Sim-sim.az

Ülkər Süleymanova – Müharibə mövzulu filmlərlə bağlı qeydlər

(“Günaydın, mələyim” və “Yarımçıq xatirələr”  filmi)

 

Sim-sim.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitununu magistr ikinci kurs tələbəsi Ülkər Süleymanovanın məqaləsini təqdim edir.

 

Qarabağ müharibəsi, onun doğurduğu vəziyyət, qaçqın və məcburi köçkünlərin həyatına həsr olunan filmlər yetərincədir. 2000-ci ildən etibarən  bu mövzuya həsr olunan filmlər sırasında “Arxada qalmış gələcək”, ”Əlvida, cənub şəhəri”, ”Yalan”, ”Günaydın, mələyim”, ”Nabat” kimi filmləri göstərmək olar. Bu filmlər ümumilikdə eyni motivdən – müharibədən bəhs etsə də, ayrı-ayrılıqda hər biri müharibənin fərqli hissəsini işıqlandırıb. Yusif Şeyxovun ssenarisini yazdığı və Rüfət Əsədovun rejissorluğu ilə 2005-ci ildə çəkilən “Arxada qalmış gələcək” filmi müharibə dövründə, 90-cı illərdə yeniyetmə bir oğlanın yuxuya getməsi və gözünü cəbhədə açmasıyla başlayır. Filmdə cəbhədəki vəziyyətdən daha çox cəbhə arxası durum, bu durumun insanların həyatındakı yeri, müharibənin gətirdiyi böhranın insanların sosial durumuna nə dərəcədə təsir göstərməsi, şəraitsizlik kimi faktorlar ön planda göstərilib. Yəni film müharibənin özündən çox, onun gətirdiyi fəsadlar, çətinliklər üzərində qurulub.

Oqtay Mirqasımovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmlərdən biri olan “Günaydın, mələyim”də isə müharibə mühiti sadəcə filmin arxa fonundadır. Bu fonda həyat yoldaşı cəbhədə həlak olmuş bir xanımın həyat mübarizəsi təsvir edilib. Fərd olaraq yaşadığı mühitin ona vurduğu zərər həm madii, həm də mənəvi-psixolojidir. Həm sevdiyi insanın itkisi, həm maddi böhran vəziyyətində olması, həm də onu əhatə edən qonşu və iş çevrəsinin göstərdiyi təzyiq onu sarsıdır. Ümumilikdə insanı əhatə edən sosial dünyanın qayda-qanunları ictimai varlıq olan fərdi təsir altına salır. Filmdə Mədinənin çevrəsindəkilərin özünəməxsus dəyərləri var, onlar Mədinəni də bu dəyərlərə tabe olmağa, öz prinsiplərindən döndərməyə çalışırlar. Fərd onu əhatə edən mühitin dəyərləriylə hesablaşmazsa, ya narahat olur, ya da narahat edilir. Filmdə bunu Mədinənin başına gələnlərin timsalında görürük. Bunlar insani dəyərlər, müsbət dəyərlər olmasa da, nəticə dəyişmir. Fərdin mühitiylə təkbaşına mübarizəsi filmin ana xəttini təşkil edir.  Hər bir insan real həyatdada cəmiyyətin təzyiqini öz üzərində hiss eləyir və insanlar qınaq obyekti olmaq, təzyiqə məruz qalmaq istəmir. Buna görə də həm mikromühiti olan ailə, dost və yoldaş çevrəsinin, həm də makromühitin ictimai reaksiyasını təxmin edərək buna uyğun davranışlar sərgiləməyə çalışır. Adicə özünə qalstuk alan insan da insanların bunu bəyənib-bəyənməyəcəyini düşünür, daha sonra qərar verir. Çünki başqa insanlarla bağlı hərəkət edir, bu da müəyyən sosial müstəvidə yaşamasından qaynaqlanır. Amma baş qəhrəman Mədinənin iradəsi heç zaman qırılmır. Maddi çətinliyi olsa da, evini almaq istəyən müştərini geri çevirir, satmaq fikrində olmadığını bildirir. Çünki o evdə uşaqlığı, gənclik illəri keçib, ora ata ocağıdır. Filmin başından sonunadək öz prinsiplərindən dönmür, məqsədləri uğrunda mübarizə aparır. Onu əhatə edən çevrənin mənfur əməlləri də, hər addımda maneələrlə qarşılaşması da Mədinənin düşüncələrində, davranışlarında dəyişikliyə səbəb olmur, o, heç zaman “mən”indən kənarlaşıb sosial təsirə məruz qalmır. Başdan sonadək Mədinə obrazını daha çox sosial savaşda, iş həyatında, kollektiv mühitdə izləyirik. Çünki o, sevdiyi insanı itirən, bunun depressiv təsiri altında qalan, bunu ötüşdürməyə çalışan bir xanımdır. Onun şəxsi həyatı, şəxsi düşüncələrini Rəhmanla söhbətində öyrənmiş oluruq: ”İş ciddidirsə, mənlik deyil. Məndə bura qupqurudur. Mən yiyəsiz deyiləm, şəhid arvadıyam” sözləri onun susqun saxladığı daxili dünyasını əks etdirir. Filmdə əsl insan xarakterinin canlı örnəyini görürük. Mədinəni əhatə edən mühitdəki demək olar ki, hər kəs onun davranışlarını idarə və mühakimə etməyə çalışır. Teatrdakı baş rolu oynayan aktrisa ona xitabən “Teatr gücsüzlərə nifrət edir, onu sevmir” deyir, hər fürsətdə onu acılayır, təhqir edir. Bu, rejissorun taleyə istehzası kimi səslənir. Çünki aktrisanın Mədinəni “gücsüz” adlandırması onun məhz sosial statusu ilə bağlıdır. Mədinə aktrisa kimi varlı, imkanlı deyil, maddi çətinlik yaşayır, həyat yoldaşını itirdiyinə görə depressivdir və ən önəmlisi teatrda sadəcə kütləvi səhnələrdə rol alır. Bütün bu kriteriyalara əsaslanaraq aktrisa onu gücsüz, zəif və yazıq insan hesab edir. Amma Mədinənin daxili gücü, iradəsi olduqca böyükdür. Çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışır və buna nail olur. İşlədiyi teatrdakı rejissor, primadonna aktrisa, sənəd üçün müraciət elədiyi müdirlər, qonşu qadın ona psixoloji təzyiq göstərirlər. Əhatəsindəki insanların hər birinin təzyiqi müxtəlif formalarda öz əksini tapır. Vizual görüntüsü gözəl və istedadlı xanım olduğu üçün qadınlar paxıllığını çəkir, onu iynələyirlər. Mədinə ruhi sarsıntı keçirsə də, mənən çökmür, daim gələcəyə inamla baxmağa çalışır. Mədinənin bir insan kimi rahat yaşaması və fərd kimi inkişafı üçün lazımlı şərait yoxdur. İnsanın rahat yaşamını sürməsi üçün azadlıq, müstəqillik ilkin şərtlərdən biridir. Film boyu ona mənfi davranışlar təlqin eləyən toplumun içində olmaq Mədinəyə əngəllər yaradır, Mədinənin bir aktrisa kimi qabiliyyətlərini inkişaf etdirməsinə, böyük səhnəyə atılmasına və bol nailiyyətlər qazanmasına maneçilik törədən onu əhatə edən mühitdir. Bir halda ki, Mədinə olduqca istedadlı, zəhmətkeş xanımdır. Maddi çətinliklərin öhdəsindən gəlmək üçün sadəcə teatrda aktrisa deyil, həm də dublyajda, xoreoqrafiyada, reklamda çalışır. Mədinəni əhatə edən insanlar onu tənzimləyə bilməsələr də, öz istəyinə uyğun hərəkət etməyə mane olurlar. Mədinənin film boyu hər bir addımı və davranışı sosial təzyiqə məruz qalmaq qorxusu ilə deyil, mənəvi keyfiyyətləriylə bağlıdır. Qorxudan qaynaqlanan disiplin qorxu qaynağı yox olduğu zaman itir. Amma fərdin daxili keyfiyyətləri, içindəki qorxu heç zaman itmir, fərd onu özünküləşdirdiyi müddətdə davam edir. Baş qəhrəman sonacan sosial adaptasiya problemi yaşayır, buna görə də öz mühitində yad və hörmətsiz bir situasiyada göstərilməyə çalışılır. Mədinə obraz olaraq öz mühitində bir qədər “anti-sosial” insan təsiri bağışlayır. Yəni onu əhatə edən mühitdəki tələblərlə, insanlarla daima mübarizə şəraitindədir. Həyat yoldaşını itirmiş, dul, gənc və gözəl qadın olduğuna görə, Mədinə hər an təhlükəylə qarşı-qarşıyadır. Ətrafındakı hər kəs ona tamahkar nəzərlərlə baxır və yaxınlaşmağa çalışır. Əxlaq, hüquq və ya başqa sahələrlə bağlı insanların davranışları, düşüncələri onu narahat edir. Gərəkli sənədi almaq üçün müraciət elədiyi idarələrdəki müdirlərin onu süzən sırtıq baxışları, qarşılaşdığı kişilərin ona başqa nəzərlə baxmaları, ondan gözləntiləri, digər tərəfdən isə teatr rejissorunun teatrın içərisində aktrisayla münasibət yaşaması – bütün bunlar aktrisa olsa da, Mədinənin daxili dünyasına olduqca yad şeylərdir. Bu baxımdan öz qayda və gözləntiləri var, bu qaydaların film boyu müdafiəsində dayanır. Bütün onu əhatə edən bədbinliklərə baxmayaraq, Mədinənin daxili dünyası, onun saflığı, təmizliyi sonda qələbə çalır. Filmin sonunda əsgərlərin müharibədən zəfərlə geri qayıtmaları da bunun simvoludur. Əsgərlərin timsalında Mədinə öz həyat yoldaşını görmüş olur, “Bilirdim ki, sən geri qayıdacaqsan” sözləriylə daxili sevincini göstərmiş olur. Filmdə mühitin insan üzərindəki təsirindən daha çox insanın öz mühitini yaratmağa çalışması və özünün mühitə olan təsir gücünü açıq şəkildə görmək mümkündür.

Fərdin üzərində cəmiyyətin təsiri, fərdin sosial inkişafında mühitin nə dərəcədə böyük rola malik olması məsələlərinin geniş miqyasda işləndiyi filmlərdən biri Elxan Cəfərovun rejissorluğu və Yavər Rzayevin ssenari müəllifliyi ilə 2015-ci ildə çəkilən “Yarımçıq xatirələr” filmidir. Filmdə 90-cı illərdəki Qarabağ mühiti, Azərbaycandakı vəziyyət və 1941-45-ci illərdəki Böyük Vətən müharibəsindəki mühit paralel şəkildə rejissor tərəfindən uğurla işıqlandırılıb. Filmdə başlıca qüvvə məhz müharibədir. Rejissor müharibənin dəhşətini, onun cəmiyyətə, hər bir fərdin həyatına, duyğu, davranış və düşüncə tərzinə olan böyük təsirini tamaşaçı diqqətinə çatdırmağa çalışır. Və bunu üç fərqli millətin nümayəndəsinin (rus, erməni və azərbaycanlı) aspektindən edir. Biz tamaşaçı olaraq müharibənin insana təsirini, fəsadlarını fərqli baxış nöqtələrindən görmüş oluruq. Filmin baş qəhrəmanı azərbaycanlı əsgər Azərdir. Onun həm gənclik illərindəki faşist müharibəsində, həm də yaşlı veteran olduğu zamandakı Qarabağ müharibəsindəki iştirakı, şücaəti məharətlə təsvir edilmişdir. Filmdə yaradılan müharibə ab-havası, mühiti son dərəcə təbii olduğu üçün tamaşaçı özünü məhz orada, o dəhşətlərin içərisində hiss edir. Azər obrazı Azərbaycan torpağında, bizim mühitimizdə yetişən cəsarətli, qorxmaz bir Vətən oğludur. Ömrünün sonuna qədər mübarizəsini davam etdirir, sonda bir rus zabiti tərəfindən öldürülür. Film boyu onun yaşadıqları, keçmişi özünün qələmə aldığı xatirələrlə gözümüz önündə canlanır. O, mühitin təsirinə məruz qalan yox, fəaliyyəti sayəsində öz mühitini dəyişməyə və öz istəklərini yaratmağa çalışan obrazdır. Azərə təsir göstərən müxtəlif xarici amillər olmasına baxmayaraq o, öz prinsiplərini qoruyur və əqidəsindən dönmür. Əsirlikdən qaçış səhnələri, soyuqqanlı şəkildə digər əsirlərə başçılıq etməsi, sevdiyi qadın və övladını itirməsi kimi müxtəlif ağıryüklü məsələlərin öhdəsindən təkbaşına gəlməyə çalışır və soyuqqanlılığını istənilən halda itirmir. Film başdan-sonadək müharibə mühitinin ağrı-acılarını göstərsə də, rejissor ikinci planda baş qəhrəman Azərlə rus Nadyanın sevgisinə də yer ayırmışdır. Bununla da insani hislərin heç bir məkan və mühitdən asılı olmadan, hər yerdə, istənilən şəraitdə belə mövcudluğunu göz önünə gətirmişdir. Yəni sevgi, məhəbbət hissləri Nadyanın Azərə olan sevgisi, onun övladını dünyaya gətirmək istəməsi müharibə dəhşətinin, qarışıqlığın fonunda göstərilib. Filmdə diqqətçəkən digər obraz Valya adlı rus zabitidir. Filmi və baş qəhrəmanın taleyini məhz onun gözündən izləmiş oluruq. Rejissor bu obrazı olduqca mərhəmətli, xeyirxah və ədalətli təsvir etmişdir. Çünki o, öz polkovnikiylə söhbəti zamanı “Demişdik ki, veteranlara toxunmayacayıq” cümləsini işlədir. Bu zaman tamaşaçıda müəyyən sual yaranır: Rus əsgərini müharibə şəraitində belə mərhəmətli davranmağa nə məcbur eləyir? Düşmənin ölümüylə inanılmaz sarsılır və sonadək bunun vicdan əzabını duyur. Amma filmin gedişatında öyrənirik ki, bunun məntiqli açıqlaması var. Bu da Valyanın babasıyla Azərin vaxtıykən eyni cəbhədə silahdaş kimi almanlara qarşı vuruşmasıdır. Bu da taleyin istehzası kimi səslənir. Rejissor bu detal vasitəsilə işarə edir ki, vaxtıyla yoldaş olan, düşmənə qarşı birgə vuruşan insanlar indi düşmən kimi əks cəbhələrdə döyüşürlər.  Hətta ilk izləyəndə tamaşaçı bu obrazın rus mühitinin yetişdirdiyi əsgər olduğuna inana bilmir. Ümumi olaraq ruslar soyuqqanlı və bir qədər qəddar təsir bağışladıqları üçün bu obraz bizim mühitin adamın xatırladır, bir qədər müəmmalı təsir bağışlayır. Çünki filmin başından sonunadək Valya məhz öz doğruları və məqsədi yolunda irəliləyir. Onu əhatə edən çevrənin, erməni zabitin təzyiqi ona əngəl olmağa çalışsa da, o yolundan dönmür. Döyüş mühitindəki insanlara, onu əhatə edən çevrənin və əsas da erməni zabitin təzyiqinə boyun əyməyən obraz kimi Valya sonda  həlak olur. Eyni zamanda Valya obrazı ağıllı, təfəkkürlü və mərd obrazdır. Rejissor onun dilindən tamaşaçıya dəfələrlə sosial mesaj ötürür. Anası Valya ilə telefonla əlaqə saxlayanda ondan biz kim üçün vuruşuruq deyə soruşanda Valya “Vətən üçün” cavabını verir. Valya ermənilərlə müttəfiqdir, onların xeyrinə çalışırmış kimi görünür. Amma daxilən onlarla razı deyil, biz bunu onun kinayəli baxışlarında,narazılığını tez-tez dilə gətirməsində və Seryojayla söhbətində “Bu bizim müharibəmiz deyil” cümləsində görə bilirik. Valya obrazı yetişdiyi mühitin və daxili keyfiyyətlərinin nəticəsidir ki,insan və insaniyyət faktorunu müharibənin ən qızğın anında belə yaddan çıxarmır. Hətta öldürdüyü veterandan da üzr istəyir, onu qəhrəmanlığına görə təqdir edir, insaniyyət faktoru onun üçün hər şeydən üstdə dayanır. Məhz buna görə də obraz tamaşaçı tərəfindən sevilir və rejissor obrazı “özümüzünküləşdirməyə” nail olur.Yanaşma tərziylə digər rus zabitlərindən seçilir. Hətta müəyyən məqamlarda obraz cəsarətiylə insanı heyrətə də gətirir. Çünki ermənilərin çox olduğu bir mühitdə erməni cəbhəsində Valya ermənilərin tarixini bilmədiyini dilə gətirir və azərbaycanlı qəhrəmanın şərəfinə içirlər. Rejissor öz düşüncələrini məhz Valyanın dili ilə təqdim etməyi seçib. Hətta əks cəbhədə vuruşanlarında bizimlə həmrəy, həmfikir olması da bizim mübarizəmizin haqlı olduğuna işarədir.

Filmdə faşist müharibəsindəki alman mühitinin təsvirinə də rejissor geniş yer ayırmışdır. O mühitin dəhşətini skripkayla musiqinin fonunda əsirlərin edam etdirilmə səhnəsində tamaşaçı aydın şəkildə hiss edir. Alman general musiqinin kəsilməsiylə edamı saxlayır. Filmdə çox maraqlı səhnələrdən biri əsir düşmüş Səmədin kamançanı skripka kimi çalması səhnəsidir. Alman generalı ona şərab təklif eləyir və Səməd “Mən doğulan yerdə düşmənlə yeyib içmirlər” cavabını verir. Bununla da Azərbaycanlı mühitini, bizim mühitin tələblərini,yazılmamış qanunlarını tamaşaçının və bütün dünyanın diqqətinə çatdırmış olur. Bizim mühitin insanı ən çıxılmaz, çətin anda belə özü olmaqdan vaz keçmir, xarakterini, iradəsini qoruyub saxlayır. Alman zabiti “Sən musiqi ifaçısını alqışladın amma” deyəndə Səməd “Mən musiqini və musiqiçini alqışladım” cavabını verir. Bu replikayla rejissor vurğulayır ki, Azərbaycan mühitinin yetişdirdiyi insan düşməndə belə insan mənəviyyatına, daxili aləmə çox böyük önəm verir və tolerant insan kimi davranaraq onu təqdir eləməyi bacarır.

Filmdə müəyyən nüanslar “Uzaq sahillərdə” filmini xatırladır. Nadyanın almanların məkanını partlatma səhnəsi onu Anjelikaya bənzədir. Digər tərəfdən musiqi fonunda edam səhnəsi “Yeddi oğul istərəm” filmindəki Cəlalın ölüm səhnəsini xatırladır. Filmdə rus qızının azərbaycanlı oğlanı sevməsi,erməni qızının rus zabitə vurğunluğu sevgi xəttləri də göstərilmişdir. Mühitdən və şəraitdən asılı olmayaraq insani hisslər hər yerdə özünü göstərir və bunun qarşısını heç bir faciə, çətinlik də kəsə bilmir.

(Visited 31 times, 1 visits today)