Sim-sim.az

Vüsal Bağırlı – TONQAL

Evə təzə çatmışdım ki, işıqlar söndü. Əynimi dəyişib qızımla həyətə düşdüm. Külək qəribə bir iyi nəfəsimizə toxundurur.

Qızım o dəqiqə başa düşür:

– Ata, tonqal iyi!?

 Yadıma düşdü ki, axı bu gün çərşənbə axşamıdı!? Tonqal tapmaq ümidi ilə ətrafdakı binaların həyətlərinə baş vururuq. Axtarışlarımız bir nəticə vermir. Çar-naçar geri qayıdarkən iyi lap yaxında duyuruq. Məktəbin həyətinə dönürəm. Evrika! Tonqal tapıldı.Köməkləşib artıq can verməkdə olan kimsəsiz ocağı diriltməyə çalışırıq. Ətrafdakı çırpı və kiçik odun parçalarını hədəfin üzərinə atmağa başladıq. Alovun qırmızımtıl- sarı dili canlanaraq odun qalağının dik uclarını yüngülcə yalayır.Tonqal sanki dərindən nəfəs alaraq dirçəlir. Üzərində uçuşaraq, gözlənilməz trayektoriyalar cızan  atəşciklər peyda olur.Qızım tonqaldan çıxan bu kiçik qığılcımları tutmağa çalışır.Bu onun üçün çox əyləncəlidir.

Sual verir:

– Ata, Bu tonqalın balalarıdı?

Başımla təsdiqləyirəm. O daha da həvəsə gəlir və kefi əməllicə yüksəlir.İstər istəməz mən də bu yüksək əhvala köklənirəm. Yaxınlıqda  yaşayan sakinlər də artıq bizim tonqal piknikimizə qoşulurlar.Tonqalın ətrafında toplaşan adamların sayı yavaş-yavaş artmağa başlayır…..

 Evə qayıdanda gətirdiyimiz tustu və atəş iyi bizi qabaqlayıb, səbirsizliklə hamıya tonqal təəsüratını xəbər verir. Beləliklə, qızımla bərabər keçirdiyim unudulmaz bir gün sona çatır.

 

(Visited 363 times, 2 visits today)