Sim-sim.az

Viktor Pelevin – Cadugər İqnat və insanlar

Sim-sim.az İkinci Mahmudun tərcüməsində Viktor Pelevinin "Cadugər İqnat və insanlar" hekayəsini təqdim edir.

 

 

4 may 1912-ci ildə protoiyerey (“protoiyerey” – Provaslav kilsəsinəd dini rütbə) Arsenikum cadugər İqnatın evinə qonaq gəldi. İqnat samovarı qurdaladı, şirniyyat çıxarıb masaya düzdü; qonaq asılqanın yanındaca burnunu silkdi, bir xeyli qaloşlarını çıxarmaqla məşğul oldu, nəfəsini dərib xaç çəkdi. Sonra stulun bir qırağında yerini rahatladı, qoynundan qırmızı, karton üzlüklü qovluğunu çıxardı, qovluğu açıb İqnata dedi:                                                                      

  –Bax, gör nə yazmışam!                                                                                              

İqnat üstdəki vərəqi götürüb:                                                                                       

 –Maraqlıdı! – dedi – ucadan oxuyum?                                                                                

–Yox, yox! – protoiyerey etiraz etdi – Ürəyində oxu.                                                        

  İqnat oxumağa başladı:

 “Həzrəti Feokistin vəhyi”      

– “Ey insanlar! – Həzrəti Feokist əsasını yuxarı qaldıraraq dedi – And olsun ki, İsa Məsih mənə göründü. O, buyurdu ki, sizin yanınıza gəlim və üzrxahlıq edim. Heç nə alınmadı.”

 –Ha-ha-ha! – İqnatı gülmək tutdu, öz-özünə düşündü: “Hmm, burda nəsə bir iş var!” Amma üstünü vurmadı. – Yenə var? – soruşdu əvəzində.                                                                                         

  –Həə – protoiyerey İqnata başqa vərəq verdi və o, oxumağa başladı:

“Mixayıl İvaniç necə havalandı və öldü”                                                                     

“Hara getsəm, – Mixayıl İvaniç təəccüb içində divana yaymanıb düşündü –  mütləq qabağıma bir dəli çıxır. Budur, axır ki, mən yalnızam.”                                                                                                                            

“Hə, bir də, – Mixayıl İvaniç təəccüb içində pəncərəyə boylanıb davam elədi – harda olsam, mütləq yanımda, ən azı, bir ölü olur. Şükür Allaha, indi təkəm.”                                                                                                                        

  “Vaxtdır! – Mixayıl İvaniç təəccüblə pəncərənin taxtapişini araladı – Əsəs məsələ haqqında düşünmək lazımdır.”

“Yox, yox, dəqiq burda nəsə bir iş var!” – düşündü İqnat, amma yenə üstünü vurmadı, əvəzində isə dedi:                                                                                                                 

 –Maraqlıdı. Amma, düzünü desəm, söhbətin məğzini tuta bilmədim.                        

–Bu ki çox sadədir! – protoiyerey ərkyanalıqla göz vurdu – Məsələ burasındadır ki, ölüm həmişə dəliliklə müşayiət olunur. Axı  “ölüm”  anlayışı dözülməzdir.                                                           

  –Yox, – düşündü İqnat – nəsə yaman nala-mıxa vurur.                                               

–Bax hələ bir dənə də var!  – sevincək dedi protiyerey və İqnat vərəqi götürüb oxumağa başladı:

“Tarakan Junun nağılı”                                                                                          

 Tarakan Ju düz ölümün üstünə addımlayırdı. Odey, qabaqda zəhər qoyublar. Yolu dəyişmək lazımdı.                                                                                                                                 

 “Yaxşı qurtardım! Qabaqda ölüm var idi.” – dedi tarakan Ju.                                        

Aha, deyəsən, su qaynadırlar. Qaçıb çarpayının altına girmək lazımdı.                            

  “Yaxşı qurtardım! Qabaqda ölüm var idi.” – dedi tarakan Ju.                               

Budur, səmada qadın tuflisi peyda olur, get-gedə böyüyür və zərblə aşağı enir. Bundan isə qurtulmaq mümkün deyil.                                                                

“Ölüm!” – dedi tarakan Ju.

İqnat başını qaldırdı. Bir-neçə kişi arxalarında böyük, paslı balta gizlədə-gizədə içəri girdi.                                                    

–Hə… Bayaq qapını açırmışsan… Aydındı… Mən də deyirəm, görəsən, bunun qaloş soyunmağı nə uzun çəkdi… – dedi İqnat.                                                                             

 Pretoiyerey qalibanə görkəm alıb saqqalına tumar çəkdi.                                             

   –Sizə nə lazımdı, hə?! – İqnat kişilərdən soruşdu.                                                        

   –Bilirsən, – kişilər utana-utana cavab verdilər – istəyirik, səni öldürək. Belə qərarə gəlmişik. Dünya birdəfəlik cadugərlərin kökünü kəsməlidir.                                              

  “Dünya… dünya… –  İqnat kədərli-kədərli düşündü və yavaş-yavaş havada “əriyib” yoxa çıxmağa başladı – dünya lap çoxdan elə öz cadugərləri tərəfindən məhv edilib…”                                                                                                                      

    –Tfuu! – protoiyerey xaç çəkdi – bu dəfə də alınmadı!                                                     

–Öldür görüm, necə öldürüsən! – kişilərdən biri burnunu köynəyinin biləyiylə silə-silə dedi – İkona lazımdı.

Tərcümə etdi: İKİNCİ MAHMUD

 

(Visited 51 times, 1 visits today)