yol vermirlər və onlara aid olmayan yeri tutmağa cəhd etmirlər. Məhz bu müddətdə yazıçı çox nadir hallarda başqa bir yazıçının, yaxud ideoloqun təsirinə qapıla bilir. Hansısa yazıçı iyirmi yaşla qırx arasında desə ki, “Bilirəm yaxşıdı, mənim də xoşuma gəlir”, bu o demək olacaq ki, “Mənim özümün zövqüm yoxdur, sadəcə mədəni sferada məlum baxışı bölüşürəm”, çünki iyirmi yaşla qırx arasındakı dövrün ən dəqiq əlaməti budur ki, bu zaman insan həqiqi məziyyətə malik olur. Qırx yaşdan sonra, əgər bizə aid olan qavrayışı itirmiriksə, məmnunluq, zövq almaq xassəsi bir daha elə uşaqlıqdakı halına dönüşür, – oxunun etibarlı əlamətinə.

Ancaq sənət əsərlərinin bizə aşıladıqları məmnunluğu digərləriylə qarışıq salmaq olmaz, onların arasında ümumi olan şey budur ki, bizə məxsusdurlar, başqa birisinə yox. Bizim bütün mühakimə və hökmlərimiz, istər estetik, istərsə də mənəvi, – gözümüzdə nə qədər obyektiv olmasından asılı olmayaraq bizim subyektiv arzu, ehttiras və məmnunluqlarımızın rasional təzahürünün mahiyyətidir. İnsan şeir, yaxyd nəsr yazırsa onun cənnət haqqında xülyası öz işidir, buna qarışmaq olmaz, ancaq ədəbi tənqidi fəaliyyətə qoşulduğu an düzlük, vicdanlılıq ondan oxucuya ideal haqqında aydın təsvvür verməyi tələb edir, oxucunun tınqidçinin mühakiməsini, nə dediyini düzgün qavraması naminə.  Ona görə də mən haçansa özümün tərtib etdiyim suallara cavab vermək istərdim. Məqsədim budur: haçansa başqa tənqidçiləri oxuduqda əldə etmək istədiyim informasiyanı oxucuya çatdıra bilim!

 

CƏNNƏT

Peyzaj

Əhəngdaşından dağlar, Apennin kimi və vulkan mənşəli qaylar, onların içində biri sönüb artıq. Qayalı dəniz sahilləri.

İqlim

İngiltərənin iqlimi.

Əhalinin etnik tərkibi

Birləşmiş Ştatlarda olduğu qədər çox qarışıq, azca şimal irqinin üstünlüyü ilə.

Dil

İngilis dilində olduğu kimi çox inkişaf etmiş təsriflənmə sistemi olan bir çox dillərin qatışığı

Ölçü və çəki sistemi

Qeyri-ardıcıl və mürəkkəb. Onluq sistem istisnadır.

Din

Aralıq körfəzi nümunəsində olduğu kimi katolisizm

Paytaxtın ölçüsü

Platonun ideal rəqəmləri: 50X40

İdarəetmə forması

Mütləq monarxiya, monarx əbədi hakim kimi əksər səslə seçilir

Təbii enerji mənbələri

Külək, su, torf, kömür. Neft istisnadır.

İqtisadi fəaliyyət

Qurğuşun, kömür hasilatı, kimyəvi istehsal, dəyirmanlar, maldarlıq, əmtəə mübadiləsi, həyətyanı torpaq sahəsi

Nəqliyyat

Atlar, ekipaj, çay barjaları, hava balonları. Avtomobil və təyyarayə yer olmasın.

Memarlıq

Dövlət – barokko. Kilsə – roman və ya Bizans üslubu. Mülki – XVII əsrin ingilis və ya amerikan kolonial üslubu.

Ev mebeli və avadanlıq

Viktorian.

Rəsmi geyim forması

1830-1840-cı illərin Paris modası.

İctimai həyat

Dini prosessiyalar, nəfəsli orkestr, opera, klassik balet, kino,… radio və tv yoxdur.

 

Doğrudan da minnətdar olduğum və yazdıqları əsərlər olmasaydı həqiqətən çox kasıb olacağım şair və nasirlərin adlarını yazıb bir siyahı düzəltmək lazım gəlsəydi həmin siyahı səhifələrcə artıb-çoxalardı. Ancaq elə bu qədər minnətdar olduğum tənqidçilərin adlarını yazmaq lazım gəlsəydi, olsa-olsa otuz dörd adamın adını yazardım. Onlrın on ikisi almandır və yalnız ikisi fransızdır. Bəlkə bu mənim tərəfimdən qəsdli bir üzgörənlikdir? Ola bilər.

Ancaq əgər yaxşı ədəbi tənqidçilərin sayı yaxşı şair və nasirlərdən əsl həqiqətdə azdırsa, bu elə insan təbiətindəki eqozimin bir nişanəsidir. Yazıçı kimi elə şair də son nəticədə həyatı və taleyi olacaq yaradıcılığının predmeti qarşısında sitayiş etməyi öyrənir. Tənqidçinin  sitayiş eləməli, baş endirməli olduğu predmetsə müəllifin əsərləridir, başqa sözlə, insan əliylə yaradılan şeylər və belə bir şeyin hörmətdən salınıb alçaldılması ilə barışmaq çox çətindir. Bunu bəyan etməksə heç də çətin deyil: “Həyat onun haqqında nələrsə deməkdən qat-qat qəlizdir”, bunu isə hər kəs deyə bilməz: “Filankəsin əsəri mənim onun haqqında deyə biləcəklərimlə müqayisədə çox müərəkkəbdir”.

Yazıçı olmamaq anlamında çox ağıllı insanlar var, ancaq onlar heç tənqidçi də olmurlar.

Allah şahiddir ki, yazıçı hətta fövqəladə dərəcədə küt də ola bilər, ancaq başqa tənqidçilərin onun haqqında düşündükləri qədər yox. Mən o tənqidçiləri nəzərdə tuturam ki,  hansı əsəri, yaxud onun bir hissəsini məzəmmətləyəndə, belə bir şeyi unudurlar ki, yazıçı çoxdan bu sözlərin hər birini görmüşdü, hərf-hərf, heca-heca.

Tənqidin vəzifəsi nədir? Başa düşdüyüm qədər o mənə aşağıdakı xidmətləri göstərə bilər:

  1. Məni müəlliflə, yaxud hələ tanımadığım əsərlə tanış edə bilər.
  2. İnandıra bilər ki, mən bu müəllifi və onun bu əsərini lazımınca dəyərləndirə bilməmişəm, çünki onunla tanışlığım kor=koranə olub.
  3. Bu əsərlə başqa dövrlərdə fərqli mədəni mühitdə qələmə alınmış əsərlər arasındakı bağı göstərə bilər, elə bir keyfiyyəti mən doğrudan da sezməyə bilərdim, çünki həyatda elə şeylər var ki, biz onları bilmirik.
  4. Öz oxu variantını təqdim etməklə mənim təsəvvürlərimin sınırlarını genişləndirə bilər.
  5. İncəsənətdə “ədəbi ustalıq” adlandırdığımız nəsnənin bəzi tərəflərinə işıq tuta bilər.
  6. Sənətlə həyat, elm, iqtisadiyyat, etika, din və sair arasındakı münasibətləri “oxuya” bilər.

 

Yuxarıdakı ilk üç bənd bilik anlamındadır. Ancaq savadlı insan geniş biliyə malik bir fərddir: onun təcrübəsi başqaları üçün dəyər səviyyəsindədir. Anacq Manxettinin telefon kitabını əzbərdən bilən insanı savadlı adlandıra bilmərik, təsəvvür edin, belə bir adamın yanına hansısa tələbə təşrif gətirərmi? Əgər savadlılıq az və ya çox dərəcədə məlumatlılıqdırsa bu keçici olacaqdır; kütləyə münasibətdə hər bir müşahidəçi hal-hazırda öz oxucusundan daha məlumatlıdır, çünki icmal etdiyi kitabı oxuyub, oxucusa yox. Ancaq savadlı insanın malik olduğu bilik hardasa özndə dəyərdir və bunu o heç zaman tam olaraq anlamır: çox olur ki, biliyini verdiyi tələbə bəzi şeylərdən müəllimindən daha çox baş çıxarır. Ümumən, savadlı tənqidçini oxuduqda şəxsən yazdığı şərhlərdənsə gətirdiyi sitatlardan daha çox fayda götürürsən.

Son üç bəndə gəlincə, burda artıq yüksək bilik yox, yüksək intuisiya tələb edilir. Təhlillər boyu qaldırdığı sullar doğrudan da orijinaldırsa, vacib və müasirdirsə, tənqidçi bununla intuisiyasını nümayiş etdirmiş olur, – hətta bu suallara onun verdiyi cavablar sizinkilərlə üst-üstə düşməsə belə. Doğrudan da çox az oxucu var ki, Tolstoyun aşağıdakı suala verdiyi cavabla razılaşsın: “İncəsənət nədir?”, ancaq bu kitabı oxuyan hər kəs artıq ondan yan keçə bilməz.

Hər bir tənqidçidən israrla tələb etdiyim yeganə şey budur ki, mənə “bunu bəyən, yaxud bəyənmə” deməsin. Tənqidçi sevdiyi və sevmədiyi yazarların adlarını çəkirsə çəksin, buna sözüm yoxdur; doğrudan da mənim də oxuduğum kitablara onun münasibətini bilmək faydalıdır, yəni zövqlərdəki fərqi gördükdə hələ oxumadığım kitablar haqqında da nələrsə düşünə bilərəm. Ancaq o mənə öz şövqünü, ehtirasını təlqin etməsin. Oxuya görə yalnız mən özüm məsuliyyət daşıyıram – buna kimsə cavab verə bilməz.

Hansısa ədəbiyyat adamının tənqidi qeydlərini məlum qeyd-şərtlərlə qəbul etmək lazımdır, çünki bir qayda olaraq, bu fikirlər ədəbiyyatçının özünün özüylə davasıdır, mübahisəsidir və oxucu bunu bilsə yaxşıdır. Bundan başqa, deyək ki, alimdən fərqli olaraq yazıçı kolleqalarının nə ilə uğraşmasıyla az maraqlanır. Otuzu keçən şair olsun  ki, hələ də ehtiraslı oxucudur, ancaq bu o demək deyil ki, o, öz müasirlkərini oxumaqdan əsir-yesirdir.

Qeyd: “Şərə yenilmə, şəri xeyirxahlıqla yen” – həyatın müxtəlif sahələrində bunu hərfən yerinə yetirmək mümkünsüzdür, ancaq sənətdə bu ümumi qaydadır. Pis sənət həmişə burnunun ucundadır, göz qabağındadır, ancaq konkret əsərin “çirkinliyi” keçici xarakter daşıyır: gec-tez onun yerini elə həmin rəziliyin başqa bir təzahürü tutacaq. Ona görə də bu kimi oxşar hallara hücum etməyə lüzum yoxdur: onların hamısı keçicidir. Makoley Robert Montqomer haqqında bir esse yazıb – və bizim başımızda bu gün də o illüziya dolaşır ki, Montqomer böyük şairdir. Çünki tənqidin dəyər olan yeganə məziyyəti pis hesab etdikləri haqqında susmaq və var gücüylə yaxşı bildiyini təsdiq etməkdir, xüsusən bu yaxşı olan nəsnə hələ də lazımi qiymətini almayıbsa.

Pis kitabların üstünə getmək təkcə boş vaxt itkisi deyil, həm də xarakterin korlanmasıdır.

Ədəbiyyatla bağlı üstündən sükutla keçə bilməyəcəyin yalnız bircə yamanlıq var. Dilin korlanması. Yazıçı yeni dil icad etmir – o, irsən qalan dildən asılıdır və dilin korlanması qaçılmaz şəkildə yazıçıdan yan keçmir. Ancaq bu mövzuda yazan tənqidçi hər şeydən əvvəl şərin bədii əsərdən kənarda qalan ilkin mənbəyinə hücuma keçməlidir; dil obıvatellərin, jurnalist və siyasətçilərin qələmində və danışığında can çəkir – bu adamlar dili öldürməklə məşğuldurlar.   Bundan başqa tənqidçi uğrunda mübarizə apardığı nəsnəyə ilk öncə özü yiyələnməlidir. İngilis və ya amerikan tənqidçilərindən kim Karl Kraus alman dilini bildiyi qədər ana dilinin bilir?

…Hər şeyi bilmək istəyən adamlar var. Bəzən onlar yazıçı və şairlərdən soruşurlar: kimin üçün yazırsınız? Sual şübhəsiz ki, səfeh sualdır, mən də ona elə səfeh cavab verməliyəm. Bir dəfə rastıma elə bir kitab çıxdı ki, dərhal hiss etdim: bu kitab yalnız mənim üçün yazılıb. Qısqanc aşiq kimi kiminsə ondan xəbər tutmasını heç istəmədim. Milyonlarla oxucu var ki,  bir-birlərindən xəbərsizdirlər, ehtirasla, boşboğazlıq etmədən oxunmaq şübhəsiz ki, hər bir yazıçının müqəddəs arzusudur..

İngilis dilindən tərcümə  –  Cavanşir Yusifli

 

(Visited 50 times, 1 visits today)