Sim-sim.az

VI Beynəlxalq multikulturalizm qış məktəbi başlayacaq

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir.

Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Fevralın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq : yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış məktəbi layihəsinə start verilir.

2017-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi”  və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı VI Beynəlxalq Multikulturalizm Qış məktəbi 12-18 fevral tarixlərində Bakı şəhəri ilə yanaşı,  Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında fəaliyyət göstərəcək.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi  BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 17, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı  ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

VI Beynəlxalq Multikulturalizm Qış məktəbində Azərbaycan, Belarus, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Moldova, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya, Ukrayna kimi  ölkələrin aparıcı universitetlərindən 23 tələbənin iştirak edəcəyi gözlənilir.

Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında  mühazirələr təqdim ediləcək.

Qış Məktəbi müddətində iştirakçılarının  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşü  planlaşdırılır.

Tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana və Atəşgaha, İçərişəhərə, Şamaxı Rəsədxanasına və Safari Parkına, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, Tufandağ yay-qış turizm istirahət kompleksinə,  İsmayıllı rayonunun malakanların yaşadığı İvanovka kəndinə səfərləri də nəzərdə tutulub.

Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın Gənc Dostlarının və onların yaxın çevrəsinin  timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət  ünsiyyət platforması  və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

 

(Visited 25 times, 1 visits today)