Sim-sim.az

Ülvi Bahadır – Uşaqlığıma elegiya

UŞAQLIĞIMA ELEGİYA

 

Bağışla məni…

…məni bağışla

Mən səni öldürərək özümü yaratmaq istədim sadəcə…

Mən…mən indi bilmirəm ki,hansı cəhənnəmdəyəm?…

Mən başqalarının həyatının sinopsisini yaza-yaza…

…öz tretmanımı bitirdim.

Hansı zibilliyə atmışam şeytan bilir…

Bağışla məni…

…məni bağışla

Mən ürəyimi qaynadıb suyunu içdim

Içdim ki,beynimin  intihar kəndirini kəsməyə gücüm olsun…

Saçlarımla qorudum onu…

Hərçənd son vaxtlar onlar da…

…ozon qatı kimi deşilə-deşilə gedir.

Nəysə,boşver…

Bağışla məni…

…məni bağışla

Mən gözlərimə xəyanət elədim…

Mən nəfəsimi aldatdım…

Mən dodaqlarımın başını qatdım…

Mən əllərimi çarmıxa çəkdim…

Mən ayaqlarımı ibtidai icma quruluşuna qaytardım…

Yalvarıram,bağışla məni…

Səni qoruya-qoruya itirmək ağırdı.

Mən sənin üstündə yarpaq kimi əsdiyimi sanırdım.

Amma son vaxtlar lap ağını çıxartmışdım.

Əsməyi deyirəm

Əsə-əsə səni də əsdirdim həyatımdan

Bağışla məni…

…məni bağışla

Gecələrin qarasını yaxıram ağaran ruhuma…Babəksayağı

Qaranlığın zümzüməsi yırtır səhərin ağısını

Alnım qaraldıqca qaralır

Tanrım,eynək lazım deyil ki?…

Bağışla məni…

…məni bağışla

Bu şəhərdə bu şəhərdən də gözəl nə var?…

Ehh,o qədər şey var ki…mənim olmayan

Ey mənim olmayanlar!…

Yağış olmayacaqsınızsa buludda olmayın…

Günəş olmayacaqsınızsa səma da olmayın…

Tanrı olun…görünün gözümə!…

Bağışla məni…

…məni bağışla

Mənim…

…cismi sazaqlı

…ruhu yamaqlı uşaqlığım

Məni uşaqlığıma bağışla…

 

KOR QIZ VƏ ÜMİD

Dəniz kənarı…

Günbatımı…

Qədim Şərq musiqisinin yeni mərhələsi…

Həyəcanlı qağayılar var-gəl edir…

Qumsal…skamya…kor qız…

Dünyanın ən böyük bəstəkarıdı o qız

Indi o hamıdan artıq duyur…

Ona görə insan bir şeyi duymaq üçün gözlərini yummalıdı…bir müddətlik…

Həqiqət paylanmasın deyə…

Ümidlər yaralanmasın deyə…

O qız bəşəriyyətin güzgüsüdü

O qız ulduzların sevimli elçisidi…

Məncə hər kəs həyatda heç olmasa bir dəfə…

…bir korla söhbət etməlidi.

Onlar bizə görmədiklərimizi…

…və heç vaxt görməyəcəklərimizi anladır.

Anladır ki…

Qayığa minib dənizi öldürməli deyil…sahildə qalıb dənizi sevməliyik…

Bizim gözlərimiz yalançıdı…

O bizə ancaq yalanları göstərir…

o…o qız hər şeyi görür

dünyanın içinə girir o qız.

O qız ya səmaya,ya dənizə,ya da Tanrıya baxır…ümidlə…

Şeytan insanların gözlərində gizlənib.

Hə…gözlərində.

O qız…o qız şeytana qalib gəlib.

Arada rəqs edir keçmişiylə…

…hələ eşitmədiyimiz melodiyalarla.

Bəşəriyyəti dondurub o qız…

…öz donuq baxışlarında.

Yalnız həqiqətə yönəlib o baxışlar…düzlüyə söykənib.

Başqaları kimi deyil…

…çox səmimi və pak gülür o qız.

Hamının içini bilir o qız.

əksər psixoloqlara dərs verə bilər hətta.

Bilmirəm niyə…

…insan kor adamlara daha tez alışır.

Tanrı kimi olur insan o an…

…o sadəcə hiss olunur.

Niyəsə mənə elə gəlir ki,

O məni görür.

Sadəcə məni utandırmaq istəmir.

Canlı pianodu o qız…bir Şopeni çatmır.

Dünyanın ən gözəl rəsm əsəridi o qız…

…dövrünə işıq tutan bir rəsm əsəri…

Elə bir romandı ki,Tolstoy oxusaydı səcdə eləyərdi qarşısında.

 

Dəniz kənarı…

Günbatımı…

Qədim Şərq musiqisinin yeni mərhələsi…

Həyəcanlı qağayılar var-gəl edir…

Qumsal…skamya…kor qız…

əllərində sonuncu ümidini bərk bərk sıxıb…

…hıçqıra-hıçqıra Tanrıya deyir…

…”işıq gələn tərəfə yoxsa it hürən tərəfə”…
 

(Visited 76 times, 1 visits today)