Sim-sim.az

Umberto Ekodan Karlo Martiniyə – II HISSƏ

 

 

 ƏVVƏLİ BURADA

 

İnsan həyatı nə vaxt başlayır?

Dəyərli Karlo Maria Martini,

Razılığa gəldiyimiz proqrama əsasən yazışmalarımıza davam etmək zamanı gəldi. Bu fikir mübadiləsinin əsas məqsədi inanc sahibi sıravi insanlarla Katoliklər arasında ortak nöqtələri müəyyən etməkdir. (Oxuculara bu yazışmalarda sizin bir kilsə mənsubu kimi yox, bir inanan və mədəni bir insan kimi qatıldığınızı yenidən xatırlatmaq istəyirəm.) Mənə yenə də maraqlıdır ki, mübahisələrimizi ortaq inanclarımızla məhdudlaşdırmaq məcburiyyətindəyik, ya yox. Görəsən bir-birimizdən edam cəzası, ya da soyqırım haqqındakı düşüncələrimizi soruşmaq faydalı olacaqmı? Məncə, bu cür sualları soruşmaq, bu mövzularda eyni fikirdə olduğumuzu müəyyənləşdirməkdən başqa bir işə yaramayacaq. Bu yazışmaların həqiqətən məhsuldar olması üçün razılıq əldə olunmayan mövzulardan danışmaq daha yerində olar. Amma məncə, bu da kifayət deyil. İnancsız bir insan Müqəssəd Ruha inanmaz, amma Katolik inanca sahibdir. Yenə də bu vəziyyət illah da fərqli inanclara sahib insanlar arasında anlaşmazlıq olmasını şərtləndirmir. Əslində, problem anlaşılmazlıqlardan siyasi və sosial fikir ayrılıqlarına çevrilə biləcək bəzi dərin toqquşmaların ortaya çıxmasıdır.

Bu cür mübahisələrin biri də abort və yaşamaq haqqı mövzusudur.

Bu kontekstdə bir problemi işləmək üçün əvvəlcə opponentlərin öz durduğu yeri ifadə etməli və qeyri-müəyyən ifadələrdən qaçmalıdır. Suala verən şəxs həm öz baxış bucağını ortaya qoymalı, həm də opponentindən nə gözlədiyini açıqlamalıdır. Buna görə də əvvəlcə deməliyəm: indiyə qədər heç bir qadın mənə məndən hamilə qaldığına görə abort etdirmək üçün icazə istəməyib. Əgər belə bir şey olsaydı, onu bu qərardan vaz keçirmək üçün əlimdən gələni edərdim. Bir uşağın doğulması möhtəşəm şeydir və hamımızın qəbul etməli olduğu möcüzədir. Bunu deməklə qətiyyən insanları öz etik fikirlərimi (sahib olduğum hisləri) qəbul etməyə məcbur etdiyimi düşünməyin. Nə sizin, nə də mənim bilməyəcəyimiz bəzi anlarda bir qadının öz bədəni, duyğuları və gələcəyi haqqında qərar vermə haqqı olduğunu düşünürəm. (Buna görə də ehtimallarımı söyləməkdən çəkinirəm).

Digər tərəfdən hər insanın yaşamaq haqqı var. Necə ki, bir insan başqasını, hətta özünü (özünü müdafiə söhbətinə girməyəcəm) öldürməsinə icazə vermiriksə, kiminsə başlayan bir həyat bitirməsinə də icazə verə bilmərik.

İkincisi, deməli olduğum başqa bir şey daha var: sizdən öz düşüncələrinizi, ya da Kilsənin təlimlərini dilə gətirməyinizi istəmək etik olmaz. Bunun əvəzinə, sizi aktual doktrina haqqında öz düşüncələrinizi ifadə etməyə dəvət edirəm. “Həyat bayrağı” dalğalananda insan həyəcanlanır – ateist fikirləri nə qədər “dərin” olur-olsun – xüsusilə də inancsızların ruhu hərəkətə keçir, çünki metafizik heç nəyə inanmayan bu insanlar üçün Həyat fikri, Həyatın idrakı böyük önəm daşıyır və bəlkə də ehtimali bir etika sisteminin yeganə mənbəyini əmələ gətirir. Buna baxmayaraq, bu çox da qeyri-müəyyən, fərqli və ya bu günün məntiqçilərinin dediyi kimi, “çılğın” vəziyyət sayılmır. Antik Yunanlıların da dediyi kimi, həyat zəka simptomlarının yox, hissi simptomların, hətta təbiət ruhunun meydana çıxmasıyla başlayır. Məsələn, indiki çağda dağlara, vulkanlara sahib olan Təbiət Ananın həyatı olduğunu inanan “radikal ekologistlər” var. Bu ekologistlər iddia edirlər ki, təhdid altındakı planetin yaşaması üçün insan irqi məhv olmalıdır. Heyvanların həyatını qorumaq üçün bitkilərin həyatını fəda edən vegetarianlar və gözlə görülməyən mikro orqanizmləri udaraq öldürməmək üçün ağızlarını bağlayan şərqli sofistlər mövcuddur.

Yaxın vaxtlarda təşkil olunan bir konfransda Afrikalı antropoloq Harris Memel-Fote Qərb Dünyasının ortaq düşüncəsini cosmophagic (çox gözəl termindir: biz həmişə kainatı tükətmək istəmişik) şəklində ifadə etmişdi. Artıq bir qərar vermək vaxtıdır (bəzi ölkələr artıq müzakirələrə başlayıblar): insan həyatda qalmaq üçün təbiətə nə qədər müdaxilə edə bilər və təbiətin yaşaması üçün nələr etməlidir? Bu iki məqam çox vacibdir. Bu cür müzakirələrin aparılmasının səbəbi odur ki, ortaq qaydalar yoxdur və onları müəyyənləşdirmək lazımdır. Məncə, bəzi aşırı mövzuları çıxmaq şərtilə, davamlı şəkildə həyata olan hörmət anlayışından danışırıq. (Və bu müzakirələr adətən ağıldan çox, hisslərimizdən dəstək alır.)

Əksəriyyətimizin bir donuzun öldürülməsi qarşısında tükləri biz-biz olur, amma donuz ətini çox xoşbəxt şəkildə yeyirik. Parkda gəzərkən çalışıram ki, tırtılları əzməyim, amma iş milçəklərə gələndə tərəddüd etmirəm. Bal arıları və eşşək arıları arasında ayrım edirəm (ikisi də təhdid əmələ gətirsə də, birincinin mənə faydası var, ikincinin yox). Deyə bilərsiniz ki, bitki və insan həyatını dərk edərkən seçim edir, amma insan həyatını başqa cür dəyərləndiririk. Bu sual teoloqların və filosofların beynini əsrlərdir məşğul edir. Əgər təsadüfən əhliləşdirilmiş, ya da genetik olaraq dəyişdirilmiş bir meymun çıxıb kompüterdə məntiqli cümlələr yazsa, danışsa, hislərini ifadə etsə, riyazi məsələlər həll etsə və məntiq prinsiplərinə normal reaksiyalar versə, görən həmin meymunu təxminən insan olaraq qəbul edərdikmi? Görəsən bu meymuna mədəni haqlar verərdikmi? Düşünə və sevə bildiyi üçün belə bir şey olardımı? Sevə bilən hər şeyi insan olaraq düşünmək vacib deyil, çünki heyvanların da öz balalarını “sevdiyini” bilirik.

İnsan həyatı nə vaxt başlayır? Görəsən (Spartalıların adətlərini boş verin) bir varlığın öz mədəni mühiti onu bəşəriyyətə qazandırandan, ona danışmaq və düşünmək qabiliyyəti verəndən sonra insan olduğunu (Akvinalı Fomaya görə, bunlar bizim düşünməyimizə yardım edən  – insanı insan edən xüsusiyyətlərdən biri – xarici təsirlərdir) və yeni doğan bir insanın sadəcə “çağa” olduğu üçün öldürülə biləcəyini müdafiə edən bir inancsız varmı? Deyəsən yoxdur. Hamı yeni doğulmuş uşağın insan olmaq yolunda irəlilədiyini bilir. Bəs yaxşı, bu nöqtədən geriyə nə qədər gedə bilərik? Əgər həyat və insanlıq toxumda (hətta genetik strukturumuzda) varsa, spermanın boş yerə xərclənməsi cinayət deyilmi? Nə Şeytana uymuş bir gəncin günahını təmizləyən xoşməramlı bir keşiş, nə də Müqəddəs Kitab belə demir. Əhdi-ətiqin birinci kitabında Qabilin günahı müqəddəs bir lənətlə cəzalandırılır və Habil həyat vermə vəzifəsini ehmal etdiyi üçün öldürülür. Digər tərəfdən, sizin də yaxşı bildiyiniz kimi, Kilsə Tertullianın ruhun döllə birgə bədənə keçdiyini (və ilk günahın) müdafiə edən Tradusianizm anlayışını qəbul etməyib. Akvinalı Foma ruhani bir Tradusianizm anlayışı ilə bu fikri mənimsəmiş olsa da, zamanla qəbul edilən fikir Tanrının dölə ruhu hamiləlik dövründə birbaşa verdiyi kreationizm təlimi olmuşdur.

Akvinalı Foma bu vəziyyətin səbəblərini və necə baş verdiyini detalları ilə açıqlayıb, dölün bütün mərhələləri haqqında şərhlər verib, yalnız bundan sonra dölün ruhu almağa hazır olduğunu deyib. (Bu mövzuyla bağlı onun “Summa Contra Gentilles”dəki təsirli düşüncələrini bir müddət əvvəl yenidən oxudum). Hamilələyin hansı mərhələsində “insanlaşmağın” baş verməsi söhbətinə keçməyəcəm. Demək istəyirəm ki,  Xristian inancının təməlindəki sual belədir: hələ anasının bədəninə bağlı bir həyat forması, torpağın altındakı toxum kimi işığa çıxmağı arzulayan bir varlıq nə vaxt düşünə bilən bir heyvan, bir fani olaraq təyin oluna bilər?  İnancsızlar da eyni sualla qarşı-qarşıyadır, insan həmişə bu ehtimaldan doğulur. Mən bioloq deyiləm (eynilə, teoloq da deyiləm) və bu başlanğıc mərhələsinin nə vaxt olduğuyla bağlı fikir yürüdə bilmərəm, hətta belə bir aralıq mərhələnin olub-olmamasından belə əmin deyiləm. Heç bir fəlakət nəzəriyyəsi bir qırılma nöqtəsinin, ani bir partlayış anının olub-olmadığını bizə deyə bilməz. Bəlkə də sadəcə yeni doğulmuş bir uşağın nəticə olduğu bir prosesin varlığından xəbərdarıq. Bu proses boyunca müdaxilə haqqımızın olub-olmaması və ya hansı nöqtədən sonra müdaxilə edə bilməyəcəyimiz kimi suallara cavab vermək mümkün deyil.  Buna görə də belə bir qərar əsla verilməməlidir. Yoxsa ana öz vicdanı və insani hisləriylə baş-başa qala bilər.

Dediyim kimi, sizdən rəsmi bir bəyənat gözləmirəm. Mən daha çox sizdən insan cəmiyyətinin bir parçası kimi kimliyimizi müəyyənləşdirən və əsrlərdir müzakirə olunan teoloji bir mövzuyla bağlı şərh istəyirəm. Artıq teologiya özünü Aristotel fizikasıyla yox, modern təcrübi elmin konkretlikləriylə (və qeyri-müəyyənlikləriylə!) ölçdüyü üçün, görəsən bu teoloji mübahisənin indiki dövrdəki yeri nədir? Bu cür suallar özüylə birgə təkcə abort məsələsini gətirmir. Gen mühəndisliyinin və bio-etikanın indiki zamanda həm inananlar, həm də inancsızlar arasında hərarətlə müzakirə edilən mövzu olduğunu siz də bilirsiniz. Modern bir teoloq klassik kresionizm anlayışı ilə müqayisə ediləndə bu müzakirənin harasında dayanır?

“Həyatın nə olduğu və hardan başladığı?” – sualı bizi çox yaxından maraqlandırır. Bunlar mənim üçün də  – sizə əminliklə deyirəm – əxlaqi, intellektual və hissi baxımdan ağır suallardır.

 

İnsan Həyatı Tanrı Həyatının Bir Hissəsidir

 

Dəyərli Umberto Eko,

Razıyam ki, yazışmalarımızın məqsədi inancsızlar və Katoliklər arasında ortaq bir müzakirə müstəvisi yaratmaq, hər hansı razılığa gəlinməyən mövzulara, xüsusilə də siyasi və sosial toqquşmalara səbəb ola biləcək dərin anlaşmazlıqlar yaradan məsələlərə işıq salmaqdır. Qızğın müzakirələrin altında yatan ortaq anlaşmazlıqlarımızı dəyərləndirmək cəsarətini göstərə bildiyimiz müddətcə sizinlə həmfikirəm. Əgər bu cəsarəti göstərə bilsək, həqiqi fərqliliklərimizi ortaya çıxarmaq daha asan olacaq. Bu mövzuları analiz edərkən istək və səmimiyyət göstərməli, “hər şeyi aydınlaşdırmağı” arzulamalıyıq. Buna görə də Həyatla bağlı açıqlamanızı çox bəyəndim: “bir uşağın doğulması möhtəşəm şeydir və hamımızın qəbul etməli olduğu möcüzədir.”

Bu nöqtədən hərəkət edərək Həyat məsələsi (mən də sizin kimi böyük H hərfindən istifadə etməyi seçirəm), xüsusilə abortla bağlı qanunlar nəzərə alınanda ciddi müzakirə mövzusudur. Elə bu məqamda bəzi qeyri-müəyyənliklər var. İnsan həyatıyla bağlı danışmaq və insan həyatını etik bir baxış bucağı ilə qorumağa çalışmaq ayrı şeydir, mədəni və siyasi haqlar baxımından hansı qanunun bu dəyərləri ən lazımlı şəkildə qoruya biləcəyini dəyərləndirmək başqa şeydir. Sizin “Həyat bayrağı yellənəndə insan ruhunu hərəkətə keçirir” ifadəniz də bir az qarışıqdır. Ümid edirəm ki, bayraqların böyük idealların simvolu olduğu, amma bu böyük idealların içində yaranan mürəkkəb problemləri çözmək baxımından çox da effektiv olmaması fikrimə qatılacaqsınız. Buna görə də diqqətlə, səbrlə və həssaslıqla düşünmək lazımdır. Sərhədlər həmişə təhlükəlidir. Uşaq olanda Vale d”Aosta sərhəddindəki dağlarda gəzdiyimi xatırlayıram. Birdən iki dövlətin arasındakı sərhəddin harada olduğunu düşündüm. Bir sərhəd çəkmək necə mümkün ola bilər axı deyə düşündüm. Amma yenə də dövlətlər vardı və sərhədləri çox detallı şəkildə müəyyənləşmişdi.

Yanlış anlaşılmağa üçüncü səbəb isə Həyat kəlməsinin geniş mənasıdır – “analoji” istifadəsi (Sxolastiklər kəsinliklə bu sözü seçərdilər. Bu işarəni vurarkən qətiyyən əndişə hiss etmirəm, çünki “Summa Contra Gentiles”in bəzi hissələrini təzədən oxuduğunuzu demişdiniz) və “insan həyatı” termininin məhdud istifadəsi arasındakı məna xaosudur. Dünyanın üstündəki və torpağın altındakı hər canlı məxluq, eyni zamanda, nəfəs alıb-verən və daim hərəkət halında olan “Təbiət Ana” da birinci təyinə aiddir. Milanda Cümə axşamları oxuduğumuz Genesisin birinci hissəsinin mövzusu olan Ambrosian ilahisi belədir:

 

Dördüncü gün Tanrının sulardan

Gətirdiyi bütün həyatlar:

Dənizdəki soxulcanlar və balıqlar,

Havada uçan quşlar.

 

Hər nə qədər mənası mədəni, hətta dini fərqliliklərə yol açsa da, Həyat kəlməsinin geniş istifadəsindən danışmayacam. Bu müzakirədəki əsas etik mövzu “insan həyatı”dır.

Bu məqamda bir açıqlamaya ehtiyac var. Katoliklər arasında insan həyatının ən böyük dəyər olması ilə bağlı yalnış bir inanc var. Əslində bu qənaət Müqəddəs Kitabın bizə dediyi ilə uyuşmayan qeyri-müəyyən bir ifadədir: “Bədəni öldürə bilən, amma canı öldürməyənlərdən qorxmayın.” (Matta 10:28) Müqəddəs Kitabda böyük dəyər daşıyan həyat fiziki yox, ruhani həyatdır. (İncillərdə bu anlayışlar yerinə bios və psyche, insana verilən ruhani həyat üçün isə zoe istifadə edilir. Bu üç termin Əhdi-Cədiddə olduqca açıq şəkildə təyin edilib və əvvəlki iki termin üçüncüyə bağlıdır. “Canını (psyche) sevən onu itirir. Bu dünyada canını (psyche) heçə sayan isə onu əbədi həyat (zoe) üçün saxlayır. (İohann 12:25) Deməli, “Həyat” deyəndə əvvəlcə Tanrının özü olan ali və müzakirəsiz Həyatı və Mövcudiyyəti nəzərdə tutmalıyıq. Bu İsanın özünə aid etdiyi Həyatdır. “Yol da, həqiqət də, həyat da Mənəm.” (İohann 14:6) –  hər qadına və kişiyə belə bir Həyat sürməli olduğu çağırışı edilir. Bu dünyadakı ən böyük dəyər ruhani həyat sürən insandır.

Xristianlıq cismani insan həyatının dəyərini belə başa düşür: Tanrının həyatına qatılmalı olan insanın həyatı. Xristianlar üçün ilk insanlaşma simptomlarından sonra insan həyatına hörmət etmək daxildən gələn bir hiss deyil, daha çox konkret bir məsuliyyətin yerinə yetirilməsidir. Bu məsuliyyətin qaynağı insanlara yaxşılıq etmə, ya da insani dəyərləri qoruma düşüncəsindən daha çox, müqəddəs çağırışa verilən cavabdan gəlir.

Digər tərəfdən “hamı yeni doğan bir uşağın insan olma yolunda irəlilədiyini bilir” fikrinizə tamamilə qatılıram. Amma “bu nöqtədən nə qədər geri gedə bilərik?” İnsan olmağa “keçid” tam olaraq nə vaxtdır? Fomanın həyatın inkişafıyla bağlı incə təsbitlərini də çox düzgün şərh etdiniz. Mən nə filosofam, nə də bioloq. Bu cür suallarla əlləşmək istəmirəm. Amma hamımız bilirik ki, bu gün insanın inkişaf dinamikasını daha yaxşı başa düşürük və genetik xüsusiyyətlərin, ən azı teorik olaraq, inkişafın bir nöqtəsində müəyyənləşdiyindən xəbərdarıq. Hamiləlik nəticəsində yeni bir varlıq doğulur. Burada “yeni” onu əmələ gətirmək üçün birləşən iki elementdən çox ayrı, başqa bir şey mənasını daşıyır. Bu inkişaf prosesinin axırında “hamımızın qəbul etməli olduğu təbii bir möcüzə” uşaq dünyaya gəlir. Əvvəldən bəri haqqında danışdığımız varlıq bax budur. Kimliyin həmişə davamlılığı mövcuddur.

Bütün bu elmi, fəlsəfi mövzuların kənarda əsas məsələ Tanrının adıyla xitab etdiyi bu varlığın mövcudluğunun əvvəlindən etibarən böyük bir hörmətə layiq olmasıdır. Burada həyat haqqı mövzusundan heç danışmayacam, çünki bu süni bir müzakirə mövzusu kimi anlaşıla bilər. Möhtəşəm və fərdi bir sevginin məhsul olan həqiqi bir məsuliyyət hissindən, “özgəsinə” qarşı bəslənən məsuliyyətdən danışırıq. Bu şəxs sevilən və şəfqət bəslənən bir varlıqdır.  Sevgi və şəfqət ehtiyacının hər hansı səbəbdən ödənməməsi ağrılı, dərin yaralar ortaya çıxara bilər. Biz bu ağrıların, yaraların yaranmaması üçün mümkün olan hər şeyin edilməli olduğu inancını daşıyırıq. Bu cür çox, çox çətin sağalır. Yaraların yükünü daşımalı olan isə dünyanın ən məsum və küsəyən varlığının əmanət edildiyi qadınlar olacaq.

Əgər bu insani və etik bu problemdirsə, təbii şəkildə mədəni problem budur ki, bu cür hadisələrin həll olunması üçün cəmiyyətə və insanlara necə yardım edilməlidir.  Görəsən özünü bir vicdan hesabatının ortasında tapan insanlara necə kömək etmək olar?

Məktubunuzu belə bitirmisiniz: “Həyatın nə olduğu və haradan başladığı bizi çox yaxından maraqlandıran sualdır.” Sizə tamamilə qatılıram –  ən azından “həyatın nə olduğu” mövzusunda. “Harada” başlaması isə bir sirr olaraq qalsa da, həyat “nə olduğu”na yüklənən dəyərlərə bağlı olaraq formalaşır. Ən dəyərli şeylər özüylə bərabər dərin hörmət də gətirir.

 

Tərcümə: Qismət

 

(Visited 70 times, 1 visits today)